mahir abbaszade

Millət vəkili: “Ömür boyu o həkimin yerinə olmaq istəmişəm” – MÜSAHİBƏ

Baxış sayı: 1. 524

“Kulis.az”ın “İşdən kənar” layihəsinin budəfəki qonağı Millət vəkili Mahir Abbaszadədir. “Gencaile.az” saytı onunla müsahibəni təqdim edir.

 

– Mahir müəllim, biz bu layihədə tanınmış ictimai-siyasi xadimlərlə, Millət vəkilləri ilə ədəbiyyat, mədəniyyət və kitab mövzusunda söhbətlər edirik. Sizi qonaq seçməyimizin səbəbi maraqlı oldu. Bir gün Facebookda gördüm ki, siz Taxtakörpüdə yaşayan məcburi köçkün uşaqlara çoxlu kitab hədiyyə etmisiniz. İstəyirəm söhbətə bu məqamdan başlayaq. Niyə məhz kitab?

– Mənim bu ideyam da Facebookda oxuduğum bir statusdan sonra yarandı. Səhər işə gəlirdim, gördüm, bir müəlliməmiz var, Şəbnəm Cəbrayıl, öz profilində dərsliklərin çatışmaması ilə bağlı status yazıb.

 

– Şəbnəm xanım tanınmış ingilis dili müəlliməsidir…

– Bəli. Şəbnəm xanımı mən də yaxşı tanıyıram. O azedu.az saytının rayon və kənd müəllimləri arasında keçirdiyi yarışmanın qalibi olmuşdu. Mən Milli Məclisdə həm də Gənclər və idman komitəsinin üzvüyəm. Bizim komitə o müəllimlərlə bir görüş keçirmişdi. Şəbnəm xanımı o vaxtdan tanıyıram. Facebookda da aktiv bir xanımdır. Gördüm, yazıb ki, işlədiyi məktəbdə ingilis dili vəsaiti yalnız bir uşağa çatır. Özüm mağazaya getdim, 7-11-ci siniflərə nə qədər dərs vəsaiti lazımdırsa, hamısını aldım və göndərdim.

 

 

– Məncə, Laçın məktəblərinə daha bir kitab hədiyyəsi kampaniyanız da olub.

– Bəli. Bildiyiniz kimi, ölkə başçısı cənab İlham Əliyevin müvafiq sərəncamı ilə dünya ədəbiyyatının yüzcildliyi Azərbaycan dilinə tərcümə edilərək çap olunur. Həmin kitabların işıq üzü görən nüsxələri Milli Məclisin deputatı kimi mənə də hədiyyə edilir. Bir gün də o kitabları heç müəllimlərə demədən Taxtakörpüdəki Laçın məktəbinə göndərdim. Düşündüm ki, yuxarı sinif şagirdləri üçün lazımlıdır. Başqa oxucular da məktəbin kitabxanasından götürüb oxuya bilərlər.

 

– Kitab hədiyyə etməyi sevirsiniz?

– Orta məktəbdən həm kitab hədiyyə etmişəm, həm də hədiyyə almışam. Almağı da, verməyi də sevmişəm, amma səmimi deyim, almaq məni daha çox sevindirib. Atam kənddə məktəb direktoru işləyirdi. Rayondan gələn maarif inspektorları bizdə qalırdı. Hər dəfə gələndə bizi sorğu-suala tutur, savadımızı, dünyagörüşümüzü yoxlayırdılar. Bir inspektor vardı, təəssüf, adını unutmuşam, ona verdiyim cavablar necə xoşuna gəlmişdisə şəhərdən mənə çoxlu kitab göndərmişdi. Heç unutmuram, Salam Qədirzadənin “Qırx altı bənövşə”, Əlibala Hacızadənin “Ayrılığın sonu yoxmuş”, Xalidə Hasilovanın “Çətin yollar boyunca” kimi o vaxt məşhur olan, əl-əl gəzən kitablar da vardı içərisində. Amma indi zaman bir az dəyişib. İndi kitab hədiyyə eləməyi daha çox sevirəm. Ümumiyyətlə, hədiyyənin mənəvi tərəfi və lazımlılığı mənim üçün daha önəmlidir. Bu mənada kitab hədiyyələrin ən gözəlidir.

 

– Sizcə niyə görə?

– Biz həyatımız boyu nə öyrənmişiksə, kitaba borcluyuq. Təbii ki, mənim kitaba olan marağımın bir səbəbi də valideynlərimin hər ikisinin müəllim olmasıdır. Anam həm də məktəbdə kitabxanaçı işləyirdi. Mən, demək olar ki, kitabların içində böyümüşəm. O vaxt kitaba ümumi bir maraq da vardı. Evdə də, məktəbdə də kitabla ünsiyyətdə idik. Həyatımızı onlarsız təsəvvür eləmək olmazdı.

 

 

– Nələri maraqla oxuyurdunuz?

– Hər yaş dövründə başqa-başqa maraqlarım olub və müxtəlif yazıçıları, müxtəlif əsərləri sevmişəm. Çexov, Maksim Qorki, Dostoyevski, Tolstoy, bizimkilərdən Axundov, Mirzə Cəlil, Haqverdiyev, daha müasirlərdən Mirzə İbrahimov, Süleyman Rəhimov, İlyas Əfəndiyev, Mir Cəlal, İsa Hüseynov… Çox saya bilərəm. Ağlım kəsəndən bu yazıçıların əsərləri mənə güclü təsir edib, özümü müsbət qəhrəmanlara oxşatmağa çalışmışam. Oxuduqca bəzən kədərlənmişəm, bəzən sevinmişəm. Amma ümumilikdə kitablar mənə ümid bəxş eləyib. Onlarla dostluq etməyi, vaxt keçirməyi bacarmışam.

Təbii ki, kitablarla yanaşı filmlər də təsir edib mənə. Kitab kimi oxuduğum əsərləri film kimi seyr eləmək bir ayrı zövq verib. “Dərviş Parisi partladır”, “Tütək səsi”, “Nəsimi”, “Axırıncı aşırım”, “Təhminə” bu qəbildən olan filmlərdir. İstər bizim filmlər olsun, istər xarici, yaxşı çəkilibsə, fərq qoymamışam. Misal üçün, fransızların “Köhnə tüfəng” filminin qəhrəmanı Julyen Dandyönü həyatımın qəhrəmanı kimi xatırlayıram. Bu obrazı uşaqlıqdan sevirəm. Həyat elə gətirdi ki, mən də arzu etmədən, heç xəyal etmədən özümü qəfil müharibənin od-alovu içində gördüm, qohumlarımı, əzizlərimi, doğma kəndimi itirdim. İnanın, desəniz, xəyallarının qəhrəmanı kimdir? Deyərdim, doktor Dandyö. Kaş mən də onun kimi əlimə bir tüfəng alıb öz kənd-kəsəyimi geri qaytara bilsəm. Kəndimizdən çıxanda, Qubadlının Muradxanlı kəndindən doğma yerlərə sonuncu dəfə baxanda bu hissi daha güclü yaşadım. Dedim, kaş o həkim kimi ola biləydim!

 

– Bildiyim qədər, köçkünlükdə xeyli ağır həyat yaşamışınız…

– Sumqayıta gəldik, 41-ci məhəllədə 8 nömrəli yataqxananın 330-cu otağında yaşayırdıq. Ömrümüzün 9 ili orda keçdi. 2001-ci ilə qədər.

 

 

– İndi orda qaçqınlar qalır yenə?

– Az qismi qalıb. Tədricən evlə təmin olunub köçürülürlər. Elə bu gün, sizdən bir az əvvəl ordakı gənclik dostlarımdan biri yanıma gəlmişdi ki, mənim də adımı siyahıya salın. Dedim, narahat olma, hamı zamanla mənzillə təmin olunacaq.

 

– Siz həm də Qaçqın və Məcburi Köçkünlərin Sosial Müdafiə Fondunun rəhbərisiniz. Necə hisdir, bir zaman qonşuluq etdiyiniz insanların indi mənzil almasına kömək etmək?

– Bir məqamı deyim. Ramiz dayı adlı qonşumuz vardı. Allah rəhmət eləsin, çox yaxşı bir müəllim, yaxşı bir kişi idi. Üç qızı vardı. Biri o vaxt ailə qurmuşdu, o biriləri hələ orta məktəbdə oxuyurdu. Sonralar balacalar da ailə qurdu, elə yataqxanada da yaşadılar. Balaca qızı bu yaxınlarda mənzillə bağlı müraciət etdi, tanımadım, tanışlıq verdi, işinin düzəlməsinə kömək etdim, sonra eşitdim deyirmiş ki, elə bildim, atam ölməyib, ev problemimi həll elədi. Bu, məni çox duyğulandırdı. Səmimi deyim, bəzən öz imkanlarımın onlardan daha yaxşı olmasına görə utanıram da. Sanki bir az da günahkaram. Amma daha çox allahıma şükür edirəm. Mənə insanların problemlərini həll etmək imkanı verdiyi üçün.

 

 

– Sizcə, həyatda verdiyiniz hər hansı qərarda oxuduğunuz kitabların rolu varmı? 

– Mütləq var. Bayaq da dedim, biz nələr əxz ediriksə, oxuduğumuz kitablara minnətdarıq. Kitab təkcə bilik vermir, həm də insanı mənəvi cəhətdən kamilləşdirir. Vaxtı ilə “Varlı ata, kasıb ata” adlı bir kitab oxumuşdum. Heyif, müəllifini unutmuşam. Həyatıma ciddi təsir elədi bu kitab. Adamın iki atası olmur axı. Burda şərti götürülən ataların biri oğlunu bizneslə məşğul olub varlanmağa, o biri oxuyub mənəvi cəhətdən kamilləşməyə çağırır. Biri mənəvi cəhətdən zəif, maddi cəhətdən güclü, o biri maddi cəhətdən zəif, mənəvi cəhətdən güclü insan modeli təklif edir. Əslində isə əsl güc bunların vəhdətindədir. O kitabda xeyli tövsiyələr vardı, hamısına əməl edə bilmədim. Edə bilsəm, düşünürəm ki, daha çox uğur qazanardım.

 

– Digər mədəniyyət sahələrindən hansına marağınız var?

– Rəssamlığa böyük sevgim olub. İndi qızım nələrsə çəkir, mən onu həvəsləndirirəm. Heyf, özüm həvəskar səviyyədə də heç nə çəkə bilmirəm. Rəssamlara xüsusi baxışım var və hər rəssam bir vacib cəhətinə görə yadımda qalır. Məsələn, hesab edirəm ki, indən belə heç kim Toğrul Nərimanbəyov kimi nar çəkə bilməz. Yaxud Sakit Məmmədov kimi portret yarada bilməz.

 

 

– Səttarın rəng harmoniyası…     

– Bəli. Dünya rəssamları da eləcə. Rəssam dostum var – Şahlar Abdullayev, sentyabrda Avropada sərgisi açılacaq. Özüm ondan xahiş etmişəm ki, məni dəvət eləsin. Qəribədir, dünyada ən çox sevdiyim yazıçılardan biri olan Qabriel Qarsiya Markesi də rəssamlığa vurğunluğumdan sevmişəm. Onun məşhur “Yüz ilin tənhalığı”nda bir məqam var, qəhrəman sahildəki quma rəsm çəkir, taleyini yazır, dalğalar yuyub aparır. O, əslində mənim xəyalımdakı rəssamdır. İstədiyini çəkə bilmir, sarsılır, həyatın dibinə yuvarlanır, ölkədən çıxıb gedir, başqa bir ölkədə məşhur rəssama çevrilib öz vətəninə qayıdır.

 

– Bizim yazıçı-şairlərdən kimi sevirsiniz?

– Anar, Məmməd Araz, Ramiz Rövşən, Zəlimxan Yaqub, Nüsrət Kəsəmənli… Çoxdur sevdiklərim. Saymaqla bitməz. Misal üçün, Mikayıl Müşfiqin “Yenə o bağ olaydı” şeirini tələbə vaxtı Sumqayıtdan Bakıya gələndə avtobusda iki-üç dəfə oxumaqla əzbərləmişdim və hələ də yaddaşımdadır. Amma ən çox sevdiyim şairi, yazıçını seçə bilmirəm. Hərəni bir cür sevirəm. Əslində, biz əsərləri sevirik, şair-yazıçını yox. Misal üçün, “Qara paltarlı qadın” şeirini müəllifinə görə sevmirik. Müəllifi ona görə axtarırıq ki, görəsən necə adamdır, başqa nələr yazıb?

 

 

– Sarı Aşıqla aranız necədir? Məzarı sizin Güləbird kəndindəydi…

– Bizim evimiz o məzarın yanındaydı. Məzarın üstündə böyük “Bayatı kompleksi” yaradılmış, qəbirüstü abidə qoyulmuşdu. Açılış mərasimi də yadıma gəlir. 8-ci siniflərdə oxuyurdum. Sarı Aşıq təkcə mənim yox, hamımızın, ümumilikdə türkdilli coğrafiyanın aşıq sənəti, xüsusən bayatı haqqında təsəvvürlərinin formalaşmasında mühüm rol oynayır. O, doğrudan da böyük sənətkardır. Dünyada tək-tək adamlar olur ki, adı hansısa janrın adı ilə bağlansın. Bayatı kəlməsini Sarı Aşıqsız təsəvvür eləmək mümkün deyil.

 

– Əzbər bildiyiniz bayatısı varmı?

– Mən Aşıq tərsinə qoy

Tərtəni tərsinə qoy

Yaxşını qibləsinə

Aşığı tərsinə qoy

 

– Yaxşının qəbrini görmüşdünüz?

– Əlbəttə. Üzbəüzdəki dağın başında üzü qibləyə, Aşıq isə üzü Yaxşıya dəfn olunmuşdu. O təbiətdən canımıza hopan ruh, enerji bizi heç vaxt tərk etməyəcək. Gərək ki, Marksın sözüdür, deyir, insan təbiətin məhsuldur, ona oxşayır. Qubadlının Başarat kəndi vardı, meşənin içində yerləşdiyi üçün o kəndin adamlarının hamısı ucaboy idi. Elə bil ağaclarla bəhsə girmişdilər. Təbiət insanı necə böyüdürsə, elə də olur. O dövrün mühiti də tamam fərqli idi. Ədəbiyyata böyük maraq vardı. Başqa məşğuliyyət yox idi. Üstəlik ailədə müəllim vardısa, mütləq kitab oxuyurdun.

 

 

– Kitabxananızda bədii ədəbiyyat nə qədərdir?

– Təbii ki, işimlə, siyasi fəaliyyətimlə əlaqədar hüquqa, iqtisadiyyata, xüsusilə beynəlxalq hüquqa aid kitablar daha çox oxuyuram və kitabxanamda da yer verirəm. Amma bədii kitablarsız da keçinə bilmirəm. Nə qədər vaxtım az olsa da.

 

– Dostlarınız varmı qələm adamlarından?

– Qardaşım da şairdir. Zahir Abbas.

 

– Tanıyıram…

– Yaxın dostlarım da var. Elə biri siz (gülür). Anar müəllimlə, Ramiz Rövşənlə münasibətim çox yaxşıdır. Musiqiçilər, muğam ifaçıları, rəssamlar var. Adlarını bir-bir sadalamağa ehtiyac duymuram. Bu insanlarla görüşmək mənə böyük mənəvi zövq verir. Bu insanların bizə yox, bizim onlara ehtiyacımız var. Vaxt gələcək zamanımız onlarla tanınacaq. Necə ki, 12-ci əsri Nizami ilə, 16-cı əsri Füzuli ilə, 18-ci əsri Vaqiflə tanıyırıq. Mən bu dövrümüzə də elə baxıram. Bəlkə də yazılarına o qədər də diqqət etmədiyimiz qələm adamları, yanından saymaz ötdüyümüz rəssamlar, musiqiçilər yüz il sonra böyük sayğı ilə anılacaq.

 

– Son olaraq ədəbiyyatımıza mərd, qoçaq bir obraz kimi daxil olan Sultan bəyin məzarı ilə bağlı soruşmaq istəyirəm. Karsda bir məzar tapılmışdı, onun olduğu ehtimal olunurdu. Səhv etmirəmsə, siz məşğul idiniz bu işlə. Nəticə necə oldu?

– Karsın Köçüköy kəndinin əhalisinin bir qismi belə bir iddia ilə çıxış etdi. Mən ora əvvəlcə nümayəndə göndərdim, sonra özüm getdim. Elm və mədəniyyət adamları ilə, yaşlılarla, rəsmi adamlarla görüşdüm, məzarın Sultan bəyə aid olduğunu sübut edəcək dəlillər əldə edə bilmədik. Ancaq qardaşı Xosrov bəyin məzarının yeri məlumdur. İstanbulun Fetiköy qəbiristanlığındadır. Mən ora da getdim. Xüsusi xahiş etdim, telefon nömrələri qoydum ki, hər hansı bir qohumu, yaxını ziyarətə gəlsə bizimlə mütləq əlaqə saxlasın. Təəssüf ki, heç bir xəbər çıxmadı.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir