market

Marketlərdə qalıq qəpik oğurluğu

Baxış sayı: 1. 995

Çox vaxt marketlərdə alıcılara qalıq qəpik pullar qaytarılmır, əvəzində kibrit, birdəfəlik çay və s. verilir. Ekspertlərə görə, bununla satışı çox olanda marketlər xeyli gəlir əldə edir, o qədər də geniş satılmayan, qiyməti ucuz olan mallarının satışını təşkil edir. İri marketlər qəpikləri saydığı təqdirdə, maaşa baxan alıcılar qəpiklərini tələb etməkdən utanır.

Alıcı Nailə Cəfərlinin şikayətinə görə, ölkəmizdə qəpiklərə biganə yanaşılır: “Hər dəfə “super market”lərdən bazarlıq etdikdə qalıq xırda pullar əvəzinə kibrit, birdəfəlik çay, saqqız və başqa mənə o qədər də lazım olmayan məhsulları verirlər. Mənə bu malları hər gün almaq vacib deyil. Satıcıdan qalıq qəpikləri verməyi tələb etdikdə, “Qəpiyimiz yoxdur!”  deyərək, alıcıları yol verirlər”.

Bununla bağlı deputat Zahid Oruc bildirir ki, marketlərdə müştərinin pulun qalığını tələb etməsi qətiyyən qəpik davası kimi qələmə verilə bilməz. Dediyinə görə, pulun qalığının qaytarılması onun miqdarı ilə deyil, satıcı və market rəhbərliyinin dəqiqliyi ilə əlaqədardır: “Alış-veriş qaydalarına, normalarına əməl etmək lazımdır. Misal olaraq deyim ki, Avropa ölkələrinin birində alış-veriş zamanı maraqlı hadisə ilə rastlaşmışam. Alıcılardan biri aldığı əşyanın ödənişini edərkən bir neçə sent miqdarında pulu çatmadı. Satıcı isə qətiyyən bunu nəzərə almadı. Satıcı mövqeyində haqlı idi, çünki qətiyyən güzəştli hallar nəzərdə tutulmayıbsa, keçməli deyildi. Lakin burada məsələ kiçik payların toplanması qanunundadır. Gün ərzində yüzlərlə belə alış-veriş baş verdikdə, deməli, artıq bu, ticarət siyasətinin tərkib hissəsinə çevrilmiş oldu. Biz milyonların oğurlanmasını, vətəndaşdan alınmasını pisləyiriksə, bu mövqeyi ən kiçik məbləğlərə də şamil etməliyik. İlk növbədə bu, hər iki tərəfin mədəniyyətinin göstəricisidir”.

Onun bildirdiyinə görə, qeyd edilən dəqiqlik prinsipidir. Bunun maddi tərəfi var. Bununla bağlı hər iki tərəfin hüquq və öhdəliklərinin dərki üçün zaman müddəti lazımdır. “Digər tərəfdən, məlum məsələ inzibati məcəllədə tənzimlənir. Heç bir qanunda norma yoxdur ki, hansısa yolla müştərinin vəsaiti mənimsənilsin. Cəmiyyətin, insanların beynində belə fikir var ki, 100 min manatlar böyük məbləğlərdir, amma kiçik qəpiklər belə deyil. Lakin qeyd etməliyəm ki, zamanla Qərbi tənqid etsək də, bu məsələdə Qərbdə normalaşmış ənənə mövcuddur. Avropada satıcı qalığın qaytarılmamasını özünə həqarət kimi qəbul edir. Belə kiçik hallar tək maddiyyata təsir etmir. Mənəviyyatda da kiçik deformasiyalar yaradır. Belə kiçik oğurluqlar böyük hadisələrə də yol aça bilir”.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyir ki, marketlərdə qəpiklərin qaytarılmaması problemi çoxdandır mövcuddur: “İstehlakçıların hüququ var ki, qəpikləri tələb etsin. Satıcı da qalıq pulları qəpiyinə kimi qaytarmağa borcludur. Əgər satıcı qəpikləri qaytarmırsa, istehlakçı malı qaytara bilər. Bütün hallarda istehlakçı qanunlardan istifadə edə bilər. Qəpiklərin mənimsənilməsi qanuna ziddir. İstehlakçının razılığı ilə qəpiklər verilmirsə, bu, ayrı məsələ”.
Hüseynov qeyd edib ki, əhalinin çoxlu qəpik verməsi də bir problem olaraq cəmiyyətdə var: “Misal üçün, poçt şöbələrinə ovucla qəpik verirlər ki, mənim telefon borcumu ödə və s. Xüsusən, xırda qəpikləri poçt şöbələrinə ödəniş etmək üçün verirlər. Bu da narazılıqla qarşılanır. Lakin qarşı tərəf – poçtlar qəpikləri qəbul etməyə borcludur”.

İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyev bildirir ki, əksər marketlərdə satışı gücləndirmək üçün kibrit, birdəfəlik çay kimi məhsulları qalıq pul yerinə verirlər. “Bir sıra hallarda kiçik marketlərdə alıcılarımız bir-iki qəpik qaldıqda onu geri qaytarmağı tələb də etmirlər. Amma istəsələr, qalıq xırda pulların qaytarılmasını tələb edə bilərlər. Hər bir israf olunan pul vahidi, bir-üç qəpiklərin belə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq ölkə daxili dövriyyəsi və onların qəbulu qanunla tənzimlənir. Ona görə də, heç kim qəpikləri qaytarmaqdan imtina edə bilməz. Sadəcə nə alıcı, nə də satan tərəf maraqlı olmur deyə, bunun üzərinə düşmürlər. Bir sıra super marketlər cüzi qiyməti olan əmtəə ilə qəpikləri əvəzləşdirirlər”.

R.Atakişiyev qeyd edir ki, iri topdansatış məntəqələrində, super marketlərdə 2-3 qəpik satış çox olanda gündəlik və aylıq gəlir gətirir: “Amma supermarketlərin bunu məhz gəlir əldə etmək və ya xırda pulları az olduğu üçün etməsi fərqlidir. Yəni qaçılmaz faktdır ki, böyük tirajlarda satışda qəpiklər alıcılara qaytarılmadıqda normal gəlir gətirir”.

Dediyinə görə, xırda pulların mühasibatlıq, hesabat, qeydiyyatın aparılması baxımından dövriyyədə qalması məqbuldur: “Dünyanın bütün inkişaf etmiş ölkələrində dövriyyədə xırda pullardan istifadə olunur”.
Qeyd edək ki, qəpik Azərbaycan Respublikasında mübadilə olunan pul vahididir və Azərbaycan manatın 1/100 hissəsini təşkil edir. 1991-ci ildə Azərbaycan Respublikasının müstəqilliyi bərpa edildikdən sonra, 1992-ci və 1993-cü illərdə ölkənin yeni pul vahidi olan Azərbaycan manatı ilə qəpik 5, 10, 20 və 50 nominallı sikkələr olaraq istifadəyə verilib.

İnflyasiya, qəpiyin 1990-ci illərdə və 2000-ci illərin başında dəyərini itirməsinə və dövriyyədən çıxmasına səbəb olsa da, qanuni ödəmə vasitəsinin statusu saxlandı.
28 dekabr 2005-ci ildə yeni Azərbaycan manatı istifadəyə verilincə, qəpik yenidən bərpa edilib. Azərbaycan Respublikası Prezidenti tərəfindən 7 fevral 2005-ci il tarixdə “Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında” imzalanmış Fərmana uyğun olaraq 2006-cı il yanvarın 1-dən etibarən yeni nəsil metal pul nişanları dövriyyəyə buraxılıb.

Yeni nəsil qəpiklərin dizayn mövzuları əskinasların dizayn mövzularına müvafiq olaraq hazırlanıb. 1, 3 və 5 qəpiklər mislə örtülmüş qırmızı, 10 və 20 qəpiklər latunla örtülmüş qızılı, 50 qəpiklik isə latun və nikellə örtülmüş qızılı və gümüşü (ikirəngli – bikolor) rəngdədir. Bütün metal pul nişanlarının yan tərəfləri individual üsulla hazırlanmışdır və bir-birindən fərqlidir.
Aynurə MƏMMƏDOVA




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir