toy

Mayda toy etməkdən niyə çəkinirik?

Baxış sayı: 1. 713

“May ayında toy etməzlər”, “May boş aydır”, “Bu ayda evlənənlərin sonu olmur” kimi “məsləhətlərlə”, yəqin ki, toy etmək istəyən hər kəs qarşılaşıb. Xüsusən də orta və yaşlı nəsil nümayəndələrinin bu tövsiyələrinin əslində heç bir elmi, tibbi əsası da yoxdur, batil bir inancdır. Buna baxmayaraq, keçmişdən bu günümüzə qədər gətirilən bu qəribə ənənəyə bu gün də çoxları əməl edir. May ayı ərzində tək-tək adamlar olar ki, toy etsinlər.

Maraqlıdır, bu inancın kökü haradan gəlir? Niyə may ayında toy etmək olmazmış? Bunun Azərbaycana, islama bir aidiyyəti varmı?

Belə iddialar da var ki, guya ermənilərin qondarma soyqırımından sonrakı ay may ayına düşdüyündən – onlar mayda da yas saxlayıb toy etməyiblər. Sovetlər dönəmində isə bu kütləvi hala çevrilib. Bir başqa mənbələrdə deyilir ki, xristian ayinlərinə görə, may ayı ağır ay kimi qiymətləndirilir. Maraqlı burasıdır ki, əgər lap belədirsə, sovet imperiyası dağıldıqdan sonra niyə biz hələ də bu ənənəni yaşadırıq?! May ayında toy edilməməsinin bir səbəbini də may ayında yağışların çox olması ilə əlaqələndirirlər və bu dövrü təbiətin ağlayan dövrü adlandırırlar. Təbiət ağlayarkən şadlıq etmək olmazmış. Bəzi mənbələrdə isə bu adətin köklərinin Qədim Romaya gedib çıxdığı deyilir. Bəzi fikirlərə görə, “may” sözü “Maius” latın sözündən götürülüb. Bu söz isə öz kökünü qədim Romada “Mayi ilahəsi”nin adından götürüb. Başqa bir versiyada isə deyilir ki, Qədim Romada may ayında “Lemuriya” deyilən tədbir keçirilirdi. Bütün ay ərzində məbədlər bağlanır, camaat ölənlərini yada salır, dua oxuyur, məclislər verirdilər. Kəbin kəsilməsi və toylar məbədlərdə keçirilirdi. Bu mərasimlə əlaqədar may ayında toylar keçirilmirdi. Bəzi ekspertlər isə may ayında toy olmamasının səbəbini yasəmənin çiçək açması ilə izah edirlər. Yasəmən gülü isə uğursuzluq gətirir…
Maraqlıdır, may ayının uğursuz bir ay olduğunu sübut edən hansısa psixoloji, astroloji əsas varmı?

Astroloq Firudin Qurbansoy bunun başqa xalqların batil inancları olduğunu dedi: “Bunun yeni düşüncə tərzimizə, əxlaqımıza qətiyyən dəxli yoxdur. Bu, sırf insanlarla bağlıdır. Qədim yunanların kökləri ilə bağlı bir düşüncədir. May ayı qədim Misirlə bağlı bir vaxtdır. Ona görə də qədim zamanlarda dediyim ərazilərdə toy eləmirdilər. Toy edəndə bolluq olmalıdır. Ona görə də onlar həmin vaxtlarda toy eləmirdilər. Çünki bütün ərzağı yeyib qurtarmış olurdular. Bu səbəbdən də toyları əsasən sentyabr ayında edirdilər. Bu ənənə bütün xristian aləminə yayılmışdı. Ruslar vasitəsilə gəlib bizə də çatmışdı. Əslində may ayı Buğa bürcünə düşür. Bu ayda evlənənlər dünyaya qəşəng uşaq gətirirlər. Mən insanlara məsləhət bilərdim ki, mənasız inanclara uymasınlar. May ayında toy eləmək əslində xeyir gətirər, nəinki ziyan. Belə bir inanc da var ki, guya may ayında evlənənlər axırda peşman olurlar. Bu boş bir deyimdir. Bizim xalqımız başqa xalqların batil inanclarına uymasın və may ayında toy etsin”.

Psixoloq Dəyanət Rzayev bu düşüncəni insanları başından çıxartmağın çətin məsələ olduğunu dedi: “Bu ənənə Azərbaycana aid deyil. Biz sovet məkanında rusların tərkibində yaşamışıq. Bu söz də ruslarda “mayetsa”, yəni avaralanmaq mənasındadır. May ayı da “avara ay” sayıldığına görə bu ayda toy etmirdilər. Biz də bunu özümüzə təlqin etmişik. Amma bu absurd bir şeydir. Halbuki may ayı toylar üçün çox yaxşı ay olardı. Bunu insanların başından çıxartmaq çətin məsələdir. Bəlkə, kimlərsə inanmır belə şeylərə. Amma öz-özünə düşünür ki, birdən mayda toy edər, camaat gəlməz, “nə deyərlər” kimi yanaşmalar yaranır. Mənə elə gəlir ki, bir neçə nəfər mayda toy etsə, gələcəkdə bu geniş tendensiya halını alacaq. Kütləvi informasiya vasitələri bu istiqamətdə maarifləndirmə işi aparmalıdır”.
Yeri gəlmişkən, müxtəlif xalqlarda bundan başqa bu günümüzə qədər gəlib çıxan toyla bağlı digər batil inanclar da mövcuddur. Məsələn iki bacının iki qardaşla evlənməsinin həmişə uğursuzluq gətirdiyi düşünülürdü. Bəziləri gəlinin və ya bəyin öz ad günündə evlənməsinin də uğursuzluq gətirəcəyinə inanırlar.

Meksikada isə belə bir inanc var: gəlin toy günündə mirvari taxsa, evliliyi boyunca ağlayacaq, çünki mirvari göz yaşlarının işarəsidir.

Bolqar dağının ətəklərində belə bir inanc mövcuddur: nişanlanacaq oğlan qız evinə gəldikdə evlilik həyatı uğurlu olsun deyə qızın qardaşları tərəfindən döyülərmiş.

Yaponiyada nə gəlin, nə də bəy evliliyin qısa sürməsini istəmədiyi müddətdə bənövşəyi rəngli geyimdən istifadə etmir.

Braziliya, Meksika, Kolumbiya və daha bir çox yerdə bəyin gəlini toydan əvvəl görməsinin gəlinə şanssızlıq gətirəcəyinə inanılır.

Türkiyədə isə gəlin ayaqqabısının altına rəfiqələrinin adını yazır, bu adlardan hansı silinsə, onun qısa zamanda evlənəcəyinə inanılır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir