mezuniyyet

Məzuniyyət kimə daha çox sərf edir: işçiyə, yoxsa…?

Baxış sayı: 153

Yay mövsümü başa çatmaq üzrədir. Artıq Azərbaycanda məzuniyyət götürmüş əksər insanlar istirahətini başa vurub gündəlik iş rejiminə dönməkdədirlər.

Mövsüm sonunda məzuniyyət məsələsi qardaş Türkiyədə baş vermiş hadisədən sonra Azərbaycanda da gündəmə çevrilib. Belə ki, İstanbulda güclü yağışların fəsadlara səbəb olduğu vaxtda şəhərin bələdiyyə sədri Əkrəm İmamoğlunun qısamüddətli tətilə çıxması ciddi müzakirələrə yol açdı. Hakim AKP yetkililəri müxalifətçi bələdiyyə başqanını sel zamanı iş başında deyil, tətildə olmaqda suçladılar. Hətta prezident Rəcəb Təyyub Ərdoğan da məsələyə qarışaraq “İstanbulu sel basdı, bəyəfəndi tətildədir. Mən baş nazir olanda da, prezidentliyimdə belə tətil etmədim. Biz şəhərlərimizi bu bacarıqsızların əlinə buraxacaq deyilik” formasında reaksiya verdi.

Ə.İmamoğlu özünə yönəlik ittihamlara maraqlı cavabı ilə gündəm yaratdı: “Tətil məsələsi bu aralar çox danışılır. Biri deyib ki, mən həyatımda heç tətilə çıxmadım: bu olanda da, o olanda da. Professional həyatda buna belə bir cavab verilər ki, demək, sən heç işləməmisən. Çünki işləyirsənsə, demək, tətilə ehtiyacın var”.

İstanbul bələdiyyə başçısının sözləri məzuniyyətin nəyə görə vacib olduğu məsələsini gündəmə gətirir. Əmək məzuniyyəti nə üçün lazımdır? Niyə bütün ölkələr işçilər üçün ödənişli məzuniyyət hüququnu qeyd-şərtsiz tanıyırlar? İldə bir dəfə verilən məzuniyyətin işçiyə və işəgötürənə hansı faydaları var?

Məzuniyyət hüququ ile ilgili görsel sonucu

Məzuniyyət hüququ tanınan ilk işçilər

Öncə qeyd edək ki, işçilərin ödənişli əmək məzuniyyətinə çıxmaq hüququ dünyada ilk dəfə 1936-cı ildə Fransada təsbit olunub. Bu hüququ işçilərə həmin il hakimiyyətə gəlmiş solçu Xalq Cəbhəsi Partiyası tanıyıb. O vaxtdan bəri bu hüququ dünyanın demək olar ki, bütün dövlətləri tanıyıblar. Hazırda haqqı ödənilən əmək məzuniyyətinin müddəti ayrı-ayrı ölkələrdə fərqlidir. Məsələn, dünyada ən uzunmüddətli məzuniyyət İsveç, Danimarka, Finlandiya, Avstriya və Kanadadadır – 5 həftədən az olmayaraq. İşçilərə ən qısamüddətli məzuniyyət hüququnu Filippin hökuməti tanıyır – cəmi 5 gün. Ondan sonra 6 günlə Meksika, 7 günlə Sinqapur gəlir. Texnoloji inkişaf lideri olan Yaponiyada qanun 18 günlük məzuniyyətə icazə versə də, yaponların böyük əksəriyyəti bunun cəmi 8 günündən istifadə edirlər.

Hazırda Fransada işçinin haqqı ödənilməklə 5 həftə məzuniyyət götürmək hüququ var. Həftədə 35 əvəzinə 39 saat işləyənlər əlavə 2 həftə də məzuniyyət hüququ qazanırlar.

Dünyanın ən böyük iqtisadiyyatına malik ABŞ-da əmək məzuniyyəti üçün minimum müddət müəyyənləşdirməyən yeganə ölkədir. Burada məzuniyyət müddətini hər şirkət özü müəyyən edir. Orta məzuniyyət müddəti ABŞ-da 10 gün təşkil edir.

Qonşularımızdan Rusiyada minimum məzuniyyət müddəti 28 gündür.

Sahib Məmmədov ile ilgili görsel sonucu

Avropa Sosial Xartiyasının qoşulmadığımız maddəsi

Azərbaycanda isə Əmək Məcəlləsinə əsasən, əmək müqaviləsi ilə işləyən hər bir işçinin ildə bir dəfə 21 gündən az olmayaraq əmək məzuniyyətinə çıxmaq hüququ var. Bu barədə “Yeni Müsavat”a danışan Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri Sahib Məmmədovun sözlərinə görə, Azərbaycanda işçilərin istirahət hüququ ölkə konstitusiyasında təsbit olunub: “Bu hüquq konstitusiyanın 37-ci maddəsində əksini tapıb. İstər fiziki, istər zehni fəaliyyətlə məşğul olan insanlar mütləq müəyyən müddətdən sonra istirahət etməlidilər. Bizim Əmək Məcəlləsinə görə gündəlik – iş vaxtı ərzində istirahət nəzərdə tutulur, sonra iş günləri arasında, həftəlik və illik istirahət rejimləri var. İllik istirahət məhz haqqı ödənilən əmək məzuniyyətidir. Bu, ona görə verilir ki, insanlar əmək qabiliyyətini bərpa edə bilsin. Əks halda, birincisi, əməyin mühafizəsi qaydaları pozulur. Yorğun insan iş zamanı qəza yarada bilər. Məsələn, yuxulu sürücü qəza törədə bilər, yaxud zehni işlə məşğul olanın hazırladığı sənədlər keyfiyyətsiz olacaq  və sair. Uzunmüddətli planda məzuniyyət ona görə lazımdır ki, insan öz orqanizmini bərpa etməyə imkan tapsın. Belə istirahət işçinin iş keyfiyyətinin qorunması baxımından işəgötürən üçün də sərfəlidir”.

Ekspert deyir ki, Azərbaycanda məzuniyyət hüququ tərəfdar çıxdığımız beynəlxalq konvensiyalarda da əksini tapıb. Belə konvensiyaların bir çoxu bu il 100 yaşı olacaq Beynəlxalq Əmək Təşkilatı tərəfindən qəbul edilib: “Avropa Sosial Xartiyası da var, Azərbaycan ona tərəfdar çıxsa da, 4 həftəlik əmək məzuniyyəti nəzərdə tutan maddəsinə qoşulmayıb. Bizim konstitusiyamıza əsasən işçilərin minimum 3 həftəlik məzuniyyət hüququ var. Bu hüquq yalnız əmək müqaviləsi əsasında işləyənlərə aiddir. Qanunvericiliyə görə, fəhlə peşələrində çalışanlar üçün minimum əmək məzuniyyəti müddəti 3 həftə, qulluqçu peşələrində çalışanlar üçün 30 gün, pedaqoji işçilər üçün  56 gün, imtiyazlı qruplar üçün 42-46 gündür və sair. Maraqlıdır ki, Azərbaycanda 5 milyon məşğul əhalinin yalnız 1,4-1,5 milyon nəfəri real əmək müqaviləsi əsasında işləyir: Yəni bu gün əmək müqaviləsi olmadan işləyən 3,5 milyon nəfərə yaxın insanın məzuniyyət hüququ yoxdur. Təsəvvür edin, iqtisadiyyatın 80 faizi özəl sektordadır, amma əmək müqaviləsi ilə işləyənlərin cəmi 30 faizi bu sektorun payına düşür. Ölkədə əmək müqaviləsi ilə işləyənlərin böyük hissəsi – 900 min nəfəri dövlət qurumlarında çalışanlardır. Elə əmək hüquqlarına ən yaxşı əməl edənlər də dövlət qurumlarıdır. Özəl sektorda isə əmək hüquqlarına, xüsusilə məzuniyyət hüququna əməl olunması sahəsində çox ciddi problemlər var”.

Məzuniyyətsiz işləmək ile ilgili görsel sonucu

Məzuniyyətsiz işləmək insan orqanizmi üçün nə deməkdir

Tanınmış həkim Seyfəddin Əsəd bildirir ki, məzuniyyət-istirahət insan orqanizmi üçün son dərəcə vacib şərtlərdən biridir: “İtirilmiş enerjini bərpa etmək, sağlamlığın qorunması, psixi rahatlığın təmin olunması və iş qabiliyyətinin artırılması üçün istirahət etmək lazımdır. İstirahət ilk növbədə insanı həm fiziki, həm də psixi cəhətdən enerji ilə təmin edir. Ümumiyyətlə, uzun müddət istirahət etməmək insanın psixoloji durumu ilə yanaşı, sağlamlığına, iş qabiliyyətinə də mənfi təsir göstərir. İstirahət etmədikdə adam yorğun, əzgin, enerjisiz, əsəbi və daim yuxulu olur. Bütün bu simptomlar xroniki yorğunluğun yaranmasına səbəb olur və başqa qarşısı alınmayan xəstəliklər kimi getdikcə daha da ağırlaşır. Bu halda xroniki xəstəliklər daha da inkişaf edir.  Uzun müddət istirahət etmədikdə yaddaş pozğunluğu da yaranır. Bu zaman nəyisə yadda saxlamaq, fikrini cəmləmək, sadə məsələləri belə həll etmək çətinləşir. Yorğunluq immun sisteminə də təsir göstərir. İmmun sistemi zəifləyir, insan xəstəliklərin, virusların, bakteriyaların qarşısında aciz qalır. Buna görə də hazırda inkişaf etmiş ölkələrdə dörd günlük iş həftəsinə keçilir”.

Azərbaycanda əksəriyyət əmək məzuniyyətini yay aylarına salmağa çalışır. Halbuki bir sıra mütəxəssislər insan orqanizminin yaz və yay aylarında istirahətə daha çox ehtiyac duyduğunu bildirirlər. S.Əsəd deyir ki, Azərbaycan isti iqlim şəraitinə malik olduğu üçün insanlar istirahət üçün yayı seçirlər: “Yayda işləmək çox çətindir və böyük enerji tələb edir. Buna görə də insanlar məzuniyyəti yayda götürməyə çalışırlar. Mülayim və soyuq iqlimə malik ölkələrdə məzuniyyət vaxtı  yalnız işçinin öz ailəsinin istirahət imkanları əsasında müəyyənləşdirilir”.

 

Dünya SAKİT




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir