mekteb

Məktəblinin dostu kimdir?

Baxış sayı: 522

Yarandığı gündən “Təhlükəsiz məktəb, arxayın valideyn” devizi altında fəaliyyətə başlayan layihənin coğrafiyası daha da genişlənib. İndi bu layihə 226 məktəbdə həyata keçirilir. Ümumilikdə 400 nəfər əməkdaş ümumtəhsil məktəblərində tədrisin təşkili prosesində iştirak edir. Söhbət 2016-cı ildən məktəblərdə tədrisin təşkili prosesində tətbiq olunan “Məktəblinin dostu” layihəsindən gedir. Məramı xoş, məqsədi aydın olan bu layihə nədənsə pedaqoji ictimaiyyət arasında elə də xoş qarşılanmır. Layihə ilə bağlı narazılıqlar son günlər diqqətçəkən qədər artmaqda davam edir. Məktəblərdə sanki iki cəbhə yaranıb. Onlardan biri sözügedən layihəni dəstəkləyir, digəri isə onun müəllimlər və şagirdlər arasında problem yaratdığını söyləyir.

Müəllim Məhsəti Dadaşova deyir ki, o, “məktəblinin dostlarına” qarşı deyil: “Amma əgər bunlar məktəblinin “dostlarıdır”sa, bəs onda məktəblinin düşmənləri kimlərdir? Belə çıxır ki, müəllimlər? Demək ki, dostlar şagirdləri düşmənlərdən qoruyur? Bəlkə oyunbazlıqların əvəzinə, düzgün yol budur ki, hər məktəbdə hər kəs öz işinin öhdəsindən düzgün gəlməlidir, məktəbdə peşəkar psixoloqlar şagirdlərlə söhbətlər aparmalıdır, sinif rəhbərlərinin maaşı artırılmalıdır”.

Müəllim Abduləhəd Qəhrəmanov isə hesab edir ki, məktəblinin yeganə dostu, bilik verəni və tərbiyəçisi yalnız və yalnız siravi müəllimlərdir: “Onlar istəsələr, uşağı işıqlı gələcəyə, istəsələr, qaranlıq zülmətə apararlar”.

İlhamə Əsədova, müəllim: “Məktəblinin dostu” layihəsində neçə pedaqoji universitetlərin məzunu var? Əminəm ki, barmaqla sayılacaq qədər. Qeyri-ixtisaslı mütəxəssislərin pedaqoji heyətə nəzarətçi, yaxud məktəblilərə dost olması absurddur. O adamlara pedaqoji sahə maraqlı olsaydı, pedaqoji unuversitetləri oxuyardılar”.

Gülbəniz Valehova, müəllim: “Bir müəllim kimi onlar mənə heç bir kömək etmirlər. Mən həmişəki kimi dərslərimi keçirəm. Ümumiyyətlə, “Məktəblinin dostları” nəyə lazımdır? – mənə çatmır. Mənə elə gəlir ki, şagirdlərə müəllimlərdən başqa elə hamı dostdur. Məktəblinin dostu məktəblini kimdən qoruyur, bilmirəm. Onlara çəkilən xərci, onlara verilən əməkhaqqını təhsilin başqa sahələrinə ayırsalar, daha məqsədəuyğun olar”.

Solmaz Məmmədova, müəllim: “Məktəblinin dostu” layihəsinin müsbət və mənfi tərəfləri var. Onların məktəbdə olması bir tərəfdən yaxşı, digər tərəfdən pisdir. Onlar yeni gələndə sanki müəllimləri izləyirdilər. Bu da müəllimlərin xoşuna gəlmirdi. Müəllimin üzərində hökmranlıq edən elə bil azmış kimi, indi də onlar da gəldi. Digər tərəfdən, məktəb daxilində olan xırda məsələlərin xəbərsiz ictimailəşdirilməsi, paylaşılması müəllimin, məktəbin nüfuzuna xələl gətirir. Tədris prosesində problemlər yaradır. Lakin bəzi məktəblərdə məktəblinin dostları öz hüquq və vəzifələrini yaxşı bilir. Şagirdlərə dəstək olurlar, onları dərslərə çatdırırlar. Hər məktəbdə yanaşmalar fərqlidir. Ona görə də bəzi yerlərdə narazılıqlar yaranır”.

Pedaqoji sahədə çalışanların bir qrupu isə sözügedən layihə haqqında müsbət fikirdədir. Müəllimlər hesab edirlər ki, layihə ötən zaman ərzində tədrisin inkişafına töhfə verə bilib.

Nihad Novruzlu, müəllim: “Məktəblinin dostu” layihəsi çox gözəl layihədir. Şəxsən mən özüm həmin layihədə işləyən işçilərin şagirdlərlə necə mədəni davrandıqlarının, şagirdlərin məktəblinin dostlarını gördükdə necə sevindiklərinin şahidi olmuşam. Bu layihənin davam etməsi bizim məktəb üçün çox əhəmiyyətlidir. Yeniliklər heç zaman kütlə tərəfindən asanlıqla qəbul olunmadığı və öyrənilmiş davranış tərzlərini insanlarımız dəyişməyə meyilli olmadıqları üçün mənfi hansısa sözlərin söylənilməsi normaldır. Ancaq bu, heç də o demək deyil ki, layihə işə yaramır. İstər “Məktəblinin dostu” layihəsinin həyata keçirilməsinə, istərsə də Təhsil Nazirliyi tərəfindən irəli sürülən yeniliklərə açıq olmaq lazımdır”.

Sevda Alışova müəllim: “Məktəblinin dostları artıq bir neçə gündür, bizim məktəbdə də fəaliyyətə başlayıb. Kim bu şəxslərdən narazılıq edir edirsə, demək, öz işlərində nəsə problem var. Onlar məktəb rəhbərliyinə, müəllimlərə dəstəkdirlər”.

Maraqlıdır, görəsən, ekspertlərin bu mövzuda fikirləri necədir? Məktəbdə kifayət qədər müəllim-işçi heyəti olduğu halda məktəblinin dostlarına da ehtiyac varmı?

Təhsil eksperti Kamran Əsədov deyir ki, burada əsas hədəf məktəb-təhsilalan-valideyn üçbucağının tərəfləri arasında üfüqi ünsiyyətin qurulması və hədəf olaraq təhsil alana ahəngdar özünü gerçəkləşdirmə imkanları yaratmaqdır: “Əslində düşünürəm ki, hətta bu layihə bir az gecikmiş layihədir. Azərbaycanda təhsil müəssisələri ənənəvi idarəetmədən yeni idarəetməyə keçib. Biz görmüşük ki, məktəb idarəçiliyi – direktor, direktor müavini, sinif rəhbərləri vasitəsilə həyata keçirilir. Amma bu sadaladığımız şəxslər birbaşa tədris prosesinin iştirakçısı olduğu üçün şagirdlərlə geniş şəkildə fəaliyyət göstərmək imkanına malik deyillər. Yəni sinif rəhbəri və yaxud da direktor müavini aktiv tədris prosesinin iştirakçısı olduğuna görə şagirdlərin bu və ya digər ehtiyacları, asudə vaxtlarının dəyərləndirilməsi ilə bağlı fəaliyyət göstərə bilmirlər. Orta məktəblərdə hər bir məktəbli ilə ayrı-ayrılıqda onların problemləri, sıxıntıları ilə bağlı işlər güclü şəkildə həyata keçirilə bilmirdi. Amma “Məktəblinin dostu” vəzifəsini yerinə yetirən şəxs tədris prosesinin iştirakçısı olmadığı üçün birbaşa məktəbdə sosial fəaliyyəti həyata keçirirlər. Məsələn, məktəblər arasında yarışlar keçirilir və yaxud məktəbdə neqativ halların aradan qaldırılmasında onlar müstəsna rola malikdirlər. Mənim araşdırmalarıma görə, məhz “Məktəblini dostu” layihəsi tətbiq olunan məktəblərdə şagirdlər arasında siqaret çəkmə halları 80 faizədək azalıb. Həmçinin, məktəbə kənar şəxslərin daxil olmasının qarşısı alınıb”.

Ekspertin sözlərinə görə, belə layihələr bir çox ölkələrdə də var: “Məsələn, qardaş Türkiyədə,  Gürcüstanda uzun müddətdir ki, fəaliyyət göstərir. Bunu ölkəmizdə tətbiq olunması müsbət haldır. Məktəblinin dostu olan şəxs tədris prosesinin iştirakçısı olmadığı üçün məktəbdə bilik və idman yarışlarının, sosial fəaliyyətin həyata keçirilməsində yaxından iştirak edir”.

Qeyd edək ki, “Məktəblinin dostu” layihəsi Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na əsasən, təhsilin idarəedilməsinin təkmilləşdirilməsi, valideynlərin ümumi təhsil müəssisələrinin həyatında daha yaxından iştirakı məqsədilə Təhsil Nazirliyi ilə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə tərəfdaşlığı əsasında yaradılıb. Layihənin məqsədi təhsilalanların təhlükəsiz və harmonik inkişafını təmin edən təhsil mühitinin formalaşdırılmasıdır. Həmçinin, layihə çərçivəsində dövlət ümumi təhsil müəssisələrində tədris prosesinin sağlam, təhlükəsiz və əlverişli psixoloji mühitdə təşkil edilməsi, təhsilalanların hüquqazidd hərəkətlərdən qorunması, valideynlərdə övladlarının təhsil şəraiti barədə məlumatlılığının və məmnunluğunun artırılması və s. məsələlər nəzərdə tutulub.

 

Dilşad Xaqaniqızı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir