aile

Məişət zorakılığı Cinayət Məcəlləsində yer almalıdır?

Baxış sayı: 1. 449

Azərbaycanda məişət zorakılığı cinayət əməli kimi Cinayət Məcəlləsində yer almayıb. Beynəlxalq ekspertlər məişət zorakılığının Cinayət Məcəlləsinə salınmasını təklif edirlər”.  APA-nın xəbərinə görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Taliyə İbrahimova deyib. Şöbə müdiri qeyd edib ki, Azərbaycanda məişət zorakılığına dair normativ hüquqi aktların bazası əcnəbi ekspertlər tərəfindən təhlil edilib: “Məişət zorakılığından əziyyət çəkənlərin pulsuz hüquqi yardımla, vəkillə təmin olunması, təqsirkar şəxsin evdən uzaqlaşdırılması ilə bağlı qanunvericiliyə dəyişikliklərin edilməsini ekspertlər tövsiyə edir”.

Təklif olunan dəyişikliyə ehtiyac varmı? Sanksiyaları sərtləşdirməklə cəmiyyətdəki zorakılıq hallarının qarşısını almaq mümkündürmü?

Millət vəkili Gövhər Baxşəliyeva deyir ki, hələlik bu haqda danışmaq üçün tezdir: “Təbii ki,  cəmiyyətdə ailə-məişət zəminində müxtəlif cinayətlər və zorakılıqlar baş verir. Bu haqda ayrıca qanun var  və burada  bir çox şey öz əksini tapır. Lakin zorakılığa məruz qalanlar çox vaxt hüquq-mühafizə orqanlarını məlumatlandırmırlar. Belə  faktlar çox vaxt gizlədilir. Ailə-məişət zorakılığı adətən evin içində qalır. Bizim mentalitet qaydalarımız belədir ki, evdəki hadisələr evdən kənara çıxmamalıdır. Bu zaman isə zərər çəkmiş şəxsə heç kim köməklik edə bilmir. Zorakılığa məruz qalan qadınlar bunu gizlədirsə, bu zaman nə etmək olar? Dəyişikliyə gəlincə isə deyə bilərəm ki, hələlik bu haqda danışmaq üçün tezdir. Çünki  detallar tam açıqlanmayıb. Əgər dəyişiklikdə göstərilən məqamlar  Cinayət Məcəlləsində əhatə olunubsa, o zaman belə bir dəyişikliyə ehtiyac olmaz”.

Hüquqşünas Ceyhun Cəfərli də ayrıca dəyişikliyə ehtiyac görmür: “Məişət zorakılığının qarşısının alınması haqqında Cinayət Məcəlləsində ayrıca qanun var. Bu qanun ailə daxili münasibətləri tənzimləmək və ictimai asayişi qorumaq məqsədi daşıyır. Məişət zorakılığı ilə bağlı müraciət olduqda müvafiq araşdırma aparılır və zorakılığa məruz qalmış şəxsə mühafizə orderi verilir. Belə bir orderi olan şəxsə qarşı zorakılıq faktı olarsa, o zaman müvafiq qurumlar konkret olaraq cinayət işinin qaldırılmasına dair əməli tədbirlər görürlər. Başqa bir məsələ isə məişət zorakılığının cinayət xarakterli əməl kimi qiymətləndirilməsi və Cinayət Məcəlləsinə daxil edilməsidir. Çünki məcəllədə istənilən əməl konkret xarakter daşımalıdır və konkret cinayət cəzası müəyyən olunmalıdır. Əgər  məişət zorakılığı özlüyündə ailədaxili  sıxışdırılma, hüquqlardan məhrumetmə şəklində  ifadə olunarsa, onda biz bunların hər birinə ayrıca maddə nəzərdə tutmalıyıq. Bütün məişət zorakılığı cinayət xarakterli deyil. Ona görə də düşünürəm ki, məişət zəminində baş verən hər bir  zorakılığı cinayət əməli kimi qiymətləndirmək  düzgün deyil. Yəni, problemin  həll variantı bu deyil. Hesab edirəm ki, belə bir dəyişiklik əksinə, ailə institutuna və ailədaxili münasibətlərə təhlükə yarada bilər. Belə bir dəyişiklik olarsa, məişət zorakılığı adı altında cinayət məsuliyyətinə cəlb olunan şəxslə ailəsi arasında dərin bir uçurum yaranacaq. Məsələn, ata öz qızının, yaxud həyat yoldaşının şikayəti əsasında həbs edilir. Yaxud, ana öz qızının şikayəti əsasında həbs edilir. Bunun qarşısını almaq üçün profilaktik tədbirlərə əl atmaq lazımdır. Məişət zorakılığı ilə mübarizə maarifləndirmə yolu ilə aparıla bilər. Gənclər maarifləndirilsə və güclü təbliğat işləri aparılsa, daha effektiv nəticə olar, nəinki cinayət işinin qaldırılması ilə”.

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova bildirdi ki, bu təklif uzun müddətdir ki, səsləndirilir: “QHT-lər də bu təklifin tərəfindədirlər. Bir çox hallarda, məişət zorakılığını törədən şəxs tam başqa cinayət maddəsi ilə cəzalandırıldığına görə, ölkədə məişət zorakılığının real vəziyyətini qiymətləndirmək mümkün deyil. Belə bir cinayət maddəsinin olması imkan verəcək ki, həm cəza tədbirləri görülsün, həm də mövcud vəziyyəti qiymətləndirmək mümkün olsun. Bir çox hallarda məişət daxilində baş verən cinayətlər, məsələn,  qəsdən adam öldürmə, döymə, xəsarət yetirmə başqa cinayət motivi ilə qeyd olunur. Məişət zorakılığı kimi qeydə alınmır. Ona görə də hesab edirəm ki,  ayrıca bir maddənin olması həm də insanları bu cinayətlərdən çəkindirəcək”.

Sosioloq Lalə Mehralı isə hesab edir ki, belə bir dəyişikliyə ehtiyac var: “Məncə lazımlı təklifdir. Ən azından məişət zorakılığından əziyyət çəkənlərin hüquqlarının müdafiəsi üçün buna ciddi ehtiyac var. Belə bir qanunun qəbul edilməsi həm də Cinayət Məcəlləsi ilə ittiham ediləcək davranışların, ailədaxili zorakılıqların azalmasına səbəb ola bilər. Çünki indi məişət zorakılığı edən, məsələn, həyat yoldaşını döyən, bədənində siqaret söndürən, övladına əl qaldıran, mənəvi də olsa zorakılıq göstərən insanlar bu davranışlarına görə hakim qarşısında dayanacaqlarını bilsələr, daha yumşaq davranar, aqressiv davranışlardan uzaq olarlar. Bir, iki, lap üç nəfər bu hərəkətə görə ittiham edilsə, başqalarına da görk olar. Məsəl var, gözü çıxan qardaşdan dərs almaq lazımdır. Çox təəssüf ki, zorakılığa meylli olan insanlar üçün xəbərdarlıq əhəmiyyət kəsb etmir. Əgər həmin şəxs davranışına görə həbs olunsa, məhkumluq həyatı yaşasa, bəlkə də etdiyi səhvi anlayar”.

 

Şəbnəm Mehdizadə




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir