ders

“Məktəblinin dostu” kimin dostu olmalıdır?

Baxış sayı: 533

Bakıda 9 saylı məktəbdə direktorun şagirdi döyməsini əks etdirən video görüntüləri üzə çıxardan “Məktəblinin dostu” müəllim və direktorlar tərəfindən hədəfə alınıb. Sosial platformada müəllimlər “Məktəblinin dostu”nun məktəblərdə hər işə qarışdığını, müəllimlərin maska taxıb-taxmadığına belə nəzarət etdiyindən şikayətlənirlər. Onlar “Məktəblinin dostu” nu hətta məktəbin, müəllimin düşməni kimi qələmə verməkdən çəkinmirlər.

Bəs görəsən neçə illərdir məktəblərdə fəaliyyət göstərən “Məktəblinin dostu” kimdir? Onun məktəbin hansı işlərinə müdaxilə etməyə səlahiyyəti var? Bu Təhsil Forumlarında da müəllimlər tərəfindən ünvanlanan sual olduğundan, “Məktəblinin dostu” kimdir sualına aydınlıq gətirməyə çalışdıq.

 

” “Məktəblinin dostu” məktəbin dostu olmalıdır”

Təhsil üzrə ekspert İlqar Orucov bildirir ki, “Məktəblinin dostu” nun məktəbdə baş verənləri ictimailəşdirməsini bunu düzgün saymır. O, bildirir ki, “Məktəblinin dostu” məktəbin dostu olmalıdır:

“Düşünürəm ki, bu videonu “Məktəblinin dostu” nun yayması düzgün addım deyil. Bunu yaymaqla müəllimi gülüş hədəfinə çevirmək, aşağılamaq olmaz. “Məktəblinin dostu” bu videonu göndərərdi Təhsil Nazirliyinə. Niyə yayırdı? “Məktəblinin dostu” məktəbdə nizam-intizamı pozan, tərbiyəsiz davranış sərgiləyən şagirdləri də çəkib göstərsin. Bəyəm bizi məktəbdə danlamayıblar, döyməyiblər? Yoxsa bizim valideynlərimiz valideyn olmayıb?”

Ekspert qeyd edir ki, onların dövründə müəllim adı çox müqəddəs idi. Hər kəs müəllimə hörmət edirdi:

“Müəllimi, məktəbi bu qədər nüfuzdan salmaq olmaz. Müəllim, məktəb rəhbərliyi o şagirdləri pis yoldan çəkindirib təhsilə cəlb edir. Onların gələcəyi üçün danlayır”.

İ.Orucovun sözlərinə görə, məktəblə bağlı bu cür videoların yayılması məktəbin də imicinə mənfi təsir göstərir.

 

Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova bildirir ki, “Məktəblinin dostu” çox gözəl layihədir: “Bizim hər birimiz ASAN Xidmətin xidmətlərindən yararlanırıq. Biz fikirləşirik ki, ASAN Xidmət bu günə qədər yaradılmış ən gözəl layihəsidir. Biz “Məktəblinin dostu”nun daha necə yaxşı olması barədə fikirləşə bilərik”.

 

“Məktəblinin dostu”nun adı üstündədir

G. Səfərova deyir ki, bu videonun yayılmasına “Məktəblinin dostu”nun günahı kimi baxmaq olmaz:

” “Məktəblinin dostu” bulinq məsələlərində məktəbliyə dəstək göstərir. “Məktəblinin dostu”nun adı üstündədir. O, əlbəttə ki, məktəblinin yanında olmalıdır. Əgər məktəbdə hər hansı şiddət faktı, bulinq varsa “Məktəblinin dostu”susursa bu tənqid olunmalıdır. Uşaq hüquqları müdafiə olunmalıdır”.

Səfərovanın sözlərinə görə, burada söhbət uşağın hüququnu qoruyub müəllimin hüququnun tapdanmasından getmir: “Belə çıxır ki, “Məktəblinin dostu” olmasa o şiddət davam edəcəkdi. “Məktəblinin dostu”nu o videonun yayılmasına görə qınamaq yersizdir. Bizim hər birimiz bu cür şiddətə qarşı çıxdı”.

Şura sədrinin sözlərinə görə, Təhsil Nazirliyinə də bu problemin aradan qaldırılmasında dəstək olub: “Nazir sağ olsun ki, problem varsa, onun həllinə dəstək göstərir. Rəhbər şəxsin belə bir iradəsinin olması çox yaxşıdır. Problem varsa, Nazirlik onu ört-basdır etmir, əksinə həllinə çalışır”.

 

Bu dostun məqsədi nədir?

Təhsil Nazirliyindən sorğumuza cavabda bildirdilər ki, “Məktəblinin dostu” təhlükəsiz məktəb, arxayın valideyn prinsipinə əsaslanıb. 226 ümumi təhsil müəssisəsində həyata keçirilən “Məktəblinin Dostu” layihəsi bu gün də uğurla davam etdirilir:

“Bakı şəhəri üzrə 186, Abşeronda 20, Sumqayıtda 20 təhsil müəssisəsində olmaqla, ümumilikdə 226 müəssisədə fəaliyyət göstərir. 400 minə yaxın şagirdi əhatə edən layihə üzrə hazırda 400 əməkdaş çalışır. Layihə yaranan gündən Psixoloji Mərkəz fəaliyyət göstərir. Məqsəd müxtəlif yaş qrupunda olan şagirdlərə, onların valideynlərinə, həmçinin müəllimlərə ehtiyac olduğu təqdirdə psixoloji dəstəyin verilməsidir. Bu dəstək həm məktəbdə, həm də Psixoloji Mərkəzdə həyata keçirilir”.

ders

Pandemiya dövründə “Məktəblinin Dostu” nun vəzifəsi

O ki, qaldı “Məktəblinin dostu”nun məktəbdə müəllimlərin maskadan istifadə etməməsinə nəzarətinə, Nazirliyin açıqlamasında deyilir:

“”Məktəblinin dostu” tərəfindən pandemiya şəraitində ənənəvi təhsilin davam etdiyi dövrdə ümumi təhsil müəssisələrində sosial məsafənin gözlənilməsi, hərarətin ölçülməsi, qaydaların düzgün tətbiq olunmasına nəzarət edilib. 226 məktəbdə “COVID-19” pandemiyası ilə bağlı mütəmadi maarifləndirmə işləri aparılıb.

Şagirdlərin inkişafına yardım məqsədilə davamlı olaraq təlim sessiyaları, 2 növbəli “Yay məktəbi”, asudə vaxtın səmərəli təşkili üçün ekskursiyalar, məktəblərarası turnir və müsabiqələr, məktəbdaxili intellektual təşəbbüs və sosial məsuliyyət çərçivəsində çoxsaylı fəaliyyət icra olunur”.

Nazirlik həmçinin qeyd edib ki, layihənin əsas məqsədi müəllim və şagirdlər üçün məktəbdə təhlükəsiz mühit yaratmaq, fövqəladə hal baş verdikdə ilkin tibbi və psixoloji yardım göstərməkdir:

“”Məktəblinin dostu” seçilmiş şəxslər hər bir yaş mərhələsində uşaqların hərtərəfli şəxsi keyfiyyətlərinin və intellektual inkişafının təmin edilməsi, onlarda özünütərbiyə və özünüinkişaf bacarığının formalaşdırılmasında iştirak edirlər”.

 

Kimlər “Məktəblinin Dostu” seçilir?

Məktəblinin dostu”nun işə qəbul mexanizminə gəldikdə isə nazirlikdən bildirdilər ki, vakansiya elan olunduqda yaşı 21-30 aralığında olan, Azərbaycan Respublikasının vətəndaşı istənilən ali təhsilli şəxs “məktəblinin dostu” olmaq üçün müraciət edə bilər.

Qeyd edək ki, “Məktəblinin dostu” layihəsi 2016-cı ilin dekabr ayından fəaliyyətə başlayıb.

 

Zülfiyyə Quliyeva




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir