MEYVE

Meyvə və giləmeyvələrin qışa saxlamağın yolu

Baxış sayı: 476

Yay dadlı meyvələrlə zəngin fəsildir. Meyvələrin xarab olmağını gözləməkdənsə, onlardan mürəbbə bişirmək və ya qış fəsli üçün tədarük etmək, moruq, böyürtkən, gilas, çiyələk kimi meyvələrin dadını qışda da almaq olar. Onları qışa qədər quru, təravətli və təzə saxlamağın da bir neçə yolu var.

İlk növbədə meyvələr təzə, lakin həddən artıq yetişmiş olmamalıdır. Moruğu dondurmaq üçün onu yumaq olmaz. Meyvələr yaxşı qurumadığı üçün içi buz bağlaya bilər. Əriyi və gavalını dondurmazdan əvvəl iki yerə bölmək daha yaxşı olar. Bir mühüm məqamı – temperatur fərqini də yadda saxlamaq lazımdır. Ev istiliyində olan meyvəni birdən-birə dondurucuya qoyanda onun keyfiyyəti itir və əvvəlki təzəliyi qalmır. Ona görə də onu dondurucuya qoymazdan əvvəl ən azı bir saat soyuducunun yuxarı hissəsində saxlamaq lazımdır.

Qida mühəndisi Məhsəti Hüseynovanın dediyinə görə, bir sıra qidaları dondurmaq düzgün deyil: “Giləmeyvələrin dondurulması onun tərkibini o qədər də dəyişmir. Tərəvəzlərin dondurulmasına isə yol vermək düzgün deyil, çünki onların tərkibinin 80 faizi sudan ibarətdir. Düzgün şəkildə dondurulub saxlanılmadıqda onların tərkibində olan kimyəvi maddələr qışda faydadan çox zəhərlənmə hallarına səbəb ola bilər. C vitamini ilə zəngin olan bir çox meyvələr dondurulanda onların tərkibi dəyişir və həmin vitaminlər tamamilə azalır”.

Diqqət yetirilməli digər məqam isə onların saxlanıldığı qabdır. Meyvələri çox da hündür olmayan nazik plastik qablarda saxlamaq daha məsləhətlidir. Ən əsas və nəzərə alınmalı məsələ isə meyvələrin həcmidir. Bir dəfəyə böyük həcmli meyvə qablaşdırmaq düzgün deyil.

Qida mühəndisinin dediyinə görə, onları porsiyalara bölüb kiçik ölçülərdə dondurmaq daha məqsədəuyğundur: “Bəzən elə olur ki, dondurulan meyvələrin bir hissəsi istifadə edildikdən sonra qalan hissəsi yenidən dondurulmağa qoyulur və bu, ən təhlükəli hallardan biri hesab olunur. Əksər hallarda belə meyvələri yedikdə maddələr mübadiləsinin pozulması və yaxud ishal kimi hallara səbəb olur və bunun həmin meyvə-tərəvəzdən qaynaqlandığını bilmirlər. Onu da qeyd edək ki, bir çox meyvə-tərəvəzi yumadan dondurmaq daha məsləhətlidir, çünki qışda onun donu açılıb yuyulduqda daha faydalı olur”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir