pese tehsili

Məhəmmədin taleyi – ARAŞDIRMA

Baxış sayı: 612

Peşə təhsili mərkəzlərinin boş qalan yerlərinə  qəbulun ikinci mərhələsi də başa çatdı. Əlavə təhsil almaq istəyən, əmək bazarının yeni peşələri ilə tanış olmaq arzusunda olan, yaş baryeri tanımayıb yenidən peşə öyrənməyi hədəfləyən müsabiqədən keçmək üçün müraciət etdilər.

“Peşə təhsili haqqında” qanun valideynlərini itirmiş uşaqların, əlilliyi olan şəxslərin, şəhid ailəsinin üzvlərinin də peşə təhsili müəssisələrində oxumalarına şərait yaradır. Həmçinin, aylıq gəliri yaşayış minimumundan aşağı olan şəxslərin təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.

 

Qanunla reallığın uyğunsuzluğu

Təəssüf ki, bəzən qanunda göstərilən məqamlarla müsabiqənin seçimi və nəticələri uyğun gəlmir. Peşə təhsil müəssisələrinin hamısının tələblərə uyğun olmaması, personalın hazırlıqsızlığı sosial həssas təbəqələri, sağlamlıq imkanları məhdud olanları və s. bəzən təhsildən kənarda qoyur.

Məsələn, Lənkəran İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziyanın şagirdləri peşə təhsili almaqla bağlı problemlə üzləşiblər. Məktəbin məzunu Məhəmməd Məhərrəmov gimnaziyanı tam orta təhsil attestatı ilə bitirsə də, peşə təhsili üçün müsabiqədən keçə bilməyib. Valideyni övladı ilə bağlı müraciətinə “Təəssüf ki, müsabiqədən keçə bilmədiniz” mesajını alıb. Qeyd edək ki, Məhəmməd kimi peşə təhsilindən kənarda qalan şagirdlərin sayı kifayət qədərdir.

 

Yaraya məlhəm olmayan cavab

Peşə Təhsili Agentliyinin Məhəmmədin və onun timsalında inteqrasiya təlimli məktəblərin məzunlarının üzləşdiyi oxşar problemlə bağlı sualımıza verdiyi cavab isə ortadakı vəziyyətlə üst-üstə düşmür. “Peşə təhsili müəssisələrinə ümumi orta və tam orta təhsili başa vuran, xəstəliyinin xüsusiyyətləri seçdiyi peşə üzrə təhsil almağa və işləməyə imkan verən, bacarıq və maraqları nəzərə alınmaqla sağlamlıq imkanları məhdud şəxslər qəbul edilirlər”.  Qeyd edilib ki, əlilliyi olan, sağlamlıq imkanları məhdud şəxslər, eləcə də valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar peşə təhsili müəssisələrinə müsabiqədənkənar qəbul edilirlər. Təbii ki, Agentliyin cavabı qanunda qeyd edilən bəndləri əks etdirmək baxımından humanist görünür. Amma reallıq başqadır: fakt budur ki, peşə təhsilinə ehtiyacı olan Məhəmməd müsabiqədən kənar qalıb.

 

Regionlarda çatışmayan şərait

Qeyd edək ki, inteqrasiya təlimli məktəbləri bitirən uşaqlar üçün xüsusən regionların peşə mərkəzlərində şərait yoxdur. Paytaxtın bir neçə peşə təhsili mərkəzlərində inklüziv təhsilə, sağlamlıq imkanları məhdud insanlara hesablanan layihələr icra edilsə də, təəssüf ki, bu, regionlara şamil edilmir. Məsələn, paytaxtın bəzi peşə məktəblərində incəsənət müəllimləri, xüsusi xidmət təminatçıları, xüsusi pedaqoq-təcrübəçilər, peşə təhsil müəssisələrinin müəllimləri və psixoloqları, direktor və direktor müavinlərinə inklüziv təhsil üzrə potensialın gücləndirilməsi üçün xüsusi proqram keçirilib. “Məqsəd qeyd edilən mütəxəssislərin müxtəlif əlillikləri olan gənclərlə işləməsi üçün daha yaxşı hazırlığını təşkil etmək olub”.

Təəssüf ki, region məktəbləri bu qayğıdan kənarda qalıb. Bu isə geniş mənada  peşə təhsilinə ehtiyac hiss edən, cəmiyyətə inteqrasiya olunması vacib olan təbəqələri diqqətdən kənarda saxlayıb. Elə Lənkəran Peşə Təhsili Liseyinin timsalında bu faktı aydın görmək olur. Mərkəzin direktoru Afər Kərimov “Təcrübəmizdə bu tip uşaqların oxuması faktı yoxdur. Hərçənd təhsil almaq hər bir vətəndaşımızın haqqıdır. Amma bizim məktəbdə belə uşaqlara dərs verəcək müəllimlər də yoxdur” – deyə sualımızı cavablandırdı.

 

Məhəmməd nə etsin?

Məhəmməd 10-cu sinif üzrə inteqrasiya təlimli gimnaziyanı bitirib. Ancaq peşə məktəbinin qapıları onun üçün bağlı olduğundan hansı istiqamətə gedəcəyini bilmir. Valideynləri onun vaxtını daha çox küçədə keçirməsindən narahatdırlar. Məhəmmədin sağlamlıq imkanları ali məktəbə daxil olmasına imkan vermir. Yeganə yolu peşə təhsili almasıdır ki, sabah cəmiyyətə bağlana bilsin. Ən əsası, əməyin vacibliyini hiss eləsin. Buna isə elektron “seçim” imkan vermir. Elə isə Məhəmmədin və onun kimi uşaqların taleyi necə olsun?

 

Təranə Məhərrəmova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir