yag

Məhsulların yağlılığını artırmaq üçün marqarindən istifadə edirlər – TƏHLÜKƏ

Baxış sayı: 1. 085

Bir neçə gün əvvəl Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Beyləqanda süd və süd məhsulları istehsal edən müəssisədə bir sıra nöqsanlar qeydə alınıb. Yoxlama zamanı müəssisədə istehsal olunan məhsulların yağlılığını süni şəkildə artırmaq üçün bitki tərkibli “Sun 23” və “Sania” əmtəə nişanlı marqarin yağından istifadə olunduğu aşkarlanıb.

Azərbaycan İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov bildirir ki, hazırda istehsal sexlərində marqarin yağından geniş istifadə edilir:

“Hazırda satışda olan nehrə yağlarının da əksəriyyəti marqarindən hazırlanır. Hazırlanma prosesində marqarinə əlavə olaraq qatıq, qaymaq da qatılır ki, sonradan adı nehrə yağı olur. Bu gün kərə və nehrə yağı adı ilə hazırlanan yağların 80 faizi saxtadır və tərkibi marqarinlə bitki yağlarının qarışımından ibarətdir. Satışda olan “İvanovka” məhsullarının əksəriyyətinə də marqarin qatılır. Buna görə də artıq əhalinin yerli məhsullara olan inamı azalır və daha çox xarici məhsullara maraq göstərirlər”.

E.Hüseynov qeyd edir ki, marqarin yağını seçmək vətəndaş üçün asan deyil:

“Bunu ayırd etmək üçün vətəndaşın ilk növbədə yağla bağlı biliyi olmalıdır. Daha sonra marqarin yağını dadından, qoxusundan ayırd etmək olur. Onu əridəndə də marqarin olduğu üzə çıxır. Həmçinin təmiz nehrə yağı ayran dadı verməlidir”.

Həkim-terapevt Ramil Həsənli isə bildirir ki, marqarin yağı aparılan araşdırmalara görə, insan orqanizmi üçün çox zərərlidir:

“Bu yağı kimyəvi işləmələrlə əldə edirlər və dad verirlər. Deyim ki, marqarindən ilk dəfə birinci dünya müharibəsi dövründə əsgərlər üçün ucuz başa gələn yağ kimi istifadə ediblər. Hazırda bəzi marqarin yağlarının üzərində yazırlar ki, bitki mənşəlidir və ya tərkibində xolesteron azdır, ya da yoxdur. Bunlar belə təhlükənin qarşısını ala bilməz”.

R.Həsənli marqarin yağının insan orqanizmi üçün zərərlərini də açıqladı:

“Bu yağlar ürək-damar sisteminə ciddi zərər vururlar və riski üç dəfə artırırlar. Bundan başqa, marqarin ana südünün keyfiyyətini aşağı salır, immun sistemini zəiflədir və insulin ifrazını da azaldılır. İnsulinin azaldılması isə şəkər xəstəliyinə yol açır”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir