pul

Marketlərdə qarşılaşdığımız xırda pul probleminin kökündə nə dayanır?

Baxış sayı: 1. 456

Gündəlik həyatımızın ayrılmaz hissələrindən biri də alış-verişləridir. Günün istənilən saatında – səhər, günorta, axşam hətta bəzən  gecə yarısı belə marketə üz tutmalı oluruq. Çünki gündəlik zəruri ehtiyaclarımızın siyahısı demək olar ki, bitib-tükənmək bilmir. Alış-veriş zamanı marketlərdə tez-tez yaşanan problemlər də diqqətdən yayınmır. Budəfəki mövzumuza hər bir şəxs o qədər də əhəmiyyət verməsə də, yəqin ki, çoxlarımız bununla rastlaşmışıq. Belə ki, marketlərdə olan xırda pul böhranı ilə hər kəs heç olmasa bir dəfə də olsa mütləq  “sınağa” çəkilib. Kassir verdiyin məbləğin qalığını qaytarmaq əvəzinə “xırda yoxdur” deyib, ya hansısa məhsulu təklif edir, ya da müştərinin özündən xırda pul tələb edir. Məcbur qalıb ya təklif edilən məhsulu götürürük, ya da öz pulumuzdan imtina etməli oluruq. Bəs görəsən hətta böyük dövriyyəli super-market şəbəkələrində belə, qarşılaşdığımız xırda pul probleminin kökündə nə dayanır? Ümumiyyətlə, bu məsələ necə tənzimlənməlidir ki, nə şiş yansın nə kabab? Suallarımızı ekspertlərə ünvanladıq.

İqtisadçı-ekspert Rəşad Həsənov deyir ki, bu barədə hər hansı rəsmi qayda yoxdur: “Əsas məsələ müştəri məmnuniyyətinin təmin edilməsidir. Bu baxımdan da marketlər öz kassalarında xırda pulun olmasını mütləq təmin etməlidirlər. Amma mənim fikrimcə, bu məsələ müzakirə olunacaq qədər böyük problem deyil. Qiymət məsələsində  hər bir market fərqli siyasət yürüdür. Məsələn hər hansısa bir məhsul, 56, 75 yaxud 97 qəpik ola bilər. Ona görə də qalıq pulun qaytarılmasında müəyyən çətinliklər ortaya çıxa bilir. Amma bu, özünü ümumilikdə son məbləğdə, yəni, ayrı-ayrı məhsullarda göstərmir. Ona görə də sahibkarlar müştəri məmnuniyyətini təmin etmək üçün daimi olaraq öz kassalarında xırda pul qalıqlarını təmin etməyə çalışmalıdırlar. Digər bir problem  isə xırda pulu vətəndaşlara verərkən, onların bundan imtina etmələridir. Bəzi hallarda müştərilər hətta bu pulu almaqdan çəkinirlər. Ona görə də sahibkarlar öz vəsaitini qəpiklərə çevirmək istəmir. Amma ümumilikdə götürdükdə, xırda pulun təmin edilməsi vacib  məsələdir. Xırda qəpiklərin əksər yerlərdə istifadə edilməməyi onun əlçatanlığını aşağı salır. Ona görə də böyük ticarət şəbəkələri bunun üçün hansısa bank filiallarına yaxınlaşmalı olurlar. Praktikada belə hallara çox rast gəlinir. Bəzən marketlərdə vaxt çatışmazlığı və digər səbəblər üzündən və yaxud da bu sahəyə məsul olan şəxsin səhlənkarlığı ucbatından kassalarda qalıq pul çatışmazlığı yaranır. Amma bu həll olunmayan bir problem deyil. Qeyd etdiyim kimi, bu, sırf müştəri məmnuniyyətindən asılı olan bir məsələdir. Bu hal bir neçə dəfə təkrarlandıqda həmin ticarət şəbəkəsi öz müştərisini itirir. Çünki belə neqativ hallar istər-istəməz müştəridə qıcığa və narahatlığa səbəb olur. Bu, həm də xidmət keyfiyyətinin aşağı olmasının göstəricisidir. Son nəticədə isə müəssisə öz müştərisini itirir. Rəqabət mühitində müəssisələr çalışmalıdırlar ki, belə nöqsanlar olmasın. Bəzən nağd pul çatışmazlığı ucbatından müəssisələri kifayət qədər vəsaitlə təmin edə bilmirlər. Yəni bu da real problem olaraq qalmaqdadır. Əksər müəssisələrdə gündəlik dövriyyəyə uyğun olaraq, kassada pul saxlamağa çalışırlar. Bəzi hallarda ümumiyyətlə, kassa boş qalır. Ona görə də sahibkar çalışmalıdır ki, müəyyən məbləğ ayırsın ki, davamlı olaraq müştərilər və kassada əyləşən şəxs arasında hər hansı bir neqativ hal yaşanmasın. Təəssüflər olsun ki, bu sahədə də problemlər çoxdur”.

Marketoloq Seymur Quliyev bildirdi ki, mağazalarda rast gəlinən xırda pul problemləri əsasən 5-10, maksimum 20 qəpiklə bağlı olur: “Qəpik metal olduğu üçün kağız əskinasla müqayisədə ağırdır. Bu səbəbdən, insanlar qəpik daşımaq istəmir və alış-verişlərini kağız əskinaslarla tərk etməyə üstünlük verirlər. Ona görə də kassalarda xırda pul problemi yaranır. Əgər mağazada xırda pul problemi varsa, müştəridən əlavə pul istəməklə məbləği tamamlayıb, bu problemi həll etmək olar. Məsələn, qiyməti 11 manat olan məhsul alan zaman istehlakçı 20 manat verirsə, ondan əlavə bir manat istəməklə və 10 manat geri qaytarmaqla xırda pul problemini həll etmək olar. Yaxud, dəyəri 1 manat 70 qəpik olan məhsulu alarkən 2 manat verən müştəridən 20 qəpik daha almaqla ona 50 qəpik vermək olar. Nəticədə daha çox qarşılaşdığımız 20 qəpik problemini həll etmək üçün bir addım atılmış olar. Bəzən axşam saatlarında kassalar sayım edib təhvil verərkən, səhəri gün üçün həm qəpiklər, həm də kağız əskinaslar tədarük etmirlər.  Böyük əyyarlı pullar götürülməli, kiçik əyarlı pullar kassaya verilməlidir. Yəni, kassanın günə başlanğıc balansı kiçik əyarlı pullarla açılmalıdır. Xırda pul problemini yaradan səbəblərdən biri də bu qaydaya  riayət edilməməyidir. Qalıq pul probleminin yaranmasının digər səbəblərindən biri isə müştərilərin böyük əyarlı əskinaslara üstünlük verməsidir. Yəni, alıcı çox kiçik əyarlı əskinasları cibdə və ya pul qabında daha çox yer tutduğu üçün daşımaq istəmir və böyük əyarlı əskinaslara üstünlük verir. Nəticədə müştəri ödəniş edərkən kassaya böyük əyarlı əskinas verir. Kassir isə xırda pulları verdikcə, kassada qıtlıq yaranır. Düşünürəm ki, problemin həll yolu nağdsız ödənişlərin tətbiqidir. Kartla ödəniş edilən zaman kassada xırda pul problemi olmur. Həmçinin, müştəri də 1-2-5 qəpik olmayan zaman, konkret məbləğdən daha çox ödəmir”.

“Azad İstehlakçılar Birliyi”nin sədri  Eyyub Hüseynov isə bildirdi ki, belə məqamda müştərinin məhsulu geri qaytarmaq hüquq var: “Bəzən pulun qalığı əvəzinə müştəriyə digər bir məhsul təklif edilir. Əgər bu olmasa, market müştəriyə mütləq pulu qaytarmalıdır. Əgər pul qaytarılmazsa, istehlakçının hüququ var ki, məhsuldan imtina etsin. Çünki pulun qalığını qaytarmaq satıcının borcudur”. (Kaspi.az)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir