ev

Mənzil bazarı ilə bağlı proqnoz: Bahalaşma gözlənilirmi?

Baxış sayı: 1. 446
Aprel ayında təkrar mənzil bazarında qiymətlərdə 6.16 faiz, ilkin mənzil bazarında isə 6.98 faiz azalma müşahidə olunub. Bunu Trend-ə  “MBA Group”  konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov deyib.
Onun sözlərinə görə, aprel ayında bazarda aktivlik aşağı düşüb: “Bir müddət banklar bazarda ipoteka kreditlərinin həcmini artırdılar və ona görə də əvvəlki aylarda qiymətlərdə artım oldu. Amma son iki ayda ipoteka kreditlərinin həcmində azalmalar var və müvafiq olaraq bazarda pul kütləsinin azalması müşahidə edilir. Ona görə də alqı-satqı əməliyyatlarında azalmalar olub və bu da öz növbəsində qiymətlərə təsir edib”.
Ekspert hesab edir ki, qiymətlərin aşağı düşməsi növbəti aylarda davam etməyə bilər: “Yəqin ki, bu azalma müvəqqəti bir amildir. Ola bilsin, yay aylarında qiymətlər stabilləşsin, ancaq ilin sonuna doğru bahalaşma qaçılmaz olacaq. Ona görə ki, 2015-ci ildə manat dollar qarşısında dəyərini itirdi, ancaq 2016-cı ildə qiymətlər artmadı, 2017-ci ilin ilk üç ayı ərzində müəyyən qədər artdı, aprel ayında isə yenə azalma baş verdi. Yəni insanlar tədricən manatın dəyəri ilə razılaşdıqca, bazara qayıdacaqlar və bununla da aktivlik artacaq və qiymətlərdə də artım qaçılmaz olacaq”.
 
“Hər hansı artımın olması inandırıcı deyil”
 
Əmlak məsələləri üzrə ekspert, iqtisadçı Rəşad Əliyev hesab edir ki, gələn il mənzil bazarında bahalaşma olması üçün heç bir iqtisadi əsas yoxdur: “Əgər manatın dollara nisbətdə məzənnəsi ilin sonuna kimi sabit qalsa, biz ümumiyyətlə, bazar üzrə hər hansı əhəmiyyətli dəyişikliyin baş verəcəyini gözləmirik və qiymət artımına səbəb ola biləcək heç bir amil mövcud deyil. Bəzi texniki faktorlara görə, müvəqqəti bahalaşma ola bilər. Lakin bunun davamlılıq səviyyəsi olmayacaq. Hazırda bazardakı qiymətlər tarazlaşıb. Düzdür, dollar qalxacağı təqdirdə, müəyyən qədər artım müşahidə oluna bilər, ancaq manatın sabit məzənnəsi dövründə qiymət qalxması üçün heç bir əsas yoxdur.  Çünki nə makroiqtisadi şəraitdə müsbət tendensiya müşahidə edirik, nə də alıcılıq qabiliyyətinin artımını görürük”.
R.Əliyevin sözlərinə görə, yay aylarında ölkəyə turistlərin axını gözlənilir. Bu da daşınmaz əmlak bazarında yalnız kirayə qiymətlərinin artımına səbəb ola bilər: “Turistlərin ölkəyə gəlişi daşınmaz əmlakda xüsusilə kirayə bazarını müəyyən mənada cəlbedici edir. Bu səbəbdən kirayə bazarlarında müəyyən qədər artım gözlənilir. Lakin Bakıda tikilən mənzillərə tələbat olmadığı üçün mənzil bazarı öz stabilliyini qoruyacaq. Ciddi artımın olması inandırıcı deyil. Yay mövsümündə ölkəmizə kifayət qədər turist gələcək. Turistlərin kütləvi axını kirayə bazarındakı qiymətlərə ciddi təsir edəcək. Bu səbəbdən kirayə qiymətlərinin 2-3 dəfə artması gözlənilir”.
“Qiymətlərin artacağı ilə bağlı proqnozlar daha çox süni şəkildə tələb formalaşdırmaq üçün deyilir”
 
İqtisadçı ekspert Vüqar Bayramlı da qəzetimizə açıqlamasında bildirdi ki, mənzil bazarında artımın olması gözlənilmir: “Həm daxili, həm də xarici faktorlarla bağlı mənzillərə tələbat azalıb və tələbin artması da gözlənilmir. Mənzillərə tələbin azalması,  birbaşa, insanların yığıma üstünlük verməməyi ilə bağlıdır. Əvvəlki dövrlərdə mənzil bazarı həm də yığım vasitəsi idi. Xüsusilə sovet dövründə nəinki şirkətlər və ya dövlət, eyni zamanda vətəndaşlar da yığıma üstünlük verirdilər. Lakin indi belə deyil. Bu da daşınmaz əmlaka tələbin azalmasına gətirib çıxarır. İkincisi, əvvəllər mənzillər kommersiya baxımından rentabelli idi. Yəni vətəndaş mənzili alırdı və aldığı mənzili müəyyən müddət sonra sataraq gəlir əldə edə bilirdi. İndi isə hazırda mənzilin qiymətində və əmək bazarında da qiymətlərdə azalmalar müşahidə olunduğu üçün mənzili alıb müəyyən müddət sonra satıb gəlir əldə etmək mümkün deyil.  Bu baxımdan, daşınmaz əmlak rentabelliyini qoruyub saxlamır. İnsanlar mənzil alsa belə, alınan mənzili sonradan  satmaq çətinləşib. Çünki tələb aşağıdır. Digər tərəfdən isə 2015-ci ilədək mənzil bazarındakı təhlil göstərir ki, mənzilə tələbin yüksək olmasının səbəblərindən biri Rusiyadakı azərbaycanlıların Bakıda mənzilə olan tələbinin yüksək olması idi. Azərbaycanda o zaman qiymətləndirmələrə görə, hər satılan 4 mənzildən birini Rusiyada yaşayan azərbaycanlılar alırdı. Lakin indi Rusiyada da  mənzillərin qiyməti aşağı düşüb, orada yaşayan azərbaycanlıların maliyyə imkanları müəyyən qədər kiçilib. Buna görə, onların da bazarda yaratdıqları təklif azalıb. Bu da mənzil bazarında qiymətlərin aşağı düşməsinə gətirib çıxarıb. Qiymət artması üçün tələb artmalıdır və ya təklif  azalmalıdır. Təklif stabildir. Etiraf etmək lazımdır ki, nəinki paytaxtda, hətta digər şəhərlərdə çoxlu sayda boş mənzillər var. Bazarda olan real təklif stabildir, amma tələb aşağıdır. Yüksələcəyi də hələlik gözlənilmir. Mövcud faktorlar daxilində yaxın aylarda bazarda tələbin artacağını proqnozlaşdırmırıq”.
Ekspert hesab edir ki, növbəti ildə mənzilin artacağı ilə bağlı söylənilən fikirlər, süni tələb formalaşdırmaq üçün deyilir: “Qiymətlərin artacağı ilə bağlı proqnozlar daha çox süni şəkildə tələb formalaşdırmaq, insanlarda bir narahatçılıq yaratmaq üçün ünvanlanan açıqlamalardır. Bunların heç bir əsası yoxdur. Bazardakı real vəziyyəti əks etdirmir”.
Əsassız proqnozlar…
 
İqtisadçı ekspert Qadir İbrahimli də hesab edir ki, bahalaşma ilə bağlı proqnozlar əsassızdır: “Tikinti bazarının bəzi ekspertləri artıq tikinti şirkətlərinin maraqlarına uyğun proqnozlar verirlər. Bu proqnozların heç bir iqtisadi, sosial əsası yoxdur və yaxın vaxtlarda da Azərbaycanın mənzil bazarında heç bir bahalaşma gözlənilmir, bu, birmənalıdır. Çünki bahalaşmaya səbəb olacaq amil yoxdur. Nə gəlirlərin səviyyəsində artım var, nə investisiyalarda artım var, nə də ipoteka proqramı genişlənir ki, hansısa şərtlər yaransın. Bu kimi şərtlər təmin olunmadıqda, daşınmaz əmlak bazarında heç bir bahalaşma ola bilməz”. (Kaspi.az)



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir