ciyer axsami

Maraqlı və faydalı toy adətimiz: “Ciyər axşamı”

Baxış sayı: 559

Etiraf edim ki, kənd toylarında çox az olmuşam. Onda da gah dərslərim, gah da işim ucbatından kəndə elə toy günü gedib, səhəri də qayıtmışam. Nə doğru-düzgün toy adəti bilirdim, nə də icrasına şahid olmuşdum. Amma milli kimliyimizi qoruyub-saxlayan, keçmişimizdən, nənə-babalarımızın məişətindən, dünyagörüşündən, düşüncə tərzindən xəbər verən adətlərimizi sevirəm. Buna görədir ki, tələbə vaxtı folklorşünaslıq fənnindən təcrübə işim kimi Qarabağın və Borçalının toy və Novruz adət-ənənələrini yerlilərin söhbətlərinə əsasən toplayıb yazmışdım. Onda görmüşdüm xalqımızın nə qədər zəngin və maraqlı irsə sahib olduğunu.

Lakin təəssüf ki, dəyişən zaman hər şey kimi milli irsimizə, adət-ənənələrimizə də ciddi təsirsiz ötüşməyib. 70 ildən çox müddətdə davam edən Sovet hakimiyyəti, eləcə də müasir dünyanın sürətlə inkişaf edən texnologiyası öz qədim kimliyimizdən uzaqlaşmağımızın başlıca səbəblərindəndir. Xüsusən, toy adətlərimiz “müasirləşmək, avropalılaşmaq” yolunda ciddi yol qət edib. Həmçinin, ötüb-keçən illər ərzində adətlərimizə əlavə olunan lazımsız bəzək-düzək, cah-cəlal da israfçılığın artmasına, toy yükünün ağırlaşmasına səbəb olub. Buna görə də indi minimuma köklənən dünyada bu cür israfçılığın yeri görünmür.

 

Adətlərimizdən imtina etməli?! 

Təəssüf ki, son zamanlar yaranan bu vəziyyət insanlarda bezginliyə gətirib çıxardığından gizli və ya aşkar şəkildə adət-ənənələrimizə qarşı mübarizə başladılıb. Yanlış olaraq, insanlar elə bilirlər ki, bu adətlər yığışdırılsa, bütün problemlər düzələcək. Əslində isə, bu, təbii ki, belə deyil. Biz bunu həmin ənənələrin mahiyyətinə varmadan, gəlib çıxdığı vəziyyətinə köklənərək tələb edirik. Ancaq əgər keçmişə nəzər salsaq, bu adətlərin üzərindəki ağırlığı ataraq gəldiyi yeri və ehtiva etdiyi mənaları araşdırsaq, hər birinin nə qədər dəyərli və lazımlı olduğunu anlamış olaraq. Bir də axı keçmişdən imtina edənin gələcəyi olmaz, deyirlər.

Əsasən qədim milli kinolarımızda, tamaşalarımızda, arxiv kadrlarında görürük bu adətlərin gözəlliyini, möhtəşəmliyini. Əgər diqqətlə nəzər salsaq, görərik ki, Azərbaycanın istər toy, istər yas, istərsə də bayram adətlərinin əksəriyyəti xeyirxah niyyətə, xüsusən insanların birliyinə, yardımlaşmasına köklənib. Fərqli-fərqli rituallar, adətlərin icrası zamanı insanlar bir yerə toplanar, öz üzərlərinə düşən işi layiqincə həyata keçirər, bir-birinə kömək əlini uzadar, bir olar, birlik olardılar. Bu da insanlar arasında mehribanlığı artırar, doğmalıq bağını möhkəmləndirər, həm də yardımlaşmaq kimi nəcib əməllərə səbəb olardı. Bu cür gözəl mənalara sahib adətlərdən niyə imtina edək ki?!

 

“Elimizin toy kimi bir adəti var…”

Qədimdə toylarımız, nağılların diliylə desək, 40 gün, 40 gecə davam edərmiş. Fərqli bölgələrimizdə toydan əvvəl və toydan sonrakı günlərdə həyata keçirilən bir sıra adətlər imiş bunu şərtləndirən. Bir-birinə könül verən iki cavanın izdivacına qərar veriləndən sonra baş tutan “həri”, “nişan”, “xına”, “parça biçdi” (indiki adla qız toyu) mərasimləri toya qədərki şadyanalığın vacib hissələrindən biridir. Bir çoxu müəyyən daxili dəyişikliklərə uğrasa da, indi də qalmaqdadır. Onların arasında bir məclis var ki, bəlkə də çoxları onun mahiyyətini dərk etmir və bu gün onun ləğvi üçün ciddi mübarizə aparır. Bu, indi müəyyən rayonlarımızda, kəndlərimizdə qalan “Ciyər axşamı” mərasimidir. Düzü, bu mərasimin ləğvi üçün çalışan, hər yetəndə tənqid edən insanları da anlamaq çətin deyil. Çünki bəlkə də zaman içində ən çox dəyişən və az qala özünün ilkin mahiyyətindən uzaqlaşan mərasimlərdən biridir “Ciyər axşamı”.

“Ciyər axşamı” – yardımlaşma, yoxsa oyun?!

Bu günlərdə bir kəndə ilk dəfə idi ki, toydan 3-4 gün əvvəl getdim. Yəni toya hazırlıq prosesini, eləcə də “Ciyər axşamı” mərasimini yaxından görmək və müşahidə edib öyrənmək şansı əldə etdim. Düzü, bu zamana kimi ciddi maraqlanmadığım, şəhər toylarında rast gəlmədiyim bu mərasim çox diqqətimi çəkdi. Sən demə, bizim toydan bir gün öncə az qala toy kimi hazırlanan və səhərə kimi davam edən mərasimimiz də varmış. Bu yerdə təəssüflə vurğulamalıyam ki, olduğum kəndin sakinləri bu “Ciyər axşamı”nı daha çox kişilərin səhərə kimi qumar oynadığı mərasim kimi qəbul edərək lazımsız və gərəksiz hesab edir. Amma şükür ki, bəzilərinin mübarizəsinə baxmayaraq, bu gözəl adətimiz o kənddə bu və ya digər şəkildə hələ də yaşamaqdadır.

Orda şahid oldum ki, toydan bir gün öncə əti bişiriləcək heyvan ailənin yaxınları – bəyin dostları, qohumlarının iştirakıyla kəsildi, doğrandı. Toy olan qapıda mağar quruldu və ailənin ən yaxınları, toy hazırlığında iştirak edənlər dəv ət olundu. Həmin heyvanın ciyərindən və ətindən qovurma bişirilib böyük bir süfrə açıldı. Kişilər həmin mağarda, qadınlar isə evdə süfrəyə qonaq edildilər. Toyda içiləcək içkilərin də az hissəsi açılıb süfrəyə düzüldü. “Ciyər axşamı”nda qadın məclisi tez dağılsa da, kişilər, xüsusən, bu işlərdə yaxından iştirak edən cavanlar mağarda səhərə kimi çay süfrəsi arxasında nərd, domino, kart oyunları oynarlar. Orda eşitdim ki, əgər qonaqlardan hansılarınsa sözü çəp gələr və orda dava düşərsə, mərasim gecənin bir yarısı dağıla bilər. Yox, əgər dava düşməzsə, səhərə kimi davam edəcək. Düzünü desəm, bu mərasimin və onun səhərə kimi niyə davam etməsinin anlamını izah edən, mənasını bilən kimsə yox idi. “Adətimiz belədir” deyib çoxsaylı suallarımı yola verdilər. Onlardan məntiqli cavab ala bilməyəcəyimi görüb internetin yardımına tələsdim. Hə, bax bunda “bütün daşlar öz yerini, bütün suallar da öz cavabını tapdı”. Oxuduqlarım mənə “Ciyər axşamı”nın heç də qumar mərasimi olmadığını, səhərə kimi oyaq qalmağın və oyunlar oynamağın da məntiqli açıqlaması olduğunu dedi. Belə ki, “Ciyər axşamı” Azərbaycan toylarının təşkili ilə bağlı həyata keçirilən mərasimlərdən biridir – bu, zəhmətkeş insanların yardımlaşma mərasimi və toyda çəkdikləri əziyyətin bəhrəsini gördükləri məclisdir. “Ciyər axşamı” toplum olaraq yardımlaşmağın da ən gözəl nümunələrindən biridir.

Bu mərasimin iştirakçıları məhdud sayda, ilk növbədə də toy üçün heyvan kəsimində iştirak edən şəxslərdən və bəyin ən yaxın qohum və qonşularından, sağdışı, solduşu olan dostlarından ibarət olur.

Toy üçün ət tədarükü görüldükdən sonra toy mağarının qurulmasında zəhmət çəkənlər, heyvanların kəsilməsində, ətin doğranmasında iştirak edənlər üçün kəsilən heyvanın toyda istifadə olunmayacaq ciyər-içalat hissələrindən, bəzən ətindən də yemək bişirilir. “Ciyər axşamı”nda həm də toyun ssenarisi və toyla bağlı digər məsələlər də müzakirə olunur. Mövcud problemlərin və yarana biləcək problemlərin aradan qaldırılması üçün məsləhətləşmələr aparılır.

Toyda veriləcək içkilər də “Ciyər axşamı”nda yoxlanılaraq, dadına baxılır.

Toy üçün hazırlanmış ətin saxlanılma şəraitindən asılı olaraq, “Ciyər axşamı” səhərə qədər də davam edə bilər. Bu zaman əsas məsul şəxslər “Ciyər axşamı”nda iştirak edən cavanlar olur. Onlar gecə səhərə qədər domino, nərd, kart və ya başqa oyunlar oynayaraq başlarını qatırlar. Bu da toy ətinin toy üçün qurulmuş mağarda saxlanıldığı halda olur. Çünki gecə vaxtı mağardakı əti itdən-pişikdən, kəndin ətrafında olan vəhşi heyvanlardan qorumaq lazım gəlir ki, bu da cavanların həmin ərazidə səhərə qədər oyaq qalmalarını zəruri edir. Kəsilmiş heyvanların baş-ayağından gecə səhərə qədər bişirilmiş xaş ilə sübh tezdən onlara qonaqlıq verilir. Bu kəllə-paça süfrəsində həmin cavanlarla yanaşı, “Ciyər axşamı”nın digər iştirakçıları da istəsələr, iştirak edə bilərlər.

Göründüyü kimi, əksər adət-ənənələrimiz kimi “Ciyər axşamı” da insanlarımızın bir-biriylə yardımlaşmasının, xeyirxahlıq əməllərinin ehtiva olunduğu bir mərasimdir. Əgər hansısa kənddə, rayonda, bölgədə bu mərasimin dərinliyindəki mənanı anlamayanlar onu konteksdən çıxararaq başqa hala salırsa, bu zaman adətlə deyil, onu dəyişdirən, onun gözəlliyinə xələl gətirən nüanslarla mübarizə aparmaq gərəkməzmi?!

Sevinmək, şadlanmaq heç zaman pis deyil. Təki, elimizdə həmişə toy olsun və insanlar elə 40 gün, 40 gecə şadyanalıq keçirsin!

 

Şahanə MÜŞFİQ




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir