mehkum

Məhkum uşaqların sayı niyə artıb? – Natamam ailə, sərişdəsiz valideyn…

Baxış sayı: 1. 614
 Azərbaycanda cinayət törətmiş və məhkum edilən uşaqların sayı artıb. Açıqlanan statistik rəqəmlər də bunu təsdiq edir. Ötən il Azərbaycanda 323 nəfər 14-17 yaşlı uşaq törətdiyi cinayatə görə məhkum olunub. 2016-cı ildə bu göstərici 261 olub. Psixoloqların fikrincə yeniyetmələrin törətdiyi cinayət yaşlı insanın törətdiyi cinayətdən fərqlənir. Bir yeniyetmə cinayət törədirsə, o bunu əksər hallarda əylənmək, öz gücünü, cəsarətini göstərmək, yaşıdlarına özünü sübut etmək, özünü təsdiqləyərək onların etimadını qazanmaq üçün edir. Tamah motivli cinayət törədən yeniyetmələr yaşlılardan fərqli olaraq əsasən dəbdə olan telefon, elektron avadanlıqlar, maşınlar, içki və böyük olmayan məbləğdə pul əldə edirlər.

Araşdırmalara görə, yeniyetmələr arasında cinayətkarlığın artmasının səbəblərindən biri bu sahədə profilaktika işinin o qədər də möhkəm təşkil olunmaması ilə bağlıdır. Psixoloqlar, pedaqoqlar bütün şagirdlər, xüsusən də yeniyetmə yaş qrupuna aid olan şagirdlərlə aktiv iş aparmalı, onları daim lazımi mövzularda təlimləndirməli, maarifləndirilməlidirlər. Eləcə də mütəmadi diaqnostik işlər aparılaraq risk qrupuna aid olan, hüquqazidd davranışlı uşaqlar aşkarlanmalı, onların ailələri də prosesə cəlb olunmaqla psixo-pedaqoji işlər aparılmalıdır.

Psixoloq Lalə Allahverdiyevanın sözlərinə görə, uşaqların cinayətə meylli olmasının və ildən- ilə artan statistikanın arxasında ailənin natamam olması, ailədaxili konfliktlər, zorakılıq faktları dayanır. Ailə dəyərlərinin itməsi, yanlış mühit və onun mənfi təsiri, zorakılığı təbliğ edən programların yayımlanması, yazıların dərci də bu səbəblər arasında əsas yer tutur:

“Başlıca yeri tutan isə ailə modeli və tərbiyə sistemidir. Cinayət törədən yeniyetmələrin çoxu natamam ailələrin uşaqlarıdır. Cinayət törədən uşaqların əksəriyyətinin təhsillə bağlı da problemləri olur. Növbəti əsas məqam isə bu yeniyetmələrin asudə vaxtının təşkil olunmamasıdır. Təhsilini hər hansı bir səbəbdən yarıda qoymuş yeniyetmə gününü sosial şəbəkələrdə keçirir. Sosial şəbəkələr vasitəsilə tanış olaraq qrup cinayətlərinin törədilməsi ilə bağlı da çoxlu faktlar mövcuddur.

Həm ailə, həm də təhsil sistemindən uzaq düşən, valideynin diqqət və qayğısından uzaq olan, sevgisiz böyüyən, nəzarətsiz qalan bu gənclər özlərini yanlış mühitdə tapmağa çalışırlar. Qısa bir vaxtdan sonra isə bu yeniyetmələr zərərli vərdişlərə yiyələnərək siqaret, spirtli içkilər, narkotik maddələrdən istifadə etməyə başlayırlar”.

Psixoloqun fikrincə məktəblərdə təcrübəli psixoloqların sayının artırılması və psixoloji işin düzgün təşkilinə, ailələr-valideynlər üçün maarifləndirmə işlərinin davamlı aparılmasına diqqət yetirmək lazımdır.

Keçid dövründə olan yeniyetmələri xüsusi diqqət mərkəzində saxlamaq lazımdır. Onlar təriflənməyə ehtiyac duyurlar. Onların bu ehtiyacını ailə-valideynlər ödəmədikləri halda, onlar da fərqli qruplara qoşulurlar.

Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağayevanın dediyinə görə, uşaqların cinayət və cinayət xarakterli əməllər törətməsinin başlıca səbəbi valideyn məsuliyyətsizliyidir. Valideynlər övladlarına vaxt ayırmadığı üçün onlar nəzarətdən kənarda qalır, təhsildən yayınır. Səfil həyat sürən uşaqlar əlbəttə ki cinayət törədəcək:

” Yeniyetmələr etinasızlıq üzündən müxtəlif təsirlərə düşür və çətin tərbiyə olunan uşaq imici qazanırlar. Belə yeniyetmələrlə daha çox polis orqanları məşğul olur və onların xeyli hissəsinin cəmiyyətə qovuşaraq sağlam həyat tərzi keçirmələri çətinləşir. Uşaqların törətdiyi cinayətlər arasında daha çox oğurlu və zorakılıq tədbirləri yer alır. Bu isə ailə tərbiyəsindən məhrum olan uşaqlara xas olan xüsusiyyətdir. Bu kimi vərdişlər zaman-zaman daha da inkişaf edir. Narkomaniya, toksikamaniya kimi bəlalara yoluxmaya, bu ehtiyacları ödəmək üçün hüquq pozuntularına meyillənməyə səbəb olur.

Münaqişəyə meyilli olan uşaqlara valideynləri düzgün nəzarət edib, onları tərbiyə vasitəsilə sağlam həyata yönləndirə bilər”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir