usaqlar

Məktəbdə ölümlə üzləşən uşaqlar: onları necə qoruyaq? – Xarici mütəxəssislər AÇIQLADI/ARAŞDIRMA

Baxış sayı: 1. 306

Bu dünyanın ən məsum varlıqları uşaqlardır.Bu dünyanın ən qəddar, ən acımasız varlıqları da uşaqlardır.

Uşağım itirdiyim təravətimin, azalan həyat eşqimin, yona-yona cilaladığım saxta parıltımın özəyidir. Bir yandan da hələ əhilləşməyən çılpaq vəhşi simamın güzgüdəki əksidir.

Uşaqlığınızı tez-tez yada salırsınız? Acı xatirələriniz şəxsiyyətinizin bir küncünü hələ də göynədir, elə deyil? Yaşıdlarınızın həyat bilgisizliyindən doğulan şüursuz tənə qurdları ətinizi didib sümüklərinizə darışıb. Sökük çantanız, rəngi solmuş qış geyimləriniz, böyük cinayət donu geyinmiş dildən-dilə, əldən-ələ gəzən körpə yanlışlarınız qürurunuzu qırıb. Bu acıları indi sizin uşağınız yaşayır, yaşadır, görür, toxunur.

Sizi bilmirəm, bir həftədir ki, hər gözümü yumanda, dönüb Elina oluram. Özümü dağın ən uca zirvəsindən yerə atıram. Bunu niyə edirəm? Özüm yatıb Yer üzünün vicdanını oyatmaq üçün… Nə mən yatıram, nə vicdan oyanır.

Bu təzadın tam ortasında “bullinq” adlı qəddar uşaq yaşayır-öldürür, alçaldır-incinir, ağladır – özü də gülmür.

Bullying- mənəvi, fiziki şiddət

Bully-xuliqan

Bullinq yalnız qəzəb və qəddarlıq deyil. Bu daha çox güc balanssızlığından irəli gələn şüursuz təcavüzkar davranışdır. Bullinq təkrarlandıqca, qurbanı qorxu və stress vəziyyətinə salır. Hətta bu hadisəyə şahidlik edənlər üzərində də bənzər təsirə sahibdir. Bu hal məktəblərdə yeniyetmələr arasında yaşanır. Komanda halında birləşərək bir, yaxud bir neçə yaşıdlarını mənəvi terrora və ya fiziki şiddətə məruz qoyurlar.

Orta statistikaya görə, bu gün dünya məktəblərində 4 uşaqdan biri bullinqin qurbanına çevrilir. Mən bullinqi dilimizə “mənəvi terror” kimi tərcümə etməyin tərəfdarıyam. Bəlkə ürək titrədən bu kəlmə bizi uşaqlarımıza qarşı daha diqqətli davranmağa vadar edər.

Bullinq dərdi, faciəsi ilə bağlı dünya mütəxəssislərinə üz tutdum. Kaş ki, bu araşdırmanı Elina özünü bu dünyadan atmadan edərdim. Amma ümid edirəm, daha çox məlumatlansaq, digər Elinaların əllərindən yapışıb qoruya biləcəyik.

“Publika.az” mövzu ilə bağlı araşdırma apararaq xaricdə fəaliyyət göstərən mütəxəssislərin fikirlərini öyrənib. “Gencaile.az” həmin araşdırmanı təqdim edir.

Estoniya “Parnu” gimnaziyasının magistr müəllimi, eston dili mütəxəssisi və “Ana dili” Şurasının üzvü Leili Səginin 40 il pedaqoji stajı var.

– Çox çətin bir zamana gəlib çatmışıq. Uşaqların təhsil ocaqlarında incidilməsi, təklənməsi halları əvvəllər də olurdu, lakin son zamanlar bu hallar bütün dünyada daha da artıb. Bu baxımdan Estoniya təhsil müəssisələrində ciddi islahatlar aparıb. Əvvəla məktəblərdə psixoloqlar və sosial pedaqoqlar fəaliyyət göstərir. Hər bir müəllim uşağın zəif və güclü cəhətini bilir və problem yaşadığını hiss edir. Fərq etməz, sinif rəhbəri və ya fənn müəllimləri dərhal məktəb psixoloquna, sosial pedaqoqa müraciət edir. Bu ilk siqnal vaxtında veriləndə, inanın ki, uşağı xilas etmək mümkündür. Psixoloq uşaqla, sosial pedaqoq isə ailə ilə işləməyə başlayır. Estoniyada həmçinin yeniyetmələrlə iş üzrə polis xidməti var və onlar vaxtaşırı məktəblərə gələrək uşaqlar qarşısında çıxış edirlər. Məsələn, bu həftə mənim 4-cü sinif uşaqlarımın onlarla görüşü oldu, mövzu məktəblərdə bullinq qurbanları idi. Bu görüş elə-belə məruzə xarakteri daşımır. Uşaqlar fəal olaraq öz fikirlərini bildirirlər, müzakirələr aparır. İnanın ki, belə görüşlər uşaqların, hətta müəllimlərin də fikrini duruldur. Bullinqin zarafat yox, cinayət olduğu aydınlaşır.

Fikrimcə, təklənməyə məruz qalan uşaqlar qarşısında cavabdehlik ailə və məktəb arasında bərabər bölünür, məsuliyyət hər iki tərəfin boynundadır. Əgər valideyn övladı ilə maraqlanmırsa, və məktəb uşağın davranış qaydalarında ciddi qüsurlar aşkar edirsə, demək uşaq risk qrupundadır, belə uşağa qayğı və nəzarət ikiqat güclənməlidir. Uşağı xilas etmək üçün bütün instansiyalarda həyəcan təbili çalınmalıdır. Nə qədər tez bu təbil çalınsa, belə uşağı xilas etmək şansımız o qədər çox olacaq.

 

– 40 illik pedaqoji təcrübənizdə bu halla rastlaşmısınız?

– Təcrübəmdə 22 il öncə belə bir bədbəxt hadisə baş vermişdi. Hələ də unuda bilmirəm ( gözləri yaşarır). Uşaq evlərində 5-ci mərtəbədən özünü ataraq canına qəsd etmişdi. Onun dəfni indiki kimi gözümün önündədir. Ağıllı, savadlı bir uşaq. SƏN DEMƏ, AİLƏDƏ PROBLEMLƏR YAŞAYIRMIŞ, məktəb müəllimləri heç cür özümüzə haqq qazandıra bilmirdik, axı niyə biz bunu hiss etməmişdik? Çox böyük şok yaşadıq o zaman .. Fənn müəllimi kimi bir də onu əlavə edim ki, yeniyetmələrlə işdə bir an belə diqqəti və sakitliyi itirmək olmaz. Uşaq dərsə hazır olmasa belə, onu pərt etmək olmaz. Hazır deyilsə, demək bir səbəbi olub…

Estoniyada yaşayan həmvətənimiz, “Orhan” maraq məktəbinin rəhbəri, pedaqoq Sənəm Əliyeva da belə hallara çox üzüldüyünü bildirir.

– Bu faciəyə məktəbin münasibəti qəddarlıqdır. Bu qızcığaz həm ailə, həm məktəb tərəfindən çox nəzarətsiz qalaraq bütün çirkablara batırsa, günahkar o deyil axı? Məncə, burada qızın əvvəllər təhsil alıb qovulduğu məktəbləri də araşdırmaq lazımdır. Pedaqoji təcrübəm 15 ili ötür və bildiyim bir şey var ki, uşaq davranışı ilə (xüsusilə pis davranışı ilə) bizlərə nəyisə çatdırmaq və eşidilmək istəyir. Diqqət və qayğı axtarır. Bunu məncə, hər bir pedaqoq bilməlidir, bilmirsə, nə yazıq onların və onlara həvalə olunan uşaqların halına. Mən Estoniyada əmək fəaliyyətimə müəllim kimi başlamışam, az adam bilir ki, 2014-cü ildə təhsil sahəsində “İlin adamı” elan olunmuşam. O zavallı, ölümə sürüklənən qızcığazı düşünərək, sinfimdə olan bir qızı xatırladım… Həmin qız hər gün geyimləri çirkli, dırnaqları uzun və çirkli, saçları daranmamış gəlirdi. İlk işim o uşağın əl üzünü yumaq, saçını daramaq olurdu. Bu, mənim cəmi 10 dəqiqə vaxtımı alırdı, o günahsız uşağa isə dünya boyda sevinc bəxş edirdi. Sonralar direktor ilə birlikdə bütün lazım olan tədbirləri gördük və məlum oldu ki, uşağın atası ölüb anası səfil, sərxoş həyat sürür. Aidiyyatı orqanlar bütün prosesləri keçərək uşağı ata nənəsinə təhvil verdi. İndi həmin qız məktəbi yaxşı qiymətlərlə oxuyur və nə xoşbəxtəm ki, bu işdə azca da olsa mənim də əməyim oldu. Bədbəxt Elinaya gəlincə müəllimlər də, direktor da onu xilas edə bilərdilər, kaş, bir az insaflı olaydılar.

 

– Estoniyada bullinq halları çoxdurmu?

– Davranışı ilə risk qrupunda olan uşaqlar təbii ki, bütün dünyada olduğu kimi Estoniyada da var və mənim təcrübəmdə də olub. Dərhal məktəb, ailə və aidiyyəti oraqanlar arasında dialoqa girmişəm. Uşağı “pis” deyib təkləmək olmaz, uşaq dərk etməlidir ki, biz böyüklər ona qarşı yox, onun yanındayıq, dəstək verməyə hazırıq. Düşünürəm ki, Azərbaycanda uşaqlara dəstək sistemi işlənməyib, hazırlanmayıb. Danimarkanın işləyib hazırladığı bir maraqlı layihə var, bütün Avropa ondan bəhrələnir -“Free from Bullying”. Bu layihəni “Save the Children Denmark” və Danimarka şahzadəsi “Mary” fondu ilə işbirliyində 2007-ci ildə hazırlayıb. Layihənin metodikası 3-10 yaşlı uşaqlara yönəldilib və Estoniya bağça, məktəblərində geniş istifadə olunur. Belə qisimdə layihələr çoxdur, yetər ki, öyrənmək və tətbiq etməyə həvəsli müəllimlər olsun!

İnkişaf etmiş nəhəng ölkələrin tədris ocaqlarında bullinq də şaxələnir. Buraya həmçinin irqi və dini faktorlar da daxil edilir. Bu gün dünya Estrada və kinosunun qaradərili, yaxud müsəlman ulduzları ailələri ilə birgə bullinq qurbanı olublar. Məsələn, son minilliyin ən çox gəlirli pop-divası Meraya Keri uşaq ikən dəfələrlə rasist qonşularının hücumlarına məruz qalıb. Hətta bir dəfə azğın qonşular Keri ailəsinin itini zəhərləyib öldürüblər. Ardınca isə avtomobillərini yandırıblar. Bu hallar minlərlə, hətta milyonlarladır.

 

Həmsöhbətim amerikalı paraleqal Ailin Ordes isə ağdərili, üstəlik amerikalı olmasına rəğmən məktəb illərində dəfələrlə bullinqin qurbanı olub.

– Hər şeydən öncə nəzərinizə çatdırım ki, Amerika qanunlar əsasında idarə olunan demokratik ölkədir. Mən 60-70-ci illərdə məktəbdə oxumuşam. Olduqca arıq və hündürboylu idim. Üstəlik üzümü sivilcələr basmışdı. Hamı mənə lağ edirdi. Hər dəfə məktəbdə yaşıdlarımın tənəsini eşitməli olurdum. Dərsə hamıdan tez gəlib, hamıdan gec çıxırdım ki, məni çox incitməsinlər. Amma birtəhər susub dözməyə çalışırdım. İllər keçdikcə, məktəblərdə bullinq daha çox şaxələndi. Bu gün irqinə, dininə, tərbiyəsinə, xarici görünüşünə görə bullinqlə üz-üzə qalan sonsuz sayda uşaq var. Hətta bəzən söz təhqirini fiziki şiddət də əvəz edir. Amerika məktəblərində xüsusi yazılı qaydalar var. Valideyn övladını məktəbdə qeydiyyatdan keçirəndə qarşısına şərtlər qoyulur. Uşağı bullinqin qurbanı olan ata və analar mütləq xüsusi təlimatlı müəllimlərə və psixoloqlara müraciət etməlidirlər. Bullinq halı üzə çıxdığı tədqirdə, şiddət göstərən şagird öncə bir neçə günlük, təkrarlanarsa, bir həftə, yaxud birdəfəlik məktəbdən uzaqlaşdırılır. Məktəbdə polis araşdırma aparır. İstər fiziki, istərsə də mənəvi şiddət göstərən uşaqlar qanun çərçivəsində cəzalandırılır. Ölüm hadisəsinə görə isə rəhbərlik də məsuliyyətə cəlb olunub, ağır cəza alır.

Hollandiyada böyüyüb, hazırda orada vəkil vəzifəsində çalışan Əli Ağayev dünyanın ən azad insanlarının yaşadığı “güllər ölkəsi”nin tikanlı tərəflərindən də danışdı.

– 2015-ci ildə Hollandiyada “Məktəb təhlükəsizliyi” qanunu qəbul olunub. Bu qanun məktəblərin üzərinə bir sıra məsuliyyət və öhdəlik qoyur ki, şagirdlər özlərini təhlükəsiz hiss etsinlər. Amma elə ilkin mərhələdən polis müdaxiləsi olmur. Hər iki cəbhəyə, xüsusən də bullinqə məruz qoyan tərəfə təlim keçirilir. Səhv addım atdıqları psixoloji cəhətdən izah edilir. Təhsil nazirliyinin xüsusi müfəttişi olur. Hər il bir neçə məktəb seçib diqqətdə saxlayırlar. Rəhbərliyin xəbəri olmadan qəfil yoxlanışa gəlirlər. Faciə baş verdiyi təqdirdə cinayətkarlar cəzalanır. Lakin yenə də qeyd edirəm. Bu, son həddir. Çünki daha erkən mərhələlərdə təlimatlı müəllim və psixoloqlar uşaqlara nəzarət edirlər.

Bullinqə səbəb yaradan hallardan biri də müharibə şəraitində yaşayan xalqların nümayəndələrinin neytral zonada birgə yaşaması olur.

 

Məsələn, Fransada yaşayan həmvətənimiz Səbinə Ələkbərova 11 yaşlı qızının başına gələn acınacaqlı hadisəni bölüşdü.

Картинки по запросу devocki na tatami

– Qızım karate ilə məşğul olur. Bir dəfə Srazburq şəhərinin yaxınlığındakı balaca qəsəbədə turnir keçirilirdi. Xüsusi əhəmiyyətli yarış olmadığından məşqçi uşaqlarla getmədi. Qızımla bir komandada erməni uşağı da var. Adətən məşqdən öncə mehriban münasibət göstərir, şirniyyat təklif edir. Amma ətrafımızdakı hər kəs xəbərdarlıq etmişdi ki, ehtiyatlı olaq. Qəsəbədə baş tutan yarışda qızımla həmin erməni tatamiyə çıxdılar. Qızıma karate hərəkətlərinə aidiyyəti olmayan xüsusi zərbələr endirməyə başladı. Valideynləri də övladlarının vəhşiliyinə haqq qazandıraraq baş verənləri telefonun kamerasına çəkir, hətta onun adını çağırararq ruhlandırırdılar. Qızım qarnından ağır zərbə alsa da yarışı sonadək davam etdirdi. Həmin gündən sonra erməninin valideynləri övladımın haqsızlığa uğradığı videonu sosial şəbəkələrdə qürurla paylaşdılar.

 

– Bəs fransız məşqçinin reaksiyası necə oldu?

– Məşqçi uşağı yanına çağırıb irad bildirdi. “Mən sənə bunu öyrətməmişəm. İdman etikası elə olmur” dedi. Baş verənlərdən çox məyus oldu. Bundan sonra məsələ bağlandı. Ümumiyyətlə, övladlarımın məktəbindən narazı deyiləm. İstənilən problemi şikayətlə həll edirik. Amma yaxınlarımdan eşitdiyim qədəri ilə Azərbaycan məktəblərində müəllimlər dərsdə telefondan istifadə edirlər. Hətta istifadə etməklə qalmır, bütün fikirlərini telefonda cəm edirlər. Uşaqlar arasında özbaşınalığın yaranmasının əsas səbəbinin bu etinasızlıq olduğunu düşünürəm. Çünki istər Fransada, istərsə də digər Avropa ölkələrində müəllimin sinif otağına mobil telefonla girməsi qadağandır və bu şərtə əməl olunur.

Fransanın məşhur azərbaycanlı vəkili bu ölkənin bütün HƏQİQƏTLƏRİNİ AÇDI - MÜSAHİBƏ

Fransada bullinq “harcèlement scolaire” adı altında tanınır.

 

Fransanın ilk azərbaycanlı vəkillərindən olan Dilbadi Qasımov onu da qeyd edir ki, təzyiq göstərən məktəbli birbaşa məsuliyyətə cəlb olunur.

– İstər məktəbin sərhədləri çərçivəsində, istərsə də digər yerlərdə bullinq göstərən şagird cəzalandırılır. Qarşı tərəfi depressiyaya salmaqdan tutmuş intihara sürükləyənədək cəzasını almalıdır. Fransada xüsusi uşaq məhkəmələri var. Odur ki, yaşı az olsa belə haqqında şikayət ərizəsi yazılmalıdır. Əgər bu hadisə dövlət məktəbində baş veribsə, birbaşa dövlətin məsuliyyətidir. Valideyn dövləti məhkəməyə verib, təzminat tələb edir. Özəl məktəbdirsə, birbaşa rəhbərlik məsuliyyət daşıyır. Fransada yaşı 13 olmamış uşaqlar həbs edilmir. Onların əvəzinə valideynləri də həbsə göndərilmirlər. Çünki cinayət məsuliyyəti şəxsidir. Lakin valideyn bu təqdirdə mütləq maddi təzminat ödəyir.

 

Fransada yaşayan hüquqşünas Könül Qasımova isə bu halın dünyada günbəgün artdığını bildirir.

– Bir neçə il öncə Fransada 13 yaşlı qız bu şiddətin qurbanı olmuşdu. İntihar etmişdi. Bu hadisədən sona məktəblərdə nəzarət gücləndi. Bütün tədris müəssisələrində o qız haqda sənədli film təqdim olunmuşdu. Ümumiyyətlə, fransız məktəblərində həm psixoloq, həm də tibb bacısı çalışır. Hətta şagird adi baş ağrısı ilə tibb bacısına müraciət edəndə valideynlə əlaqə saxlayır. Məsələn, yazır ki, bu gün uşağınızın başı ağrıdı, mən ona sakitləşdirici dərman verdim. Düşünürəm ki, buna səbəb məktəbdə baş verən filan hadisə ola bilər. Düşünürəm ki, məsələni psixoloqla müzakirə etməyiniz yaxşı olardı.

 

Tanınmış jurnalist Zeyno Baran isə deyir ki, Türkiyədə bullinq “akran şiddeti” adı ilə tanınır.

– Mən çalışdığım məktəbdə həm valideynlər, həm də şagirdlərlə mütəmadi seminarlar təşkil olunur. Akrana məruz qalan uşağın kimə müraciət etməli olduğundan tutmuş, məsələnin ən xırda detallarınadək məlumat verilir. Həmçinin qarşı tərəfi mənəvi və fiziki şiddətə məruz qoyan uşaqla da xüsusi iş aparılır. Şübhəsiz ki, bu addımı atan uşağın kifayət qədər problem var və ona yardım etmək şərtdir.

Похожее изображение

Zeyno xanım, özünüz uşaq ikən akrana məruza qalmısınız?

– Çox kilolu uşaq idim. Müəllimlər daxil, məktəbdə hər kəs mənimlə lağ edirdi. Bu, məni çox üzürdü. Özümü çox bədbəxt hiss edirdim. Valideynlərimə də bu haqda heç nə demirdim. İndiki biliyim olsaydı, problemimi qabardardım.Çünki təsir əks təsirə bərabərdir. Bu gün bullinqin qurbanına çevrilən uşaq aqressivləşəcək, hər kəsə nifrət edəcək, nəticədə özü də şiddət tədbiq edəcək. Ona görə bütün valideynlərə səslənmək istəyirəm. Uşağınızla maraqlanın, davranışlarında fərq hiss etsəniz, daha əsəbi olduqlarını görsəniz, bu məsələ üzərində fokuslanın. Məktəb rəhbərliyi ilə, müəllimlərlə əlaqə saxlayın ki, intihar halları baş verməsin.

Əziz həmvətənim, elə bilirsən bullinq təkcə məktəbdədir? Bizim multikultural, tolerant məmləkətimizin boulinq bəlası da var. Bu da mənəvi terrorun bir növüdür. Hər zərbəsi ilə min sinir keqlimizi yıxıb tökən boulinq topu cəmiyyətin ən tragikomik personajlarının-yaşlı madamların əlindədir.

Son dönəmin qızları burunlarını kütləvi şəkildə sünnət etdirir. Mən buna simvolik anlam vermək istəyirəm. Mən bunu bir inqilab saymaq istəyirəm. Ümid edirəm, ümid etmək istəyirəm. Burunlarını kimsənin məhrəminə uzatmamaq üçün kəsdirirlər, qarşısındakının baş-başa qalıb, çözmək istədiyi düyünlərin toxunulmazlığının qoxusunu almaq üçün dəyişdirirlər.

Mən dünən bir qadın gördüm, qucağında nəvəsi, əlində bir çuval boulinq topunu saçı topa-topa tökülən balaca oğlanın anasının sinirlərinə tuşlamışdı. Özü də bunu ar demədən, etika gözləmədən, məhrəmiyyəti tapdayaraq, səsinin diapazonunu tənzimləmədən edirdi.

– Uşağın saçı nə pis tökülüb (uşaq eşidir axı…) Sən bilirsən neylə?

– Hər yolu sınamışam. Tibbə məlum deyil səbəbi…

– Ay qızım, mən deyirəm də… Öz başıma da gəlib. Salona gedəndə, saçkəsən dedi, korvalol sürt…

– Mən bu uşağı Almaniyanın ən güclü dermotoloji mərkəzinə qədər aparmışam. Bütün yoxlanışlardan sonra həkim dedi ki, bizim müalicəmiz qaranlıq otaqda hədəfə ox atmaq kimidir.

– Amma sən yenə də mən deyəni qəribsəmə…Korval…

– Çox sağ olun!

– Yazıqdı uşaq, nə yaşı var ki, bu günə düşsün.

– Mənim balam hamıdan gözəldir(bu elə qaynar sığaldır ki, daşın da başına tük bitirər)

Azərbaycan bağçasında burnunu hər işə yüngülvarı toxunduran sünnətsiz burunlu qarı çiçəyi obrazı var. Eşşək südünü sarımsağa qatıb bütün xəstəliklərin rüşeymini məhv edir. Qara dəliyin fotosuna korvalol damcıladıb tük çıxardır. Onun tərbiyə elədiklərindən başqa heç kim uşaq böyüdə bilməyib. Ömrünü morqda çürüdən alman həkiminin yaddaş kartında toplanan informasiya selini 30 damcı korvalolla silib təmizləyir bizim diplomsuz professor…

Əzizlərim, sünnətin yaşı, cinsiyyəti olmur. Elə ki, kimsə qapınızı döyüb- burnunuzu şəxsi həyatımın içindən tapıb çıxartdım- dedi, demək artıq kəsdirməyin zamanı keçir. İnanın, yeni simanızdan o qədər zövq alacaqsınız ki, başqalarının başına korvalol damcılatmaq həvəsiniz də sönəcək.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir