viktoriya bexem

Məşhurların gözəllik sirləri

Baxış sayı: 908

Ən gözəl və ən cazibədar görünmək hər bir qadının arzusudur. Artıq hər qadın da bilir ki, təkcə kosmetik vasitələrlə gözəlləşmək bəs etmir. Ta qədimlərdən bəri hər bir şahzadə qadının özünəməxsus cazibədarlıq və gözəllik sirri var idi. Hətta gözəllik ritualları dövlət sirri kimi qorunurdu. Onlardan bəziləri unudulub, bəzilərisə bütün dünya qadınlarının “mülkünə” çevrilib. Beləliklə, məşhur qadınların bəzilərinin gözəllik sirlərini təqdim edirik.

Çariça Kleopatra cazibədarlıq problemlərini adi su ilə həll edirmiş. Əfsanəvi çariça hər gün səhərlər gözəl bir vanna qəbul edir, həm də elə belə sadə şəkildə deyil, ətrafında ətirli şamlar yandıraraq, suya ətirli bitki yağları tökərək. Bunları etməklə o, hər gün mənfi enerjisini vannadakı suya atmış olurdu.

Başqa bir şahzadə isə hər gün 2 saatını aynanın qarşısında keçirirmiş. Xəzər şahzadəsi Atex gözəllik vurğunu olduğu üçün günün çox hissəsini özünün aynadakı əksinə baxırmış. O dövrdə kosmetik vasitələrin olmaması şəraitində şahzadə əvvəlcə özünü tərif edər, özünə xoş sözlər söylər, sonra isə makiyaja başlardı.

Həmişə diqqət mərkəzində olan, sevilən məşhurların da öz gözəllik sirləri var. Daim formada qalmaq və gözəl görünmək isə uğurlarının tam yarısıdır. Necə deyərlər, çörəkləri xarici görkəmlərindən çıxır. Daim cavan qalmaq istəyən ulduzlar xəsislik etməyib sirlərini bölüşürlər…

Viktoriya Bekhem makiyaj etmədən öncə dondurulmuş xiyar şirəsi ilə üzünü yuyur, sonra krem çəkir. Hesab edir ki, belə makiyaj daha gözəl qalır.

Seksual aktrisa Ancelina Coli hamının heyran olduğu dolğun dodaqlarını sadə və ucuz bir dodaq qoruyucusu ilə mühafizə edir. Ancelina Coli qazlı suya da tövbəlidir. Aktrisanın fikrincə, qazlı su selülitin əmələ gəlməsinin əsas səbəbidir, ona görə də yaşıl çay məsləhətlidir.

Kira Naytlinin vizajisti qonur gözlü xanımı daha cəlbedici etmək üçün parıltılı, qəhvəyi göz kölgələrindən istifadə edir.

Yeva Lonqoriya isə çox makiyajın əleyhinədir. “Nə qədər az makiyaj edirəmsə, bir o qədər də təravətli görünürəm”, – deyən aktrisanın əsas makiyaj qaydası belədir: qızılı rəngdə olan göz kölgələrini yanaqlarına və çənəsinə yüngülvari çəkir.

Penelopa Kruzun gözəllik sirri: bütün yeməkləri qreypfrut şirəsi ilə qəbul edir, qəndin yerinə isə çayına saxta bal tökür.

Şarliz Teron isə makiyajı silmək üçün uşaq losyonlarından yaralanır. “Dodaqlarım tez-tez quruyur”, – deyən aktrisa bu dərdinin də çarəsini tapıb: “Tərkibində A vitaminli istənilən krem dadıma çatır”.

Demi Mur su içənləri əməlli-başlı qınayır: “Kökəlmənin əsas səbəbi sudur”, – deyən aktrisa su istəyən zaman meyvəli buzlarla kifayətlənməli olur. Deyəsən, heç kimin cəsarəti çatmır aktrisaya desin ki, buz özü də sudur.

Beyonsun manikür ustası müğənniyə bir biclik öyrədib: E vitaminli kapsulu götürüb ehmalca açırsan, sonra həmin məhlulla dırnaqlarını və dərini silirsən. Beləliklə, dərinin quru olmasının qarşısını alıb, parıltılı dırnaqlara sahib olursan.

Cennifer Lopez ayda bir dəfə güc toplayıb qənd və duzdan imtina edir. Bununla da, artıq yağlardan xilas olan xanım özünü sağlam, yüngül hesab edir.

Pamela Anderson isə gözəlliyinə görə heç də plastik əməliyyatlara özünü borclu hesab etmir. Müxtəlif təbii yağlarla bədəninə qulluq edən xanım hesab edir ki, məhz onların sayəsində cavan qalıb.

Katerina Zeta-Cons daha ağ görünməsi üçün dişlərini çiyələk əzməsi ilə fırçalayır.

Məşhur müğənni Britni Spirs isə dodaqlarının canlı və dolğun görünməsi üçün soyuq alüminium alətlə hər axşam onları masaj edir.

Aktrisa Cennifer Eniston dodaqlarını daha canlı və dolğun görünməsi üçün müntəzəm olaraq şəkərli su ilə masaj edir.

Top model Naomi Kempbel sellüliti əngəlləmək üçün gecə yatmazdan öncə ayaqlarına qəhvə sürtüb, sıx bintlə sarıyır.

Kameron Diaz dünyanın məşhur və çox qazanan qadınlarından biridir. O, tək üz gözəlliyi ilə deyil, həm də bədən gözəlliyi ilə də diqqət çəkir. Məşhur aktrisa gözəlliyini qorumaq üçün 2 ayda bir cildini ölü hüceyrələrdən təmizlətdirir. Hər gün tərəvəz, meyvə, protein və az karbohidratla qidalanan aktrisa əsla qatı yağ və çox duzlu, çox şəkərli şeylər yemir: “Həftədə 2-3 dəfə idmanla məşğul oluram, idmanı buraxmaq, bədəni də buraxmaq deməkdir”.

Kameron Diaz həftədə bir dəfə buxar hamamı qəbul edir və ardından bitki yağları ilə bütün vücudunu masaj etdirir. Düzənli şəkildə pedikür, manikür, ara-sıra əl və ayaqlarına parafin sürdürür. Məşhur aktrisa cəfərinin də qadınlar üçün bir gözəllik iksiri olduğunu vurğulayıb: “Cəfəri bədəndəki şişləri azaldır, cildə parlaqlıq verir”.

Kameron Diazın qadınlara daha bir məsləhəti var: ”Makiyajınızı təmizlədikdən sonra üzünüzü ilıq çayla silin. Bu üzünüzə yumşaqlıq və çəhrayılıq ifadəsi gətirəcək”.

 

Xəyalə Muradlı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir