H

“Məhəmməd peyğəmbər epilepsiya xəstəsi olmayıb” – QEYRİ-ADİ MÜSAHİBƏ

Baxış sayı: 2. 512

“Gencaile.az” “Ailem.az”-a istinadən tanınmış həkim-psixoterapevt Əli Nağıyevin müsahibəsini təqdim edir. 
– Əli bəy, söhbətimizə oradan başlayaq ki, adətən insanlar fiziki sağlamlıqlarına psixi sağlamlıqlarından daha çox diqqət ayırırlar. Psixoloji pozuntuları olanlara isə ruhi xəstə deyirlər. Belə çıxır ki, onların ruhu xəstələnib? Bilmək istəyirik ki, ümumiyyətlə, ruh nə deməkdir?

– Adətən ruh sözü işlədəndə dini aspektdən düşünməyə başlayırıq. Ona görə də çox vaxt mən bu sözün tərəfdarı deyiləm. Hazırda bunun adını nə qoyacam bilmirəm, bu, elmi tədqiqatların nəticəsi olaraq nə vaxtsa əsl adını alacaq. Çünki ruh dedikdə mən dindarların, dini müstəvinin sahəsinə girmiş oluram ki, bunu da etmək istəmirəm. Qoy, bu məsələyə dini müstəvidə din xadimləri cavab versin. Mən isə burada buddizmdə işlədilən zen sözünü əsas götürürəm. Başlanğıc kimi onu işlətmək olar. Zen sözü bizim can sözünə uyğundur. Gələk bizim təsəvvüfə, hürufiliyə. Can və canan anlayışı var. Can mənəm, canan Allahdır. Bu gün də Ələvi Bektaşilər bir-birlərinə “ey canlar” deyir. Ey təndə canlar. Biz canlı sözü işlədirik. Deməli, canlı içində can gəzdirəndir. Buna görə də canlı sözünü işlətdiyimiz üçün mən ruh yox, can sözü işlətməyin tərəfdarıyam. Çünki can deyən kimi Nəsiminin şeirlərini anlamağa başlayırsan. “Təndə canam” deyir, “can canan üçündür” deyir. Can sözü həm də canlı-cinli sözündə var. Deyir ki, nə canlı-cinlisən. Həm də bu, cin sözü ilə eyni kökdəndir. Türkcə bu, od, enerji mənbəyi deməkdir. Can tibbi yox, daha çox fəlsəfi, dini termindir. Məsələn, qədim sanskritdə ruhi başlanğıca civatma deyirlər. Sözün kökü “civa” dır. Bu da ruslardakı “jivoy” sözünü xatırladır. Jivoy nədir? İçində can olan, ruh olan deməkdir. Yəni içimizdəki ruhi zərrə ki var, ona can deyirlər. Civatmada atom sözü var, bölünməz. Atom sözünün özü isə adəm sözündəndir. İlkin bölünməz, ruhi başlanğıc deməkdir.

– Həmin bəhs etdiyiniz ruh bədənin hansı hissəsində yerləşir? Biz onu hiss edə bilirikmi?

– Baxın, can var, bir də tən var. Var psixologiya, var somatika. Yeri gəlmişkən, elə psixe sözü də yunancada ruh deməkdir. Psixologiya isə bugünkü anlamda həmin o canın mərkəzi sinir sistemində, ali sinir fəaliyyətinin çalarlarına deyilir. Yəni can bədən kompüterinin arxasında oturub, beyin kompüterini işlədir. İçəridə oturub can. Fikir versəniz görərsiniz ki, biz axı elə “mən” deyəndə əlimizi sinəmizin düz ortasına qoyuruq. Qədim düşüncə tərzinə görə də insanda 7 enerji mərkəzi var – çakralar. Yəni can da oturur orta mərkəzdə. O, iki döşün arasında əyləşir və real varlıqdır. Mən olaraq əsl mən odur. Özünü bədən sayan mən isə yalançı mənlikdir.

– Bu yanılma nədən baş verir? 

– Çünki bədənin içində otururam deyə, kiçik yaşlarımdan başlayıram özümü bədən hesab etməyə. Çünki ana bətnində düşürəm bu bədənə və illərlə ona uyğunlaşıram. Əslində bu, mən deyiləm, bədən real mexanizmdir. Bunun elmi-məntiqi əsasları başqa məsələdir. Kimsə deyə bilər ki, bunun elmi, məntiqi əsasları yoxdur. Amma mən düşünürəm ki, bunun hər iki əsası da var.

– Bəs psixoloji baxımdan insan özünü əsl can kimi saymırsa… 

– Ümumiyyətlə, can əzəli başlanğıcdır və sağlamdır. O, xəstə ola bilməz. Xəstəlik fiziki bədən və beyin kompüterinin pozulmasıdır. Ruhi xəstəlik yoxdur. Can əbədi və real varlıqdır. Çünki Allahdan gəlib, Allaha qayıdacaq. Xəstəlik bədən üzərində yaranır. Can özünü bədən sayanda narahat olmağa başlayır. Onda bu cür düşüncələr yaranır ki, “mən bədənəmsə, öləcəm”. Uşaqlıqdan onda ölüm xofu başlayır. Həmin ölüm xofu psixi narahatlıq doğurur. Psixi narahatlıqlar da neyroendokrin təsirlərlə endokrin səviyyəsində bədənə təsir edir və hormonal pozuntular başlayır. Hormonal pozuntular da bədən xəstəliklərini yaradır və ya genetikada gizlənmiş xəstəlikləri üzə çıxarır. Çünki axı bədən də ayrı mexanizm kimi var. Mən can olaraq özümü bədən sayıb o canda yaşayıramsa, gərginliklə yaşayıramsa, təbii ki, xəstəliklərim üzə çıxacaq. Amma can özünü can sayırsa, əzəli rahatlığına qovuşursa, təbii ki, bədənə aktiv kobud müdaxilə olmur. Bədən öz homeostazını, neyroendokrin tənzimini rahat aparır. Bu, bir növ ona oxşayır ki, meşə talasına girəsən, onu zibilləyəsən. O, təbii zibilləri özü təmizləyəcək. Amma meşə talasına sellofan, şüşə qırıntıları, insan yaradan məhsulları tullasan, onu heç zaman təmizləməyəcək. Çünki təbiət öz-özünə qayıdır. Amma ruhi can ayrı bir materialdır axı. Ruhi can əbədidir, ayrı mahiyyətdədir, bədən ayrı mahiyyətdə. Ona görə də bədən xəstələnir. Və mahiyyətlə ayrı olan varlıqlar bir-birinə məsafəli davranmalıdır. Mən bədən deyiləm, bədənim mənə əmanətdir deyə düşünürəmsə, bədənimə avtomobilim qədər diqqətli davranmalıyam. Buradan sağlamlıq ideologiyası doğur. Yəni verilən bədəni üfürə-üfürə qoruyub saxlamalıyam. Bunun üçün həkimlərdən, materialist elmdən məsləhət almalıyam.

– Deyirsiniz ki, bütün bu depressiya, psixi pozuntuların səbəbi ölüm xofu ilə bağlıdır? 

– Bəli. Mən nevrozlu insanlarla işləyirəm. Nevroz nədən yaranır? Depressiyanı, obsessiv kompulsiv pozuntunu, həyəcan və təşviş pozuntularını götürsək, bunların hər biri özünü bədən sayan canın problemləridir. Can özünü bədən sayanda nə olacaq? Ölüm xofu yaşayacaq. Ölüm xofu yaşayan da depressiyaya düşəcək, intihara meyl edəcək, həyəcanlı vəziyyət keçirəcək. Amma özünün can olduğunu dərk edən varlıqda ölüm xofu azalır. Çünki əbədisən axı. Sadəcə bədəndə müvəqqəti oturmusan. Sən görənsən, eşidənsən, bilənsən. Ona görə də rahat olacaq və nə qədər ki bədəndə oturub, rolunu axıra kimi oynayacaq.

– Pasiyentlərinizi bu təfəkkürə necə kökləyirsiniz? 

– Bu, mənim şəxsi metodumdur. Onun içində meditasiya metodu da var. Buna mən alfa ritmə köklənmə deyirəm. Beyində alfa ritm adlanan bir ritm növü var. Bu ritm insan oyaq və rahat olanda beyin qabığının ənsə payında duyulur. Obyektiv ölçülür. Obyektiv ölçü 8-14 hers tezliyə malikdir. Bunun üçün öz praktikamda müəyyən metodlar işləyib hazırlamışam. Faktiki olaraq bu metodlar həm zərərsizdir, həm də effektivdir.

Image result for həkim-psixoterapevt Əli Nağıyev

– Ümumiyyətlə, son vaxtlar çox yayılmış meditasiya nə deməkdir və necə həyata keçirilir? 

– Meditasiyalar qədimdən tətbiq olunur. Beyni 8-14 hers tezlik almağa kökləyirsən. Bunun müxtəlif yolları var. Nəhayətdə sutkada 40-50 dəqiqə buna özünü məcbur etsən, beyin daha çox alfa ritmə meyllənir. Bundan rahatlıq və ləzzət tapmağa başlayır ki, adi həyat situasiyalarında da qorxu, həyəcan, nifrət, kin yarananda alfa ritmə qayıtmaq şansın artır. Heç burada özünün can olduğunu bilməsən də, alfa ritmə köklənə bilirsən. Çünki oyaq və rahat dalğaya köklənirsən. Çünki mən əbədi canamsa, deməli, həmişə oyağam və rahatam. Deməli, oyaq və rahat ritm əslində canın ritmidir ki, bədəni həmin ritmə kökləmək lazımdır.

– Maraqlıdır, Quranı avazla oxumaq da meditasiya sayılır? 

– Mən sertifikatlı mantra yoqa mütəxəssisiyəm. 2000-ci illərin əvvəllərinə təsadüf edir bu. Amma indiyə qədər bunu aktiv tətbiq etməyə başlamamışdım və yalnız psixoterapiya metodlarında istifadə edirdim. Mantra yoqa nədir? Səsli vibrasyon, beyin sakitləşdirmə metodudur. Qədim sanskritdə mantra zümzümə ilə oxunan dualardır. Və ağılı gündəlik qayğılardan azad edib, rahatlığa dəvət edir. Yəni ağılı mantra ilə Allaha yönəltmək. Əslində elə yoqa da kamilliyə, Allaha gedən yol deməkdir. Kamillik isə dərrakənin sakitliyidir. Emosiyaların idarə olunan halıdır. Biz uşaqlıqdan bədəni idarə etməyi öyrənirik axı. Yazmaq, pozmaq, yerimək, qaçmaq və sair. 40 yaşdan sonra isə emosiyalarımızı idarə etmək səviyyəsinə qalxırıq. Və müəyyən yaşdan sonra da əqlimizi belə idarə etməyə qalxmalıyıq. Ruh axı nə əql, nə emosiya deyil. Ruh, can sənsən. Can beyin kompüterini idarə etməlidir. Emosiyalar da beyin kompüterində formalaşır. Onun üçün də mantranın bizim müsəlmani avazı Quran avazıdır. Yəni dua oxuyaraq, zümzümə ilə ağılı azad etmək. Məsələn, niyə Quran avazla oxunur? Yəqin qədimdə bunları bilirmişlər. Peyğəmbərimiz də bunu bilməmiş deyildi. Quran sözünün özü də qiraət olunan deməkdir. Ona görə də Quran niyə psixoterapiyada istifadə olunmasın ki? Psixoterapiya ruhun terapiyası, ruhun özünə qayıtması deməkdir. Qoy Quran avazı ruhun özünə qayıdışında istifadə olunsun. Mən bunu psixoterapiyada, uyğun olan insanlara əqidəsinə görə istifadə etməkdə haqlıyam.

– Haradansa eşitmişdim ki, Allahın adlarının təkrarlanaraq oxunması da ruha şəfa verir… 

– Tamamilə doğrudur. Mantra yoqanın prinsipi də Allahın adının təkrar olunmasıdır. Bu adların içində də müxtəlif vibrasiyalar var. Allah sözündə güclü nəfəs vermək var. Baxın, Allah! H hərfi. Buradakı h səsi boğaz səsi deyil, içəridən gələn nəfəsdir. Mənim fikrimcə, ilkin 4 səs var. Birinci nəfəs verən H. Dodağımızı yumub ağzımızdan çıxardığımız M səsi. İlk səslərdən biri də heyrət ifadə edən A səsidir. Və ən güclü samit – H ilə M arasında dilimizi damağımıza qoysaq R səsi. Bunları birləşdirdikdə Raham, Rahim adına yaxın gəlir. Mənim düşüncəmə görə, Rahim adında ilkin vibrasiya daha çox əksini tapır. Bu, yeni bir açıqlamadır və heç bir yerdə dərc olunmayıb. Təsadüfi deyil axı, Bismillahir Rəhmanir Rahim. Təkcə Allahda qoymur sözü. Rahm nə deməkdir? Mərhəmət. Elə insanlığın əsas keyfiyyəti də mərhəmətdir. Psixoloji sağlamlığın əsas keyfiyyəti nədir? Rəhmdil olmaq. Görürsünüz, kainat rəhm üzərində qurulub. Ərəblər ana bətninə rahim deyirlər. Bütün müsbət şeylərə rahm deyilir. Haram sözünə diqqət etsəniz, rahim sözündəki hərflərlə ifadə olunur. Bu, əzəli varlığın bir ifadəsi kimidir. Meditativ psixotexnologiyaları mən öz pasiyentlərimə tətbiq edirəm və müsbət nəticələr əldə edirəm. Deməli, düzgün yoldayam.

– Bəs bu üsulları hər adama tətbiq etmək olarmı? 

– Sənin can olduğunu sənə məntiqi dəlillərlə sübut edə bilsəm, təbii ki, sən istər-istəməz Quran avazını doğma sayacaqsan. Bununla bağlı məlumatlar da müqəddəs kitablarda, ruhani ustadlarda, müəllimlərdədir. Mən də illərimi həsr etmişəm buna. Əlimə keçən bütün dini mənbələri araşdırmışam. Xristianlıq, musəvilik, islam. Ərəb dilini oxuya bildiyim üçün təbii ki, Quranı daha çox araşdırmışam. Amma mən Quran araşdırmaçısı deyiləm, sırf özümə professional nöqteyi-nəzərdən vacib məqamları araşdırmışam. Məsələn, psixoloji cəhətdən niyə zina, oğurluq etməməliyik? Axı Allah ən böyük psixoterapevtdir. Allah bizim psixologiyanı rahatlaşdırmağın yollarını bilir axı. Niyə deyilir ki, sələmlə pul vermə. Bunun əbədi dünya ilə bağlı məqamlarını qoyun dindarlar müzakirə etsin. Mənə bunun psixoloji məqamları vacibdir. Yəni mən niyə oğurluq etsəm, rahat olmayacam? Təbii ki, narahat olacam, psixoloji xəstələnəcəm. Mən başqasının xanımı ilə zinakarlıq edirəmsə, burada da bir çox narahatlıqlar ortaya çıxır. Qorxu və həyəcandan başqa, bədənsəl problemlər də yaranacaq.

– Üçüncü göz haqqında bir çox məlumatlar eşitmişik. Sizcə, insanın üçüncü gözü var? 

– Üçüncü gözü qeyri-adi bir şeyə çevirməyin. Üçüncü göz dediyimiz dərrakənin gözü deməkdir. Baxın, bədənimizdə yeddi çakra, enerji mərkəzi var. Bu, psixoemosional hərəkətimizə işarə verən 7 enerji mərkəzidir. Bu çakralardan altıncısının adı aqiya çakradır. Yəni hər şeyi düşünərək dərk etmək. Niyə sualı ilə. Üçüncü göz niyə sualının açarıdır. Mən canam fəlsəfəsini də üçüncü göz açır. Başa düşür ki, mən bədən deyiləm. Çünki mən bədən olsaydım, məsələn, bağırsağımı da, ürəyimi də özüm idarə edərdim. Mən bədən olsaydım, göz birbaşa özü görərdi. Amma göz görmür, görmə siqnalını ötürür beyinə, beyin isə görmə mərkəzinə. Orada ekrandakı şəklə kimsə baxır ki, görür. Deməli, görən göz deyil, çünki göz cihazdır. Mən bir dəfə bununla bağlı göz həkiminə də sual verdim. Dedim ki, həkim, şəkil getdi beyində öz əksini tapdı. Bəs o şəklə kim baxır? Məsələn, telefonu götürüb, kameranı divara tuşlasaq, onu heç kim görməyəcək. Telefon görüntünü ötürür kameraya, kamera ekrana. Həmin ekrana kimsə baxmırsa, şəklin nə mənası var? Baxan sənsən, bədən deyil. Fizikada bazal qanunlardan biri odur ki, enerji itmir, bir formadan başqa formaya keçir. Deməli, can enerji mənbəyidir. Can çıxdısa, enerji məhv olur və bədən məhv olur. Can enerji mənbəyi olduğu üçün itmir. O, yaradılmayıb, üfürülüb. Müqəddəs kitabda da deyildiyi kimi. Adəmi palçıqdan yaratdım, öz ruhumdan üfürdüm. Demir ki, ruhu yaratdım.

– Bütün bu faktlara baxmayaraq, reallıq odur ki, biz özümüzü can saya bilmirik. Niyə? 

– Bütün dünyada beyinə bu virusu salırlar ki, sən bədənsən. Bütün təbliğat və reklamlar bunun üzərində qurulur. Bu zaman nə baş verir? Yuxarıda da qeyd etdiyim kimi, mən can deyil bədənəmsə, deməli ölümdən qorxuram. Bu zaman depressiya, xəstəliklərə düçar oluram. Bu, həmin təbliğat aparanlara sərf edir. Sənin üzərindən dərman satırlar axı. Milyardlarla dollar dərman dövriyyəsi var dünyada. O cümlədən, müharibələr, silah satışları və sair də buradan qaynaqlanır.


– Hazırda bütün dünyada, o cümlədən Azərbaycanda intihar halları xeyli artıb. Bəlkə elə onlar da can olduqlarını dərk edərək, əbədiyyətə qovuşmaq üçün bu yola əl atırlar? 

– Xeyr, intihar etmək mütləq şəkildə yanlışdır. Çünki oyunu pozmaq olmaz. Oyunçu oyunu pozmamalıdır və davam etdirməlidir. Bəli, mən ruhu dərk etsəm də, can olduğumu bilsəm də, bu canı bədəndən çıxarmağa tələsməməliyəm. Burada tənasüx anlayışı da var. Tənasüx məncə, elmi anlayışdır. Yəni ruh bundan əvvəl də başqa fiziki bədəndə, hətta başqa planetdə də ola bilərdi. Çünki əbədidir axı, bilmək olmaz haradan gəlib hara gedir? Ruh faili-muxtardır. Mən bu dəfə bədəndən çıxanda birbaş Allahın dərgahını istəməliyəm. Ya Allahım, Səni istəyirəm sadəcə. Diqqət edin, demirsən ki, cənnət, cəhənnəm istəyirəm. Sadəcə Allahın dərgahını istəməlisən. Bu, artıq yüksək səviyyə hesab olunur. İntiharla buna nail olmaq olmaz.
– Son zamanlar mətbuatda bəzi psixoterapevtlər, nevropatoloqlar iddia edir ki, dahi şəxslərdən Sezar, Konfutsi, o cümlədən Məhəmməd peyğəmbər epilepsiya xəstəsi olublar. 

– Bu iddia başqa bir zaman da ortaya atılmışdı. O zaman da dedim ki, mən bu fikrə qarşıyam. Nəyə görə? Həmin nevropatoloqa dedim ki, həkim, Məhəmməd peyğəmbər ayılıb ayələri danışırdı, eləmi? Harada görünüb ki, epilepsiya xəstəsi ayılandan sonra yadında hansısa hadisə qalsın və onu danışsın?! Məhəmməd peyğəmbər qətiyyən epilepsiya xəstəsi olmayıb. Həqiqətən də vəhy gəlib, meditasiya edib. Mən belə düşünürəm. Çünki o Hira mağarasında da günlərlə meditasiyaya, tənhalığa qapanıb. Ona görə də vəhy gələnə qədər meditasiyada olub. Tək otururmuş, Allahı düşünürmüş. Yəni bu, meditasiya deyilmi? Bu da meditasiyanın bir formasıdır. Kamillik axtarırmış. Xəlvətiyyəlik təriqəti də oradan başlayıb. Yəni Allahla ünsiyyət tapmaq əqidəsi. O cümlədən xəstə insanın çatdırdığı fikirlərlə milyardlarla müdrik insan oturub-durmaz. Nəsrəddin Tusi, Füzuli, Nəsimi kimi… Sən kimsən ki, bu qədər insanın hörmət etdiyi, sevdiyi bir şəxs haqqında xəstə imiş kimi bir fikir ortaya atırsan?!




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir