GEZİNTİ

Monoton həyatdan sıxılan ailələr belə davransın – TÖVSİYƏ

Baxış sayı: 2. 117

Monoton həyat həmişə cansıxıcıdır. Bir-birinizi nə qədər çox sevsəniz də, bir-birinizə nə qədər hörmət etsəniz də, hər gün eyni mənzərə ilə qarşılaşmaq istər-istəməz nə vaxtsa bayağılaşır, monotonlaşır.

Atanın televizor qarşısında “yorğunluğunu atması”, uşaqların otaqlarında dərs hazırlaması, ananın mətbəxdə biş-düşü ilə məşğul olması… hər şey əvvəlki, hər şey həmişəki. Əlbəttə, bu həyata yeni rənglər qatanda, yeni çalarlar əlavə edəndə istər-istəməz dincəlirsən, yenilənirsən.

Arabir hər şeyi bir tərəfə qoyun və səhər tezdən evdən çıxın, özü də hamılıqla. Ya bir parka gedin, ya bir sahilə üz tutun və göz işlədikcə uzanan üfüqlərə baxın, göz işlədikcə uzanan küçələri addımlayın. Əminəm ki, faydasını görəcəksiniz.

Əgər avtomobiliniz varsa, bu, lap gözəl. Heç vaxt itirməyin, mətbəxdə soğan, kartof, əlinizə nə keçsə götürün. Təbii ki, o mis samovarı da unutmayın. Çünki bu cür gəzintilər çaysız olmaz. Sizin kimi dörd nəfərlik ailəyə nə qədər ət gedəcək ki? Uzaqbaşı ya bir kilo, ya da bir kilo yarım. Olsun! Göyərti də alın. Şəhərin gərginliyindən, yorğunluğundan uzaqlaşın. Bir dağ yamacında və ya bir bulaq başında yerinizi rahatlayın. O köhnə palazı yerə sərib, həm oturmağa yer düzəldin, həm də ərzaqları yerbəyer edin.

Bu dediklərimizdə məqsədimiz nədir, bilirsinizmi? — Onu deyirik ki, bir evin içində həmişə ata-oğul, bacı-qardaş kimi davranmaq bəzən sizi sıxa bilər, bir az da yoldaş olun, bir az da bir-birinizə kömək edin, çırpı toplayın, ocaq qalayın, su gətirin, qab-qaşıq yuyun. Təbii ki, xanımlar burada istirahət edəcəklər, əsas yük atanın və oğulun üzərinə düşəcək. Ana onsuz da oturduğu yerdə boş durmayacaq, ya salat düzəldəcək, ya əti şişə düzəcək, ya da süfrəni bəzəyəcək.

Bu cür gəzintilər ailə daxilində sevgini, səmimiyyəti daha da artırır. Hər kəs fədakar olmağa, “yükü” öz üzərinə götürməyə çalışır. Bulaqdan su gətirmək lazımdır, eləmi? — Oğul dura-dura ata getməyəcək ki. Qab-qaşığı yumaq lazımdır, eləmi? — Qız dura-dura ana etməyəcək ki. Ancaq ata da, ana da buna razı olmur. Ata suya özü getmək istəyir, ana qab-qaşığı özü yumaq istəyir. Bilirsinizmi niyə? — Nə ata oğluna qıyır, nə ana qızına qıyır…

Televizorsuz, telefonsuz, qəzetsiz bir gün yaşayırsınız. Heç kimin diqqəti kənara yayılmır, hər kəs bir-biri ilə maraqlanır. Siz burada bir ata-ana, bir bacı-qardaş olmaqla yanaşı, həm də bir dostsunuz, bir yoldaşsınız. Bir-birinizə arxa durursunuz, bir-birinizin qədrini bilirsiniz və gözəl bir gün yaşayırsınız.

Heç olmasa, ildə bir neçə dəfə bu cür gəzinti ilə həyatınızı təzələyin, əmin olun ki, bu gəzintinin sizə verdiyi güc, enerji, səmimiyyət siz düşündüyünüzdən də qat-qat çox olacaq.  Haydı, Allah amanında!




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir