Ferrux

Millimizin sabiq üzvü: “Qırmızı vərəqəyə ehtiyac yoxdur, bir baxışım bəs edir” – MÜSAHİBƏ

Baxış sayı: 2. 119

Futbolda ən təhlükəli standart vəziyyət 11 metrlik zərbədir. Rubrikamız təhlükəli olmayacaq, amma 11 metrlik zərbə qədər həyəcanlı və maraqlı olacaq.

“Gencaile.az” saytının “11 sual” rubrikasının budəfəki qonağı ölkə futbolunun tanınmış simalarından olan, millimizin sabiq hücumçusu Fərrux İsmayılovdur

–         Futbola gəlişinizə ailənizin münasibəti necə olmuşdu?

–         Atam etiraz etməsə də, anam futbolçu olmağımı istəmirdi.

–         Maraqlıdır, ananız sizi hansı peşənin sahibi kimi görmək istəyirdi?

–         Konkret olaraq hansı peşəyə üstünlük verməli olduğumu demirdi. Ancaq deyirdi ki, oxumaq lazımdır.

–         Yeri gəlmişkən, futbolçu olmasaydınız, hansı peşəni seçərdiniz?Ferrux 2

–         Futbolçu olmasam, polis işçisi olardım. Bu, mənim arzum idi. Hətta oxumaq üçün məni Polis Akademiyasına da dəvət etmişdilər, amma bu təklifi qəbul etsəydim, futboldan uzaqlaşmalıydım. Həyatımı futbolsuz təsəvvür edə bilmədiyimdən, idmana üstünlük verdim.

–         Ümumiyyətlə, ailənizdə daha çox kimin məsləhətinə qulaq asırsınız?

–         Atamın. Hər hansı bir məsələ barəsində daha çox onunla məsləhətləşirəm.

–         Ailə qurarkən gələcək həyat yoldaşınız futbolçu ilə ailə qurmağa tərəddüd etmədi ki?

–         Həyat yoldaşım məni əvvəldən tanıdığından belə bir problem olmadı.

–         Futbol adamları daim diqqət mərkəzində olan insanlardır. Maraqlıdır, həyat yoldaşınızdan bu səbəbdən qısqanclıq hiss edirsinizmi?

–         Yox, belə bir şeydən söhbət gedə bilməz.

–         Bizim ailələrdə adətən sonbeşiyə fərq qoyulur. Sizdə bu baxımdan vəziyyət necədir?

–         Mənim üçün övladlarımın hamısı eyni dərəcədə əzizdir. Bu səbəbdən də hər hansı birinin digərlərindən fərqləndirildiyini düşünməyə əsas yoxdur.

–         Övladınızın etdiyi səhvə görə onları necə cəzalandırırsınız, onlara “qırmızı vərəqə” göstərirsinizmi?Ferrux 6

–         Nə mənim vərəqəm var, nə də onlara vərəqə göstərməyə ehtiyac. Təbiətcə sakit uşaqlar olduqlarından bu baxımdan problem yaşanmır. Onu da deyim ki, övladlarıma bircə baxışım kifayətdir. Bir dəfə tərs-tərs baxanda vəziyyətin nə yerdə olduğunu başa düşürlər.

–         Bildiyimiz qədəri ilə üç övladınız var. Yeri gəlmişkən, uşaqların tərbiyəsi ilə daha çox kim məşğul olur?

–         Təbii ki, övladlarımızın tərbiyəsi ilə daha çox həyyat yoldaşım məşğul olur. Mən günorta evdən çıxıram və axşam saat səkkizdə evə qayıdıram. Bu səbəbdən bu tip məsələlər daha çox həyat yoldaşımın üzərinə düşür.

–         Özünüzün edə bilmədiyiniz nəysə varmı ki, onu övladlarınızın etməsini istərdiniz?

–         Allaha çox şükür ki, hər şeyə nail olmuşam. Övladlarımın edəcəklərinə gəlincə, hər şey onların qismətindən asılıdır.

–         Futbolçu həyatınızda yəqin elə hadisələr olub ki, indi də xatırlayanda gülməyə bilmirsiniz.

–         İranda çıxış edəndə bir məşqçimiz var idi – Sadiqi. Heç vaxt özünə, geyiminə fikir vermirdi. Nə vaxt baxsan, üst-başı toz-torpaq idi. Bir dəfə İlham Yadullayevlə yığmanın oyunundan qayıdırdıq. Birdə hiss etdim ki, kimsə bizə baxır. Kostyumda, səliqəli geyinmiş bir nəfər bizə salam verdi. İlhamdan soruşdum ki, bu, kimdir. Deyəsən, İranda futbol oynamamış məşhurlaşmışıq. Dedi ki, tanımadın? Məşqçimizdir də. Görün, bu insan məşqlərdə nə gündə olurdusa, kostyumda tanıya bilmədim.

Söhbətləşdi: Tural Məmmədov

Ferrux 1 Ferrux 5 Ferrux 7 Ferrux 8

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir