idman-mekteb

Məktəblərdə idman dərslərinə niyə ciddi yanaşılmır?

Baxış sayı: 1. 534

İdman dərsi adətən məktəblilərin sevimli dərsidir. Bir tərəfdən idmanda uşaqlar zehni fəaliyyətdən istirahət etdiklərindən, bu fənni sevsələr də, digər tərəfdən, bu fənnə ciddi yanaşmadıqlarından dərsdə daha sərbəst olurlar. Əksər valideynlər uşaqların diqqətini digər fənlərə yönəldir, onların idman dərslərindəki davamiyyətinə, hazırlığa fikir vermirlər. Fiziki tərbiyə dərsini ciddi fənn hesab edən çox az valideyn və şagird var.

Deputat Naqif Həmzəyev orta məktəb şagirdlərinin idman dərslərinə laqeyd yanaşdıqlarını, əksər hallarda isə bu dərsə girmədiklərini deyib. O, Təhsil Nazirliyi və aidiyyəti qurumlarla məsələnin müzakirə edilməsinin vacibliyini də qeyd edib.

Nərimanov rayonunun “Məktəb-lisey Kompleksi”nin fiziki tərbiyə müəlliməsi Sürəyya Şirəliyevanın  bildirdiyinə görə, məktəblərdə şagirdlərin çoxunun fiziki vəziyyəti pisdir: “Sinifdə olan 30 uşaqdan 7-8-i güclə yeriyir, yerindən durur. Şagirdlər oturaq həyat tərzinə görə tərpənə bilmirlər”.

Müəllimə uşaqların digər dərslərlə müqayisədə idman dərsinə ciddi yanaşmamasının əsas səbəbini valideynlərdə axtarır. “Valideynlər uşaqlarına deyir ki, idman dərsidir də, o qədər də fikir vermə, əsas o biri dərslərini hazırla. Amma biz uşaqlara ev tapşırığı veririk və növbəti dərs zamanı idman etdikdə, kimin tapşırıqları yerinə yetirib-yetirmədiyini görürük”.

S.Şirəliyevanın sözlərinə görə, fiziki tərbiyə uşaqların sevdiyi dərsdir: “Əksər uşaqlar dərsə böyük həvəslə gəlir. Amma tənbəl uşaqlar da olur. Yeyib-yatan uşaqlar olur ki, onlar üçün idman hərəkətləri etmək olduqca çətindir. Ümumiyyətlə, fiziki tərbiyə dərsləri uşaqların sağlamlığı üçün vacibdir. Əsas da dərs oxuyan uşaqlar zehni yorğunluğu aradan götürmək üçün idmanla da məşğul olmalıdır. Şagirdlər heç olmasa, hər gün 15 dəqiqə səhər gimnastikasını etməlidir”.

Şirəliyeva qeyd edir ki, kompüter, internet uşaqların fəal hərəkətlərlə dolu həyatlarını əlindən alıb və sürdükləri oturaq həyat tərzinin ağır fəsadları üzə çıxır: “Oturaq həyat tərzi nəticəsində bütün bədən zəifləyir. Bu səbəbdən də fiziki tərbiyə dərslərində xüsusi fəal olmağın xeyri var. Biz məktəblərdə idmançı yetişdirmirik, idmançı kimi yetişdirmək üçün idman məktəbləri, kursları var. Məktəblərdə fiziki tərbiyə dərsi uşaqların fiziki olaraq sağlam böyüməsi üçün əhəmiyyətlidir. Məktəb gələcəyimiz üçün sağlam gənclər yetişdirir. İdman dərsləri 1-ci sinifdən başlayaraq həftədə iki dəfə olmaqla keçirilir”.

Onun dediyinə görə, 5-6 yaşda qızların fiziki sağlam inkişafı üçün gimnastika, üzgüçülük məsləhətdir: “Xüsusilə də, üzgüçülükdə tənəffüs məşqləri sayəsində orqanizm yaxşı inkişaf edir. Oğlanlar üçün də üzgüçülük, yüngül atletika məsləhətdir. Bizdə güləş də yaxşı inkişaf edib”.

Azərbaycan Təhsil Şurasının sədri Əjdər Ağayev bildirir ki, bu gün orta məktəblərdə idman dərslərinin keçirilməsi vacibdir. Onun sözlərinə görə, idman dərsi ümumtəhsil məktəblərinə uzunmüddətli müşahidələrdən sonra daxil olub: “Müşahidələr nəticəsində görülüb ki, məktəblərdə şagirdlər fiziki dərslərlə məşğul olmadıqlarına görə, süst olurlar və tez yorulurlar. Ona görə də tədris planına “Bədən tərbiyəsi” adlı fənn daxil edilib. Bu fənn 1-ci sinifdən başlayaraq 11-ci sinfə qədər davam edir. Bunun çox böyük əhəmiyyəti var, çünki insanın fiziki çalışması onun ürəyinə, qan dövranına faydalıdır. Bu, elmi cəhətdən əsaslandırılıb, sübut olunub ki, ümumtəhsil məktəblərində fiziki tərbiyə insanları hərəkətə gətirən və inkişaf etdirən fənndir. Hansı məktəb ki, bu fənni tədris planında ola-ola keçmir, o məktəblər çox böyük qüsura yol verir. Çünki idmanla məşğul olan şagirdlər qavramada da fəallaşırlar və sağlamlıqlarını təmin edə bilirlər. Ümumtəhsil məktəblərinin böyük əksəriyyətində bu fənni lazımlı səviyyədə tədris etmirlər. Beləliklə, uşaqlarımızda xəstəliklər çoxalır və yorğun olurlar”.

Ağayev hesab edir ki, bütün məktəblər bu məsələ ilə bağlı nəzarətdən keçməli və bunun üçün güclü şərait yaradılmalıdır. “İstərdim ki, məktəbdə tədris-təcrübə işinə münasibətdə keçmiş və bu gün müqayisə olunmasın. Sovet dövründə təhsilə qoyulan bütün məsələlərin elmi əsası olub. Bizim məktəblər də həmin dövrün təcrübəsindən faydalanmalıdır. Bu fənn olduqca vacibdir. Hətta idman üzrə bölmələr, məktəbdən kənar müəssisələr var, şagirdlər bura da cəlb olunmalıdır. Prezident bu məsələyə xüsusi diqqət yetirir. Məktəbdəki işləri isə təhsil işçiləri həyata keçirməlidir ki, prezidentin gözlədiyi nəticələr alınsın, uşaqlar bu sahədə yetişsin. Əgər məktəblərdə idman fənni yoxdursa, sonradan o uşaqları idmançı kimi yetişdirmək olmaz. Bu, orta məktəbdən başlamalıdır. Həm idmanın inkişafı, həm də insanın sağlamlığı üçün bədən tərbiyəsi mütləq tədris olunmalıdır. Kim bu fənni keçmirsə, o, tədrisə və insanlara böyük ziyan vurur”.

ABŞ alimlərinin araşdırmalarına görə, gündə 6 saatdan çox oturan adamın ürək xəstəliklərinə tutulma riski 18% artır. Gündə 3 saatdan çox oturanların şəkərli diabetə tutulma riski isə digərlərinə nisbətən 7.8% artıq olur.

Amerikanın Xərçəng Araşdırmaları İnstitutunun araşdırmalarına görə, oturaq həyat tərzi döş və bağırsaq xərçəngi riskini artır. Oturmaq xərçəngin əsas xəbərçisidir, nə qədər otursanız, risk o qədər artır. Üstəlik, alimlər iddia edir ki, sonradan hərəkət etsəniz belə, uzun müddət oturmağınızı kompensasiya etmək mümkün deyil.

Qeyd edək ki, məktəblərdə şagird 45 dəqiqəni oturaraq keçirməli olur. Hərəkətsizlik mühiti bu siniflərdə yetişən nəslin girişdə sadaladığımız xəstəliklərə tutulma riskini artırır. Dünyada qlobal problemə çevrilən bu məsələ Azərbaycanda da aktualdır. Məktəbyaşlı uşaqlar oyaq vaxtının 25%-i sinifdə keçirir. Mövcud dünya təhsil üsulu şagirdlərin bir neçə saat sinifdə məhz oturaq vəziyyətdə keçirməyə məcbur edir. Nəticədə, ümumi təhsili başa vuran yeniyetmələrdə hərəkət məhdudiyyəti fiziki inkişaf, qamət, görmə pozuntuları və digər sağlamlıq ilə əlaqədar problemlərin yaranmasının əsas səbəblərinə çevrilir. Elmi araşdırmalar göstərir ki, bəzi hallarda məktəbi bitirənlərin yalnız 3-4%-i tam sağlam olur.

Aynurə MƏMMƏDOVA




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir