memmed aslan

Məmməd Aslanın SON MÜSAHİBƏSİ – “Məni aldatdılar…”

Baxış sayı: 1. 888

Gencaile.az Kulis.az-a istinadən Şərif Ağayarın tanınmış şair Məmməd Aslanla söhbətini təqdim edir. Müsahibə mərhum Məmməd Aslanın sonuncu geniş müsahibəsidir.

– Necəsiz, Məmməd müəllim, səhhətiniz necədi? Eşitdim yaxınlarda gözünüzü əməliyyat etdirmisiniz…

– Ötən əsrin əvvəllərində Türkiyədə Zeyni Dədə adlı bir sənətkar vardı… Aşıq sənəti sahəsində… Əslən azərbaycanlıydı… Namiq Kamal eşidir ki, Zeyni Dədənin gözləri tutulub. Beş-altı şair götürür, gəlir yanına, əlini çiyninə qoyub soruşur, ustad nətəhərsən? Deyir, övladım, dünya üzünü görəsi gözüm qalmadı, necə olacam? Namiq Kamalın ürək-dirək verməyinə bax: “Ustad, qəm eləmə, dünyanın görüləsi üzü qalmayıb.” Mən də eləcə… Nə sağlam canım var, nə kef eləməyə əhvalım. Belə, yaşayıram də…

– Şükür Allaha, yaxşısız, elə deməyin…

– Əslində, bu gözüm (sağ gözünü göstərir – Ş.A.) on faiz görürdü. Onu da italyan həkim kor elədi. Məni aldatdılar. Çox təriflədilər. Əməliyyat 15 dəqiqə çəkəcək, dedi, 2 saat sürdü… Hələ yarımçıq qaldı. Bir ay sonra təzədən aldı əməliyyata. Şəkərim 500-ə qalxdı. Üstündən bir il keçir. İndi sol gözümü tutanda heç birinizi görmürəm.

– Sizdə əvvəldən şəkər vardı…

– 30 ildən çoxdu.

– Amma gözləmisiniz: ot, dərman-filan…

– İndi də gözləyirəm.

– İçkidən necə qorunmusuz?

– Molla deyiləm. Vaxtı ilə içmişəm. Amma yüz qramı keçməmək şərtiylə. İndi səhhətim yaxşı olsa hər səhər 30-40 qram içərəm. İçki daxili orqanları hərəkətə gətirir. Amerikada müalicə üçün istifadə edirlər. Amma çox içəndə, o da səni içir. Əvəzsiz qoymur.

– İkicildiyiniz çıxdı…

– Hə. Səndə yoxdu?

– Yoxdu.

– Bizim bir cavan dostumuz var: Anar Amin. Ona 8-9-nu verdim ki, dostlarına payla. Sənə də verməli idi. Hərdən səndən ağızdolusu danışır…

– Dostumuzdu. Ola bilsin görüşməmişik bu ərəfədə…

– İndi hədiyyə edərəm sənə. Anar Amin maraqlı şairdi. Hələ balaca uşaq idi, mənim, Zəlimxan Yaqubun, Musa Yaqubun üstünə qəribə bir ərklə gələrdi. Amma Zəlimxannan daha çox tutdu onunku. Yubileyində də ordaydı. Bilirsən, nəyi gözəldi onun: yaş gözləməyi! Yaş gözləmək ədəb-ərkan deməkdi. Yaxşı da qoşma-gəraylıları var.

– Kitabınızın tirajı nə qədərdir?

– 2 min.

– Satışa vermisiz?

– Yox. Kitab satdırmıram. Dost-tanışa paylayıram. Özü hər adama yox, kitab qədri bilənlərə…

– Tək yaşayırsız?

– Təkəm, hə…

– Təklikdən darıxmırsız? Düzdü şeir yazan adam təkliyi sevər, amma yenə də…

– (Düşünür) Bəlkə kiminsə sinəsi dəmirçi körüyü kimi qızır və hər gün şeir yazır, məndə elə deyil. Dəmə qoymaq çox uzun çəkir məndə.

– Şeiri yaddaşınızda işləyirsiniz, ya vərəqdə?

– Çox vaxt yaddaşımda işləyirəm, tamamlananda köçürürəm.

Səpib göyərdərəm sözü, kəlməni

Ayrı sənətim yox, ayrı işim yox

Tanıtsa bir misram tanıdar məni

Ayrı sənədim yox, arayışım yox                             

Bu şeir üç bənddir, amma üç ilə yazılıb. Niyə? Uyğun qafiyə tapa bilmirdim. Şeiri asan oxuyanda, elə bilirlər asan da yazılıb. Bilirsən, Sarı Aşıqdı, Aşıq Ələsgərdi sözü güllüyüb gediblər. Zəmi biçiləndən yerdə qalanı yığmaq var eee… başaq deyirlər, bizimki odu. Xüsusilə təcnisdə. Cinas türk dilinin çox böyük üstünlüyüdür.

 

 

– Qurbani, Abbas Tufarqanlı, Xəstə Qasım – cinas olmayan şeirlərdə də cinas qafiyələrdən istifadə ediblər…

– Həm də nə qədər gözəl! Təcnis zorla yazılmamalıdır. Ələsgərdə o qədər asan tələffüz olunur ki, elə bil uşaq şeiri oxuyursan.

– Məlumdu ki, cinas yazılışca oxşar, mənaca fərqli sözlərdir. Yeganə İsmixan Didərgində sözü cinas olmaqla yanaşı əks məna verən görmüşəm… Məncə, YAD ELƏ cinası idi…

– Bilirəm hansını deyirsən…

İsmixanam, yönüm düşdü yad elə,

Nələr etdin, eləməzdi yad elə.

Mən aşığam, yad elə,

Yad ölkəyə, yad elə.

Dedim, mənə sirdaş ol,

Sağlığımda yad elə.

Mən öləndə yaddan çıxart, yad elə,

Nə ağla, nə axtar, nə də ara məni

– Yad elə – yada sal, yad elə – unut, yadlaşdır…

– Bəli. İsmixan Aşıq Ələsgərin qardaşı Məşədi Salehin nəvəsidir. Qızının oğlu… Növrəs İmanın bacısı oğlu. Bir qohumları vardı, mənə vergi verilib deyə bir qızın dalınca düşdü, özünü dəliliyə qoydu, axır aldılar. Amma çox keçməmiş ayrıldı həmin qızdan. İsmixan rəhmətlik lağa qoyurdu onu, deyirdi sənə vergi yox “naloq” verilib (gülür).

– Qəşəng kitabxananız var…

– Bundan böyük şəxsi kitabxanalar çoxdur, amma bundan gözəl olmaz yəqin ki… Çünki seçib-sonalayıb yığmışam.

– Şeir çoxdur yəqin…

– Şübhəsiz. Amma hər mövzuda var.

– Ən çox hansı kitabları oxuyursuz?

– Siz gəlməmiş yığışdırdım: Aşıq Ələsgər, Füzuli həmişə yanımdadı.

– Amma ilk baxışdan adama elə gəlir Füzulini oxumursuz…

– Rəhmətlik Bəxtiyar Vahabzadə bir dəfə mənə dedi ki, adətən folkloru bilən Füzulini, Füzulini bilən folkloru bilmir. Sən xoşbəxtsən ki, ikisini də bilirsən. Düzdü, əruzun elmini bilmirəm, amma Füzulini lazımınca oxumuşam və oxuyuram. Möminlərin bir qibləsi var, şairlərin Kəbədən başqa iki: Füzuli və Aşıq Ələsgər…

 

– Mən birini də artırardım: Nazim Hikmət. Əruz, heca və sərbəst…

– Nazimin başqa yanları da var ki, bilməyənlər bilmir. Onda ölçüyə bax:

Mən məni bir daha ələ keçirsəm

Yaşardım yenə də eşq ilə sərsəm…                 

 

Buyur, belə gözəl heca şeiri göstər…

– Bu üçlüyü tar, saz və orkestrlə də metafora eləmək olar.

– Türkiyənin Qara dəniz sahillərindəki məşhur Şilə kəndində olmuşam. Nazimin sürgün həyatı keçirdiyi kənddə, oturub şeir yazdığı qayanın üstündə… Ordan Bolqarıstana keçib. Şair Abbas Abdulla, Şilənin muxtarı və mən bir çinarın altında söhbət edirdik. Abbas muxtara dedi, Nazim Anadoluda bir ağac dibinə gömülmək istəyib. Bəlkə, hökumətlə danışaq, bu ağacın altını versinlər, Nazimi Moskvadan gətirb bura dəfn edək? Bu vaxt orda ipatdı oynayan qızcığaz qışqırıb etiraz elədi: “Bəs mən harda oynayacam?” Dedim, yazıq Nazim, bu balaca da sənin qayıtmağını istəmir (gülür).

– Məncə, Nazim o qızcığazın yerini dar eləmək istəməzdi…

– Həəə… Yəqin ki!

– Ev-məişət işləri yormur sizi?

– İnsanın üzü bərkdi. Öyrəşir hər şeyə. Elə ki, ürəyin istəyən kimi yaşamağa başladın, hər ağızdan bir avaz gələcək.

– Şəxsi həyatınızdan danışmırsız heç vaxt… İkinci həyat yoldaşınızdan da ayrılmısınız, bir qızınız var…    

– Elə bu qədər bəsdi.

– Rayonda yaşayır qızınız?      

– Zaqatalada olurlar. Yoldaşı yol idarəsində işləyir, ona görə…

– Kürəkəniniz bizim yerlidi deyəsən…

– Hə, Laçının Ərikli kəndindəndir. O kəndin adı əslində Ərikli yox, Əliklidir. Çünki o iqlimdə heç vaxt ərik olmaz. Amma əlik (cüyür – Ş.A.) sürüylə gəzir oralarda. Nəvələrim Sultan bəyin qardaşı Rüstəm bəyin uşaqlarıdı.

 

– Niyə özünüzdən danışmaq istəmirsiz? Oxuculara maraqlıdır axı…

– İkinci arvadı boşayandan 30 ilə yaxın keçir. Allah istəsəydi biriylə yaşayardım. Boşanmağımla bağlı kimsəyə heç nə deməmişəm. Ən yaxın qohumlara da.

– Bəlkə mənə deyəsiz…

– Sən də insansan… “Kimsəyə” dedim axı… İstəmirəm. Özümlə bağlı bir gülməli əhvalatla bu söhbəti bitirək. AzTV-də, necə oldusa, Nizami Xudiyev rəhmə gəlib, dedi, səndən nəsə çəkək. Bir xanım rejissor məsləhət gördülər. Dedim, məndən film çəkmək işini boynuna götürdüyü üçün bu xanıma minnətdaram, amma, bilsin ki, mən qadınlarla yola getsəydim, arvadım olardı (gülür).

– Mən bilən yola getmisiz axı… Özü də necə lazımdı…

– Sevəndə dəlicəsinə sevmişəm. Amma indi Allahdan başqa sevdiyim yoxdu.

– Ailədə də tək olmusuz mən bilən. Qardaş-bacılarınız ölüb. 

– Məndən əvvəl 9 qardaşım olub, ölüb. Bir doğma bacım olub – Əzizə, bir də ata bir, ana ayrı Xublar adlı bacım. “Bacım Xublara məktub” şeirim də var. Onu heç vaxt ögey hiss eləməmişəm. Axır vaxtlar bura gəlmişdi. Oğluna deyirmiş, gördüm Məmməd qocalıb, mən ondan sonra ölsəm, ölmərəm, haram olaram (qəhərlənir).

– Bu qəribə  qardaş sevgisi, bizdə də var.

– Həəə…

– Eşitdiyimə görə sizə qurban deyib, basdırıblar ki, qardaşlarınız kimi ölməyəsiz…

– (Gülür) Öz qəbrimi görmüşəm… İranlı bir molla gəlib çıxıbmış Laçına… Mən Kəlbəcərin Laçın kəndindənəm… Əvvəl ki, 9 qardaşım ölüb, bu molladan kömək istəyiblər. O da atama deyib, uşaq doğulanda bir nal götür, qayanın birinə çırp, harda batdısa orda qalsın, gəlib-keçəndə şükranınızı bildirin, dua oxuyun, oğlunuzu qoruyacaq.

 

– Şaman ayinidir…

– Sonra deyib, gedin Bərdədəki İmamzadada yüyrük asın, uşağı ora tapşırın. Üçüncü məsləhəti isə belə olub ki, üçgünlük olanda tərəzinin bir gözünə uşağı, o biri gözünə bir quzu qoyun, quzunu kəsib bir qəbirdə basdırın, uşağın bəlalarını aparacaq. Lotunun biri də gecə o quzunu çıxarıb, yeyib! (Gülür). Amma o doqquz qardaşın çəkəcəkləri qədər mənə çəkdirdi dünya!

– Rəhmətlik Sücaət sizdən narazılıq eləmişdi… Nə məsələ idi?

– Sücaətin anası anamla əmiqızı idi. Özüylə də, qardaşı Hidayət Elvüsalla da münasibətib həmişə yaxşı olub.

– Sizə şeiri də var…

– Həə… Sonra, guya onun gözlərini əməliyyat edən həkimi tanıyırmışam, öyrətmişəm ki, Sücaəti kor elə. “Avropa” qəzetinə müsahibədə özü demişdi. Gözləri xarab olmuşdu. İçirdi… Əsəbiləşirdi… Özünə fikir vermirdi… Ona nə ağır gəlmişdi: niyə verilişimə çəkmirəm onu! Mən kəlbəcərliyəm deyə, bütün qohum-əqrəbamı çəkə bilməzdim axı. Aşıq Şəmşirdən eləyirdim, Bəhməndən eləyirdim… Aşıq Ələsgər də ki, dinim-imanım idi. Onun həm yarı, həm də yarısı Kəlbəcərdən idi.

– Sücaətin yasında oldunuz?

– Oldum hə… Gəncədə. Bəhmənlə araları çox çəkmədi.

– Bəhmənlə lap yaxın olmusuz…

– Bəhmənin ölümü Səməd Vurğununku qədər əks-səda doğurdu camaat arasında. İstedadlı bir xalası oğlu da var – Yusif Hüseyn. Tapıb elə qafiyələr seçir ki… Bəhmən hər qafiyəni işlədən adam idi. Axtarmırdı.

– Şeirdə iddiasız idi.

– Hə. İddiasız adam idi.

– Deyilənə görə, bir dəfə sizə deyib ki, mən Bakıda olsam sizi kölgədə qoyardım…

– Qətiyyən. Salaməleykümümüz haqqı elə söhbət olmayıb. Bir dəfə hansısa məclisdə dedim, Bəhmən, ehtiyatlı ol, bu kəlbəcərlilər çalışırlar ki, şairləri dalaşdırıb, zövq alsınlar. Dedi, qələt eləyərlər babalarıynan!

– Şair camaatı söyərmi?

– Hələ o daha sərt dedi, mən yumşaldıram.

– Bəlkə, nəhayət Məmmədlərə keçək? Üç məşhur Məmmədə…

– Tofiq Hacılı bir yazı ilə bizi mis-qaynar elədi. Bunu həm də oxucular istəyirdi. Məncə, bu, ilk növbədə dil yaxınlığından doğurdu. Tofiq müəllim yaxşı yazılar yazdı: “Üç Məmməddən biri: Araz”, “Üç Məmməddən biri: Aslan”, “Üç Məmməddən biri: İsmayıl”. 30 il keçsə də, yaddaşlarda qalıb bu yazı. Yaxın yüz ildə Məmməd Araz kimi qoşmayla siyasəti öpən şair olmayıb. Mən Məmmədlərin hər ikisiylə də qardaş olmuşam. Məmməd İsmayıla lap yaxın idik. Məni televiziyaya da o gətirdi.

– Dördüncü Məmməd də var: Məmməd İlqar!

– Hə, gözəl şairdir. Yaxşı təcnisləri, gəraylıları var.

– Zəngin həyatınız var… Memuar haqda düşünmürsüz?

– Şəxsən tanıdığım şairlərdən ibarət bir kitab çap edəcəm. Ağac mövzusunda “Adəmdən günümüzə ağac” adlı 500 səhifəlik kitabım da yazılıb, qurtarıb. Bundan əlavə, Xəzər TV-də gedən “Sözün özü” verilişini kitablaşdırıram.

– Gənclərdən kimi oxuyursuz?

– Hərdən Zamin Hacını oxuyuram, çox xoşuma gəlir yazıları. Gözlərim yoxdu, oxuya bilmirəm…

– Seymur Baycan da var…    

– Tanıyıram. O da qoca yaşımda gəlib məni ələ salır. Eləsin, neyləyək…

– Yazıçılardan kimin dili xoşunuza gəlir?

– Əbdürrəhimbəy Haqverdiyev. İsmayıl Şıxlı.

– Yusif Səmədoğlunun “Qətl günü” romanını oxumusuz?

– Oxuya bilmədim… Niyə yalan deyim.

– İsa Hüseynov necə?

– İsa Odər dilinə keçəndən sonra onu da oxuya bilmədim. Amma dost idik İsa müəllimlə. Ölümündən bir ay öncə mənə zəng eləmişdi.

– Qızıl balıq bir arzu istəsə hansını deyərdiniz?

– Hə, nağıllardakı balıq… (düşünür). Heç olmasa bir anlığa Murovun başından Kəlbəcərə baxım.

Yanvar, 2015




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir