44

Məktəbdə kütbeyin olmuş dahilər

Baxış sayı: 1. 781

Anton Çexov
Rus yazarları arasında öz dərin intellektiylə tanınan A.Çexov uşaq ikən dərslərə çox da maraq göstərmirmiş. Bioqrafları bu günahı yazarın atasının ayağına yazırlar. Onun işlətdiyi dükandakı rəflərdə ərzaq məhsullarıyla (çay, konfet, sabun, duzlu balıq) yanaşı, kerosin, dərmanlar, civə, azot turşusu, strixnin və bu kimi mallar qarmaqarışıq halda düzülərdi.

Dükanda spirtli içkilər də satıldığından atası balaca Antonu dərsə getmək əvəzinə, əl-ayaq işlərində çalışdırırmış, oğurluq olmasın deyə, ona alıcılara göz qoymağı tapşırırmış. Hər cür iylə dolu dükanda, yeyib-içən, söyüşən, hətta dalaşan əyyaş müştərilərin əhatəsində gənc gimnazistin oturub, dərslərə hazırlaşması, diqqətini nəyə isə cəmləməsi son dərəcə ağlasığmaz idi. Həm də dükanın içi adətən soyuq olduğundan Antonun barmaqlarının ucları donurdu.

Sübh saat beşdə dükanı açan uşaq yarıyuxulu halda oturub, atasının işə çıxmasını gözləyirdi. Atası isə kefinə görə işə başlayırdı. Dükandakı cansıxıcı növbəsini başa vuran Anton, aydın məsələdir ki, dərs oxumağa deyil, tay-tuşlarıyla oynamağa yollanırdı. Mövsümdən asılı olaraq, o, ya çayda çimirdi, ya da xizək sürürdü.

Bütün bu səbəblər üzündən onun gimnaziyada qabaqcıl şagird kimi ad çıxarması imkansız idi. Hətta o, iki dəfə sinifdə də qalmışdı: üçüncü sinifdə coğrafiyadan və riyaziyyatdan, beşinci sinifdə isə yunan dilindən qeyri-kafi qiymətlər aldığı üçün yuxarı sinfə keçməmişdi. Maraqlı cəhət burasıdır ki, gələcəyin dahi yazıçısı heç ana dilindən də orta qiymət, yənı «4» almağa həmişə nail olmurdu, dəftərlərində daha çox «üç»lərə rast gəlinirdi.

Yuxarı siniflərdə o, səylərini artırmaqla bu geriliyi ortadan qaldıra bildi. Atası isə iflasa uğradığı üçün öz baqqal dükanını həmişəlik bağladı və ailəsiylə birlikdə Taqanroqdan Moskvaya köçdü. Orada Tibb İnstitutuna daxil olan Anton Çexovun həyatında köklü dəyişikliklər baş verdi və o, özünüifadə məqsədiylə duzlu-məzəli hekayələr, səhnəciklər yazmağa, yaradıcılıqda ilk addımlarını atmağa başladı.

 

Uinston Çörçill
Kübar ailənin övladı olan Uinston uşaq yaşlarından təhsilə, dəftər-kitaba nifrət bəsləyirdi. Öz memuarlarında o, bu barədə belə yazır: «Dayəmlə ilk qiraət kitabımı oxuyub bitirmədən mən bu əziyyətdən qurtulmaq üçün evdən qaçmağı uyğun bildim».

Doqquz yaşına girən Uinstonu valideynləri Askat şəhərindəki Müqəddəs Georq özəl məktəbinə verirlər. Həmin təhsil ocağında dərslərə hazırlaşmayan şagirdləri vaxtaşırı, həm də amansızcasına döyürdülər. Uinston da orada gen-bol kötək yeyirdi. Ancaq bunun səbəbi heç də tənbəlliyi deyildi. Müəllim və tərbiyəçilər balaca Uinstonu adətən yaşına uyğun olmayan kitablar oxuyarkən yaxaladıqları üçün cəzalandırırdılar.

Dərsdən kənar bütün kitablara sonsuz maraq duyduğu halda о, dərslikləri əlinə almağa ərinirmiş. İki il həmin məktəbdə candərdi oxuyan Uinston yekun imtahanlarında çox pis nəticələr göstərdiyindən valideynləri onu məktəbdən çıxartmaq qərarına gəldilər. On üç yaşında ikən Çörçilli Harroudakı orta məktəbə verdilər ki, təhsilini davam etdirsin. Ötən illər ərzində o, imtahan verməyin sirlərinə az-çox yiyələndiyi üçün bu məktəbdə qazandığı nəticələr «ikilər» yox, “üçlər” oldu. Orada oxuduğu illər ərzində məktəb müdiriyyəti tərəfindən küt şagirdlər kateqoriyasına aid edildiyindən onun qədim yunan və latın dili dərslərinə girməsi yasaqlanmışdı: bunun yerinə o, ana dili üzrə əlavə dərslər alırdı.

Sonralar, tarixin ən təlatümlü dövrlərində Çörçillin Böyük Britaniyanın iki dəfə baş naziri seçilməsi və 1953-cü il üçün ədəbiyyat üzrə Nobel mükafatına layiq görülməsi nəzərə alınarsa, vaxtilə balaca Uinstona ana dili dərsləri verən müəllimlərin əməyinin boşa getmədiyini dərin inam hissiylə söyləmək olar.

 

Tomas Edison
O, uşaqlıq dövrünü son dərəcə bəxtəvər keçirib: atası fəhlə imiş, anası isə vaxtilə müəllimə işləyibmiş. Ailənin sonbeşiyi olan Tomas əziz-giramı övlad kimi əzizlənirmiş.

1854-cü ilə kimi, yəni yeddi yaşına dolana qədər o, əsl uşaqlıq həyatı sürüb. Həmin il valideynləri onu məktəbə yazdırıblar. O vaxt şəhərdə yeganə ibtidai təhsil ocağı Reverend C. İnqlin özəl məktəbi imiş. Burada bircə təlim-tərbiyə üsulu uyğulanırmış: uşaqlara son dərəcə iri mətnləri əzbərləməyi tapşıran «müəllim» verilən ev tapşırıqlarının öhdəsindən gəlməyən şagirdləri xətkeşlə, həm də xüsusi amansızlıqla döyürmüş. Çox vaxt o, sırf ibrət olsun deyə, məktəbliləri döyməyə, onların gözünün odunu almağa da bir bəhanə tapırmış.

Tomas elə ilk günün səhəri iki ayağını bir başmağa dirəyib deyir ki, bir daha o məktəbə ayağını basmayacaq. Atası onun üstünə çımxırır və dərsə getməsini tələb edır.

Dərslərinə davam edən Tomas ilk ayın sonuna doğru bütün dərslərdən «iki» alır. Milad (Yeni il) bayramına yaxın isə o, məktəbdən göz yaşları içində evə dönərək, anasına bildirir:

— Mister İnql hamının gözü qarşısında məni «debil» adlandırdı və dedi ki, valideynlərin gəlməsə, bir daha səni məktəbin kandarından içəri buraxmayacağam.

Təcrübəli pedaqoq olan xanım Edison bu yerdə xeyli anlayışlı davranaraq, ərinə bu xüsusda bir şey söyləməyə gərək duymur və məsələni yerində araşdırmaq üçün şəxsən məktəbə yollanır. Onu məktəb binasının girişində qarşılayan mister İnql çox qaba şəkildə deyir: «Bu ağıldan kəm oğlunuz heç bir fənni qavraya bilmir. Əgər onu bu məktəbdən çıxartsanız, çox ağıllı seçim edərsiniz».

Missis Edison elə belə də edir. O vaxtdan etibarən onun oğlu heç bir orta təhsil ocağına qədəm qoymur. Sonradan dünyanın ən məşhur ixtiraçılarından biri kimi tanınan və «General Electric» şirkətini quran Tomas Edison bütün ilkin bilgiləri ev şəraitində, həm də doğma anasının nəzarəti altında qazanır. Anası ona oxumağı öyrədəndən sonra Tomasın uğurları günbəgün artmağa başlayır.

Normal yazı yazmağı ömrü boyu öyrənməsə də, sırf zehni gücü hesabına o, qısa müddətdə milyonçuya çevrilir, ən məhsuldar ixtiraçı kimi adını ABŞ və dünya tarixinə yazır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir