usaq

Məktəbli uşaqlar niyə öz yaşıdlarının “qənimi” olur?

Baxış sayı: 1. 686

“Onun gözləri indiyə kimi yadımdadır: yaşılıydı. Özü sarışın idi, özünə məxsus, qeyri-adi gözəlliyi var idi. Və demək olar ki, hər gün döyülürdü”, – 33 yaşlı Nuranə məktəb xatirələrini bölüşür.

Məktəblərdə tez-tez bəzi uşaqlar “bullinq”lə, yəni qorxutma, təqiblə qarşılaşırlar.

“Qızdan həmişə soğan qoxusu gəlirdi, imkansız ailədən idi, – məktəbdə oxuyarkən belə halın şahidi olan Nuranə hekayəsinə davam edir, – geyimi də köhnə idi, hələ yaxşı ki, o vaxtlar məktəbli forması var idi.

Demək olar ki, danışmırdı. Dərslərini pis hazırladığına, susmağına, əcaib saç düzümünə görə, – demək olar ki, istənilən səbəbə görə onu sinfimizdə döyürdülər, kütbeyin adlandırırdılar. Müəllim bunlara qarışmırdı, hətta hərdən bir özü də üstünə qışqırırdı. Onu vuranda heç vaxt cavab qaytarmazdı, ancaq əyilirdi. Çox qapalı və boğulmuş idi.

İndi bunları xatırlayanda, xəcalət hissi keçirirəm. Nəyə görə biz belə qəddar idik? Özümü indiyə kimi bağışlaya bilmirəm. Heç izah edə bilmirəm, bu aqressiya bizdə haradan idi. Üstünə hətta ən zəif uşaqlar da qışqıra bilirdi. Bilmirəm, bəlkə, özümüzü daha güclü hiss edirdik, bəlkə, bilirdik ki, cəzasıq qalacağıq?.. Məncə, valideynləri bunları heç bilmirdi. İndi onu görsəydim, üzr istəyərdim”.

 

“Bilmirəm, bağışlaya bilərsənmi?”

35 yaşlı Nazilə boşanmış ailədə böyüyüb: “Uşaq ikən valideynlərim boşandı və mən anamla birgə babamgilə köçdük. Onlar şəhər yaxınlığındakı qəsəbədə yaşayırdı, mən də oradakı məktəbə getdim. Hərdənbir atam sərxoş vəziyyətdə məktəbə gəlirdi, müəllimlərdən nəsə tələb edirdi, məni özü ilə aparırdı.

Bu da uşaqların mənə qarşı məzhəkələrinin əsas səbəbi oldu: məni ələ salırdılar, sinfimizdəki oğlanlar səhnəciklər qururdu: biri atamı təsvir edirdi, digəri isə məni. Çox utanırdım, ağlamağa başlayırdım. Onlar isə sinif otağından çıxıb qaçana kimi bu “tamaşanı” davam etdirirdilər.

Valideynlərim boşananda anam çox gənc və yaraşıqlı idi, mənim dörd yaşım var idi, onun isə iyirmi dörd. Bir neçə ildən sonra o, yeni ailə qurdu. Və məktəbdə yenə cəhənnəmə düşdüm. Arxamca “anası yeni kişi ilə yatır” pıçıltısını eşidirdim. Yenə həmin “tamaşalar” başladı, amma indi atama atalıq da qatıldı. İndi anlayıram, uşaqlar nə qədər qəddar və amansız ola bilir.

Məni sinif otağında bağlayırdılar, paltomu gizlədirdilər, çantamı pəncərədən aşağı atırdılar. Bir dəfə isə sinifə daxil olanda gördüm ki, paltomu yerə sərib ayaqlarını silirlər… Söhbət bir və ya iki nəfərdən getmir, demək olar ki, sinfin 80 faizi idi.

Soruşurdum: “Nəyə görə bunları edirsiniz?” Cavab vermirdilər. Sadəcə mən “zəif bənd” idim, tez küsürdüm, kövrəlirdim. Bir dəfə anama dedim, məktəbə gəldi, amma cəmi iki gün “sülh” oldu”.

Yuxarı sınıflərdə oxuyanda Nazilə ailəsi ilə ölkəni tərk edib: “Qayıdanda artıq böyümüşdüm, universiteti bitirmişdim. Özümü güclü, yetişmiş şəxsiyyət kimi hiss edirdim. Hərdən bir şəhərdə məni incidənlərlə qarşılaşırdım. Üzr istəyirdilər…

Hətta əsas səbəbkarlardan biri məni sosial şəbəkədə tapıb yazmışdı: “Bilmirəm, bağışlaya bilərsənmi?.. Mən olsaydım, bağışlamazdım. Amma yenə də min dəfə “bağışla” desəm az olar. Ancaq sonradan nə etdiklərimizi anladıq”.

 

“Dərslərdə mənə gülürdülər”

İmran uşalıqda fiziki cəhətdən zəif olduğunu söyləyir: “İdman dərslərində kəndirə belə dırmana bilmirdim. Dərslərdə mənə gülürdülər.

Atam işki içirdi, sərxoş vəziyyətdə qəddar olurdu, anamı döyürdü. Anamı müdafiə etmək istəyəndə, mənə də çatırdı. Buna görə xasiyyətim də tünd idi, zahiri görünüşüm də o qədər xoş deyildi. Komplekslər içində böyüyürdüm, sinfimizdəki qızlarla danışmağa belə qorxurdum. On dörd yaşımda həyatımda heç bir işiqlı an yox idi. Kitablardan başqa. Üstəlik də yaşıdlarımla problemlər mənə təsir edirdi.

Əyləncə, zarafat üçün döyülürdüm. İndi başa düşürəm ki, bunu edənlər sinfimizdəki kobud rəftarla məşhurlaşan avara üçlük idi. Əsasən də idman dərslərindən sonra soyunma otağında üstümə düşürdülər.

Müəllimlər elə davranırdılar ki, elə bil heç nə baş vermir. Sinfim isə mənə nifrət edirdi. Valideynlərimin təzyiqindən sonra həmin üçlüyü məktəbdən çıxartdılar və sinif mənə daha çox nifrət bəsləməyə başladı.

Başa düşürsünüz, mən xəbərçi oldum. “Utanmırsan, özün vəziyyətdən çıxmaq əvəzinə gedib valideynlərinə xəbər vermisən?” – belə suallar çox idi. Xeyr, heç utanmıram. Mən qurban idim, onlar isə quldur. Hesab edirəm ki, uşaqlığımı pozublar, indi məktəb illərimdən heç bir yaxşı an xatırlamıram və öz məktəbimin binasından belə yan qaçıram”.

 

“Deyib-gülməyim çoxunun xoşuna getmirdi”

Təqib və qorxutma yalnız zəiflərə aid deyil. Qəhrəmanımız, 23 yaşlı Nərmin davranışı ilə seçilibmiş: “Xasiyyətcə üsyankar idim, lider xüsusiyyətlərim də varıydı. Narazılıq yarananda, başqaları susan yerdə mən düz direktorun yanına gedirdim. Yaraşıqlı idim, deyib-güləniydim.

Bu, çoxunun xoşuna gəlmirdi. Mənim haqqımda çirkin şayiələr yayırdılar, əxlaqsız, təhqiredici eyhamlar atırdılar. Məktəbdə hətta gödəkçəmi qaldırmağa əl atırdılar.v

Valideynlərimlə münasibətlərim o qədər də açıq deyildi, “özün-özünü qorumalısan” prinsipi ilə böyümüşəm.

İndi düşünürəm ki, valideynlər uşağa özünü müdafiə etməyi bacarmağı öyrətməlidirlər. Və ən vacib məqam – inam və etibar aşılamaqdır”.

 

Sosial şəbəkələrdə “bullinq” müzakirəsi

Düzdür, valideynlərin reaksiyası da həmişə adekvat olmur. “Uşağım bir dəfə məktəbdə təqiblə qarşılaşıb. Məktəbə gəldim və günahkarı elə çırpdım ki! Özü də pis ailədən idi, valideynləri heç baxmırdı ona…”, – sosial şəbəkədə bu mövzuda müzakirələrdə bir qadın şərh yazır.

Əksəriyyəti qəzəbli ananı dəstəkləyirlər: “Əcəb etdin, mənim uşağım olsaydı, yerlə sürüyərdim onu!”, digərləri etiraz edir: “Özgənin uşağına əl qaldırmağa heç kəsin ixtiyarı yoxdur!”

 

“Bəzi valideynlər hesab edirlər ki…”

“Belə davranış yolverilməzdir, – Bakıdakı özəl məktəblərin birində işləyən, adının çəkilməsini istəməyən tədris hissə müdiri BBC News Azərbaycancaya deyir.

Onun fikrincə, tənqidi təhlildən uzaq valideynlər, adətən, “müəlliməni parça-parça edərəm ki, uşağıma qarşı belə münasibətə yol verdi” və ya “uşağımı idmana yazdırım ki, hamının cavabını verə bilsin” deyə düşünürlər:

“Bu, düzgün deyil, çünki zatən uşaqda aqressiyanın bəslənməsinə yol verir və onları risk qrupuna salır – savaşda ən güclü yox, ən xaini qalib gələ bilər: bıçaq, kastet, yaşda böyük uşaqların dəstəyi ona köməkdir”.

Tədris hissəsinin müdirinin sözlərinə görə, Bakıdakı xarici məktəblərdə qəbul edilmiş təcrübə bu vəziyyətdə kömək edə bilər: təqibə məruz qalan uşaq dərhal tədris hissə müdirinə və ya direktora yazılı şəkildə izahat və müraciət yollayır.

“Məktəbin müdiriyyəti təqsirkarla ünsiyyətə girib ondan təqibə dərhal son qoymağı və əks tərəfdən üzr istəməyi tələb edir. Bu hallar təkrar olunduğu təqdirdə həmin şagirdin məktəbdən çıxarılmasına qədər ciddi tədbirlər görülməlidir”, o deyir.

“Zəif bənd” bilmir ki, kimə müraciət etsin”

“Uşağın bullinqə qarşı meylliliyinin bir səbəbini də valideynlərin uşağa qarşı və bir-birilərinin aralarında olan münasibətlərin deformasiyasında axtarmaq lazımdır, təhsil üzrə təhlilçi Rüfət Əliyev deyir.

Onun sözlərinə görə, uşağın olduğu kollektivdəki inzibati-hüquqi təhlükəsizlik mexanizmləri zəif olanda o, ailədəki neqativ təcrübədən uğurla istifadə edə bilir: “Yəni, “zəif bənd”, təqibə məruz qalan şəxs bilmir ki, kömək üçün hara və kimə müraciət etsin, üstəlik, bilmir ki, belə bir köməyi ala biləcəkmi.

Rüfət Əliyev deyir ki, təqiblərlə qarşılaşan uşaq bu vəziyyətdən təkbaşına çıxa bilməz: “Qənimlə eyni dil tapmaq çətin olur. Müəllimlərə, valideynlərə və ya etibar etdiyin böyüklərə müraciət etmək lazımdır.

Əsas məsuliyyət valideynlərin üzərinə düşür. Valideyn ona istənilən halda hörmətlə yanaşmalı, inanmalı və hər zaman təhlükəsizliyini təmin etməyə hazır olmalıdır.

Uşağın olduğu kollektivdə aparıcı şəxslər isə hadisəyə düzgün reaksiya verməli, hətta bu cür hadisələri qabaqlamaq bacarığında olmalıdırlar”.

 

“Yaxşı məktəb”də belə hal ola bilər”

Psixoloq Aliya Allahyarova deyir ki, uşaq təqiblə istənilən kollektivdə üzləşə bilər: “Uşaq “yaxşı məktəbdə” təhsil alırsa, bu, o demək deyil ki, orada o, təqibə məruz qalmayacaq. Əksinə, belə müəssisələrdə rəqabətin və bundan irəli gələn gərginliyin səviyyəsi daha artıq ola bilər.

Bəziləri düşünür ki, yeniyetmələrin təqibi yaxşı “həyat məktəbidir”. Amma əslində bullinq uşaqları zədələyir və ona ciddi yanaşmaq və müdaxilə etmək lazımdır – həm valideynlərə, həm müəllimlərə. Adətən, təqibə məruz qalan uşağı necə təsvir edirlər? Həddindən artıq kök, həddindən artıq arıq və ya kürən, eynək taxan.

Amma əslində bütün qurbanları həddindən artıq həssaslıq birləşdirir – qorxularını tez aşkar edirlər, tez ağlaya bilirlər, yəni ki, təqibçiyə lazım olan tərzdə münasibət bildirirlər.

Müəllimin bu təqibin qarşısını almaq üçün daha çox imkanları var. Uşaqlar təqiblə bağlı çox vaxt susurlar, utanırlar, öz hisslərini ifadə edəcək düzgün sözləri tapmamaqdan çəkinirlər. Ona görə uşağa imkan yaratmaq lazımdır ki, özünü istədiyi kimi ifadə etsin. Müəllim uşağı heç zaman alçalda bilməz”.

 

BBC.com




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir