hm

Milli komandamızın sabiq qapıçısı: “… yaxasından yapışdım və möhkəm silkələyib “ağıllı” olmasını istədim” – MÜSAHİBƏ

Baxış sayı: 1. 653

“Gencaile.az” saytının “Ailədən danış” rubrikasının budəfəki qonağı Azərbaycan milli komandasının və vaxtilə “Turan”, “Kəpəz”, “Şəmkir,”Neftçi” və “Karvan” kimi iddialı yerli klubların şərəfini qorumuş, hazırda isə “Qaradağ-Lökbatan” klubunda qapıçılarla işləyən məşqçi kimi çalışan Hüseyn Məhəmmədovdur.

 

– Futbolçu olmağınıza valideynlərinizin münasibəti vaxtilə necə olmuşdu?

– Sizə açığını deyim ki, valideynlərim bunu o qədər də isti qarşılamırdı. Onlar mənim başqa peşəyə yiyələnməyimi istəyirdilər. Amma mən hələ uşaqlıqdan bütün günü məhəlləmizdə topla oynayırdım. Futbolu çox sevdiyim üçün sonda futbolçu olmağa qərar vermişdim.

 

– Futbolçu olmasaydınız , hansı peşəni seçərdiniz?

Futbolun arxasınca getməsəm, yəqin ki, atamın peşəsini davam etdirərdim. Onun yaxşı əl qabiliyyəti var idi. Zinət əşyaları hazırlayırdı. Buna bir növ zərgərlik də demək olar. Böyük ehtimalla, bu işlə məşğul olardım.

 

– Yeri gəlmişkən, oğlunuz da sizin kimi qapıçıdır. Onun futbolçu olmasında sizin nə dərəcədə rolunuz olmuşdu?

–  Yox, bunda mənim heç bir rolum yoxdur. Bu sahəni özü seçdi. Bu peşəyə yönəltməsəm də, ona öz məsləhətlərimi verirəm. Elə bir futbolçu olsun ki, həm futbolda, həm də cəmiyyətdə sevilən sima ola bilsin.

 

– Futbolçular adətən evdən kənarda olur. Vaxtilə sizdə də vəziyyət fərqli deyildi. Hətta bir müddət İranda legioner həyatı da yaşamısınız. Ailənizdən uzaqda olmaq sizin üçün hansı problemləri yaradırdı?

– Özünüz bilirsiniz də, idmançıların həyat tərzi bu cürdür. Yəni onların ailəsinə vaxt ayırmaq imkanı heç də hər kəs qədər olmur. Üstəlik, ailədən uzaqda olmaq adamın özünə də çətin gəlir. Ancaq bizim işimiz budursa, bu çətinliklərə dözməliyik və dözürük də.

resad s

 

– Maraqlıdır, sizcə, futbolçu üçün ailə qurmağın hansı mənfi və müsbət tərəfləri var?

–  Ümumiyyətlə, hansı peşənin sahibi olmasından asılı olmayaraq  insan mütləq ailə həyatı qurmalıdır.  Ailə quranda futbolçunun həyatı daha güvənli olur. Düzdür, ailədaxilində müəyyən narazılıqlar da olur. Amma bu da təbii haldır və normal qarşılanmalıdır. Ümumilikdə,  narazılıqlar olsa da, ailə  qurmağın müsbət tərəfləri daha çoxdur nəinki mənfi.

 

– Ailədəki narazılıqlardan danışmışkən, futbolçular daim gündəmdə olur. Bu ailənizdə qısqanclıq yaratmırdı?

– Gündəmdə olmaq o demək deyil ki, futbolçu ailəsindən uzaqlaşır. Əgər hansısa futbolçunu sırf  futbola görə tanıyırlarsa,  azarkeşlər onu sevirsə, bunu futbolçunun həyat yoldaşı normal qarşılayır.  Eləcə də mənim ailəmdə bu cür problemlər olmur.

 

–  Maraqlıdır, həyat yoldaşınızla necə tanış olmuşdunuz?

– Bir-birimizi çoxdan tanıyırdıq. Həyat yoldaşımla qonşu idik. Tanışlığımız da ordan başlamışdı. Sonda da bu tanışlıq evliliyə çevirildi.

 

– Əlinizdə imkan olsaydı, hansı xasiyyətinizi dəyişərdiniz?

Əslində, müəyyən xasiyyətlərimi dəyişdirmək istəyərdim.  Hər şeyin düzünü demək, insanlar qarşısında dürüst davranmaq heç də hər zaman adama üstünlük qazandırmır. Bəlkə də bir az politik davranmaq lazımdır ki, həyatda nəsə qazana biləsən (gülür-red)

huseyn mehemmedov

 

–  Bir futbol adamı kimi ən çox hansı qərarınıza görə məyusluq hissi keçirirsiniz?

İddialı klublarda forma geymişəm. Hazırda da məşqçi kimi çalışıram. Futbolçu kimi hər hansı bir peşmançılığım yoxdur. Düzdür, iddialı klublarda məşqçi kimi fəaliyyət göstərmək istəyərdim. Bu hədəfimi reallaşdırmaq arzusundayam. Bunu istisna etsək,  karyeramla  bağlı ağlıma hər hansı bir məyusluq  gəlmir.

 

– Hansı həmkarlarınızla ailəvi münasibətləriniz var?

Düzü, vaxtilə olsa da, indi belə bir münasibəətimiz olan futbolçu yoxdur. Bunun səbəbi isə futbolçunun bir növ köçəri quş kimi olmasıdır. Bir mövsüm bir klubda, sonrakı “futbol ili”ndə başqa bir komandanın heyətində oynayırsan. Yəni adətən eyni yerdə uzun müddət qalmadığımıza görə kiminləsə ailəvi dostluq qurmağımız da çətin olur.

huseyn mehemmedov

 – Yəqin ki, futbolçu karyeranızda maraqlı hadisələr olub ki, indinin özündə də maraqla xatırlayırsınız. Belə hadisələrdən birini bizimlə bölüşməyinizi istəyərdik.

– Sizə üstündən xeyli keçsə də, ötən il səs-səda doğuran bir  hadisə haqda danışmaq istəyirəm. Mən “Olimpik-Şüvəlan”da çıxış edəndə paytaxt klubu yeni yaranmış komanda idi. Rəhbər kimi kağız üzərində Kamil Məmmədovla Orxan Hüseynzadə göztərilsə də, mən də pul xərcləyənlərdən biri idim. Demək olar ki, komanda mənim ətrafımda quruldu. 2005/06 mövsümünün əvvəlində baş məşqçi Stepan Çordaş idi. Komanda onun rəhbərliyi altında ilk turlarda uğursuz olduğundan, baş məşqçi dəyişikliyi oldu və onu Petr Kurçibiç əvəzlədi. Serb mütəxəssisin gəlişi ilə düşərgəyə baxışdan keçmək üçün Xorvatiya və Serbiyadan ümumilikdə 8 oyunçu dəvət olunmuşdu. Onlardan 5-i komandada qalası oldu ki, onların arasında Semyon Miloşeviç və Domaqoy Kosiç də var idi. İlk vaxtlar balkanlardan olan oyunçular özlərini sakit aparırdılar. Lakin vaxt ötdükcə Kurçibiçin baş məşqçi olmağından istifadə edən serb və xorvatlar özlərini “göylə aparmağa” başladılar. Hər xırda detala görə rəhbərliyə etiraz edir, azərbaycanlı oyunçulara yerli-yersiz irad bildirirdilər. Miloşeviç oyunların birində meydandan qovuldu. Ertəsi məşqdə heç kim ona heç nə deməmişdi. Məşq prosesində serbiyalı yerlilərdən birinə öz dilində (həmin söyüşü serb dilində deyir – red) ana söyüşü söydü. Bunu eşidən kimi Semyona yaxınlaşıb yaxasından yapışdım və möhkəm silkələyib “ağıllı” olmasını istədim. Hamısı rus dilində bildiyindən “bura Azərbaycandı, bu söyüşə görə adamın başını kəsərlər “ deyib, bir də belə səhvə yol verməməsini tapşırdım. Onlar rəhbərliyin gənc olmasından istifadə edib, özlərini təcrübəli kimi göstərib, əlavə dividend qazanmaq istəyirdilər. Həmin söhbətdən sonra “qazları alındı”. İndi Kosiç çıxıb öz mətbuatlarında ağzına gələni deyə bilər. Ancaq Miloşeviçin səhvi olduğuna görə ona yadından çıxmayacaq “dərs” verdim. Məşqdən sonra serb futbolçu paltardəyişmə otağında hamıdan üzr istədi”.

 

 

Söhbətləşdi: Tural Məmmədov

 

kepez

huseyn

HUSEYN M

 

neftci




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir