zibil

Məişət ekologiyası: öhdəmizə nə düşür?

Baxış sayı: 912

Məişət ekologiyası sadəcə bir standart deyil, sosial-fəlsəfi baxımdan cəmiyyətdə öz yeri olan şəxsiyyətin kütləvi həmrəyliyə nail olması və mənəvi öhdəliklərə əməl etməsi deməkdir. Əslində bütün canlıların yaşam tərzini, şəraitini özündə ehtiva edən bu anlayış ilk növbədə şüurlu zümrəyə aid edilir, ona görə məişət ekologiyası deyəndə öncə insan həyatı, insanın yaşam tərzi və mənzil-məişətin ekologiyası nəzərdə tutulur.

Ekologiya elminin əsas vəzifəsi ekoloji mühitə uyğun standartları və prinsipləri, normal həyat tərzi qaydalarını, formalaşmış təbliğatın praktik nəticələrini öyrənmək, həmçinin bütün bunların ictimai həyatımızın ayrılmaz hissəsi sayılan məişət ekologiyasına təsirini araşdırmaqdır. Bu sahədə tanınmış mütəxəssislərdən olan, məişət ekologiyasını ayrıca sahə kimi öyrənən Azərbaycan alimi, professor Sakit Hüseynov vurğulayır ki, məişət ekologiyası insan ekologiyasının qorunması baxımından mühüm əhəmiyyət kəsb edir. Ona görə professor Sakit Hüseynov insan ekologiyasına təsir edə bilən əsas amillərlə yanaşı məişət ekologiyasının normal təşkilini çox vacib sayır.

Bir-biri ilə bağlı olan bu amillər düzgün yanaşma olduqda inkişaf edir, nəticədə əhalinin içməli təmiz su, keyfiyyətli ərzaqla təmin edilməsi, ekoloji cəhətdən təmiz mühitdə, rahat şəraitdə yaşaması kimi mürəkkəb, ciddi problemlərin həlli istiqamətində mühüm addımlar atılmış olur.

Məişət ekologiyasından bəhs edən elmi əsərlərdə verilmiş oxşar təhlillər və real həyatdakı müşahidələr, ictimai münasibətlər sisteminin təhlili belə bir nəticəyə gətirib çıxarır ki, məişət ekologiyasının çirklənməsi faktorunun qarşısını almaq üçün görüləcək tədbirləri tipoloji baxımdan şərti olaraq üç hissəyə bölmək olar:

  1. Ətraf mühitin çirklənməsinin qarşısını almaq, məişət tullantılarını zərərsiz hala gətirmək.
  2. Ekoloji hüququ beynəlxalq tələblər səviyyəsində inkişaf etdirmək, xüsusilə Avropanın ekoloji problemlərə yanaşma təcrübəsindən istifadə etmək.
  3. Əhalinin bütün yaş qrupları arasında ekoloji tərbiyəni genişləndirmək, ekoloji şüuru, mədəniyyəti formalaşdırmaq.

Məişət ekologiyasından söz açarkən məişət tullantıları problemindən yan ötmək olmaz. Biz də yazımızı məişət ekologiyasının bütün istiqamətləri deyil, bir istiqaməti – tullantılarla bağlı tərəfi üzərində qurmaq qərarına gəldik. Məsələnin bu tərəfinin ölkəmiz üçün aktual olduğu qənaətindəyik.

Bu, uzun illərdir ölkəmizdə müzakirə və mübahisələrə səbəb olan bir mövzudur. Tullantıların hara gəldi atılması, pərakəndə zibillik sahələrinin çoxalması, belə ərazilərin siçovulların və müxtəlif xəstəliklərə yoluxan itlərin, pişiklərin məskəninə çevrilməsi hallarına kəndlərdə, qəsəbələrdə, şəhərlərdə, o cümlədən paytaxtda tez-tez rast gəlmək olur. Bütün bunlar məişət ekologiyası mədəniyyətinin formalaşması məsələsinin aktuallığından xəbər verir.

Aydın məsələdir ki, ekoloji təhlükəsizliyə mənfi təsir edən ərazilər nəzarətə götürülməli, tullantıların vaxtında daşınması, zibillərin çeşidlənməsi təmin olunmalı, sanitariya qaydaları gözlənməlidir. Eyni zamanda ekoloji mühitin çirklənməsi probleminin həlli istiqamətində alternativ yollar axtarılmalıdır. Məişət tullantılarının idarə olunması və tullantılardan faydalı istifadə edilməsi təmiz ekoloji mühitin yaranmasına xidmət edən mühüm amillərdəndir. Bu sahədə Avropa ölkələrinin və başqa dövlətlərin təcrübəsindən yararlanmaq, məişət tullantılarından alternativ enerji, yaxud gübrə almaq, tullantıları dövlətin və özəl sektorun kapital qoya biləcəyi gəlirli bir sahəyə çevirmək mümkündür. Nəticədə yoluxucu xəstəliklər mənbəyi olan çirkli sahələr azala, ekoloji təmizlik xeyli dərəcədə təmin edilə bilər.

Məişət ekologiyası ekoloji mədəniyyət, ekoloji cəhətdən təmiz mühitin yaradılması yollarını arayıb-tapmaq və bu sahəni inkişaf etdirmək deməkdir. O, bir mərhələdir və ekoloji istiqamətdə görüləcək tədbirlərin, müəyyən işlərin nəzəri və praktiki toplusudur. Məişətimizi atılmış əşyalarsız, zibilsiz təsəvvür etmək olmaz, hər bir yaşayış nöqtəsində, insan fəaliyyəti olan yerdə ekoloji problem mövcuddur və hər zaman bu problem məişət tullantıları ilə başlayır. Ona görə ekologiyanın qorunması və ekoloji mədəniyyətin formalaşması baxımından ən ümdə məsələlərdən biri tullantıların idarə edilməsi sisteminin təşkilidir.

Tullantıları çeşidləmək, bərk və yumşaq tullantıları toplayıb ünvanı üzrə təhvil vermək, bu “təmiz mühit, təmiz şəhər” kampaniyasına sadə vətəndaşları, müxtəlif qurumları, ekoloji problemlərlə məşğul olan ictimai birlikləri cəlb etmək üçün böyük təbliğat şəbəkəsi qurulmalı, ölkə əhalisi ekoloji problemlər barədə məlumatlı olmalıdır. Ekoloji, həm də iqtisadi baxımdan sərfəli olan belə prosesləri intensiv hala gətirmək, aktivliyi yüksəltməkdən ötrü tez-tez lazımi tədbirlər keçirilməlidir. Bu sahəyə cavabdeh olan işçilər və yaxud sadə vətəndaşlar təhvil verilən hər zibil topasının, miqdarından asılı olmayaraq təhvil alınan, yığılan hər tullantının təkrar xammala çevrilməsində iştirak etməklə bu sahəyə ictimai dəstək nümayiş etdirməlidir. Vətəndaş tullantıların emalı haqqında ətraflı informasiyaya sahib olmalı və belə tullantılardan alternativ enerji almaq məqsədilə istifadə etməyin mümkünlüyünü, kənd təsərrüfatında istifadəyə yararlı olacağını, bir sıra problemlərin həllində məişət tullantılarından alınan materiallardan istifadə edildiyini yaxşı bilməlidir.

Bunu da bilmək çox vacibdir ki, məişət tullantılarının təkrar emalı təbii resurslardan istifadəni minimuma endirir. Çünki təkrar emal zamanı polietilen, metal, şüşə, kağız, karton, plastik və digər məmulatlar yararlı hala gətirilir, minimum itki ilə yenidən məişətimizə qayıdır.

Qeyd edək ki, 2017-ci ildə BMT-nin təşkilatçılığı ilə İndoneziyanın Bali adasında keçirilən beynəlxalq sammitdə məişət tullantılarına, xüsusən plastik məmulatlara qarşı tədbirlərlə bağlı qərarlar qəbul edilib və “təmiz dəniz” kampaniyasına start verilib. BMT-nin sammiti ərəfəsində təqdim edilən hesabatda dünya sularını çirkli vəziyyətə gətirən plastik tullantılardan və onların floraya, faunaya vurduğu zərərlərdən söz açılır. Açıqlanan hesabatda dünyanın hazırkı ekoloji durumu 1950-ci ildəki vəziyyətlə müqayisə edilir. Hesabatda deyilir ki, 1950-ci ildə planetdə 2,5 milyard əhali yaşayırdı və onlar 1,5 milyon ton plastik material istehsal etmişdi. 2016-cı ildə isə dünya əhalisinin sayı 7 milyardı ötüb və dünyada istehsal olunan plastik məmulatların həcmi 300 milyon tona çatıb. Həmin 300 milyon tonluq plastik məmulatın yarıdan çoxu tullantı qismində dəniz və okeanlara axıdılıb.

BMT-nin bu hesabatından sonra bir çox ölkə konkret addımlar atmağa qərar verib. Öncə İndoneziya 2025-ci ilədək dənizə axıdılan məişət tullantılarının həcmini 25 faiz azaldacağı barədə öhdəlik götürdüyünü bəyan edib. Bu kampaniyaya qoşulan Keniyada isə rəsmi qərarla plastik qabların emalı və istifadəsi qadağan edilib. Prosesə qatılan Uruqvay daha fərqli metod seçib. Bu ölkədə birdəfəlik sellofan istehsalçılarına və istifadəçilərinə vergi tətbiq etmək üçün tədbirlər görülür. Məişət tullantıları və plastik məmulatların yaratdığı problemlərin həllinə dəstək verən Dünya İqtisadi Forumu və Ellen Makartur Fondu açıqlamasında bildirib ki, hər il 80 milyard dollar dəyərində plastik məmulat tullantıya çevrilir.

Ekoloji təmiz sahələrin yaradılması və məişət tullantılarından səmərəli istifadə baxımından örnək ölkələr var. Məsələn, Finlandiyada məişət tullantılarının idarə olunması problemi demək olar ki, həllini tapmış mərhələdədir. Bu ölkədə uzun illərdir ki, nəzarətsiz zibil poliqonları yoxdur, tullantılar vaxtında daşınıb çeşidlənir, emal üçün zavodlara göndərilir, təhlükəli tərkibli bəzi maddələr tullantılardan ayrılıb xüsusi sobalarda yandırılır, yaxud da müəyyən edilmiş ərazilərdə torpağa basdırılır. Finlandiyada ekoloji problemlərin həllini tapmasında tək dövlətin deyil, vətəndaşların da böyük rol oynadığı danılmaz faktdır. Finlandiyanın qazandığı uğurlarda ictimai dəstəyin, vətəndaş fəallığının ciddi payı var.

Nəticədə Avropanın özündə də Finlandiyaya, onun ekoloji cəhətdən təmiz xəritəsinə xüsusi münasibət formalaşmağa başlayıb. Xərçəng, diabet, talassemiya, xroniki astma, infarkt və ürək-damar xəstəliklərindən əziyyət çəkən, eləcə də psixoloji gərginlikdən, stressdən azad olmaq, fiziki və mənəvi dinclik tapmaq istəyən bir çox adam, neçə-neçə yaradıcı insan inkişaf etmiş ölkələr sırasında olan vətənlərini tərk edib hər il, əsasən turizm mövsümlərində Finlandiyaya üz tutur ki, çirkli dünya içində təmiz hava udub ekoloji cəhətdən ideal sayıla biləcək bu ölkənin bir guşəsinə sığınsınlar.

Finlandiya həm də sağlam uşaq doğub böyütmək istəyən anaların arzuladığı bir ölkəyə çevrilib. Hər il bura yüzlərlə hamilə qadın üz tutur ki, körpələrini Finlandiya səması altında, təmiz havada dünyaya gətirsinlər. Əksər mütəxəssisin, ekoloqun fikrincə, böyük meşə zolaqları ilə zəngin olan Finlandiyada insan ayağı az-az dəyən sahələrə ayaq basanda belə adam özünü yenicə süpürülüb təmizlənmiş yaşıl ərazidə, ideal məkanda hiss edir ki, bu da “Finlandiyanın iri gözləri hər yeri yaşıl görür” təsəvvürünü yaradır.

Ekoloji cəhətdən təmiz ölkələrdən sayılan İsveçdə də məişət tullantılarının idarə olunması sahəsində işlək və sınanmış model mövcuddur. İsveçdə məişət tullantılarının cəmi 4 faizi torpağa basdırılır, yerdə qalan 96 faizi təkrar emala verilir.

Plastik tullantılar İsraildə ciddi problem yaratdığından bu dövlət orijinal üsula əl atıb. İsraildə plastik tullantılardan neft almağa başlayıblar. Burada həmin tullantılardan uşaq oyuncaqları, mebel materialları da istehsal olunur.

Son illərdə Azərbaycanda məişət tullantılarının idarə olunması yolunda yeni cəhdlər edilir. Ölkəmizdə məişət tullantıları və müxtəlif növ zibillərdən səmərəli istifadə etmək, tullantılardan alternativ enerji almaq üçün işlər görülür. Buna misal olaraq 2009-cu ildə “Təmiz Şəhər” ASC-nin nəzdində Balaxanı qəsəbəsində inşa olunmuş bərk məişət tullantılarının çeşidlənməsi zavodunu göstərmək olar. Zavodda 500 min tona yaxın məişət tullantısının yandırılması üçün iki xətt var. Bu zavodda hər il istehsal edilən enerjinin həcmi 231,5 milyon kilovat-saat elektrik enerjisinə bərabərdir. Zibillərin yandırılması prosesindən sonra əmələ gələn daha bir material, şlam adlanan maddə isə yol tikintisində istifadə olunur. Bununla yanaşı həllini tapmayan problemlər də var. Müxtəlif fəsillərdə tullantıların həcminin dəyişməsi, qışa nisbətən yayda tullantıların miqdarının təxminən 48-50 faizə qədər artması da böyük problemlərdəndir.

Məişət tullantıları sistemli şəkildə idarə olunmadıqda onun kustar, həm də qanunsuz yolla idarə forması yaranır. Tullantılar çeşidlənmədən quru halda yandırılır, bu proses isə mənfi nəticələr törədir, yanan tullantılardan ətraf mühitə təhlükəli, zəhərli, radioaktiv, kimyəvi maddələr yayılır. Öz növbəsində bütün bunlar məişət ekologiyası dediyimiz bir mədəniyyətin formalaşmasına əngəldir. Tullantıların texnoloji yollarla idarə olunması prosesi məişət ekologiyasını təkcə maddi deyil, mənəvi-psixoloji çirklənmədən də qoruyur. Texnologiyalar özü-özlüyündə mədəniyyətin formalaşması, möhkəmlənməsi işini gücləndərir, bu istiqamətdə əlavə, həm də çox effektli bir dəstək rolunu oynayır.

Azərbaycanlı mütəxəssislər tullantıların toplanıb çeşidlənməsi prosesində daha çox təbiətdən alınan, təhlükə törətməyən növlərə diqqət yönəldilməsini faydalı hesab edirlər. İstilik enerjisi almaq üçün yararlı olan maddələrdən, əsasən üzvi gübrə kimi işlədilən samandan, ağac xəzəllərindən, bəzi heyvanların və quşların ifrazatından istifadənin müsbət nəticə verəcəyini söyləyən mütəxəssislərimiz bu sahədə fəallığı artırmağı vacib sayırlar.

İndiyədək həyata keçirilən pilot layihələrin və görülən işlərin davamı olaraq yaxın gələcəkdə Gəncədə, Sumqayıtda və başqa şəhərlərdə də zibil poliqonlarının, eləcə də məişət tullantılarını emal edəcək zavodların tikilməsi nəzərdə tutulur. Buna çox böyük ehtiyac var.

Ölkəmizdə həm ekologiyanın müdafiəsi, həm də ekoloji mədəniyyətin formalaşması baxımından İDEA İctimai Birliyinin reallaşdırdığı layihələr də diqqət çəkir. Birlik hələ 2014-cü ildə kağız tullantıların qəbulu və təkrar emalı ilə bağlı “Hər kağızı bir yarpağa dəyişək” layihəsini həyata keçirmişdi. Layihə çərçivəsində indiyədək 600 tondan çox kağız tullantısı toplanaraq təkrar emala göndərilib.

 

Dünyanın inkişaf etmiş ölkələrində çoxdandır ki, məişət tullantılarına sadəcə zibil kimi yanaşılmır. Məişət tullantılarının idarə olunması təkcə hökumətlərin və şirkətlərin yox, həm də ictimaiyyətin iştirak edə biləcəyi və etməli olduğu bir prosesdir.

Ekoloji məsuliyyət hissinin artırılması, ekoloji mədəniyyətin gücləndirilməsi Azərbaycanda da başlıca hədəflərdən biri olmalıdır. Yazının əvvəlində qeyd etdiyimiz kimi məişət ekologiyası sadəcə bir standart deyil, o, sosial-fəlsəfi hadisədir və mənəvi öhdəliklərə əməl edilməsidir. Buna əməl etmədikdə rəsmi instansiyaların müəyyənləşdirdiyi standartları qorumaq çox çətin, bəzən isə mümkünsüzdür.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir