Misir Merdanov

Misir Mərdanov: “Məcbur olub repetitorluqla məşğul oldum”

Baxış sayı: 1. 711
Gənclik illərini asan keçirməyib. Kinoya, teatra, gəzməyə getməyə nə imkanı olub, nə də həvəsi. Oxuyub, əsas vaxtını təhsilə sərf edib. Amma bunun üçün peşman deyil. Çünki o zəhmətini bəhrəsini sonralar görüb və bu gün də hiss edir. Müsahibimiz AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru, sabiq təhsil naziri, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanovdur.
 
“Ciddi yoxsulluq problemimiz yoxuydu”
Uşaqlığı II Dünya müharibəsindən sonrakı çətin illərə düşüb. Lakin deyir ki, valideynlərinin müəyyən qədər imkanı olduğu üçün yoxsulluq şəraitində böyüməyib: “1946-cı il oktyabrın 3-də Qərbi Azərbaycanın (indiki Ermənistan) İcevan rayonunun Göyərçin kəndində anadan olmuşam. O zaman atam kənd sovetinin sədri, anam isə kənd sovetinin katibi idi. Ailənin ilk uşağı olmuşam. Uşaqlığım ikinci dünya müharibəsindən sonrakı illərin uşaqlarının vəziyyəti kimi keçib. Amma bizim ailəmizdə bəzi ailələrin yaşadığı ciddi yoxsulluq problemi yoxuydu. Valideynlərimin minimal da olsa, uşaqlarının böyüməsi, təhsil alması üçün şərait yaratmağa imkanı olub”.
“Bizim kənddə məktəb binası yox idi”
Orta məktəbə bir il gec gedib. Amma onların kəndində təhsil almaq üçün məktəb belə olmayıb: “1953-cü ildə 7 yaşım ərəfəsində biz Salah kəndinə köçməli olmuşuq. Səbəb isə o olub ki, o dövrün texniki imkanları daxilində Göyərçin kəndinə yaxşı yol çəkmək mümkün olmayıb. O zaman artıq atam kolxozun sədri vəzifəsində işləyirdi. Onun təklifi ilə Göyərçin kəndi bir neçə il ərzində Salah kəndinə köçürülüb. Məktəb illərim Salah kəndində başlayıb. Köçmə məsələsi vaxt apardığı üçün orta məktəbə bir il gec getmişəm. O vaxt bizim kənddə məktəb binası yoxuydu. Bilqeyis adlı qadının evində bir neçə parta qoyulmuşdu. Orada 1-3-cü siniflər bir yerdə məşğul olurdu, 2-4-cü siniflər isə bir yerdə. Səhv etmirəmsə, ibtidai sinfi elə həmin xanımın evində bitirmişik. Bir-iki müəllimimiz varıydı. Yazmağı-oxumağı mənə Mustafayeva Gülxanım müəllimə öyrədib. İlk müəllimlərim Qarayev Dursun və Alıyev Alı olub. 4-7-ci sinifləri isə Seyid kişinin evinin zirzəmisində ayrılan iki otaqda oxuduq. Həmin illərdə bizə dərs deyən Mirzə, Novruz, Konsul, İbrahim, Kərim adlı müəllimlərimi yaxşı xatırlayıram. Biz 7-ci sinfi bitirəndə artıq kənddə 7 illik təhsil üçün məktəb tikilmişdi. 7-ni bitirəndən sonra yuxarı sinfilərdə oxumaq üçün bizim kənddən 4 kilometr məsafədə yerləşən Polad kəndinə getmək məcburiyyətində qalmışdıq. Hava isti olanda piyada gedib-gəlirdik, amma qışda şagird yoldaşlarımla bir yerdə o kənddə kirayədə qalıb dərsə gedirdik. 10-cu sinfi 1964-cü ilin martına qədər Polad kənd məktəbində oxumuşam. Məktəbə bir il gec getmişdim, üstəlik 10-cu sinifdə oxuyanda hökumət məktəblərdə orta təhsilin 10 yox, 11 illik olacağı ilə bağlı qərar verdi. 11 illiyi qurtarmalı olsaydım, yaşıdlarımdan iki ildən də çox geri düşürdüm. O zaman məlum oldu ki, Bakıda eksternat yolu ilə orta məktəbi bir il tez bitirmək olar. Və mən Polad kəndindəki sinif yoldaşlarımdan ayrılıb Bakıya gəldim. On görə orta məktəb “vinetka”m yoxdur”.
“Nəinki müəllimlərimi, onların övladlarını da unutmuram”
Müsahibə prosesində Misir Mərdanov ona dərs keçən müəllimlərini böyük həvəslə bir-bir xatırladı. Deyir ki, heç birini illər keçsə də unutmayıb: “Polad kəndində məktəbdəki müəllimlərimin adını qeyd etmək istəyirəm. Riyaziyyat müəllimim Mürsəl Budaqov idi. Riyaziyyatı sevməyimdə, bu elmə gəlməyimdə onun böyük rolu olub. Məktəbimizin direktorları Kərim Qarayev  və Mehdi Hüseynov olub. Mənə dərs demiş müəllimlərim Həsən Əhmədov, Alı müəllim, Firudin Nəbiyev, Zeynalabdı Qocayev, Şəki Mərdanov, Sayad Hüseynov, İsmayıl İsmayılovu yaxşı xatırlayıram. Nəinki müəllimlərimi, onların övladlarını, nəvələrini də unutmuram. Bu gün də onları harada görsəm, doğmam kimi görüşürəm”.
“Bütün fənlərdən qiymətim əla olub”
Attestatını alandan sonra kəndə qayıdır. Ali təhsil seçimi ilə bağlı əsas qərarı atası verməliydi. Valideynləri onu həkim kimi görmək istəsələr də, övladlarının seçiminə hörmətlə yanaşırlar. Beləliklə, o, Bakı Dövlət Universitetinin mexanika və riyaziyyat fakültəsinə qəbul olur, fakültənin riyaziyyat bölməsində təhsil almağa başlayır, bu müddətdə sinif nümayəndəsi olur. M.Mərdanov tələbə vaxtı ona dərs deyən müəllimlərini də böyük ehtiramla yad etdi: “Əşrəf Hüseynov, Maksud Cavadov, Qoşqar Əhmədov, Yəhya Məmmədov, Məmməd Mustafayev, Soltan Zeynalov, Şəmməd İbrahimov, Rüstəm Sultanov, Maarif Əkbərov, Adil Sultanov, Yusif Yusifov, İsak Məmmədov, Yəhya Əliyev,  Kazım Həsənov, Karlen Xudaverdiyev, Maya Hacıyeva, Tofik Bektaşi, Arif İsmayılov, Zahid Seyidov, Məmməd Yaqubov kimi yaxşı müəllimlərim olub. Onların hər birini yaxşı xatırlayıram. Universitetdə mənə dərs demiş müəllimlərdən yalnız Zahid Seyidov və Məmməd Yaqubov indi fəaliyyətlərini davam etdirirlər. Təhsilimi bitirəndən sonra uzun müddət mənə dərs demiş müəllimlərlə birgə universitetdə çalışdım, onlarla yaxın təmasda oldum. Eyni zamanda, bütün ömrüm boyu riyaziyyatla yanaşı, təhsil tarixi ilə də məşğul olmuşam. Ona görə bu adamlarla həm də uzun illər əlaqədə olmuşam”.
Həm məktəb, həm də universitet dövründə yaxşı oxuyub: “Orta məktəb vaxtı bütün fənlərdən qiymətim əla olub. Universitetdə isə cəmi bircə dəfə 4 almışam. Universiteti fərqlənmə diplomu ilə bitirmişəm”.
“Paxlava və kartof qızartması ilə iki ili başa vurdum”
Tələbəliyinin ilk iki ilini universitetin yataqxanasında qalır, bu müddətdə yemək, geyim, ev işlərini otaq yoldaşları ilə bölüşürlər. Bəs tələbəlik vaxtı əsas hansı yeməkləri bişirə bilirmiş? Bu sualımıza digər tələbə oğlanlar kimi ondan da “kartof qızartması” cavabı aldıq: “Kartof qızartmasından başqa heç nə bişirə bilmirdik. Uşaq vaxtı şirniyyatı çox sevirdim. Dərsdən çıxanda universitetin yanındakı mağazadan paxlava alıb yeyirdim. Paxlava və kartof qızartması ilə iki ili başa vurdum. Bu, sonralar mədə-bağırsaqda öz təsirini göstərdi. İkinci kursu bitirəndə məndən kiçik bacım universitetə qəbul olub Bakıya gəldi. Sonra atam bizim üçün Yasamalda ev kirayələdi. Bundan sonra yemək, geyim məsələm həll olundu. Amma bacıma kömək edirdim. 1970-ci ildə aspiranturaya qəbul olanda atam bizə Bakıda ev şəraiti düzəltdi. Sonra digər bacım, qardaşım gəldi, elə bir yerdə o evdə qaldıq”.
 
“Məcbur olub repetitorluqla məşğul oldum”
İlk iş yeri Gəncə Dövlət Pedaqoji İnstitutunda baş laborant olur, lakin orda 3 ay çalışdıqdan sonra aspirantura təhsili üçün Bakıya gəlir. 1972-ci ildə universitetdə müəllim təyin olunur. Beləliklə, artıq davamlı olaraq iş həyatı başlayır. Deyir ki, heç vaxt işsiz qalmayıb: “71-ci ildə ailə həyatı qurmuşdum. 72-ci ildə aspiranturanı bitirəndə öz fakültəmizin həndəsə kafedrasına müəllim götürdülər. Ailə qurmuşdum, uşaqlar dünyaya gəldi, qayğılarım artdı. 1973-cü ildə namizədlik dissertasiyası müdafiə etdim. Müəllimlikdə maaş o qədər yüksək deyildi. Məcbur olub repetitorluqla məşğul oldum. Sonra dosent oldum, 78-ci ildə mexanika və riyaziyyat fakültəsinə dekan müavini təyin etdilər. Artıq o zamanın tələblərinə uyğun yaxşı əməkhaqqı alırdım və ailəmi dolandırırdım, ev də aldım. 1989-cu ilin iyun ayına qədər dekan müavini işləmişəm. İyunda Kiyevdə doktorluq dissertasiyası müdafiə edib, universitetə qayıtdım. 1989-cu ilin yazında Təhsili Nazirliyində ali təhsil şöbəsinin müdiri vəzifəsi təklif etdilər və orda işlədim. 92-ci ildə nazir müavini, 93-cü ilin sonunda Bakı Dövlət Universitetinə tədris işləri üzrə prorektor təyin olundum. 96-cı ilin payızına qədər orda işlədim, sonra rektor əvəzi işlədim. 1997-ci ilin fevral ayının 16-da ulu öndər Heydər Əliyev məni qəbul etdi və universitetə rektor vəzifəsinə təyin etdi. 98-ci ilin mart ayının 25-ə qədər həmin vəzifədə çalışdım. Çox gərgin və uğurlu illər idi. Sonra isə Prezident Heydər Əliyevin sərəncamı ilə təhsil naziri vəzifəsinə təyin olundum. 15 ildən bir az çox həmin vəzifədə çalışdım. Sonra isə indiki vəzifəmə – Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutuna direktor vəzifəsinə təyin olundum”.
“Azərbaycan cəmiyyətində uğurlu insanam”
Ailə həyatını atasının tövsiyəsi ilə qurduğunu deyir: “Buna peşman deyiləm. 50 ilə yaxındır ailəliyəm. Bir oğlum, iki qızım var. Hesab edirəm ki, Azərbaycan cəmiyyətində uğurlu insanam. Bu müvəffəqiyyətlərin qazanılmasında valideynlərimdən sonra vəfalı həyat yoldaşımın da böyük rolu olub. İki-üç gün bundan əvvəl bir məclisdə oturmuşduq. Dostlar dedilər ki, sənin uğurunun 50 faizi həyat yoldaşınla bağlıdır, dedim yox, 80 faizi… Çünki onun xoş münasibətini, ailəyə, valideynlərimə, qardaşlarıma və bacılarıma, övladlarıma, nəvələrimə qayğısı olmasa idi, bəlkə də bu qədər uğur qazana bilməzdim”.
Gənclik dövrünə nəzər salanda o illəri istədiyi kimi keçirmədiyini deyir: “Gəncliyin nə olduğunu hiss etməmişəm və bilməmişəm. Gənclik deyəndə tələbəlik illərini götürsək, o 5 il ərzində kinoya, teatra, gəzməyə getməyə nə imkanım, nə də marağım olub. Dərsdən çıxıb evə gedirdim, dəmir çarpayıda oturub, kitabı dizimin üstünə qoyub, gün ərzində dərslərimi oxuyur, imtahanlara hazırlaşırdım. Gənclik illərim çox gərgin keçib, amma çəkdiyim əziyyətin faydasını bu gün də hiss edirəm. Siz deyən və mən fikirləşən kimi gəncliyi keçirə bilməmişəm”.
“Oxumaq lazımdır, özü də çox”
Hər gün səhər və axşam piyada gəzir, bu müddətdə ötənləri də göz önündən keçirməyə vaxtı olur: “30 ilə yaxındır ki, mənim həyatımda gün səhər tezdən başlayır. Son dövrlər səhər saat beşdə dururam, altıya qədər yazı-pozu işləriylə məşğul oluram. Bağda yaşayıram, saat altıda çıxıb həyətdə saat yarım yeriyirəm, müəyyən gimnastika hərəkətləri edirəm. Sonra hazırlaşıb işə gəlirəm. Axşam evə qayıdandan sonra da bir saat gəzirəm. Gün ərzində 10-12 kilometr piyada yeriyirəm. Bu müddətdə tək oluram, gördüyüm, görəcəyim işlər, keçmişdə olanlar hamısı gözmün önümdən keçir”.
Gənclərə məsləhəti isə çoxdur, əsas isə zəhmətkeş olmağı tövsiyə edir: “Övladlarıma və nəvələrimə etdiyim məsləhəti hamıya demək istəyirəm. Zəhmət çəkməyən gələcəkdə heç bir müvəffəqiyyət qazana bilməz. Oxumaq lazımdır, özü də çox. Yalnız ixtisas fənlərini deyil, eyni zamanda digər məsələləri də diqqət mərkəzində saxlamaq lazımdır ki, dünyada gedən proseslərdən xəbərləri olsun. Öz ixtisasına dərindən yiyələnmək çox vacibdir. Valideynin köməyinə arxayın olmaq olmaz. Bunları da yalnız zəhmətlə əldə etmək mümkündür. Əvvəllər yazmağı-oxumağı bacarana “savadlı adam” deyirdilər, bu gün isə oxumaqdan, yazmaqdan əlavə, dünyada gedən prosesləri izləməyi bacaran, İKT sahəsində bilikləri olan, ilkin tibbi yardımı bilən, müasir texnikanın yeniliklərini işində tətbiq edənlərə… Bir şeyi bilirsən, bacarırsan da, həyatda tətbiq edə bilmirsənsə, bilməyinin mənası yoxdur. Buna görə, səriştəli olmaq lazımdır”. (Kaspi.az)



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir