mekteb-pul

Məktəblərdə pul yığımının qarşısını necə alaq? – YENİ TƏKLİF

Baxış sayı: 1. 018

“Biz artıq təhsildə islahatların üçüncü mərhələsindəyik. Birinci mərhələdə struktur və nəzəriyyə formalaşdırıldı, ikincidə təhsil qanunvericiliyinin formalaşdırılması prosesi həyata keçirildi. İndi isə üçüncü mərhələ – kadr potensialını gücləndirmə və təkmilləşdirmə prosesi başlayıb”.

 

Bu sözləri təhsil eksperti Kamran Əsədov deyir. Mütəxəssis bildirir ki, artıq təhsil sistemi öz “artıqlarından” azad olacaq:

“Bundan sonra, aparılan islahatlara kölgə salanlar, təhsilə, müəllim adına xələl gətirənlər bu sistemdən uzaqlaşdırılacaq. Bu proses yüksək səviyyədə və açıq şəkildə başlayıb. Belə ki, son bir ay ərzində Kəlbəcər rayonu 108 nömrəli tam orta məktəbin direktoru Bəsti Hüseynova işdən azad edilib, Ağdam rayonu 89 nömrəli tam orta məktəbin direktoru Nərgiz Zeynalovaya sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib, Sumqayıt şəhəri 8 nömrəli tam orta məktəbin direktor müavini Nənəxanım Əliyeva tutduğu vəzifədən azad edilib, 193 saylı orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Elnarə Qasımovaya töhmət, Azərbaycan dili və ədəbiyyat müəllimi Toyzu Mustafayevaya isə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib. Onların hər birinin cəzalanmasına səbəb çalışdıqları müəssisədə həyata keçirdikləri qeyri-qanuni pul yığmaları olub”.

Ekspert qeyd edir ki, bunlar artıq sistemdə sağlamlaşdırılma mərhələsinin başladığını göstərir:

”Hal-hazırda məktəblərdə əsas problem əsassız pul yığımı: fond pulu, süpürgə pulu, kağız pulu, KSQ (kiçik summativ qiymətləndirmə), BSQ (böyük summativ qiymətləndirmə) pulu, printer üçün katric puludur.

Bütün hallarda dövlət orta məktəblərində pul yığıla bilməz. Amma valideynin təhsilin idarəolunmasinda iştirakı və töhfəsi məsələləri Təhsil haqqında qanunun 34-cu maddəsi ilə və Təhsilin inkişafı strategiyasının 3.2.2. bəndi ilə tənzimlənir. Valideyn məktəbə istər təşkilati, istər maddi və digər dəstəyi yalnız qanunvericilik çərçivəsində həyata keçirə bilər və burada qəribə heç bir şey yoxdur, dünya praktikasında da bu mövcuddur”.

K.Əsədov əlavə edir ki, ölkədə hal-hazırda 4 447 məktəb və 1.5 milyon şagird var, bu o deməkdir ki, hər 4 həftədən bir bir fənn üçün keçiriləcək KSQ üçün 1.5 milyon ağ kağız lazımdır:

“Məlumdur ki, siniflərdə azı 9-11 fənn var, bu o deməkdir ki, hər 4-5 həftədən bir keçirilən KSQ üçün azı 15 milyon kağız, onu çap etmək üçün printer, katric lazımdır.

Düzdür, dövlət büdcəsindən lazım olan resurslar tam şəkildə təmin olunur. Amma bir çox hallarda kağız üzərində, yəni əslində bütün məktəblər kağız da, katric də alır. Lakin ya alınan kağız şagirdlərin sayına çatmır, ya da bəzi məktəb direktorları onları satır. Məsələ odur ki, kağız, katric problemi var. Məhz bu zəruri resurs çatışmazlığına görə məktəblərdə pul yığılır.

Problemin həlli yollarından biri KSQ və BSQ-nin ləğv olunmasıdır. Amma bu real deyil, çünki KSQ və BSQ minimum təhsil standartların reallaşmasını ölçmək üçün vasitədir. İkincisi isə KSQ və BSQ-nin elektron qaydada həyata keçirilməsidir. Hazırda məktəblərin 98 faizi komputerləşdirilib. Onları yenidən yoxlayıb işlək hala gətirmək lazımdır. Bu həm il ərzində milyonlarla kağız israfının, həm də əsassız pul yığımının qarşısını alar”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir