mekteb

Məktəbdə ilk gün: Uşaqları necə öyrədək?

Baxış sayı: 201

Artıq bazar ertəsi yeni tədris ili başlayır. Hər il məktəbə gedən şagirdlərin arasında birincilər daha çox diqqət mərkəzində olurlar. Birincilərin arasında ağlayanlar, valideynlərindən ayrılmaq istəməyənlər isə hər sinifdə olur. Buna səbəb nələrdir? Uşaqların qorxusunu necə almaq olar? Burada valideyn və müəllimlərin üzərinə nələr düşür? Məsələni araşdırmaq üçün mövzu ilə bağlı ibtidai sinif müəlliminin və psixoloqun fikirlərini öyrəndik.

 

İbtidai sinif müəllimi Şamama Əhmədova: “Müəllimin gözündə sevgi olmalıdır”

Şamama müəllimə bildirir ki, ilk dərs günündə şagirdlərin bəzilərində qorxu, bəzilərində narazılıq, bəzilərində isə həyəcan olur:

“Onları ancaq sevgi ilə ələ almaq lazımdır. Müəllimin gözündə sevgi olmalıdır. Uşaq səni sevsə də, sevməsə də, fikri həmişə müəllimə də olur. Müəllim sevgini uşağa ötürə bilsə, o həyəcan ötüb gedəcək. Uşaq var ki, məktəbə gələndə bir ay ağlayır, uşaq da var ki, bir günə bütün qorxu, həyəcanı, ağlamağı yox olub gedir”.

 

“Hər şey müəllimənin üzərinə düşür”

Mən belə düşünürəm ki, Hər şey müəllimənin üzərinə düşür. Valideynlər çox vaxt müəllim seçimində tələbkar birini axtarırlar. Onlar hökümlü müəllim axtarırlar və düşünürlər ki, bununla onların uşaqları yaxşı oxuyacaq. Özüm də rastlaşıram ki, kim uşağını gətirirsə, deyir tələbkar olsun, uşağı lap döysün, ancaq övladım yaxşı oxusun. Mən bu fikirlə razı deyiləm. Uşağı qol gücünə yox, başına sığal çəkməklə, xoş söz deməklə, həvəsləndirməklə, oyunlar keçirməklə öz xoşuna dərsi sevdirmək lazımdır. Elə etmək lazımdır ki, uşaqlar sevə-sevə məktəbə, dərsə gəlsin.

 

“Özümə qarşı sevgi yarada bilmişəm”

Dəfələrlə valideynlər gəlib mənə bildirib ki, övladım xəstə ola-ola deyir ki, məni geyindir, Şamama müəllimənin dərsinə gedirəm. Bu hal məni çox sevindirir ki, şagirdlərimdə dərsə, özümə qarşı sevgi yarada bilmişəm. Mən də onların hər birini sevirəm.

 

“Bu baş verməsə, uşaq heç məktəbə gəlmək istəməyəcək”

Müəllim şagirdlərə düzgün yanaşsa, ilk dərs günündən günlər keçdikcə uşaqlar özlərini sənin yanında etibarlı, güvəndə hiss etsin. Bu baş verməsə, uşaq heç məktəbə gəlmək istəməyəcək.

Son illərdə məktəbə hazırlıqların təşkil edilməsi, şagirdlərlə məktəbin, müəllimlərin əvvəlcədən tanışlığına gətirib çıxarıb ki, bu da əvvəlki illərlə müqayisədə qorxu, həyəcanı xeyli azaldıb.

 

“Müəllim yolgöstərən, şagirdlər isə yolçudur”

Müəllim şagirdi inandırmağı bacarmalıdır ki, birlikdə uzun, maraqlı macəralı bir səyahətə çıxırlar. Hansı ki, müəllimə yolgöstərən, şagirdlər isə yolçudur. Və bu yolda müəllimdən çox şeyi öyrənərək, bilik və bacarıqlara yiyələnəcəklər.

Sevinc Baxisova

Psixoloq Sevinc Baxışova: “Valideynlərin üzərinə çox mühüm vəzifələr düişür”

Psixoloq Sevinc.Baxışova bildirir ki, ilk dəfə məktəbə qədəm qoyacaq uşağın psixoloji-emosional hazırlığı mühüm məsələdir:

“Məktəbə hazırlıq mərhələsinin həyata keçirilməsi, uşaqların təhsil ocaqlarına adaptasiyasını tezləşdirir. Uşağın məktəbə hazır olmasında, valideynlərin üzərinə çox mühüm vəzifələr düşür. Çünki məktəbə gedəcək uşağın psixoloji cəhətdən hazırlıqlı olması, dərs prosesinə təsir edən mühüm amillərdən biridir”.

 

“İlk dərs günü maraqlı anlarla yaddaşına yazılmalıdır. Əks təqdirdə …”

İlk zəng çalınar, balacalar sinfə daxil olar və ibtidai sinif müəllimi ilə tanışlıq başlar.  Məktəbə yenicə qədəm qoyan uşağın ilk dərs günü maraqlı anlarla yaddaşına yazılmalıdır. Əks təqdirdə əgər uşaq məktəb mühitinə alışmaq istəmirsə, ağlayırsa, valideyn günahı uşaqda yox, özündə axtarıb tapmalıdır.

 

“Kitaba qarşı məhəbbət hissi formalaşıb”

Uşağı gözündən kənara qoymamaq, evdə uşağa say öyrətmək, yazmaq, oxumaq, öyrətmək düzgün metod deyil. İndi ölkədə uşaqların məktəb təliminə hazırlığı ilə bağlı atılan bütün addımlar sayəsində uşaqlarda məktəbə, kitaba qarşı məhəbbət hissi formalaşıb. Uşaqlar bağçada, məktəbəqədər təlim mərkəzlərində məşğələlər keçməlidirlər. Bununla siz övladınızda kiçik yaşlardan diqqətli olmaq, hazırcavablıq, dərketmə kimi bacarıqların formalaşdığının şahidi olacaqsınız.

Məktəbə adabtasiya həm evdə, həm bağçada, həm də məktəbdə ardıcıl şəkildə aparılmalıdır. Əgər hər bir valideyn üzərinə düşən məsuliyyəti dərindən dərk etsə və məsələyə həssas yanaşsa, gələcəyimiz olan uşaqlar da məktəbə çəkinmədən, tam hazır vəziyyətdə gedərlər.

 

Hicranə İsmayılova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir