aile

Müasir ailə modeli: Lider kimdir: kişi, yoxsa qadın?

Baxış sayı: 128

Müasir zamanda qadınlarda liderlik hissləri artır. Qadınlar özünü kişidən bir pillə belə aşağı hiss etmək istəmir, sosial həyatda fəallığa can atır, karyera qurmaq istəyir və s. Ekspertlərin fikrincə, qadınların sosial fəallığı cəmiyyətdə sosial münasibətlərin inkişafına müsbət təsir edir, qadınların işgüzar sahədə çoxalması kadr təminatını ikiqat qaldırsa da, bu xüsusiyyətlər qadınların ailə həyatına da sirayət edir.

Artıq müasir ailələrdə özlərini kişilərlə bərabər, hətta bir pillə üstün görmək istəyən qadınlar formalaşır. Müasir ailə modelində əsas kimdir: kişi, yoxsa qadın?

Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi, İçəri Şəhər Cümə Məscidinin axundu və icmanın sədri Hacı Surxay Məmmədlinin bildirdiyinə görə, ailə dini baxımdan kiçik bir dövlətdir: “Dahilər deyirlər ki, ailə bir yumruğa bənzəyir. Yumruqları da, təbii ki, barmaqlar təşkil edir. Əgər barmaqlardan biri açıq olarsa, mütləq onu kəsib atmaq lazımdır. Təbii ki, bu, dahilərin təfəkkürüdür”.

Dediyinə görə, ümumiyyətlə, İslam peyğəmbərinin ər-arvad münasibətləri ilə bağlı çoxlu fikirləri qeyd olunur. Kişi evin rəhbəri hesab olunur. Hətta peyğəmbərdən hədis var ki, öz ailəsinin rifahı naminə çalışan şəxs Allah taalanın yanında düşmənlərlə cihad edən kimidir. “Yəni bir şəxs ailəsi üçün çörək qazanırsa, çaba göstərir, zəhmət çəkirsə, o, Allah yolunda düşmənlə vuruşan, cihad edən kimidir. Dini bilgilərə görə qadın kişinin əmlakının qoruyucusudur. Eyni zamanda da, o, əmanətçidir. Bu baxımdan qadın məsuliyyət daşıyır. Kişi ailənin rəhbəridir. Ailədə mehribanlığı, səmimiyyəti, təbii ki, kişi yaradır. Bunun da bariz nümunəsi İmam Əli (ə.s) və Fatimeyi-Zəhra xanım nümunəsidir.

Peyğəmbər İslamın hədislərində də qeyd olunur ki, hər bir şəxsin öz həyat yoldaşına qarşı məhəbbəti artıq olarsa, Allah taala onun imanını daha da gücləndirir”.

Hacı Surxay Məmmədli deyib ki, ailədə kişi əsas rol oynayır: “Bu gün evdə söz kişinindir. Kişi qərar qəbul edir. Xanıma gəldikdə, bayaq qeyd etdiyim kimi, kişinin əmanətinin qoruyucusudur, əmanətdardır. Qadının qadın hüququ var, kişinin kişi. Kişi əsldir. Kişi olmasa, qadın və uşaqların əmələ gəlməsi mümkün deyil. Evdə rəhbər kişidir. Qadın da ikinci əsas rol oynayandır”.

Onun sözlərinə görə, Azərbaycan cəmiyyətində elə ailələr olur ki, qadın ərdən üstündür: “Yəni ər evdə oturur, qazancı yoxdur. Qadın gedir pul qazanır. Qadının nə qədər hökmü olsa da, kişinin hüququndan üstün ola bilməz. Qadın ola bilər ərindən güclüdür, ərindən fəaldır. Amma bu, onun göstəricisi deyil ki, qadın hökm edə bilər. Bütün əmlak, qadın nəyə sahib olsa da, kişi öndədir”.

Müsahibimiz bildirir ki, İslama görə, qadın ərinin icazəsi olmadan bir yerə girə bilməz. İmam Sadiq (ə.s) buyurur ki, əgər qadın ərinin icazəsi olmadan bir yerə gedərsə, bu, Allahın qəzəbinə gətirib çıxarar. “Yəni ərə itaət etmək önəmlidir. Qadın harda olursa-olsun, çörək qazanırsa, ticarətlə məşğuldursa, mütləq ər birinci faktordur”.

Psixoloq Könül Mikayılzadənin dediyinə görə, ailədə həm kişi, həm də qadın əsasdır: “Onların bir-birindən üstünlüyü yoxdur. Mənə elə gəlir ki, balansı hər zaman saxlamaq lazımdır. Bu həm kişinin, həm də qadının əlindədir. Belə bir söz var, əgər kişi qadının nə istədiyini bilərsə, anlayarsa, dünyanın ən xoşbəxt kişisi ola bilər. Yəni qadının nə istədiyini bilərsə, qadın onu xoşbəxt edər. Əfsuslar olsun ki, bu gün yaşadığımız dövrdə hər kəs belə düşünmür. Şərq təfəkküründən gələn fikirdir ki, kişi qadından əsasdır. Qadınları alçaldırlar”.

K.Mikayılzadə bildirib ki, qadın da, kişi də hüquqi baxımdan bərabərdir: “Ailədə kompromisə getməyi bacarmaq lazımdır. Kişi hər zaman öz eqosunu sübut etməyə çalışarsa, hər zaman qadına güc tətbiq edərsə, sadəcə qadın həmin kişidən qorxduğu, şiddət altında qaldığı üçün ona tabe olacaq.
Amma ərlə arvad arasında hörmət olmalıdır. Hər iki tərəf bir-birini anlamağa çalışmalı, ortaq məxrəcə gəlməlidirlər. Güzəşt olan ailə daimidir”.
Onun bildirdiyinə görə, qadın və kişi bir quşun iki qanadı kimidir. “Biri olmasa, digəri uça bilməz. Hər iki qanadı sağlamdırsa, zirvələrə də qalxa bilər. Çünki qadın sinəsinə də vursa ki, mən ailəmi təkbaşına bu zirvələrə qaldırmışam. Burda yarım qalan bir şey olacaq. Uşaqlar atasız qalır”.

Aynurə MƏMMƏDOVA




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir