perdis fercad azad3

Millimizin sabiq hücumçusu: “Almanlar ailə dəyərlərinə o qədər də önəm vermirlər” – MÜSAHİBƏ

Baxış sayı: 1. 933

“Gencaile.az” saytının “Ailədən danış” rubrikasının budəfəki qonağı Azərbaycan milli komandasının sabiq, “Zirə” klubunun hazırkı hücumçusu Pərdis Fərcad-Azaddır.

 

– Futbolçu olmağınıza valideynlərinizin münasibəti necə olmuşdu?

–  Futbolçu olmaq qərarım valideynlərim tərəfindən yaxşı qarşılanmışdı. Onlar mənə dəstək olurdular. Elə indinin özündə də məni dəstəkləyirlər. Bir sözlə, bu peşənin sahibi olduğum üçün sevinirlər.

 

– Maraqlıdır, futbolçu olmasaydınız, hansı peşəni seçərdiniz?

– Əgər futbolçu olmasaydım, yəqin ki, yenə hər hansı bir idman növünü seçərdim. Daim hərəkətdə olmağı sevirəm. Bir yerdə oturmaq mənlik deyil. Məsələn, heç vaxt 8 saat ofisdə otura bilmərəm.

 

– Hələ ki, subaysınız. Nə vaxt ailə qurmağı düşünürsünüz?

–  Artıq ailə qurmaq haqqında düşünürəm.

perdis fercad azad6

– Maraqlıdır, ailə quran zaman valideynlərinizin düşüncəsi, yoxsa öz fikiriniz əsas olacaq?

– Təbii ki, bu məsələdə valideynlərimin fikiri mənim üçün vacib olacaq. Amma gələcək həyat yoldaşımın mənim də xoşuma gəlməsi önəmlidir. Bu halda valideynlərim də mənim fikirimə hörmət edəcəklər.

 

– Yeri gəlmişkən, azərbaycanlı, yoxsa iranlı xanımla ailə qurmaq istərdiniz?

– Azərbaycanlı və ya iranlı olması o qədər də önəmli deyil. Əsas odur ki, dil və mentalitet baxımından problemimiz olmasın.

 

– Sizcə, bir futbolçu üçün ailə qurmağın müsbət və mənfi tərəfləri hansılardır?

– Təbii ki, karyeranın daha yaxşı alınması üçün evli olmaq daha yaxşıdır, ancaq ailədə də heç də həmişə hər şey yolunda getmir. Vaxtaşırı problemlərin olması qaçılmazdır. Əsas odur ki, belə vəziyyətdə də bütün diqqətini işinə yönəldə biləsən.

 

– Əslən iranlı olsanız da, Almaniyada doğulmusunuz. 2012-ci ildən isə Azərbaycanda yaşayırsınız. Bizim ailələrlə bu iki ölkə ailələri arasında hansı oxşar və fərqli cəhətlər diqqətinizi çəkir?

– İran və azərbaycanda ailələr bir-birinə çox bənzəyir. Demək olar ki, eynidirlər. Əsas da mentalitet baxımından. Hər iki ölkənin əhalisi üçün ailə hər şeydən öndədir. Alman ailələri üçün isə eyni sözləri demək olmaz. Almanlar ailə dəyərlərinə o qədər də önəm vermirlər. Əsas özlərinin rahatlığını düşünürlər. Ailə quran almanlar əksər hallarda valideynlərindən ayrı yaşayırlar. Birlikdə yaşayanlar isə ən qısa zamanda ata-anasından ayrılmaq, başqa evdə yaşamaq haqda düşünürlər.

Perdis Fercad-Azad

– Futbol adamları adətən evdən kənarda olur. Baklda tək yaşayırsınız və deməli sizin üçün də vəziyyət fərqli deyil. Ailənizdən uzaqda olmaq hansı problemləri yaradır?

–  Düzü, çətin olur. Ən əsas çətinlik valideynlər üçün darıxmaqdır. Ona görə də onların mənim yanımda olmasını çox istəyərəm. Amma təəssüf ki, hazırda mümkün deyil. Vaxt tapdıqca mən onların yanına gedirəm. Evdə olanda yaxşı dincəlirəm. Anam hər gün mənim xoşladığım yeməkləri bişirir. Mənə yaxşı baxır.

 

– Futbolçu karyeranızla bağlı ən çox hansı məqama görə təəssüflənirsiniz?

– Konkret hansısa məqamı qeyd edə bilmərəm. Ancaq bəzən emosianal oluram və belə vəziyyətdə etdiyim hansısa hərəkət, dediyim hansısa söz sonradan mənə ziyan vurur. Sonrakı peşmançılıq isə fayda vermir.

 

– Yeri gəlmişkən, əlinizə imkan düşsə, hansı xasiyyətinizi dəyişmək istərdiniz?

– Yuxarıda da dediyim kimi, bəzən emosiyalarımı cilovlaya bilmirəm ki, bu da sonda mənim əleyhimə işləyir. Yəqin ki, belə bir imkanım olsaydı, məhz bu xasiyyətimi dəyişərdim.

 

Söhbətləşdi: Tural Məmmədov

perdis fercad azad 4

perdis fercad-azad 1

perdis fercad-zad2

perdis fercad azad3

 

 

 

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir