mugenni

Məşhurların təhlükəli avtomobil şouları

Baxış sayı: 105
Müasir texnologiyalar həyatımızı rahatlaşdırır. Evdə oturaraq dünyanın o biri başında olan tanışınla əlaqə saxlamaq, hətta görüntülü şəkildə danışmaq bu günün reallıqlarındandır. Ancaq di gəl ki, bu texnologiyaların xeyri olduğu kimi, zərərləri də az deyil. Məsələn, son dönəmlər insanlar arasında “selfie” kimi məşhurlaşan bir “xəstəlik” meydana gəlib. Biz dünyada, eləcə də ölkəmizdə bunun qurbanlarından da xəbərdarıq.
Son bir neçə ayda isə məşhurlar arasında avtomobil idarə edərkən video çəkib, paylaşmaq dəb halını alıb. Belə ki, bir əlində rulu tutaraq, digər əli ilə video çəkir, ya da maşının içərisində mini klip hazırlayırlar. Belə olan halda bəzən ruldan tutmağı belə yaddan çıxarırlar. Demək olar ki, hər 10 müğənninin 5-nin “İnstagram” səhifəsində belə paylaşımlara rast gəlirik. Hansı ki, həmin müğənnilərin sosial şəbəkələrdəki özəl səhifələrində 100 minlərlə izləyiciləri var və gənclər onları “qəhrəman” sayaraq, etdiklərini təkrarlamağa çalışırlar. Onlar gənclərə, pərəstişkarlarına beləmi örnək olurlar?
Əslində belə paylaşımlar Baş Dövlət Yol Polisi İdarəsinin (DYP) işini bir qədər asanlaşdırır. Bu cür qayda pozuntuları radar və kameralardan yayınsa da, belə paylaşımlar insanların, ələlxüsus da mətbuatın diqqətindən yayınmır.
“İctimailəşdirmək sizin, məsuliyyətə cəlb etmək isə bizim işimizdir”
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin Yol Hərəkətinin Təhlükəsizliyinin Təbliği və İctimai qurumlarla Əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov bizimlə söhbətində bildirdi ki, yol hərəkəti haqqında qanunun tələbinə əsasən, kütləvi informasiya vasitələrində yayılan və ya hər hansı bir vasitə ilə paylaşılan bu cür faktlar inzibati xəta tərkibi daşıyır: “Biz bununla bağlı araşdırmalar aparırıq. Təbii ki, belə insanları məsuliyyətə cəlb edirik. Yol hərəkəti haqqında qanunun tələbini pozaraq bunu hər hansı bir vasitə ilə qeydə alıb, sosial şəbəkələrdə paylaşmaq inzibati xətadır və bunu edənlər məsuliyyətə cəlb olunurlar. Xatırladıram ki, bu kimi xətalara yol verilməsi ilə bağlı ilin əvvəlindən bu günə 14 fakt aşkarlanıb. Onlar da qanun qarşısında cavab veriblər”.
Vaqif Əsədova ötən ildən etibarən Vergilər Nazirliyinin vergidən yayınan məşhurların siyahısını ictimailəşdirdiyi kimi, onların da qanunu pozanların siyahısını ictimailəşdirməsini təklif etdik. Bəlkə belə olan halda bu kimi paylaşımların qarşının alına biləcəyini soruşduq: “İctimailəşdirmək sizin, məsuliyyətə cəlb etmək isə bizim işimizdir. Bizim üçün sükan arxasında olan sürücünün kimliyinin fərqi yoxdur. Onların şəxsi işinə müdaxilə edə bilmərik. Hər kəs özü tutduğu vəzifəni icra etməlidir. Yaratdığınız fürsətdən istifadə edərək qeyd etmək istəyirəm ki, biz onları belə sərbəst hərəkətlərinə görə məsuliyyətə cəlb edəcəyik”.
“60 manat cərimə ödəmişəm”
Gənc ifaçı Nailə Dəniz isə deyir ki, paylaşımlar etmək onlara heç də asan başa gəlmir: “Çox zaman videonu ön kamera ilə çəkirik. Ön kamera ilə də çəkiləndə videonun səsi yaxşı çıxmır. Avtomobil idarə edərkən fikrin videoda olur ki, çəkdiyin videoda gözəl düşəsən. Ancaq bununla bərabər yola da baxmalı oluruq ki, hər an hər şey ola bilər. Çünki bir anda piyada, ya da təhlükəli sürücü qarşına çıxa bilər. Çox zaman telefonla məşğul olanda radara düşmüşəm və buna görə 60 manat cərimə ödəmişəm”.
Qanunvericilikdə bu məsələdə bir az boşluq var”
 
Avtosfer.az saytının baş redaktoru, nəqliyyat üzrə ekspert Elməddin Muradlı məsələ ilə bağlı fikirlərini bildirərkən qeyd etdi ki, kimliyindən asılı olmayaraq, heç kim məsuliyyətdən kənarda qalmalı deyil: “Şou-biznes nümayəndələri, tanınmış televiziya aparıcıları, ictimaiyyət arasında hansısa formada tanınan şəxslər artıq bunu adi hal kimi qəbul edirlər. Video çəkərək yol hərəkəti qaydalarını pozurlar. Biz dəfələrlə onların videolarını mətbuatda yaymışıq. Paylaşdıqları hər videoda 4-5 qayda pozuntusuna yol verirlər. Bu yaxınlarda Təranə Qumralla Musa Musayevin videosunda bir biabırçı vəziyyət yaranmışdı. Sanki sükan arxasında film çəkirdilər. Nə Musa, nə də Təranə sükan arxasında kəmərdən istifadə etmədikləri az deyilmiş kimi, Musa sükandan tam olaraq əlini çəkib, şou göstərirdi. Skripka ustası, əməkdar artist Səlim Abbasov da uşağı qabaqda otuzdurub ona banan yedizdirirdi. Onun sənətinə böyük hörmətimiz var, gözəl ifaçıdır. Ancaq hər kəs qanunu bilməlidir. Əslində onlar yaranan məsuliyyəti dərk etmirlər. Sükan arxasında hər bir sürücünün hüquq və vəzifələri var, onlara riayət etmək məcburidir. Bəlkə də xəbərləri yoxdur. Avtomobildə gedərkən min cür video və selfi çəkə bilərəm. Ancaq özümdə məsuliyyət hiss edirəm ki, mən bu videonu yayıramsa və videoda kəmər taxmamışamsa, məni qınayacaqlar. Görünür, onlar qaydalardan xəbərsizdirlər, yaxud da bu qayda-qanuna yuxarıdan aşağı baxırlar. Onların cəzası verilməlidir ki, sayı çoxalmasın”.
Ekspert deyir ki, əlinə bir az imkan düşmüş, harınlamış yeniyetmə uşaqların sanki içlərində bir burulğan yaranır və çalışırlar ki, özlərini hansısa bir formada göstərsinlər: “Bizim qanunvericilikdə bu sahədə bir az boşluq var. Elə qonşu Türkiyədə serialları, filmləri izləyirik. Görürük ki, serialların kulminasiya nöqtəsində aktyorlar sükan arxasında əyləşdikdə, təhlükəsizlik kəməri bağlanmış vəziyyətdədir. Bizdə isə dünən efirə çıxmış müğənni klip çəkdirir, kəmər taxmaq bir tərəfə, maşında şou göstərir. Misal üçün, “Bozbash pictures” serialının yaradıcı heyətində belə hallarla üzləşirik. Düzdür onlar çox istedadlıdırlar, bu öz yerində. Ancaq siz baxın görün, onlar sükan arxasında nə hoqqalardan çıxırlar? Bir də görürsən ki, hansısa biri maşın idarə edə-edə ayağını pəncərədən çölə çıxarır, rulu buraxıb bədəni yarıya qədər çöldədir. Maşın gedə-gedə bir-birilərinə şapalaq vurur, nə oyunlardan çıxırlar. Gənclər də onları sevir, izləyir, nümunə götürürlər… O kliplər, görüntülər, seriallar efirə getməməlidir. Televiziyada efir mədəniyyəti olmalıdır. Belə ki, televiziyada yayımlnanan hər bir kadr kriteriyalara cavab verməlidir”.
Elməddin Muradlının fikrincə, sosial şəbəkələrdə yayılan görüntülər həmin şəxslərin məsuliyyətə cəlb olunmasına əsas verir: “Görüntüləri onların özləri yayırlar. Çox istəyərdim ki, DYP maraq göstərib o şəxslərin siyahısını tutsun və cəzalandırsın. Cəmiyyət də görsün ki, bir toya 5-10 min manata gedən adam heç də cəzasız qalmır. Çox zaman insanlar şikayət edirlər ki, cəriməni ancaq kasıblara yazırlar. Qoy görsünlər ki, varlılara da cərimə yazılır. Bir az imkan onları yoldan çıxarır, bir az da yol polisi əməkdaşları arasında özlərinə dost tapırlar deyə sərbəstləşirlər. Həmin yol polislərinin toylarında ya pulsuz, ya da cüzi qiymətə oxuyurlar. Onların bu sərbəstlikləri məhz oradan qaynaqlanır. Cəmiyyətdə onlara qarşı yaranan hörmətdən sui-istifadə edirlər. Ancaq məşhurlar düşünməsinlər ki, cəmiyyətin onlara olan hörməti, qazandıqları pullar qəza vaxtı onları xilas edəcək. Özlərinin, yaxınlarının həyatlarını təhlükəyə atmasınlar. Qəza baş verəndə, qazandıqları fəxri adlar, xətir-hörmət onları və yaxınlarını xilas etməyəcək. İnsanlara pis nümunə olmasınlar. Onların harada oxuyub, necə sürücülük vəsiqəsi əldə etməsindən xəbərsizik. Bu yaxınlarda məşhurların cərimə siyahısını dərc etmişdik. 100-ə yaxın cəriməsi olan sürücülər var. 10 min manata qədər cəriməsi olan müğənnilər də o siyahıda yer almışdı. Çox istərdim ki, DYP onların tam siyahısını açıqlasın. Necə ki, Vergilər Nazirliyi bu addımı atıb, vergidən yayınan müğənnilərin siyahısını ictimai müzakirəyə çıxardı. Nümunəni qayda-qanunlara əməl etməklə göstərsələr, daha yaxşı olar”.
Hüquqşünas Ərşad Hüseynov da məsələ ilə bağlı deyir ki, bu cür hərəkətlər kifayət qədər təhlükəlidir, belə paylaşımlarda yol hərəkəti qaydalarının pozulduğu da açıq-aydın görünür: “Bu, ilk növbədə sürücünün özü üçün təhlükə yaradır. Onlar dərk etməlidirlər ki, hansısa bir şou göstərib selfi çəkmək ən azı iki böyük təhlükəyə gətirib çıxara bilər. Birincisi, onların həyatı təhlükə altında olur. O adam elə bir vəziyyətə düşər ki, heç incəsənət aləmində qala bilməz. Səsini, xarici görünüşünü itirər. İkinci təhlükə isə odur ki, digər insanlara zərər yetirə bilərlər. Əlini sükandan buraxmaq, kosmetika istifadə etmək, maşının içində klip çəkmək… Yol hərəkəti qaydaları sürücüyə diqqəti yayındıracaq hər şeyi qadağan edib. Mobil telefonu əldə tutmaqla, ondan istifadə etmək eyni şeydir. Bunun 50 manat cəriməsi var. Sükanı əldən buraxmağın isə 40 manat cəriməsi var. Bu cərimələri ödəmək mümkündür, faciə deyil. Ancaq faciə orasındadır ki, insan həyatını itirə, yaxud da kiminsə həyatını itirməsinə səbəb olub azadlığından məhrum edilə bilər. Həmin şou nümayəndələri unutmasınlar ki, bu hərəkətləri ilə həyatları dəyişə bilər. Bunu dərk etmək lazımdır. Belə şeylər tək hüquqa zidd deyil, belə şeylər həm də cəmiyyət əxlaqına, ümumi dəyərlərə ziddir. Siması tanınan insanlar nümunə olmalıdırlar. Amma biz onlarda bunun əksini görürüksə, təəssüf etməkdən başqa əlimizdən heç nə gəlmir”.
Xatırladaq ki, kimliyindən asılı olmayaraq, hər kəs qanun qarşısında bərabərdir. Əgər kiminsə siması cəmiyyətdə daha çox tanınırsa, bu o demək deyil ki, o, məsuliyyətdən azaddır… (Kaspi.az)



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir