EHALI

Mentalitet qurbanı olan azərbaycanlılar

Baxış sayı: 551

1. Allah sizə rəhmət eləsin, ölülər…!

C. Məmmədquluzadə “Ölülər”

2. Əxlaq – Sizə qarşı olunmasını istəmədiyiniz hər şeyin başqalarına da edilməməsini istəməkdir.

J.J. Russo “İctimai müqavilə”

1.

Cəmiyyətin qəbilələrdən, sürülərdən, tayfalardan fərqi onda idi ki, bu kompakt yaşayış formasında heyvani instinktlərdən bir qədər uzaqlaşıb, əqli vərdişlərə, yəni mədəniyyətlərə sahib olurduq.

Mədəniyyət özlüyündə sivilizasiyanı, sivilizasiyalar isə ağıllı insanın ali dəyərlərə çevirdiyi əxlaq kontekstlərini yaradırdı. Mədəni formaya və ictimai qəlibə salınmış insan fiziki gücünün əsaləti ilə deyil, əqli vərdişlərin interferensiyadan uzaq himayəsi altında (çünki mədəniyyət faktoru həm də onu qoruyurdu) öz asi qüdrətindən əl çəkib, bədii desək, dünyanı gözəlləşdirmə missiyasına xidmət etməli idi.

İnsan isə bu mübarizəni, yəni ibtidailiklə alilik arasındakı Xeyir-Şər müharibəsini əvvəlcə rəqabətə, sonra güc sərgisinə, sonra isə vəhşilik yarışına çevirdi. Təzəcə öz heyvani mahiyyətindən uzaqlaşan insan – biz yenidən ona qayıtdıq.

Və bütün yeni yaranmış instansiyaların, dəyərlər kompleksinin tamamlanmamış şəkli və adı qaldı.

Mədəniyyət estetik və etik olana, əxlaq lokal səviyyədə mentalitetə, cəmiyyət isə bir neçə mərtəbənin heç vaxt eyni cərgədə dura bilməyəcəyi, konturları sosial fiqurlardan və siyasi prinsiplərdən qurulmuş müstəviyə çevrildi. Nəhayət, bu qədər böyük bir yarımçıqlığın sonunda bütün sistemin üzərini qapaya biləcək yeni yalan ortaya çıxdı – Din.

Qorxu instinkti ilə inam hissi arasında bərqərar olub miflərin hakimiyyəti üçün əxlaq və mədəniyyət körpüsü quran milyon illik bir yalanla insan daha çox öz mahiyyətinə və xarakterinə sürətli geri dönüş edə bildi.

Əxlaqın mentalitet(lər)ə, mədəniyyətin din(lər)ə çevrildiyi bir bəşəriyyətin naməlumluqdan çıxışı bir az da çətin oldu. Vahid bir sistemi parçalamaqla öz güc sektorlarını yaradanların müharibəsi dünyanın faniliyi ilə əbədiliyi arasındakı mübarizədən daha kəskin, daha populist xarakter almağa başladı.

Kim idi əxlaqı mentalitetə, mədəniyyəti dinə çevirənlər? Genetik bağlarından qopa bilməyən, vəhşi və barbar keçmişinə sadiq qalmaq istəyən ulu Adəmlər. Hər şeyin yeni başlandığı bir vaxtda yenidən kökə qayıtmağın səbəbləri və ehtiyaclarından xəbərsiz olduğum üçün bunu instinktlərin sinapslarda oyanması, tamamilə ölməməsi ilə izah edə bilirəm. Bağışlayın!

Zaman-zaman cəmiyyətlərin bu cür dəyişikliklərdən keçməsi bizim də xarakteristikamızda müəyyən mənada dəyişiklərə yol açdı. Texnologiya dövründə insanların digər populyarlardan seçilməsi onların özlərinin yeni maskalar yaratmasına və nəticədə dünyanın böyük bir maskarad şousuna çevrilməsinə səbəb oldu. Ruhun və bədənin süni şəkildə sərhədlənmiş ictimai təfəkkürlərdən, qaydalardan azad olması üçün yaradılmış hərəkatların, cərəyanların (yeni mədəniyyətlərin) bir müddət sonra başqaları üçün maskaya çevrilməsinin şahidi olduq.

Və bu cür metamarfozlar həqiqi dəyər sisteminin tapdalanmasına, onun qeyri-ciddi qəbul edilməsinə gətirib çıxardı.

Məsələn, təxminən yüz il qabaq hippilərin mübarizəsi, avanqard cəmiyyətin təməllərini atması uğrundakı müharibəsi bu gün sadəcə bir kulta, hətta yeri gələndə ərgən yaşların fərqli bir simasına çevrildi, onları gəncliyin ilk üsyanı kimi qəbul edib qeyri-ciddi baxmağa başladılar.

İrqi, cinsi, mental ayrıseçkiliklər cəmiyyətlərin bucaqlara ayrılmasına, fərqli rakurslarda kiçik müharibələrin yaranmasına gətirib çıxardı. Neoliberalist düşüncənin nə qədər demokratik əsaslara dayanmasını, bu tip azlıqlara hüquq və ictimai status qazandırması haqqında minlərlə mühazirələr danışılsa da, hətta ən demokratik ölkələrin cəmiyyətində belə azlıqlar həmişə zorakılığa, şiddətə, ayrıseçkiliyə qurban getdilər.

Şərq ölkələrində, orta əsrlərin mental dəyərlərinin deformasiyaya uğramadığı, kultların hələ də müqəddəs hesab edildiyi toplumlarda bu mənzərə daha acınacaqlı, daha ironik şəkil aldı.

Beləcə, adamların düşüncələrini dəyişməyə, onların yeni və daha sakit, daha ağıllı bir dünyada yaşamağı üçün mübarizə aparan beyinlər rəngarəngliyi, yaradıcılığı, fərqliliyi, karnaval estetikasını qəbul etmədi. Böyük iddialar kiçik müharibələrə, fərdi mənafelərin mübarizəsinə çevrildi.

Azərbaycan kimi ölkələrin cəmiyyətləri ata-oğul münasibətlərinə (mentalitet), dini inanclarına, köklü, lokal, kiçik mədəniyyətlərə daim sadiq qalmaq istəyən kütlələrdir. Biz heç vaxt dəyişməyi seçməyən, hətta buna bir az da xainlik kimi baxan adamlarıq.

Ətrafımızda baş verən bütün hadisələri daim keçmişlə müqayisə etməyi, səhvlərindən nəticə çıxarmaq istəyən, lakin davamlı şəkildə bu yanlışlıqları gələcəyə hesablayan ataların oğullarıyıq.

Bir tərəfdən qafqazlı təfəkkürü, digər tərəfdən İslamın diktə etdiyi əxlaq, başqa bir tərəfdən də türkçülüyün tarixdən genetikamıza süpürüb gətirdiyi köçərilik, barbarlıq modern dünya ilə sadəcə məişət səviyyəsində ayaqlaşmağımıza icazə verir.

Biz altşüurumuzda hələ də dəbilqə geyinib, qılınc-qalxan götürüb xaçlılara qarşı müharibəyə gedirik.

Böyük mədəniyyətin yaradıcıları olan bizlər, o mədəniyyəti imitasiya edən həmin xaçlıların dəyişdiyi dünyada yaşamağı bacara bilmirik.

Çünki bizim müharibəmiz, mübarizəmiz, müxalif olduğumuz şeylər tamamlanmamış, yarımçıq qoyduğumuz həmin sözlərin altındadır – Əxlaq və Mədəniyyətin.

2.

2014-cü ildə İsa Şahmarlının intiharı, 2019-cu ildə 14 yaşlı Elina Hacıyevanın intiharı, 2020-ci ildə 11 bıçaq zərbəsi ilə öldürülən transgender və iki gün qabaq başı kəsilən LGBT fərdi Əvəz Hafizli. Bunlar mənim yaddaşımda ilişib qalanlardı. Əmin ola bilərsiniz ki, göstərdiyim bu intervallarda yüzlərlə bu cür cinayət hadisəsi olub və hər gün artan aqressiya yenidən təkrarlanacağına şübhə yeri qoymur.

Qadın zorakılığı, qeyri-obyektiv gender münasibətləri, cinsi azlıqlara qarşı olan birmənalı nifrət, uşaq istismarı, ictimai qınaq, sosial problemlərin demotivasiyası, mentalitet, qondarma kultlar bizi hər gün daha vəhşi bir kütlənin içinə yem kimi atır. Bu kütlənin səndən istədiyi bircə şey var: onlar kimi olmalısan. Fərqli davranış, fərqli beyin, fərqli düşüncə tərzi cəmiyyətimiz üçün sadəcə səni qurban seçə bilər. Bura Qərb deyil və burada yenilik ənənəyə həmişə uduzub. Bu reallığı çoxdan qəbul edən gənclərin pənah yeri özləri kimi kreativləri tapmaq olur. Fərdlər azlığa, topluma, təşkilatlara çevrilir (təşkilatlana bilsələr). Və qəti şəkildə onlar cəmiyyət üçün təhlükə mənbəyi, daha kəskin şəkildə desək, düşmən seçilir. Onlarla mübarizəyə başlayan adamlar gec-tez həmin fərdləri ölüyə, özlərini isə qatilə çevirə bilirlər.

Qəbul edilməyən fərdlərin cəmiyyətdən, proseslərdən kənarda saxlanılması onların şüurunda haqlı olaraq aqressiyanın yaranmasına səbəb olur. Gün gəlir bu aqressiya böyüyüb üsyana çevrilir. Üsyan etiraz mitinqlərinə. Etiraz mitinqləri davamlı şəkildə baş verdikcə isə parçalanmaya, xaosa gətirib çıxarır. Azlıqlara qarşı əlinə səbəblər yığan digər “haqlı” tərəf üçün onları əzməyin arqumentləri süni şəkildə ortaya çıxır.

LGBT və digər təşkilatların yaranması, bu azlıqların bir camiə ətrafında yığılması, orada fərqi yoxdur monoton və ya ciddi ictimai fəaliyyətlərlə məşğul olmaqları, kütlədən seçilmələri (bütün mənalarda) bizləri qıcıqlandırır. Cəmiyyət daxilində baş verən bu beyin insidentində təəssüf ki, qalib gələn tərəf çox olan tərəfdir. Azlığın mübarizəsi həmişə qeyri-etik, çoxluğun qalibiyyəti isə həmişə ədalətli görünür.

Heç kim onların yanında durmaq istəmir. Cəmiyyətin müxalif kəsiminin bir çoxu da (hansı ki onlar kütləvi şəkildə xal yığmağı və maskalanmağı bacaranlardır) azlıqları kütlə ilə bərabər daşlamağı seçirlər. Ya da sadəcə susmağı.

LGBT fərdlərini, azad beyinləri, xüsusi qırmızı xətti olmayanları əxlaqsız adlandıran mentalitet bayraqdarları üçün bura yazmaq istəyirəm ki, böyük və ali cəmiyyətlərin heç birində əxlaq anlayışı bu qədər bəsit və bayağı deyil.

Əxlaq qarşındakının şəxsi alyansına girmədən onunla ünsiyyət saxlamaqdı. Növbə mədəniyyətidir. Söyüş söymədən, daş atmadan etiraz edə bilməkdi. Mühakimə etməməkdir. Dəyərlərə və sərhədlərə hörmət etməyi bacarmaqdı. İntellektə qiymət verməkdi. Heç bir şəkildə, kimliyindən asılı olmayaraq birinin şəxsi həyatı haqqında qərar verməməkdi.

Əgər bir münasibət sizi qıcıqlandırırsa, bunu özünüzə yaraşdırmırsınızsa, onda siz də digərlərinə qarşı bu münasibəti sərgiləməyin. O vaxt hamı əxlaqlı olacaq və bu zərif sözün tez-tez istifadə edilməsinə ehtiyac qalmayacaq.

Xüsusi amansızlıqla öldürülən, nəşi belə şiddət görən bir gəncə bu kimi fikirlərdən dolayı əgər valideynləri də sahib çıxmırsa, onun meyitini qəbiristanlığa atıb gedirlərsə, ibadət etdikləri dini inancı belə balaca beyinlərindəki mental dəyərlərə qurban verirlərsə, vəziyyət həqiqətən ciddidir və ağırdır.

Kənardan biçilmiş dəyərlər bizə özümüzü unutdurur və bizi istədiyi formaya sala bilir. Məsələn, Qafqaz təfəkkürünün həbsxana imici indi gəncliyin dəyərinə çevrilib. Və ötən gün Əvəzin başını kəsən də bu “dəyərin” bir hissəsi idi. Dəyərin adı əxlaq idi. Bizim əxlaqımız da başımızı kəsdirdi.

Əvəzin nəşini xalçaya büküb bir kandara atan ailə isə hər gün bir az da təməlindən laxlayan ailə institutlarının kiçik modelidir. Azərbaycanda bu cür sevgisiz, qəddar, yalnız qohum-əqrəba janrında yaşayan ailələr çoxdur. Bu gün onlar müqəddəs hesab etdikləri ailəni dağıda bilmirlər, çünki üzərilərində on milyonluq bir ictimai qınaq var. Bir müddətdən sonra isə bu cür ailələr ya dağılır, ya da həmin evin içində faciə baş verir və bizim adamlar aydınlanır.

Tarix boyu bu cür dəyərləri tənqid edənlərin hər biri yaxşı bilirdi ki, toplumu dəyişməyin yeganə yolu ona mədəniyyət öyrətməkdi. Bunu etməyə də can atırdılar, hətta bir növ yavaş-yavaş nail də olurdular. Di gəl, sabit bir coğrafi mövqeyimiz olmadığı üçün tezliklə hər şeyi yenidən başlamaq məcburiyyətində qalırdıq.

Bu gün isə kiməsə nəsə öyrətmək lazım deyil. Hamı hər şeyi bilir, hamı hər şeyin fərqindədir. Hətta Əvəzi öldürən o “bratımız” da hər şeyi bilirdi. Bütün həqiqətlər açıq-aşkardır. Sadəcə düşünmək və xatırlamaq lazımdır. Başqa heç nə bizə kömək olmayacaq.

 

Rəvan Cavid




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir