smaylik qezetde

Mətbuatda smayliklərdən istifadə olunsunmu? – JURNALİSTLƏR NƏ DEYİR?

Baxış sayı: 1. 772

İnternet üzərindən etdiyimiz yazışmalarda smayliklərdən gen-bol istifadə edirik. Bu işarələr bizim fikrimizi, hiss və həyacanımızı ifadə etməkdə yardımçı olur. Doğrudur, heç bir işarə söz qədər qüvvətli ifadə forması deyil, ancaq hər halda bu işarələrin mövqelərini möhkəmləndirdiyini etiraf etməliyik.

Bəs görəsən smayliklərin mətbuatda, internet mediada istifadəsi nə qədər yerinə düşər? Onların jurnalist yazılarında istifadəsi nə qədər zərurətə çevrilib?

Bu barədə jurnalist və redaktorlardan soruşmuşuq. Görək onlar bu işarələrə  yazarkən nə qədər ehtiyac duyurlar və onların mətbuatda istifadəsini mümkün hesab edirlərmi?

 “Sivil.az” saytının baş redaktoru Amil Hacıyev hesab edir ki,bu işarələrə mətbuatda ehtiyac yoxdur: “Məncə olunmamlıdı. Bu smayliklər mətbuata gəlsə, mətbuat da bir şey olmayacaq. Onsuz da sosial şəbəkələr oxucularımızı ələ keçirib. Əgər smayliklər tətbiq olunsa, onda mətbuatın səviyyəsindən danışmaq yersiz olacaq”.

“Azvision.az” saytının baş redaktoru Vüsal Məmmədov isə deyir ki, gec-tez smayliklər yazıya da gələcək: “Məncə, bir müddətdən sonra bu, öz-özünə baş verəcək. Çünki yazıda da emosiyaları ifadə etməyə ehtiyac yaranır. Heç də hər kəs bunu təkcə hərflərin vasitəsilə etməyi bacarmır. Və insanlar yazışmalarda bundan getdikcə daha çox istifadə etdikləri üçün bir növ hərflər və durğu işarələri kimi adiləşir və vərdiş halını alır. Hətta durğu işarəsindən istifadə etməyən insanlar da smayliklər işlədirlər. Ona görə də, məncə bu proses gec-tez baş verəcək, smayliklər yazıya da gələcək.

Qocaman jurnalist Rəhman Orxan isə bu işarələrin mətbuatda gəlməsini istəmir: “Yox, yazıda istifadə olunmasını istəmərəm. Düşünürəm ki, şitini-şorunu çıxaracaqlar”.

Jurnalist İntiqam Valehoğlununsa bu mövzuda tərəddüdü var: “Hamımız bu smayliklərdən istifadə edirik. Amma məncə belə olmamalıdır. Onsuz da internet insani passivləşdirir. Ancaq maraqlıdır ki, smayliklərdən istifadə etməsək, hissləri, təəssüratları necə çatdıracağıq?!”

APA informasiya agentliyinin əməkdaşı Cavid Zeynallı isə smayliklərin istifadəsi üçün zərurət hiss etmir: “Vallah, bu haqda heç vaxt düşünməmişəm. Amma buna nə ehtiyac var, onu anlamıram”.

“Azxeber.com” saytının baş redaktoru Hacıbəy Heydərli isə bu smayliklərin mətbuatın ciddiliyinə mənfi təsir edəcəyi düşüncəsindədir: “Düşünürəm ki, buna ehtiyac yoxdur. Smayliklər daha çox çatlara ve sosial şəbəkələrə şamil olunan və əyləncə xarakteri daşıyan simvollardır. Bunu mediaya gətirsən, mətbuat ciddiliyini itirər”.

Jurnalist Vüsalə Məmmədova sözü daha qüdrətli hesab edir: “Məncə, tətbiq olunmasın. Jurnalist heç vaxt söz qarşısında aciz qalmasın ki, onu smayliklə əvəz edəsi olsun. Yəni olunsa belə, mən “keçməyəcəm”. Mənim üçün oxucum çox dəyərlidir və onunla “yola verdi” danışa bilmərəm. Smile emoticon – Smaylik həm də yola verməkdi axı. Sözlə məşğul olmaq lazmdır məncə”.

Mövzu ilə bağlı professor, jurnalist Qulu Məhərrəmlinin də münasibətini öyrəndik. Professor bildirdi ki, media dilinin semiotikası bu işarələri qəbul etmir:

–         Peşəkar mediada yox, amma sosial şəbəkələrdə smayliklərdən istifadə normaldır. Bunlar adi simvollardır, müəyyən semantikası var və bəzi hallarda münasibəti  ifadə etmək üçün çox kara gəlir. Digər üstünlüyü sözə, yazıya qənaət etməyə, vaxt udmağa imkan verməsidir. Lakin bu işarələrin mətbuatda kütləvi şəkildə işlənməsi doğru deyil, çünki media dilinin semiotikası bu işarələri qəbul etmir.

Hazırladı: Vüsal




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir