ders

Məktəblərlə repetitorlar arasında bağlanacaq müqavilə hansı faydaları verə bilər?

Baxış sayı: 1. 315

Danılmaz faktdır ki, bu gün repetitorluq müəllimlərin əsas gəlir yerinə çevrilib. Müəllimlər bütün enerji və pedaqoji bacarığını əsasən repetitorluğa yönəldir. Ölkədə bu prosesin rəsmiləşdirilməsi, repetitorluq edən müəllimlərlə məktəb arasında müqavilələrin imzalanması təklif olunur.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva jurnalsitlərə deyib ki, Bakıda repetitorluq edən müəllimlərlə məktəb arasında fəaliyyət müqavilələrinin imzalanması nəzərdə tutulur: “Bu ilin iyulunda Nazirlər Kabineti məktəblərdə hüquqi və fiziki şəxslərlə birgə fəaliyyət müqavilələrinin bağlanmasına dair qərar verib. Qərara əsasən, təhsil idarəsi hər hansı fiziki və hüququ şəxslə və üçüncü tərəf olaraq məktəblə birgə fəaliyyət haqqında müqavilə imzalayır. Bu müqavilə çərçivəsində təhsil sisteminə uyğun olan fəaliyyətlərin həyata keçirilməsinə icazə verilir. Repetitorluqla məşğul olan müəllimlərin məsələsinə gəlincə, bununla bağlı konkret məqsəd qarşıya qoyulmayıb. Amma yaxın gələcəkdə müəllimlərlə də birgə fəaliyyət müqavilələrinin imzalanması nəzərdə tutulur”.

Vəliyeva bildirib ki, yeni tədris ilindən məktəblərin fəaliyyətlərinə zidd olmayan fəaliyyətlər, müxtəlif idman, yaradıcılıq dərnəkləri təşkil edilib: “Bu istiqamətdə artıq hüquqi və fiziki şəxslər tərəfindən idarəyə müraciətlər olub. Müqavilələr imzalanıb, fəaliyyətə başlanılıb”.

Onun dediyinə görə, valideynlərin əlavə ödənişləri hesabına şagirdlərə məktəblərdə əlavə xidmətlər göstərilir: “Xidmətlərin qiymətini idarə müəyyənləşdirir. Xidmət zamanı məktəbin yerləşdiyi ərazi, sahə, müəssisənin  ümumi vəziyyəti, fəaliyyətinin növü nəzər alınır. Bunlara əsasən qiymətlərdə fərq olur”.

Təhsil sahəsi üzrə ekspert Nadir İsrafilovun dediyinə görə, Nazirlər Kabinetinin belə bir qərarının olmasına baxmayaraq, bu addımın atılması ilə “Təhsil haqqında” qanunun 14.3. -”Azərbaycan Respublikasında dövlət təhsil müəssisələri bilavasitə mənfəət əldə etmək məqsədi güdmür” maddəsi arasında kəskin təzad olduğunun şahidi oluruq. İsrafilov qeyd edib ki, “Təhsil haqqında” qanunun 3.3 bəndinə əsasən təhsilalanların zəruri biliklərə və həyati bacarıqlara yiyələnməsini, yaradıcı, milli-mənəvi və ümumbəşəri dəyərlərə malik sağlam əqidəli, vətənpərvər, müasir dünyagörüşlü şəxsiyyət kimi formalaşmasını təmin etmək məhz ümumtəhsil məktəbinin vəzifəsidir: “Belə çıxır ki, təhsilin keyfiyyəti ilə bağlı problemlərdən çıxış yolunu bilavasitə funksional vəzifəsi olan tam orta təhsil məktəbinin məsuliyyətini artırmaqda deyil, əsas ağırlıq mərkəzini repetitorların çiyninə yükləməkdə görürük. Bu isə dolayısı yolla onsuz da deformasiyaya uğramış məktəb mühitinin daha da dağıdılmasına zəmin yaratmaq anlamına gəlir”.

Müsahibimiz vurğulayıb ki, bu məsələ dünən, bu günün predmeti olmayıb, uzun illərdən bəri reallaşdırılan bir məsələdir: “Repetitorluq illərdən bəri buraxılış siniflərindən başlayaraq ibtidai sinifləri, hətta məktəbəqədər müəssisələri də əhatə edərək müxtəlif formalarda özünü göstərir. İş o yerə çatıb ki, hətta pedaqoji leksikonumuza “bunker repetitoru” kimi yeni və digərindən “fərqləndirici” bir termin də daxil olub. Sadəcə olaraq belə bir hal baş verərsə, bu “alternativ peşə” öz əvvəlki qeyri-leqal statusunu dəyişərək rəsmi status qazanacaq”.

Onun sözlərinə görə, “Təhsil haqqında” qanuna əsasən Azərbaycan Respublikasında təhsilin əsas məqsədi dövləti qarşısında öz məsuliyyətini dərk edən, xalqının milli ənənələrinə və demokratiya prinsiplərinə, insan hüquqları və azadlıqlarına hörmət edən, vətənpərvərlik və azərbaycançılıq ideyalarına sadiq olan, müstəqil və yaradıcı düşünən vətəndaş və şəxsiyyət yetişdirməkdir: “Digər tərəfdən, qanunun 19.17. maddəsinə əsasən tam orta təhsil səviyyəsində təhsilalanların istedad və qabiliyyətinin reallaşdırılması, müstəqil həyata və peşə seçiminə hazırlanması, fəal vətəndaş mövqeyinin, milli və ümumbəşəri dəyərlərə, insan hüquqlarına və azadlıqlarına hörmət hissinin və tolerantlığın formalaşdırılması, müasir informasiya-kommunikasiya texnologiyalarından və digər texniki vasitələrdən sərbəst istifadə etməsi, iqtisadi biliklərin əsaslarına yiyələnməsi, xarici dillərdən birində, yaxud bir neçəsində ünsiyyət saxlaması və s. təmin olunur. Təhsilalanların hüquq və vəzifələrinə isə dövlət təhsil standartlarına uyğun keyfiyyətli təhsil almaq daxildir. Göründüyü kimi təhsil qanunvericiliyi ilə əlaqədar heç bir rəsmi sənəddə tam orta təhsil məktəbi qarşısında ali məktəbə tələbə hazırlamaq vəzifəsi, o cümlədən də tam orta məktəbi bitirən məzun qarşısında ali məktəbə daxil olmaq öhdəliyi qoyulmayıb. Repetitorluq isə bir qayda olaraq uşağı ali məktəbə hazırlamaq məqsədinə xidmət edir. Hər halda repetitorluğa rəsmi don geyindirilməsinin yeganə bir “faydası” o ola bilər ki, uzun illərdən bəri davam edən söz-söhbətlərə, nəhayət, nöqtə qoyular və repetitor xidməti ilə məşğul olanlar rahat nəfəs alar”.

Sabirabad rayonu Babək Rəhimov adına Qəzli kənd orta məktəbinin direktor müavini Zəka Cabbarlı hesab edir ki, repetitor fəaliyyətinə görə müqavilələrin imzalanması şagirdlərin hazırlıqlara kütləvi axınının qarşısını alacaq: “Ona görə ki, buna görə müəllimlərdən haqq alınacaq”.

Dediyinə görə, artıq orta məktəblər unudulmaqdadır: “Hər kəsi bir sual düşündürür, bu il hazırlıqların qiyməti neçə manat olacaq? Artıq mərkəz məktəblərində ibtidai siniflərdən uşaqlar hazırlıqlara cəlb olunur ki, bu da artıq adi bir haldır. Amma bağlanacaq müqavilədə qarşılıqlı şərtlər nəzərə alınmalıdır. Müəllimlər hər uşağa görə haqq ödəməlidir”.

Cabbarlı deyir ki, repetitorluğun rəsmiləşdirilməsi, bu fəaliyyətin qabardılmasına, orta məktəblərin isə unudulmasına gətirib çıxarmamalıdır: “Diqqət repetitorluğa yönəldilsə, elə etmək lazımdir ki, bu, orta məktəblərdə tədris prosesinə mənfi təsir göstərməsin. Əksinə orta məktəblərdə tədrisin səviyyəsinin yüksəldilməsinə nail olunmalıdır”.

Həmsöhbətimiz bildirib ki, müəlimlərin evlərdə repetitorluq etməsinə nəzarət etmək çətin olacaq: “Evdə keçirilən dərslərə görə müəlimlərlə müqavilələr elə bağlanmalıdır ki, məktəbdəki dərs saatlarına təsadüf etməsin. Belə ki, məhz repetitorluğa görə şagirdlərin kütləvi surətdə məktəbdəki dərslərdən yayınması halları olur və çox vaxt gizlədilir. Bu işlərdə məktəb rəhbərliklərinin üzərinə böyük yük düşür. Onlar təlim-tərbiyə işi ilə yanaşı şagirdlərin dərslərə davamiyyətini ciddi nəzarətdə saxlamalıdırlar. Repetitor müəllimlərsə repetitorluğu ilə bağlı tam şəffaf şəkildə cədvəl təhvil verməlidir. Əlbəttə ki, bu işdə könüllülük prinsipi effektli ola bilməz”.

Cabbarlının fikrincə, ümumiyyətlə, təhsildəki vəziyyət repititorluğun rəsmiləşdirilməsinə çıxarmamalı idi: “Çünki  təhsilin keyfiyyətinin yüksəldilməsi uğrunda işlər, təkmilləşdirilmələr aparılır ve çox böyük irəliləyişlər var”.

Sumqayıt şəhəri 11 nömrəli məktəbin Azərbaycan dili və ədəbiyyat müəlliməsi Elnarə Qurbanzadənin dediyinə görə, əslində repetitorluğun kütləvi hal alması heç də ürəkaçan deyil: “Niyə şagirdin əlavə məşğələyə ehtiyacı olmalıdır ki? Məşğələ əslində zəif şagirdlər üçündür və bu da məktəb bazasında müəllimin əlavə dərs saatı kimi (ödənişli şəkildə) heyata keçirilsə, daha məqbul sayılar”.

Aynurə MƏMMƏDOVA




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir