ders

Məktəblərdə yaranmış qəribə vəziyyətin günahını kimdə axtaraq?

Baxış sayı: 1. 147
Uşaqlar zülüm ayaqlayır. Bu istidə məktəbə gedib-gəlirlər, həm də boş-boşuna. Tədris proqramı çoxdan başa çatıb, məktəbdə dərs keçən yoxdu. Müəllimlər əmək haqqı alır deyə, məcburdu, vaxt «öldürür», şagirdlər də istidən «ölür». Mənasız bir situasiya yaranıb. Hamı bilir ki, məktəblərdə tədris yoxdur, dərslər bitib. Amma hamı – yəni, təhsilə cavabdeh qurumlar və şəxslər özlərini elə göstərir ki, guya, orta məktəblərdə dərslər davam edir, şagirdlər məktəbə sevinə-sevinə, az qala uça-uça gəlirlər, davamiyyət də lap əladır. Anlamaq həqiqətən çətindi ki, özümüzü niyə aldadırıq?Yaxın qohumumuz olan 6-cı sinif şagirdi artıq 1 aydır ev tapşırıqları yazmaqdan bezdiyini deyir. Soruşursan, məktəbdə dərs keçirsiniz, cavab verir ki, yox, müəllim ancaq ev tapşırıqları verir, heç yoxlamır da. Eləcə tapşırır ki, yazın, yazın…

Dünənsə lap maraqlı hal yaşandı. Deməli, fağır uşaq axşamdan sevinib, şirin-şirin yatıb ki, bəs sabah məktəbə getməyəcəm. Müəllim deyib, gəlməyə bilərsiz. Sübh tezdən anası uşağı hövlnak oyadıb ki, tez ol, qalx, məktəbə gedirsən. Uşaq yazıq-yazıq dillənib ki, axı bu gün məktəbə getməli deyil. Anası isə «tez ol, dur, müəllimin telefonuma mesaj yazıb ki, məktəbə komissiya gələcək, şagirdlərin dərsə gəlib-gəlmədiyini yoxlayırlar, uşağı məktəbə göndər».

Belə acınacaqlı bir vəziyyətdir, orta məktəblərdə. Amma eşidən varmı ki?! Kor tutduğunu buraxmayan kimi, nə vaxtsa qərar veriblər ki, tədris ili sentyabrın 15-i başlayıb, iyunun 15-i bitir, səhv də olsa, reallıqla ayaqlaşmasa da, «qərarın geriyə qüvvəsi yoxdur», deyib səhvlərində israr edirlər. Bu qərarı şəraitə uyğun dəyişmək bu qədərmi çətindir?

Həm də bir halda ki, məsələ uşaqlarla bağlıdır. 7-8 yaşlı, lap olsun 10-11, fərq etmir, şagirdləri, müəllimləri havanın bu istisində məktəbə aparıb-gətirmək belə vacibdirmi? Qərarları iqlim şəraitinə, həmçinin, ümumiyyətlə mövcud vəziyyətə uyğunlaşdırmaq təcrübəsinə heçmi bələd deyillər? Danışanda, Avropa təcrübəsindən, Avropa təhsilinə inteqrasiyanı önə çəkirlər. Nə oldu? Dərslərin, başqa səbəb demirəm, havaların isti keçməsinə görə, vaxtından tez dayandırmaq qərarını vermək üçün neçə bal cürət lazımdır görəsən?

Məsələn, dünən paytaxtda 38 dərəcə isti müşahidə olunurdu. Bu, kölgədə istinin dərəcəsidir. Dərəcə məhz kölgədə ölçülür, bunu bilərlər hər halda. Kölgədə 38 dərəcə isti açıq havada, ictimai nəqliyyatda havanın temperaturunun 40-ı «döyməsi»dir. 40 dərəcədə uşaqları Günəşin yandırıcı şüaları altında qovurmaq kimə lazımdır? Bununla təhsilimiz guya Oksford Universiteti səviyyəsinə çatacaq.

 

Təhsil eksperti Nabatəli Qulamoğlu açıqlamasında həqiqətən də acınacaqlı bir vəziyyət yarandığını bildirdi:

– Nəvələrim orta məktəb şagirdidir və mən onların necə əzab çəkdiyini görürəm, ürəyim ağrıyır. Uşaqları bu qədər incitmək insanlığa sığmır. Bir neçə il sentyabrın ilk ongünlüyündə havaların hədsiz isti keçməsini əsas gətirib tədris ilinin başlanmasını 15 sentyabra təyin etdilər. İndi də iqlim dəyişib. Mayın sonları, iyunun əvvəlindən havalar kəskin istiləşib. İqlim şəraiti əsas alınırsa, indi də dərsləri vaxtından iki həftə əvvəl dayandırsınlar.

Bununla şagirdlərimiz bisavad olmayacaq, amma bu isti havalarda uşaqları məcburən məktəbə çağırmaqla uşaqlarda məktəbə də nifrət oyadırlar, dərs oxumağa da. Hamımız bilirik ki, bir aydır dərslər başa çatıb, tədris proqramı faktiki bitib. Niyə uşaqları əsassız yerə yorurlar? Şəraitə, hansısa gözlənilməz hala uyğun qərar vermək təcrübəsi bütün dünyada var. Necə olur, şiddətli küləyi əsas gətirib şagirdlərə həmin gün məktəbə getməməyi tövsiyə edə bilirlər, amma tədris proqramının bitdiyi, havaların da kəskin istiləşdiyi bir vaxtda dərslərin dayandırılması ilə bağlı qərar verməkdə çətinlik çəkirlər? Bu inadı anlamaq həqiqətən çətindir.

N.Qulamoğlu tədris ili ilə bağlı qərarın Təhsil Nazirliyinin səlahiyyətində olmadığını da dedi:

– Bu məsələdə Təhsil Nazirliyinin heç bir rolu yoxdur. Onlardan nəsə gözləməyinə dəyməz. Amma məni narahat edən, həm də valideynlərin susqunluğudur. Gərək valideynlər bu duruma etiraz etsin. Və dərs keçilməyən məktəbə uşaqlarını göndərməsinlər. Özü də bu istidə. Bəlkə də valideynlər nazirlik qarşısında məsələ qaldırsalar, qərara yenilən baxılar. Günlərdir danışılan bu problemin sadə bir həll yolu var, o da tədris ilinin sentyabrın əvvəli başlayıb mayın sonlarında yekunlaşmasıdır. Bizim məktəblərimizin infrastrukturu da isti havaya uyğun deyil. Bunu da nəzərə almırlar.

 

 

Məlahət Rzayeva




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir