usaq

Məcburiyyət tablosu və ya tək qanadla pərvazlanmağa çalışanlar

Baxış sayı: 502
O vaxt qonşuluq, qohumluq var idi. Uşaqlı analar işə gedəndə qohum-əqrəbasından biri uşağına həyan olurdu. İndi zalım kapitalizm elə şərtlər diqtə edir ki, heç üzün gəlmir, nəinki bütün günlük, ikicə saatlıq da olsa uşağı qonşuya, qohuma tapşırasan.Əslində, tapşırmağa adam da yoxdur. Hamı işində-gücündədir. Evdə oturana, “evdar xanımam” deyənə də lap birtəhər baxırlar. Heç kim evdə boş-bikar otura bilməz. Boş-bikar da deyəndə evdar xanımların xətrinə dəyəcək. Amma inciməsinlər. Axı onların işi daha evdə uşağa baxmaq, çöldən işləyib gələnlərin yeməyini hazırlamaq, geyimlərini səliqəyə salmaq kimi işlərlə məhdudlaşmır.Xanımlar öz aralarından belələrini sıxışdırıb çıxarır, qınaq obyektinə çevirirlər. İstəklər dəyişib, dünyanı da dəyişdirib. Xanımlar daha böyük işlər görməyə, daha artıq qazanmağa çalışırlar. Çünki başqa cür mümkün deyil. Dünya qaçaqaçdadır, həyat daha sürətlə irəliləyir, hamı ən yaxşısı olmaq, ən yaxşısına sahiblənmək uğrunda mübarizəyə qoşulub. Kiminsə burada nazlanması sadəcə rəqiblərinin şansını artırır. Bütün bunlar, təəssüf ki, standart, daha dəqiq desək, analı-atalı ailələr üçün belədir.Bir də həyat şərtlərinin daha ağır olduğu, iki qanaddan birinin olmadığı ailələr var. Həmin ailələrdə anasız, ata tərəfindən böyüdülən və ya atasız, ana tərəfindən böyüdülən övladlar var. Həmin ailələrin elə çətinlikləri var ki, bir valideynin sevgi yoxluğu digər yoxsulluqlar içərisində sadəcə romantik arzu olaraq qalır.

Məni belə düşünməyə vadar edən bu günlərdə evdə tək qalıb anası üçün ağlayan uşağın xəbəri oldu. Belə ki, sosial mediada Bakının Yasamal rayonu Ə.Əhmədov küçəsində yerləşən binaların birindəki mənzildə azyaşlı uşağın ağlayaraq anasını səslədiyini əks etdirən videogörüntü yayılıb. Daha sonra məlum olub ki, 6 yaşlı uşağın anası həyat yoldaşından ayrılıb və evinin yaxınlığında yerləşən şirniyyat müəssisəsində işlədiyi üçün də uşağı evdə tək qoyub.

Xəbərə görə, azyaşlı ilə söhbət aparılıb və gün ərzində anası işə getdiyi üçün onu evdə tək qoyduğunu və qorxduğu üçün də eyvana çıxaraq anasını çağırdığını deyib. Görüntünü qeydə alan adamın sözlərinə görə də, bu hal hər gün təkrarlandığından çəkmək qərarına gəlib.

Əvvəla, videonu çəkən hər kimdir, niyə çəkib – bu haqda nəsə demək çətindir. Lakin bu, sadəcə bir nümunədir ki, elə bir zəmanədə yaşayırıq, suda boğulana əl uzatmaq əvəzinə onu görüntüləyib yaymağı daha effektiv hesab edirik. Belə baxanda qarışıq dünyanın cəmindən daha qəliz vəziyyətə malik ölkəmizdə insanların hisslərinə toxunmadan hansısa məqsədə nail olmaq, nəyəsə diqqət çəkmək çox qəliz işdir axı.

Öncə, ona görə ki, bir çox hallarda heç bilmək olmur, hansı qapını döyəsən. Lap bildin, o qapını döydün. Səni elə gözəl geri çevirirlər ki, gedib bir neçə qapı döyüb əldən düşəndən sonra bir də başa qayıdırsan. Bu zaman da iş işdən keçmiş olur. Buna görə indi bu uşağı o cür ağlayan yerdə sakitləşdirmək, valideynini tapıb kömək etmək əvəzinə sosial mediada paylaşanı qınamaq da olmur.

Başqa bir xəbərə görə, jurnalistlər həmin küçəyə gedib, qonşularla həmsöhbət olmaq, vəziyyəti aydınlaşdırmaq istəyiblər. Lakin kimsə danışmayıb. Qəribə, eyni zamanda da çox adi haldır. Qonşunun qonşudan xəbəri yoxdur. Olsa da, həmişəki kimi “başını işə salmaq” istəmir. Bir azyaşlı hər gün evdə tək qalır, qorxur, ağlayır, amma ona “anan gəlir” deyən yoxdur. Ağırdır.

Bunun günahkarı əvvəldə də qeyd etdiyim, günah ağacından asdığım kapitalizm və onun şərtləridir. Yaxşı, bəs dövlət? Övladını evdə tək qoymaq məcburiyyətində qalan vətəndaşın sosial təminatı? Bu haqda danışmaq lap ölünün arxasınca danışmaq kimi bir şeydir.

Xəbərdə diqqətçəkən digər məqam Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq problemləri şöbəsinin yanaşması olub. Onlar anaya valideynlik məsuliyyəti barədə xəbərdarlıq ediblər. Bildiriblər ki, bir daha bu hal baş verdiyi təqdirdə valideynlik hüququ ilə bağlı qanunvericiliyə uyğun tədbirlər görüləcək.

İlk baxışda adama elə gəlir ki, burada valideynə xəbərdarlıq edilməsi çox təbii haldır. Çünki komitənin açıqlamasında humanist bir cümlə də keçir: “Ailə nəzarətə götürülüb və problemlərinin həlli istiqamətində müvafiq tədbirlərin görülməsi nəzərdə tutulur”.

Lakin məsələnin batininə enəndə bu xəbərdarlıq adama ağır gəlir. Bir valideyn məcbur qalmasa, azyaşlı övladını evdə tək qoymaz, ən azından qoymamalıdır. Bu, sadəcə məsuliyyətsizlik deyil, həm də məcburiyyətin tablosudur.

 

Zəruri qeyd

Atasız övlad saxlayan ana üçün də, anasız övlad saxlayan ata üçün də şərtlər hər zaman ağır olur. Bizim cəmiyyət mərhəmətli olduğu qədər həm də çox qəddardır. Ələlxüsus da qadınlara qarşı çox sərtdir. Arvaddan boşanmış, arvadı ölmüş kişinin tək yaşamasına cəmiyyət olaraq özümüz icazə vermədiyimiz halda, ərindən ayrılmış və ya əri atmış, ölmüş qadının təkrar evlənməsinə son həddə qədər etiraz edir, qarşı çıxırıq.

Ərsiz qadın bir çox hallarda çarəsizdir. Ərindən ayrılıbsa, qohum-qonşusu da ondan üz çevirir, təkliyə, tənhalığa məhkum edilirlər. Həm işləmək, həm uşağa baxıb böyütmək bəlkə də onların həyatlarının ən ağır sınağına çevrilir. Təbii ki, bu sınaqdan üzüağ çıxanlar da çox olur. Bir çox hallarda onlar bunu öz güclərinə, min bir əziyyətə sinə gərərək bacarırlar. Bəlkə də güclü qadınlardan danışanda digər güclüləri də məhz tək qanadla pərvazlanmağa çalışan bu xanımların çətri altına toplayırlar…

 

Aləmdə Nəsib




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir