qiymetlendirme

Məktəbdaxili qiymətləndirilmə necə olmalıdır?

Baxış sayı: 1. 981

Məktəbdaxili qiymətləndirmənin üsul və vasitələrinin islahatların tendensiyasına uyğun qurulması istiqamətində xeyli işlər görülməlidir. Yadınızdadırsa, yeni tədris ilinin ba.lanması ərəfəsində bu barədə fikirlərini bildirən Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə qiymətləndirməyə ciddi elmi-metodiki prinsiplərə əsaslanan, özünəməxsus standartları, formaları, üsulları, vasitələri və bunların reallaşdırılmasına aid prosedurları olan bir sistem kimi yanaşmağın lazım olduğunu demişdi. Həmçinin bildirmişdi ki, nəzərə alınmalıdır ki, qiymətləndirmə standartı – təhsilalanların bilik və bacarıq səviyyəsinə qoyulan dövlət tələbidir. Odur ki, yeni təhsil proqramları (kurikulum) əsasında məktəb dərsliklərini və metodiki vəsaitləri hazırlayan mütəxəssislər bu kimi məsələlərin həlli üzərində çox ciddi işləməlidirlər. Təhsil sahəsində həyata keçirilən islahatlar biliyin qiymətləndirilməsi sistemi qarşısında yeni tələblər qoyur.

Abbaszadənin sözlərinə görə indi ümumtəhsil müəssisələrini ağıl, intellekt məktəbinə çevirmək əsas hədəflərdən biridir. Hafizə məktəbindən təfəkkür məktəbinə keçmək, təhsilin nəticəyönümlü və şəxsiyyətyönümlü olması kurikulum islahatının əsas tələblərindəndir. Bu prosesdə təhsilalanların müasir standartlara, islahatın tələblərinə, məzmun və mahiyyətinə uyğun tədris vəsaitələri ilə təminatı mühüm əhəmiyyət kəsb edir. DİM sədrinin dediyinə görə, müasir məktəb təcrübəsində qiymətləndirmənin müxtəlif formalarından istifadə edilməsi, eyni bir mövzuya və ya məzmuna aid bilik və bacarıqların yoxlanılmasında qiymətləndirmənin müxtəlif üsul və vasitələrinin tətbiqi normal haldır: Əsas şərt odur ki, qiymət qiymətləndirilən keyfiyyətə maksimal dərəcədə uyğun olsun, onu dürüst, obyektiv əks etdirsin.

Ekspertlər də hesab edirlər ki, mövcud qiymətləndirmə metodlarına görə, şagirdlər bilik əldə etmək üçün yox, daha çox qiymət almaq üçün oxuyurlar.

Təhsil Xidmətləri Araşdırma Mərkəzinin rəhbəri, təhsil eksperti Kamran Əsədov bildirir ki, 2008-2009-cu tədris ilindən etibarən məktəbdaxili qiymətləndirmə milli kurikulumun məzmun standartlarına əsaslanır, şagird nailiyyətlərinin və irəliləyişlərinin monitorinqinə, şagirdin fəaliyyətinin təhsil standartlarına uyğunluğunun müəyyənləşdirilməsinə və ümumtəhsil pillələri üzrə buraxılış imtahanlarının aparılmasına xidmət edir. Şagird nailiyyətlərinin qiymətləndirilməsi standartları gözlənilməklə tədrisin təkmilləşdirilməsi üçün qarşıya məqsədlər qoyur, onlara nail-olma istiqamətində əldə edilən irəliləyişləri qiymətləndirir, məktəblərin, qrupların və fərdlərin fəaliyyətlərinin monitorinqini həyata keçirərək nəticələr arasında müqayisələr aparır. Amma hal-hazırda diaqnostik, formativ, summativ növlər üzrə həyata keçrilən məktəbdaxili qiymətləndirmə tam şəkildə şagirdlərin bilik və bacarıqlarının ortaya çıxarılmasına xidmət etmir. “Məktəbdaxili qiymətləndirmə ilə bağlı ciddi qüsur və problemlər var. Biz bunu DİM-in keçirdiyi IX siniflərin buraxılış imtahanlarının nəticələrinə əsasən deyə bilərik”.

Əsədov qeyd edir ki, tədrisin hər hansı bir mərhələsində şagirdlərin ilkin bilik və bacarıq səviyyəsinin qiymətləndirilməsi, təlim prosesinin hər hansı bir mərhələsi üçün müəyyən olunmuş nəticələr əsasında şagirdlərin bilik və bacarıqlarının formalaşma səviyyəsinin qiymətləndirilməsi, təhsilin hər hansı mərhələsində (tədris vahidinin, yarımilin və ilin sonunda) şagirdlərin əldə etdikləri nailiyyətlərin qiymətləndirməsi hal-hazırda 4472 orta məktəbimizdə dövlətin tələb etdiyi standartlara uyğun olaraq həyata keçirilmir.

Ekspert bu səbəbdən də hesab edir ki, yeni qiymətləndirilmə üsul və formaları tətbiq edilməlidir. “Etiraf edək ki, uzun müddət qiymətləndirmə şagirdə qiymət yazmaq kimi qəbul olunurdu, şagird yalnız qiymət almaq xatirinə oxuyurdu.

Hesab edirəm ki, qiymətləndirmə təhsilin keyfiyyətinin yüksəldilməsinə yönəldilməli və onu idarə edən vacib amil kimi meydana çıxmalıdır”.

Həmsöhbətimiz bildirir ki, yeni məktəbdaxili qiymətləndirmə zamanı şagirdlərin təkcə biliklərini yox, eyni zamanda bacarıqlarını da qiymətləndirmək və qiymətləndirmə zamanı fərdi yanaşma tətbiq etmək lazımdır: “Təəssüf ki, orta məktəblərdə çalışan 151 min müəllimimizin məktəbdaxili qiymətləndirmə ilə bağlı fəaliyyəti aşağıdır. İlk növbədə Təhsil Nazirliyi müəllimlərin peşəkarlıq səviyyəsinin, qiymətləndirmə bacarıqlarının yüksəldilməsi istiqamətində ciddi iş görməlidir”.

Bakı Avrasiya Universitetinin dosenti, təhsil eksperti Mütəllim Rəhimli bildirir ki, məktəblərdə qiymətləndirmə nisbi xarakter daşıyır. Onun sözlərinə görə, qiymətləndirmə ilk növbədə şagirdləri tədrisə və davamiyyətə ruhlandırmağa, ikinci növbədə isə onların biliklərini qiymətləndirməyə xidmət etməlidir. Azərbaycanda hal-hazırda iki ballıq sistem üzrə qiymətləndirmə var: 5 ballıq və 10 ballıq sistem üzrə qiymətləndirmə. İndiki qiymətləndirmə şagird və tələbələrin bilik və bacarıqlarının qiymətləndirilməsinə hesablanıb.

Rəhimli əlavə edir ki, qiymətləndirmədə bal sistemində dəyişiklik olsa da, bu, prinsipləri dəyişməyəcək: “Azərbaycan əhalisinin psixologiyasında “5 ballıq” sistemlə qiymətləndirmə yer alıb, düşünmürəm ki, qiymətləndirmədə rəqəmin sayının dəyişməsi müsbətə doğru ciddi nəyəsə təsir edər. Ciddi dəyişiklik etmək istəyiriksə, birincisi, biz mütləq müəllimlərin soial təminatını yaxşılaşdırmalıyıq, ikincisi, müəllimlərin bilik səviyyəsinin artırılmasına çalışmalıyıq, üçüncüsü, məktəblərdə dərslərin keyfiyyətinin yüksəldilməsinə nəzarət olmalıdır”.

M.Rəhimlinin sözlərinə görə, məktəbdə “2” alana da “3” yazırlar, “3” alana da: “Aşağı, “5” bal sistemində elədir ki, “2” və “3” qiyməti alan arasında fərq nisbi xarakter daşıyır. Ümumiyyətlə, qiymətləndirmənin qeyri-obyektiv aparılmasını o amil də göstərir ki, orta məktəbi qızıl medalla qurtaran şagirdlər qəbul imtahanlarında aşağı, orta məktəbi aşağı, orta qiymətlərlə oxuyanlar arasında isə qəbul imtahanlarında yuxarı bal toplayanlar olur. Müəllimin özünün də qiymətləndirməyə nisbi yanaşması var. Ali təhsil müəssiələrində 10 ballıq qiymətləndirmə sistemidir. Amma orda da oxşar problem mövcudur. 4 bal alanlanlara 5 bal yazılır, yəni 5 bal alanlar keçməyənlərdir. Məsələ ondadır ki, prespektivi olan gəncləri bəribaşdan nisbi xarakter daşıyan qiymətləndirmə ilə qiymətləndirib qarşılarına sədd çəkə bilmərik”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir