Melahet Abbasova

Məlahət Abbasova: “Bir ara yazırdılar ki, guya demişəm mən məntiq evliliyi etmişəm” – MÜSAHİBƏ

Baxış sayı: 1. 613

Türkiyədə yaşayan məşhur azərbaycanlı sənətçi, İstanbul Bələdiyyə teatrının aktrisası və rejissoru, əməkdar incəsənət xadimi Məlahət Abbasova Ailem.az-ın suallarını cavablandırıb. “Gencaile.az” həmin müsahibəni təqdim edir:

 

Sizinlə İstanbulda görüşürük. Bir az əvvəl İstanbul Bələdiyyə Teatrında da olduq. Teatrda gərgin iş qrafikiniz olduğunu gördüm.

– İstanbul Bələdiyyə Teatrı Avropa və Asiyanın ən böyük teatrlarından biri hesab olunur. 7 səhnəmiz, minə yaxın əməkdaşımız var. Əlbəttə ki, belə bir qurumun rəhbərliyinə gətirilmək böyük bir məsuliyyətdir. Yaxın vaxtlarda Hüseyn Cavidin “İblis” tamaşası təqdim olunacaq. Hazırlıqlar uzun müddət davam etdi. Bu əsəri səhnələşdirmək məsuliyyətli işdir. Cavidin dili çox çətindir. Ona görə də bu işin üzərində həddən artıq diqqətlə işləyirik. Çünki o ideya türk tamaşaçısına düzgün çatdırılmalıdır. Tamaşamızın baş məsləhətçisi Sona Vəliyevadır. O da məsləhət verdi ki, gec olsun, amma yaxşı olsun.

 

Teatrda olanda öyrəndim ki, tamaşanın aktyorlarını da siz özünüz seçmisiniz və Türkiyədə kifayət qədər tanınan insanlardır.

– Bəli. Tamaşa üzərində 40-50 nəfərlik heyət işləyir. Bu əsərin məsuliyyətinin bütün yaradıcı heyətin hiss etməsini istəyirəm. Çünki “İblis” Türkiyə-Azərbaycan adına çox böyük işdir. Azərbaycanın İstanbuldakı baş konsulu Məsim Hacıyev, Türk Mədəniyyəti və İrsi Fondunun başçısı Günay Əfəndiyeva bu tamaşa ilə yaxından maraqlanır. Üzərimdə çox böyük məsuliyyət hiss etdiyim üçün ciddi yaradıcı və texniki heyətlə işləyirəm.

 

Türkiyə kimi böyük, xüsusilə yaradıcı rəqabətin çox olduğu ölkədə bir azərbaycanlı xanımın uğur qazanması çətin deyil?

– Bu yerə gəlmək asan deyildi əlbəttə. Əvvəllər mən teatra girəndə “bu, azərbaycanlıdır, türkcə də bilmir, bunu niyə teatra qəbul ediblər?!” deyənlər oldu. Amma Türkiyə fərqli bir ölkədir. Burada yüksək yerlərə gəlmək üçün özünü göstərməlisən. Türkiyədə onun tanışıdır, bunun sevgilisidir, onun dayısı, xalası, bibisidir kimi məsələlər yoxdur. Burada gücün varsa, özünü göstərə bilirsənsə, sənə hər cür dəstək verilir. Bəlkə teatra gələndə “bu niyə bizim teatra gəldi?” deyənlər də oldu. Onlar da haqlıydılar. Çünki teatr danışıq sənətidir və mən dünyanın ən böyük teatrlarından birinə işə girirdim. Həmin insanlar bu gün mənimlə çalışmaq, tamaşalarımda oynamaq istəyirlər. Teatrda məni çox sevirlər, hörmət edirlər. Onlar da hara getsələr, “bizim teatrın bir azəri sənətçisi var” deyib hər yerdə mənimlə qürur duyurlar.

İndiyədək 5-dək tamaşa qoymuşam. Elçinin “Şekspir” tamaşası teatra 10 mükafat qazandırdı və həmin tamaşaya görə mən “İlin ən yaxşı rejissoru” seçildim. Mən teatra gələndə repertuarda bir dənə də Azərbaycan əsəri yox idi. İlk olaraq Bəxtiyar Vahabzadənin “İkinci səs” əsrini təqdim etdim. Sonra isə digər 4 Azərbaycan əsərini səhnələşdirdim. Gələcək planlarımda Cəlil Məmmədquluzadənin “Ölülər” və “Dəli yığıncağı” əsərlərini repertuara salmaq var. Nə qədər ki, mən Türkiyə teatrındayam repertuarda Azərbaycan əsərləri olacaq.

 

Diqqət edirəm, Azərbaycanda və Türkiyədə hamı siz çox istəyir. Türkiyəyə gələn istənilən azərbaycanlı sizinlə görüşür.

– İstanbula gələn demək olar ki, bütün azərbaycanlılar məni axtarır. Teatra gəlirlər, məni görmək istəyirlər. Düzünü deyim ki, məni niyə çox sevdiklərinin sirrini bilmirəm (gülür). Bəlkə də səmimi və sosial insanam ona görə. Mən ilk gördüyüm insanla da sanki 40 ilin tanışıyıq kimi davranıram. Heç bir zaman özümü yüksəkdən aparmıram.

 

Yəqin elə bu səmimiyyətinizlə də 26 il əvvəl bir türk oğlanın qəlbini fəth etmisiniz.

– Onunla ilk görüşdə çox danışmışdım. Mən danışdıqca o da mənə heyran-heyran baxırdı (gülür). Türkcə diksiyam da zəif idi. Ona da bu, çox maraqlı gəlib. İçimə qapanan insan deyiləm. Məsələn, problemimi heç kəsə demərəm. Heç kim bilməz, burada hansı problemləri yaşamışam. Hər şeyi özüm öz içimdə həll edirəm. Türkiyə məni o mənada çox güclü etdi. Bəzən məndən soruşurlar ki, Türkiyə, yoxsa Azərbaycan? Azərbaycanda olsaydım, bəlkə də bugünkü Məlahət Abbasova olmazdım. Türkiyədə yaşanan çətinliklər insanı güclü şəxsiyyət edir. Əslində ən güclü şəxsiyyətlərin arxasında həyatda yaşadıqları çətinliklər durur. O çətinliklər içərisində ya insan itir, ya da güclü iradəyə sahibdirsə, daha da irəli gedər. Əgər yıxılmayıb ayaqda qalırsansa, sən burada hər şeyi edəcəksən. Məlahət Abbasova, “Sən həmişə mənimləsən” tamaşası var idi. Amma mən yox olub, itib-bata da bilərdim. Lakin indi İstanbulun ən böyük teatrında işləyən yeganə azərbaycanlıyam.

 

Həm sənətdə, həm ailədə uğurlu qadın olmaq asan deyil. Bunu da bacardınız.

– Mənə elə gəlir ki, ağıllı qadın çalışdığı işdən asılı olmayaraq evinin xanımı da, yaxşı ana da, yaxşı iş qadını da ola bilər. Bu, sənin həyatını proqramlaşdırmağınla bağlıdır. Mən teatra üstünlük verib ailəmi kənara atmamışam, ya da əksinə. Mən bilirəm ki, axşama yeməyim yoxdursa, tamaşadan çıxıb gedib, evdə yemək bişirmişəm. Proqramlı şəkildə yaşayan insanın çətinliyi olmaz. Həyat yoldaşımın ailəsinin də mənə çox böyük dəstəyi var. Onlara həyatımın sonuna qədər minnətdaram. Çünki mənim övladlarımın arxasında dağ kimi dururlar. Məsələn, çəkilişlərdə olanda, harasa gedəndə, İstanbuldan kənarda olanda onlar həftələrlə mənə dayaq olublar. Heç bir zaman mənim yoxluğumu hiss etdirməyiblar. Qayınanam mənim uşaqlarıma daha yaxşı baxır. O, mənim başımın tacıdır, evimizin dirəyidir, mənim əlim-ayağım odur. Onun yoxluğunu heç düşünə bilmirəm. Mənə anamdan daha çox əziyyət çəkib. Həyat yoldaşımın ailəsinin də yanımda olmağı mənim üçün çox böyük şansdır. Onların köməyi sayəsində işimi, ailəmi, uşaqlarımı bir arada tuta bilmişəm.

 

Etiraf edək ki, Azərbaycanda qayınana fəxrlə “mənim gəlinim aktrisadır” deməz. Əgər onun gəlini həm universitetdə dərs deyirsə, həm də aktrisadırsa, deyəcək ki, gəlinim müəllimədir.  

– Türkiyədə əksinə, bununla fəxr edirlər. Qayınanam tamaşalarıma gəlib qürurla baxır. Siz dediyiniz bizim mentalitetlə bağlıdır. Elə sadə şeylərdən problemlər çıxır ki, özüm də məəttəl qalıram. 26 ildir Türkiyədə yaşayıram. Artıq özümdən asılı olmayaraq türk kimi düşünürəm. Məsələn, gedirəm Bakıya, söhbət edirik, o söhbətə türk düşüncəsi ilə reaksiya verirəm. Bir də görürəm anam gəlib deyir, ay bala, atan xəbər yolladı ki, bura Türkiyə deyil, bir az danışıqlarına fikir versin. Mən də soruşuram ki, axı mən nə dedim? (gülür).

MAA

Sizə elə gəlmirmi ki, ən böyük uğurunuz türk vətəndaşı ilə ailə qurub buraya köçməyiniz oldu?

– Mən onunla ailə quranda hesab-kitab etmədim. Bir ara yazırdılar ki, guya demişəm mən məntiq evliliyi etmişəm. Amma elə deyil. 24 yaşımda ailə qurdum. 24 yaşında bir qız 17 yaşlı qız kimi fikirləşmir. Mən sadəcə düşündüm ki, yaxşı oğlandır, müasirdir, sənətə yaxşı baxır. Lakin mən Türkiyəyə gələndə tamamilə sənətdən ayrılmışdım və davam etdirmək fikrində deyildim. Uğurum o oldu ki, həyat yoldaşım mənim fikirlərimi alt-üst etmədi. Türkiyəyə gələndən sonra məhz o, sənətimi davam etdirməyimi istədi. Mən ailə quranda teatrda işləmək, məşhur olmaq kimi planlar qurmamışdım. Sadəcə Türkiyədə bəyəndiyim bir oğlanla ailə qurdum. Düzdür, hər şey tam əksinə də ola bilərdi. Mən bu gün sənətimi davam etdirirəmsə, bu, həyat yoldaşım və ailəsinin istəyi ilə oldu.

 

Yeri gəlmişkən, evdə mətbəxə nə qədər vaxt ayırırsınız? Ən çox Azərbaycan, yoxsa türk yeməkləri bişirirsiniz?

– Türk yeməkləri. Uşaqlarım yemək baxımından kaprizlidir. Azərbaycan yeməklərindən dolma eyni olduğu üçün çox bişirirəm. Amma, məsələn küftə-bozbaş bişirə bilmirəm. Çünki bunlarda küftə balaca olur, bizdə isə böyük. Böyük küftələri yeyə bilmirlər. Düzdür, mənim də günahım var, gərək uşaqlıqdan onları Azərbaycan yeməklərinə alışdıraydım. Amma qızım bizim mətbəxi sevir. Evimizdən heç bir zaman yemək əskik olmur. Həmişə də özüm bişirirəm. Gecə saat 2-də də evə gəlsəm, yemək yoxdursa, mütləq bişirməliyəm. Həm də yemək bişirməyi çox sevirəm.

 

Bəzən düşünürsünüz ki, qızımı azərbaycanlı oğlana ərə verim və ya oğlum azəri qızla ailə qursun?

– Mənim üçün heç bir fərqi yoxdur. Təki qarşılarına yaxşı insanlar çıxsın. Həm də onların ailə qurmaq məsələlərinə heç vaxt qarışmaram. Özüm inqilab etdiyim üçün onları da sərbəst buraxacam (gülür). Həyat yoldaşım qayınanama deyəndə ki, mən bir azəri aktrisanı bəyənirəm, anası həmin an mənimlə tanış olmaq istəyib. Bəlkə də ürəyimin dəriliyində oğlumun azərbaycanlı qızla evlənməsini istərdim, amma yenə də bu seçimi onun öhdəsinə buraxıram. Oğlumun 22 yaşı var, sözarası deyirəm ki, sənə azərbaycanlı qız alacam, o da gülür.

 

Gərgin iş qrafikində özünüzə nə qədər vaxt ayırırsınız?

– Özümə heç vaxt ayıra bilmirəm. Sadəcə iş ev-ev iş. İndi siz gəlmisiniz, mənim üçün istirahət etməyə bir səbəb oldu. Çünki çox gərgin işləyirəm. Çəkilişlər, teatr, seriallar… Teatrda işim bitir, maşına minib evə gəlirəm, saat 5-də qızım, sonra oğlum məktəbdən gəlir, onlara yemək hazırlamalıyam. Sırf özümə vaxt ayırmıram. Sadəcə yay tətilini, dincəlməyi gözləyirəm.

 

Aktrisalar həm də daim formada olmalıdırlar. Bu baxımdan idman edir, pəhriz saxlayırsınızmı?

– İdmana vaxtım yoxdur, amma pəhriz saxlamağa çalışıram. Kosmetoloqa da getməyə vaxtım olmur. Yalnız ev şəraitində üz dərimə qulluq edirəm. Evə gələn kimi üzümü  mütləq təmizləyirəm, maskalar edirəm. Dərinin gözəl olması yaxşı qidalanmaqdan da asılıdır. Mən bu baxımdan qidalanmağıma fikir verirəm. Süd, qatığı çox sevirəm, bu məhsullar da cildə çox yaxşı təsir edir. Çox su içirəm. Dərinin nəmlənməsi üçün bu, vacibdir. Çünki yaş artdıqca dəri sallanır. Amma yaşıma görə yaxşı vəziyyətdəyəm. Dərim üçün ən yaxşı markaların kosmetik vasitələrindən istifadə edirəm.

 

Həqiqətən də sanki illər sizin üzərinizdən təsirsiz ötüb keçir. Gözləriniz heç dəyişmir.

– Bu, həm də insanın ruh halı ilə bağlıdır. Hər zaman pozitiv olmaq lazımdır. Mən neqativ insanlardan sıxılıram. Hətta Facebookda yazmışdım ki, həyatınızda edəcəyiniz ən böyük yaxşılıq neqativ insanlardan uzaq durmaqdır. Motivasiyanız mütləq yüksək olmalıdır. Deyə bilərsiniz ki, insanların pul, iş və başqa sıxıntıları var. O problemləri mən də yaşamışam. Amma özüm daxildən şən, nəşəli insanam, heç nəyi faciə etmirəm. Mənim yaşadığım problemləri, təkbaşına Türkiyəyə gəlib özümü ifadə etməyim üçün hansı çətinlikləri yaşadığımı heç kim bilə bilməz. Mənə biri çətinliklərdən danışanda deyirəm ki, nə yaşamısan axı? Türkiyəyə gələndə məni heç kim tanımırdı. Amma bu gün Türkiyənin ən böyük teatrında işləyirəm, rəhbərliyində təmsil olunuram. Məni heç kim oradan gətirib bura qoymadı. Mərhələlər keçdim – dişimlə dırnağımla. Problemlər, çətinliklər də yaşamışam, hər cür sıxıntılarım da olub, istər maddi, istər mənəvi. Lakin bunu heç kimə deməmişəm. Hətta ailəmin belə, burada nələr çəkdiyimdən xəbəri olmayıb. Çünki mənə aid olan şeyləri kiməsə açıb-tökməyi sevmirəm. Ona görə bayaq dedim ki, Türkiyə məni güclü etdi. Təkbaşına özüm-özümlə mübarizə apardım. Amma bu, mənim içimdəki pozitivliyi yox etmədi.

 

Aktrisaların çoxu üzlərində estetik-plastik müdaxilələr etdirir. Deyəsən, siz hələ etdirməmisiniz.

– Düzdür, heç nə etdirməmişəm. Amma etdirənlərə də pis baxmıram. Çünki hər qadın gözəl görünmək istəyir. Yaşlandıqca hər dəfə güzgüyə baxanda gəncliyini görmək istəyirsən. Estetik əməliyyatlardan ümumiyyətlə qorxuram. Bilmirəm, bəlkə bir gün etdirdim. Ancaq mən təbiiliyi sevirəm. Düzdür, ana olduqdan sonra qadınların metabolizması pozulur, istər-istəməz artıq çəki alırsan, həm də biz millət olaraq da kökəlməyə meylliyik. Amma artıq çəkim hələ mənim aktrisalığıma təsir etməyib. Tam əksinə, artıq çəkimə görə rollar almışam. Məsələn, “Min bir gecə” serialında məhz artıq çəkimə görə mənə rol verdilər.

 

– Türkiyədə aktrisalar nə qədər baxımlıdırlar?

– Teatr aktyorları çox baxımlı deyillər. Çünki teatr aktyorları daha çox jest və mimikalardan istifadə edirlər. Məsələn, onlar mimik qırışlarını yığışdırmazlar, qaşlarını qaldırmazlar. Mimikalarının dəyişməməsinə çalışırlar. Düzdür, estetik-plastik müdaxilələr etdirmək olar, amma təbii görünüşü qoruyub saxlamaq şərtilə. Bu gün Hollivudun bütün ulduzları plastik əməliyyat etdiriblər. Amma hiss olunmur.

 

– Maraqlıdır, Türkiyədə, çalışdığınız sahədə sizə qarşı qıcqanclıq hiss etmisiniz?

– Çox. Bunları yaşamışam da, üzülmüşəm də, depressiyaya da düşmüşəm. Hələ zarafatla üzümə deyənlər var ki, “sən də ordan buraya gəldin, maşallahın var”. Türkiyə 80 milyon əhalisi olan ölkədir. Bu xalqın bir böyük teatrı var. O teatrın rəhbərliyinə də bir azərbaycanlı gətirilib. Onlar üçün bilirsiniz də bu nə deməkdir? Əlbəttə, deyən olacaq “niyə özümüzdən biri deyil, Məlahət Abbasovadır? Buna bax, biz çəkilmirik, amma Məlahət Abbasova hər il seriala çəkilir”. Üzümə də deyirlər. Amma mən onları ciddiyə almıram, gülürəm. Uğurun təməlində hər zaman qısanclıqlar durur. Əgər bu günə gəlib çatmışamsa, məni qısqanan insanlara təşəkkür edirəm.

 

Sizcə, Azərbaycanda olsaydınız, indi harada idiniz?

– Yəqin sadəcə aktrisa olardım, ya da sənəti atıb evimin xanımı olacaqdım. Özüm də hərdən özümdən soruşuram ki, mən Bakıda qalsaydım, bütün bunları edə bilərdimmi?  Yox. Mən Bakıda böyümüşəm, heç bir zaman azərbaycanlı olduğumu unutmuram, bunu işlərimdən də görmək olar. Yaradıcılığımın 90 faizi Türkiyədə Azərbaycan ədəbiyyatını tanıtmaqdır. Bu, Azərbaycana, xalqıma olan sevgimdir. Türkiyə qardaş ölkədir, qardaş ölkədə yaşayıram, uşaqlarımın atası türkdür, uşaqlarım türk vətəndaşıdır. Amma milli duyğularım var, bu, hər zaman məndə ön planda olub. Burada azərbaycanlıların bütün tədbirlərində hər zaman təmənnasız iştirak edirəm, borcumdur. Amma düşünürəm ki, Azərbaycanda olsaydım, bu işlərin heç birini görə bilməzdim.

amma

MA




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir