masin

Maşın bazarında rokord bahalaşmaya səbəb nədir?

Baxış sayı: 734

“Hazırda maşın bazarı açılıb, amma qiymətlər yaxın durmağa imkan vermir”.

Bunu maşın bazarındakı son qiymətlərlə bağlı danışan avtomobil bazarı araşdırmaçısı Sərxan Qədirov deyir.

Onun sözlərinə görə, ötən həftəsonu əvvəllər olmadığı kimi güclü alver müşahidə edilib. Ekspertin fikrincə, buna səbəb alıcıların uzun müddət bazarın açılmasını gözləməsidir:

“Ötən həftəsonu maşın bazarında rekord satış oldu. Çünki alıcılar 2 aydan artıqdır bazarın açılmasını gözləyirdi. Bu müddətdə gözləyən onlarla alıcı ötən həftəsonu bazara axışdı. Novruz bayramı ərəfəsində bazarda durğunluq olacaq. Durğunluq zamanı qiymətlərin ucuzlaşması gözlənilir. İndi xüsusən sovet maşınlarını çox baha qiymətə təklif edirlər. Məsələn, karantindən əvvəl 1997-1998-ci illərin “Vaz-2107” markalı avtomobilləri 3000-3500 manata idisə, indi həmin maşınlar 4000-4500 manata təklif olunur. Arada 1000 manat fərq var. “Vaz-2106”, “Vaz-2104” də dəhşətli dərəcədə bahalaşıb. Hətta bazarda “Vaz-2106″ya 7000 manat da qiymət qoyurlar”.

MASIN

Sərxan Qədirov utilizasiya proqramı haqqında məlumatların yayılmasının qiymətlərə təsir etmədiyini də diqqətə çatdırdı:

“Köhnə avtomobillərin utilizasiyası ilə bağlı yayılan məlumatlar qiymətlərə zərrə qədər də təsir etməyib. Düzdür, bəziləri köhnə maşın almağa qorxur. Amma hazırda maşın bazarında dəhşətli dərəcədə bahalaşma var. Qiymətlərin rekord səviyyəyə qalxdığını da deyərdim. Buna səbəb bazarların pandemiya dövründə bağlı qalmasıdır. Nəticədə insanlar maşınlarına öz istəklərinə uyğun qiymət qoyurlar. Kim avtomobilini satmaq istəyirsə, ona saytlara, yaxud sosial şəbəkələrdəki elanlara baxaraq, qiymət qoyması tövsiyə edilir. Bu, düzgün deyil. Maşın yumurta və digər standart məhsul deyil. Maşından maşına fərq var. Maşın bazarı açılıb, amma qiymətlər avtomobillərə yaxın durmağa imkan vermir. Qarşıda gələn günlərdə bazarın stabilləşəcəyi gözlənilir”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir