mekteb

Məktəb yaşı 5 olmalıdırmı? – MÜTƏXƏSSİSLƏR DANIŞIR

Baxış sayı: 531

Bir neçə gündür yerli mediada, eləcə də sosial şəbəkələrdə erkən məktəbə başlama yaşı ilə bağlı müzakirələr aparılır.

Buna səbəb “Təhsildə yeni çağırışlar” II Beynəlxalq Forumunda çıxış edən təhsil naziri Emin Əmrullayevin açıqlamasıdır. Nazir bildirib ki, erkən uşaq inkişafı və məktəbə tez başlama vacib məsələdir:

“Zənnimcə, 6 yaş gecdir. Sosial-iqtisadi və yaxud məkan baxımından olan məqamları kənara qoyaraq məktəb yaşının 5-ə qədər azaldılmasına çalışmalıyıq”.

Təhsil eksperti Kamran Əsədov bildirir ki, dünyanın inkişaf etmiş ölkələrində məktəbə cəlb edilmə yaşı 5-dən başlayır:

Oxu.az - Kamran Əsədov: “Mayın 4-də tədris prosesi birdəfəlik açılmayacaq” - VİDEO

“Azərbaycanda 2016-cı ildən etibarən orta təhsil müəssisələrindəki məktəbəhazırlıq qruplarına uşaqlar 5 yaşdan etibarən ödənişsiz olaraq cəlb edilirlər. Artıq ölkə məktəbləri üçün 5 yaşlıların cəlb edilməsi ənənə halını alıb. Bu il 90 minə yaxın şəxs məktəbəhazırlıq qruplarına getməyə başlayıb”.

Ekspert qeyd edir ki, təhsil nazirinin I sinfə qəbul yaşı ilə bağlı dediyi fikirlər normaldır:

“Sovet dönəmində məktəb yaşı 7 idi, müstəqillikdən sonra 6 oldu. Fikrimcə, hazırda şagirdlərin fiziki vəziyyəti imkan verir ki, I sinfə qəbul yaşı 5 olsun. Bu baş verərsə, orta ümumtəhsil müəssisələrinin tədris yükü də azalacaq.

Prezident İlham Əliyevin 2013-cü ildə imzaladığı “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na görə, məktəblərdə 12 illik tədrisə keçilməlidir. Bunun üçün ya bir pillə artırılmalı, ya da məktəb yaşı 5 olmalıdır. Hazırda məktəbəhazırlıq qrupları olsa da, tədrisin bir pilləsi hesab olunmur. Buna görə də təhsil müddəti 11 il sayılır”.

Təhsil ekspertinin sözlərinə görə, məktəblərdə I sinfə qəbul üçün uşaqların 5 yaşdan cəlb edilməsinə 2023-cü ildən başlanıla bilər.

Psixoloq Aynur Ələsgərova isə deyir ki, müasir həyatda öyrənmə mühiti təkcə məktəbdən başlamır və məktəblə yekunlaşmır:

Xəbərlər - Bakı şəhəri üzrə Təhsil idarəsi

“Şagird məktəbə gələnə qədər artıq onda həyatla bağlı anlayışlar mövcud olur. Məktəbə başlama yaşının tez olması narahatverici olmamalıdır.

Hazırda məktəbəhazırlıq qruplarında şagirdlərin qəbulu 5 yaşdan başlayır. Bu qruplara gələn şagirdləri, birinci sinifdə təhsil alanları və eyni zamanda kiçik yaşlı uşaqları müşahidə etdikdə görmək olur ki, onlarda yeni bacarığa sahib olma potensialı, yeni tanışlıq qurma keyfiyyətləri, ünsiyyət yarada bilmə, qrupla bərabər fəaliyyət göstərmək kimi xüsusiyyətlər asanlıqla icra olunur. Bu baxımdan “5 yaşda təhsil ala bilərlərmi” kimi nigaranlıqlar əhəmiyyətini itirmiş sayılır”.

A.Ələsgərovanın sözlərinə görə, sürətli inkişaf (akselerasiya) prosesini nəzərə alaraq şagirdlərin yeni biliklərlə tanış olmasının 5 yaşdan başlamasını erkən hesab etmək doğru sayılmaz:

“Zaman irəliləyir, insan keyfiyyətləri də zamanın sürətinə uyğun təşkil olunmalıdır. Təlim prosesinin keyfiyyəti və davamlılığı ilə valideynləri narahat edən problemləri aradan qaldırmaq mümkündür. Dərs yükü, materialın çətinliyi sistemli şəkildə yanaşılarsa, şagird üçün asan hala gətirilə bilər”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir