bosanma

Müasir Azərbaycanda boşanma ənənəsi

Baxış sayı: 1. 103

Bir zamanlar dözümlülüyü və uzunömürlülüyü ilə seçilən Azərbaycan ailələrində nikahların pozulması halları artıq əvvəlki illərlə nisbətdə artmaqla müşahidə edilir. Təkcə 2019-cu ilin ilk yarısındakı boşanma statistikası hər şeyi ortaya qoyur.  Ötən ilin  ilk yarısında Azərbaycanda əhalinin hər 1000 nəfərinə boşanmaların sayı isə 1,7 olmuşdu ki, bu göstərici 1991-ci ildən, yəni Azərbaycan müstəqillik əldə etdikdən sonra qeydə alınan ən yüksək göstərici idi.

Azərbaycanda boşanma halları artıb

Bəs boşanmaların səbəbləri nədir?

Ölkədə problemi hərtərəfli araşdırmağa çalışan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) təhlilləri göstərir ki, boşananların 86,7 faizi qeydiyyata alınıb. Müasir Azərbaycanda pozulmuş nikahların yarısı beş ilədək davam edir. Boşanma ilə nəticələnmiş tədqiq olunan nikahların orta statistik davam etmə müddəti isə 6,4 ildir. Pozulmuş nikahların 21,3 faizində ər-arvadın ümumi uşaqlarının olmadığı nikahlardır. Böyük əksəriyyət hallarda isə boşanmadan sonra uşaqlar analara qalırlar.

evlilik | Gənc Ailə

Ailəni dağıdan səbəblər

Sosioloq Gülay Cəfərova hesab edir ki, boşanmaların artmasının səbəbi qloballaşan dünyada baş verən proseslərdir: ”Daha çox artan ünsiyyət imkanları və məkanları da prosesdə önəmli rol oynayır ki, onlardan biri də internetdir. Əslində, dünyada mövcud olan hər bir fərdin sayı qədər boşanma səbəblərini axtarıb tapmaq və onu əsaslandırmaq mümkündür. Burada xarakter uyğunsuzluğundan tutmuş məqsədli evlənməyə qədər müxtəlif amillərin rolu ola bilər. Adətən boşanmanın motivasiyası tək bir səbəblə məhdudlaşmır. Bəzən ən adi səbəb üstündə nikah pozulması halına rast gəlinirsə, uzun illər davam edən ailədaxili təzyiqlərə baxmayaraq, boşanmayan cütlüklər də kifayət qədərdir. Bunun da bir səbəbi mental düşüncələrimizdə qızına ərə verən valideynlərimizin dilindən “geri dönmə yoxdur”, ”ər evindən ancaq öldüyün zaman çıxa bilərsən” və s. kimi dərin kök salan fikirlərdir”.

Komitənin təhlillərinə görə isə gələcək ər-arvadın özlərinin bir-birilərini seçdikləri və nikaha daxil olarkən özlərinin həlledici qərarlar verdikləri nikahlar daha dözümlü olurlar: ”Nikaha daxil olarkən valideynlərin müdaxiləsi nikahın dözümlülüyünə mənfi təsir göstərir. Nikah pozulması hallarında daha çox göstərilən səbəb cütlüklərin xarakterlərinin uyğun gəlməməsidir. Məlumdur ki, boşanma proseslərində «xarakterin uyğun gəlməməsi» bəyanatları ilə boşananlar əksər hallarda öz addımlarının motivlərini gizlətməyə çalışırlar. İctimai rəy əmindir ki, insanları boşanmaya hər şeydən öncə ər-arvaddan birinin narkomaniya və alkoqolizmi təhrik edir. Daha sonra azalan sıra ilə ər və ya arvadın xəyanəti, pis maddi vəziyyət, uşaqların olmaması, qohumların ailə işlərinə qarışması, xarakterlərin uyğun gəlməməsi, şəxsi evin olmaması, uzun müddət ayrı yaşamaq, nikaha mənəvi-psixoloji cəhətdən hazır olmama gəlir”. Araşdırmalardan aydın olub ki, boşanma amillər kimi əhalinin az təhsilli kateqoriyası maddi-iqtisadi sıradan olan (iqtisadi və mənzil şəraiti) səbəbləri, daha təhsilli kateqoriya isə mənəvi-əxalqi və psixoloji sıradan olan (ailənin işlərinə qarışma, xəyanət, mənəvi-psixoloji cəhətdən yetişməmək) səbəbləri qeyd etməyə meyllidirlər. İctimai rəyin nöqteyi-nəzərlərinə görə nikahın saxlanmasına ən vacib əsas ümumi uşaqlara sahib olmadır. Nikahın saxlanması motivlərinin digərləri daha az əhəmiyyətlidir. Onlar arasında daha çox qeyd olunanı hər şeyin düzələcəyinə ümid etmək, milli və dini adətlər, valideynlərin, qohumların və dostların qınağı və həyat yoldaşından maddi asılılıqdır: ”Əhalinin yarıdan çoxu -53 faizi boşanmada hər iki tərəfin bərabər dərəcədə günahkar olduğunu bildirir, 18,5 faiz günahı ərlərin, 13,5 faiz isə arvadların üzərinə qoymağa meyllidirlər. Əhalinin 15 faizi isə hesab edir ki, boşanmada ər və arvaddan heç biri günahkar deyil, hər şey vəziyyətdən asılıdır. Boşanma zamanı uşaqların anaları ilə qalmaları fikri hökmranlıq edir”.

bosanma

Boşanmaya haqq qazandırmaq olmaz?

Mütəxəssislər Azərbaycanda boşanmanın səbəbləri barədə təsəvvürlərin əsasən insanların təhsil səviyyəsindən asılı olduğunu da qeyd edirlər. Belə ki, əhalinin az təhsilli kateqoriyası boşanmanın maddi-iqtisadi səbəblərini (iqtisadi və mənzil problemləri), daha təhsillilər isə əxlaqi-etik və psixoloji səbəblərini (ailə işlərinə qarışma, xəyanət, mənəvi-psixoloji cəhətdən nikaha hazır olmamaq) qeyd etməyə daha çox meyllidirlər: ” Nəhayət, boşanmaya münasibətin təhsil səviyyəsindən asılılığı aşkarlanır. Ümumi tendensiya ondan ibarətdir ki, insanların təhsil səviyyəsi yüksəldikcə nikahın pozulmasına haqq qazandırmağa daha az meylli olurlar. Azərbaycan əhalisinin 10,3 faizi hesab edir ki, boşanmaya heç bir halda haqq qazandırmaq olmaz. Vətəndaşlarımızın təxminən yarısı boşanmaya bəzi istisna hallarda haqq qazandırır. Əhalinin 42,2 faizi boşanmaya çox hallarda, əksər hallarda və yaxud həmişə haqq qazandırır. Beləliklə, əhalinin yarıdan çoxu boşanmaya haqq qazandırmaq mümkün olmadığını və yaxud nadir hallarda haqq qazandırmaq mümkün olduğunu bildirir”.

bosanma

Boşanmış qadınlar üçün ailə qurmaq əngəli

Digər maraqlı məqam odur ki, nikahda olanlar olmayanlara nisbətən boşanmanı daha çox tənqid edirlər, boşananlar isə əksinə, boşanmanı hiss olunacaq qədər artıq dərəcədə alqışlayırlar. İnsanları boşanmadan çəkindirən müxtəlif səbəblər də var. Bunlar, qohumlar və digər ətrafdakıların qınağı, bir çox qadınların boşanmadan sonra maddi cəhətdən özlərini təmin edə bilməməsi və tənhalıqdan qorxmaqdır. Amma boşanan tərəflərin cəmiyyətdə eyni yer tuta bilməməsi də özünü göstərir. Faktı komitənin yekun nəticələri də təsdiqləyir: “Boşanmanın sosial hadisə kimi ictimai rəy tərəfindən qavranılması barədə deyilənləri yekunlaşdıraraq deyə bilərik ki, bizdə təəssüf ki, boşanma faktının özü ilə yanaşı, boşanan şəxslərə, xüsusilə qadınlara da mənfi, şübhəli münasibət var. Bu səbəbdən də onların qarşısında yeni ailə qurmaq yolunda əlavə maneələr yaranır. Boşanmış qadınlarla nəinki evlənmirlər, həm də onların özləri kənardan yenidən qınaq obyektinə çevrilməmək üçün yeni nikahdan çəkinirlər”.

 

Aydan Kərimli




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir