mekteb

Məktəbli geyimlərini hardan alaq? – QİYMƏT FƏRQLƏRİ – REPORTAJ

Baxış sayı: 1. 635

Yeni dərs ilinin başlamasına sayılı günlər qalıb. Artıq bir neçə gündür ki, paytaxtın mərkəzi küçələrində, metroların giriş-çıxışlarında məktəb ləvəzimatlarının satıldığı çadırlar qurulub. Hər il olduğu kimi bu il də Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən məktəbli yarmarkalarının təşkil edilməsi üçün şərait yaradılıb. Təbii ki, yarmarkaların yerləşdiyi ərazilərə müvafiq olaraq qiymətlər arasında cüzi fərqlər var. Artıq övladlarını yeni tədris ilində məktəbə yola salacaq valideynlər məktəbli ləvazimatlarını almağa başlayıblar. Valideynlər deyir ki, yarmarkalardakı qiymətlər mağazalardan bahadır, satıcılar isə and-aman eləyir ki, qiymətləri mağazalara nisbətən ucuz qoyublar.

Bəs həqiqi durum necədir? Vəziyyəti yerində öyrənmək üçün yollandıq metronun Nəriman Nərimanov stansiyasındakı çıxışına. Satıcı əllərində dəftər, qələmlə müştəri cəlb etməyə çalışırdı. Bizi də müştəri bilib “nə alsanız, endirim edəcəyik” deyib, içəri dəvət etdi.

Yarmarka çadrları bir neçə gündür qurulsa da, satış yox idi. Adının Rəhman olduğunu deyən satıcı da ləvazimatların mağazalarla müqayisədə aşağı qiymətə satıldığını söylədi:

“Mənim də qızım bu il birinci sinfə gedir. Qiymətlər çox baha deyil, amma çox ucuz da deyil. Amma biz o biri yarmarkalardan fərqli olaraq, məktəbli üçün zəruri olan bütün ləvazimatları alan alıcılarımıza endirim də edirik”.

Rəhman deyir ki, bu il ən bahalı ləvazimat çantadır:

“Çantalar 25-28 manatdan başlayır. 55-60 manata qədər bahalaşır. Üstündə bəzəkli, cizgi film şəkilli çantalar, çamadan formasında çantalar qiymət etibarı ilə daha bahadır”.

Satıcılar deyir ki, dəftər-qələmə edilən endirim gözə çarpmır. Amma valideyn məktəbli çantasını da onlardan alsa, ümumilikdə 5 manata qədər endirim edirlər.

Ümumilikdə isə yarmarkada olan ləvazimatların qiymətləri beldir:

1 ədəd 12 vərəqli dəftər – 10 qəpik,

1ədəd 40 vərəqli dəftər – 40 qəpik

1 ədəd 60 vərəqli dəftər – 40-50 qəpik,

1 ədəd 100 vərəqli dəftər isə 70-80 qəpiyə satılır.

Bəzi ləvazimatların qiymətləri isə müəyyən qədər fərqli idi. Bu fərqin nəyə əsasən yarandığını bizə izah edə bilməsələr də, dediklərinə görə, “keyfiyyət” məsələsidir. Məsələn, yapışdırıcı. Adi yapışdırıcı 60 qəpik, daha “keyfiyyətli”si isə 1 manata satılır. Qələm yonanlar da həmçinin, adi olanlar 1.50 qəpik, “keyfiyyətli”si isə 2 manat.

Su qabları 1-2 manat, qələmlər 10-50 qəpiyə, rəngli karandaşlar (say və rəng fərqlərinə görə) 3-12 manata, rəsm albomu 30 qəpiyə, sadə karandaşlar 20-40 qəpiyə satılır.

Gələk əsas məsələyə. Məktəblilərin ən əsas problemi geyimlə bağlıdır. Valideynlər şikayət edir ki, standart ölçülər olduğu üçün uşaqlarına uyğun forma tapmaqda çətinlik çəkirlər. Ya da məcbur olurlar ki, dərziyə üz tutub əlavə xərc çəksinlər.

Yarmarkalarda geyimlərin qiymətləri isə belədir:

Ağ köynək – 8-9 manat, şalvar 15-18 manat, pencək – 26 manat, ətək – 15-18 manat. Yarmarkalarda çox rast gəlinməsə də, ayaqqabıların qiyməti oğlanlar üçün 25-30, qızlar üçün 30-35 arası dəyişir.

Metronun “Gənclik” və “28 May” stansiyalarının çıxışında açılan yarmarkalarda da qiymətlər demək olar ki, eyni idi. Satıcılar deyir ki, valideynlər məktəbli forması və çantaları əksər hallarda “Sədərək”, “Binə” bazarlarından alırlar. Orada çeşid çox olduğu üçün hər cibə uyğun qiymətə çanta, məktəbli forması tapmaq olur.

Tənbəllik etməyib satıcıların gileyləndiyi iri mağazalardakı qiymətlərlə də tanış olduq. Təbii olaraq çeşid çoxluğu o dəqiqə hiss olunur. Çeşid çox olduğu üçün mağazalarda istənilən qiymətə çanta (10-18manat) da tapmaq mümkündür. Ən baha çanta 80-85 manat aralığında dəyişir. Təbii ki, bu dəfə keyfiyyət dedikdə o qədər də yanılmarıq… Nisbətən bahalı çantaların ölçüləri böyükdür və materialında da ciddi fərq var. Çantaların böyük əksəriyyəti Çin istehsalıdır. Valideynlər şikayət edir ki, kəskin qoxudan çantanın ağzını açmaq mümkün olmur.

Alıcı Rəna xanım: “Çantalar çox bahadı. Hələ bir qızım da var, 8-ci sinfə gedəcək. Onun xərcləri bundan da çoxdur. Məcburam nisbətən ucuz alış-veriş edəm ki, pulum çatsın”.

Burda isə su qabları 3 manatdan başlasa da, qələm, karandaş, qələm yonanlar demək olar ki, yarmarkalardakı qiymətlərlə eyni idi.

Dəftərlərin qiyməti isə 1-2 qəpik də olsa, baha idi:

12 vərəqli dəftərlər -11 qəpik,

20 vərəqli dəftərlər – 27 qəpik,

24 vərəqlilər – 36 qəpik,

40 vərəqlilər – 35 qəpik,

50 vərəqlilər – 1.15 manat,

80 vərəqlilər isə 1.85 manata.

Ümumilikdə isə bir uşağın məktəbə getməsi üçün zəruri geyim və məktəb ləvazimatlarının alınması orta hesabla 170-200 manata başa gəlir.

Xatırladaq ki, Bakı Tikiş Evinin satış şöbəsinin rəisi Etibar Əzimov mətbuata açıqlamasında məktəbli formasının qiymətlərində heç bir artımın nəzərdə tutulmadığını demişdi. O bildirmişdi ki, Bakı Tikiş Evində ibtidai siniflər (I-VI siniflər) üçün nəzərdə tutulan 26-44 ölçülü məktəbli formalarının qiyməti 40, yuxarı ölçülər isə 46, 26-54 ölçülü bütün köynəklərin qiyməti 8, məktəblilər üçün nəzərdə tutulan jiletlər də ölçüsündən asılı olmayaraq 8 manata satılır. Keyfiyyət dərəcəsinin yüksək olduğunu deyən qurum rəsmisi köynəklərin tikilməsində istifadə edilən pambıq parçaların Türkiyədən gətirildiyini deyib. (Publika.az)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir