ders

Millətin gələcəyindən narahatlıq: nazir də narazıdır, deputat da, vətəndaş da

Baxış sayı: 276
Elm və təhsil naziri Emin Əmrullayev bəyan edib ki, ümumtəhsil məktəbləri müasir dövrün tələblərinə cavab verməlidir. Nazirin sözlərinə görə, müəllimlərin sayında siniflərin sayı ilə münasibətdə disbalans var: “Biz çalışırıq ki, bunu müəllimlərin işə qəbulu prosesində tənzimləyək. İkinci həll yolu məktəblərin ştat cədvəli dediyimiz sistemidir. XXI əsrdə artıq məktəblərin strukturu da fərqli olmalıdır. Məktəblərin strukturuna yenidən baxılmalı və addımlar atılmalıdır. Digər tərəfdən sertifikasiya məsələsi də önəmlidir”.Qeyd edək ki, uzun müddətdir təhsil sistemində islahatların aparılacağı barədə müzakirələr gündəmə gəlsə də, bu, baş vermir. Yalnız kosmetik addımlar atılır ki, bu da öz növbəsində təhsildə keyfiyyət dəyişikliklərinə gətirib çıxarmır. Bəs, görəsən, təhsil islahatları necə həyata keçirilməlidir və buna mane olanlar kimlərdir?

Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini, professor Musa Qasımlı  deyir ki, qəbul imtahanında abituriyentlərin aşağı nəticə göstərməsi Azərbaycan təhsilinin ən ciddi problemlərindən biridir: “Təhsil millətin gələcəyidir. Biz bu günə təhsilimiz və elmimiz sayəsində gəlib çatmışıq. İslahat anlayışı çox genişdir. Hörmətli nazirin nəyi nəzərdə tutduğunu söyləyə bilmərəm. Ancaq orta təhsildə islahatlar aparmaq üçün ilk növbədə, qüsurları, problemləri görmək, sonra isə onları islah etməyin ən səmərəli yollarını axtarıb tapmaq, səbr və qətiyyətlə həyata keçirmək lazımdır”.

“Dövlətimiz təhsil üçün zəruri olan şeyləri edib və edir. Bu gün ölkəmizdə müasir avadanlıqlarla təchiz olunmuş orta məktəb binaları olsa da, təhsilin keyfiyyəti ildən-ilə aşağı düşür, qəbul imtahanlarında aşağı bal toplayanların sayı artır. Belə bir vəziyyət nə üçün yaranıb? Onu necə aradan qaldırmaq olar? Səbəblərini təhsillə maraqlanan hər bir şəxs bu və ya başqa dərəcədə bilir”, – deyə deputat bildirir.

O, orta təhsildə bəzi xarici ölkələrdə olduğu kimi, yeni maliyyələşdirmə sistemimə keçidin faydalı olduğu qənaətindədir: “Bəzi məktəb direktorları, direktor müavinləri orta təhsilin fəlsəfəsini, məqsədlərini bilmirlər. Müəllimlərin arasında savadsızlıq artır. Fəaliyyət göstərən bu qədər ali məktəb, filialları və kolleclər nə üçün keyfiyyətli kadr hazırlaya bilmir? Bəzi müəllimlər heç orta səviyyədə dərs verə bilmirlər, sinifdə vaxt keçirirlər. Məktəb rəhbərliyi isə heç bir tədbir görmür və ya görə bilmir”.

“Məktəblərdə müəllim çatışmazlığı var. Bəzən dərsləri qeyri-ixtisas sahibləri keçirlər. Müəllimlərin tez-tez yerdəyişməsi ziyan vurur. Dərsliklərin yazılmasında az qala inhisarçılıq mövcuddur və nazirliyin təsdiq etdiyi dərsliklərin əksəriyyəti bərbad haldadır. Məktəblə ictimaiyyət arasında əlaqə zəifdir. Valideynlərin çoxu övladının məktəb təhsili ilə maraqlanmır, daha çox kurslara, fərdi hazırlığa üstünlük verir. Ucqar dağ kəndlərində məktəblərin yuxarı siniflərində qızların dərsə davamiyyətində problemlər var”, – deyə Qasımlı vurğulayır.

Millət vəkili əlavə edir ki, məktəblərdə yad təsirlərin artması da ciddi təhlükədir: “Məktəblərdə yad təsirlər  nə üçün artır? İslahatların uğurlu olmasından ötrü onu həyata keçirənlər bütün səviyyələrdə təhsilin problemlərini incəliyinə qədər bilməlidirlər. Əks-halda daha da geri gedə bilərik”.

Milli Məclisin Elm və təhsil komitəsinin sabiq sədri, keçmiş deputat, professor Şahlar Əsgərov mövzuya dair söyləyir ki, ali və orta ixtisas məktəblərinə qəbul qaydaları dəyişdirilməlidir: “Dəfələrlə qeyd etdiyim fikrin üzərinə qayıdaraq bir daha söyləmək istəyirəm ki, universitetlərə və kolleclərə qəbul qaydaları dəyişdirilməlidir. Biz beynəlxalq təcrübədən istifadə etməliyik. Bu təcrübə nədən ibarətdir? Bu gün ali məktəblərə qəbul olunmaq üçün qoyulan şərtlər çox mürəkkəbdir. Təsəvvür edin ki, valideynlər məcbur qalıb övladlarını çoxlu sayda repititorun yanına göndərir. Bu məqsədlə ailə büdcəsindən böyük məbləğdə vəsait xərcləyirlər. Abituriyentlər müxtəlif fənnlər üzrə test üsulu ilə hazırlıq səviyyəsini yüksəldirlər”.

“Lakin cəmiyyətin, əmək bazarının əsas nəyə ehtiyacı var? Təbii ki, peşəkar kadrlara. Peşəkar kadrlar harada yetişir? Ali və orta ixtisas məktəblərində. İlkin biliklər vacibdir və buna görə də ümumtəhsil məktəblərində tədrisin səviyyəsi yüksəldilməlidir. Ancaq peşəkar kadrları hazırlamaq üçün biz əsas diqqəti ali və orta ixtisas məktəblərinə yönəltməliyik. Bunun üçünsə universitetlərə və kolleclərə qəbul qaydaları sadələşdirilməlidir. Biz ali və orta ixtisas məktəblərinin giriş qapısını açıq, çıxış qapısını isə bağlı tutmalıyıq. Əksər inkişaf etmiş dövlətlər bu təcrübədən istifadə edir və kifayət qədər də uğurlu nəticələri var”, – deyə həmsöhbətimiz qeyd edir.

Əsgərovun sözlərinə görə, orta məktəbin yuxarı siniflərində dərslərin səviyyəsi qənaətbəxş deyil: “İllər keçir, amma təhsildə ciddi irəliləmə müşahidə olunmur, sadəcə fırlanma hərəkəti var. Bu problemlərin varlığı onu göstərir ki, təhsil bizim üçün hələ dərk olunmamış sahədir. Əgər nazirlik islahatlar aparacağını bəyan edirsə, bu, o deməkdir ki, onlar da problemin mövcudluğunu etiraf edirlər. Etiraf edirlərsə, deməli, həllində də maraqlıdırlar. Təbii ki, bu islahatlar aparılmalıdır. İslahatlar ölkə təhsilinin inkişafına və tərəqqisinə xidmət etməlidir. İnanıram ki, məhz belə də olacaq”.

 

Azər Niftiyev




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir