geyimler

Müasir və cəlbedici işgüzar xanım stilləri – FOTOLAR

Baxış sayı: 1. 634

Əvvəlcədən nə geyinəcəyimi planlaşdıranda özümü daha yaxşı və cazibədar hiss edirəm. Məncə, bütün qadınlar belədir. Geyimi əvvəlcədən planlaşdırmaq xanımları çıxılmaz vəziyyətdən xilas edir. Bu yazıda iş xanımlarının qarderobunu zənginləşdirməyin, ondan səmərəli və düzgün istifadə qaydalarından bəhs edəcəyik.

İş xanımları hər gecə sevdiyi adamdan daha çox səhər işə nə geyinəcəyi haqqında düşünürlər. Hətta belə bir məsəl var ki, kişilər həyatında ciddi addım atanda ilk olaraq “Nə deyəcəyəm?”, qadınlar isə “Nə geyinəcəyəm?” deyə düşünürlər. Bu baxımdan hər gün fərqli bir şey geyinmək, eyni zamanda ciddiliyi qoruyaraq qəşəng görünmək iş qadınları üçün daha çətindir. Xanımların qarderobu ağzına kimi daşsa da, onlar dəb ehtirasından heç zaman doymurlar. Fərqli görünmək naminə maaşının hamısını təzə geyimlərə xərcləyirlər. Halbuki qarderobdakı geyimləri hər dəfə müxtəlif cür dəstləşdirərək maraqlı ofis stilləri yaratmaq mümkündür. Aşağıdakı məsləhətlər sayəsində nə geyinmək üzərində çox zaman xərcləmədən qəşəng kombinlər yaratmağı öyrənəcəksiniz. Kiçik dəyişikliklərlə, bəzəklərlə həm osifin ən şıq xanımı olacaq, həm də ofis ciddiliyinizi qoruya biləcəksiniz.

Doğurdanmı işgüzar geyim bu qədər darıxdırıcıdır?

Xeyr, buna əmin olmaq üçün ən yaxınlıqda yerləşən işgüzar geyim mağazasına daxil olmaq kifayətdir. Onlarla, bəlkə də yüzlərlə kostyum, ətək, ciddi şalvarlar, köynəklər seçmək mümkündür. Geyim bir az qapalı, bir qədər təvazökar, amma olduqca müasir və cəlbedici olmalıdır. Həmçinin rəng çalarları da müxtəlifdir. İşgüzar üslub ciddiliyin və individuallığın ahəngini yaratmağa mane olmamalıdır. Ciddi fason, amma qeyri-ənənəvi rəng tonu, klassik biçim və kreativ (yaxalığın quruluşu, ciblərin forması, zərif broşlar) bir detal ola bilər. Öz stiliniə sadiq qalaraq da işgüzar üslubda şıq görünmək mümkündür. Ayrı-ayrı elementləri bütünləşdirmək isə artıq zövq məsələsidir.

Müasir dövrdə prestiji və adı olan istər böyük, istər kiçik dövlət və özəl müəssisələrinin demək olar ki, hamısında ofis stilinə dair geyim qaydaları var. Maraqlıdır ki, bəzi şirkət rəhbərləri dress-kodu işdə-ofisdə əmək məhsuldarlığının artmasına gətirib çıxaran başlıca faktorlardan biri kimi görürlər və onların bu qənaəti tamamilə düzgün yanaşmadır. Lakin qadınların işgüzar geyim qaydaları kişilərlə müqayisədə daha demokratikdir.

Kostyum: Müasir dövr və həyat tərzi xanımlara istənilən paltarı geyinməyə icazə verir. Qadına geyimdə heç bir məhduiyyət qoyulmayıb. Bu baxımdan iş xanımları ilə kişilərin ofis dress-kodu bir-birinə çox yaxındır. Çox şıq bir model seçin və kostyumun xanımlara da yaraşdığını hər kəsə göstərin. Pencək və şalvar dəstini fərqli kombinlərlə istifadəsi artıq xərcdən qaçmaq üçün əlverişli üsuldur. Həmçinin başdan aşağıya eyni rəng geyinməyin sizi daha uzun və zəif göstərəcəyini də unutmayın. Kostyumlar daha incə görünməyi arzulayan qadınlar üçün qüsursuz üstünlükdür.

Şalvar, yoxsa ətək: İş paltarlarında modern görünməyin üsulları çoxdur. İşə ətək və ya şalvar geyinmək haqqında yəqin ki, dəfələrlə düşünmüsünüz. Xüsusilə əgər kişi kollektivində çalışırsınızsa, şalvar, yoxsa ətək geyinmək az qalsın “qlobal” problemə çevrilir. Şalvarda həm fiziki, həm də psixoloji baxımdan rahat olursunuz. Onlar sizi lazımsız diqqətli baxışlardan xilas edirlər. Sizin yüngül xarakterli olmağınızla bağlı sualları aradan qaldırır və sizin “ciddiliyinizə” xallar əlavə edir. Ətəkdə isə siz qadın üstünlüklərinizdən öz xeyrinizə istifadə edə bilərsiniz. Bu zaman çətin ki, kimsə sizə kobudluq eləsin, çətin ki, kimsə sizə ciddi rəqib kimi baxsın. Ətəkdə siz öz qadın təbiətinizi vurğulayırsınız və ətrafdakıların gözündə olduğunuzdan daha zərif və zəif görünürsünüz. Amma bir məqam da var. Siz ətəyi geyinəndə hər şeyi, xüsusilə də ətəyin uzunluğunu elə nəzərə almalısınız ki, sizin şəxsiyyətinizə olan hörmət bir damcı da olsa azalmasın.

Şalvar və köynəyi bir-biriylə kombinə etmək ən geniş yayılmış variantdır. Üslubun hər hansı aksessuarlar sayəsində yarandığını unutmayın. Odur ki, klassik şalvarla, köynək kimi bəsit kombini kəmərdən başqa heç nə xilas edə bilməz. Klassik, sadə köynəyi bəzi günlərdə cins şalvarlarla uyğunlaşdırmaq da riskli deyil. 1970-ci illərin ən populyar parçalarından olan enli balaq şalvarlara da ötən mövsümdən bəri rəsmi üslubda tez-tez üstünlük verilir. Bu tərz şalvarlar ofis stili üçün çox əlverişlidir.

Qələm ətək: Son zamanlarda qələm ətəklər stilistlər tərəfindən çox fərqli şəkildə şərh olunsa da, qələm ətək zirvədə qalmaqda davam edir. Xüsusilə düyməli köynəklə geyinildiyi zaman ofis stilinin ən əvəzolunmaz parçalarından birinə çevrilir. Əgər ayaq boyunuz icazə verirsə, yubka-karandaşı uzunboğaz çəkmələrlə geyinin. Bu zaman hamı sizə heyran qalacaq.

Qırçınlı ətəklər bu il də dəbdə olacaq. Qırçınlı ətəyin midi variantları ofis stili üçün daha uyğundur. Onu sadə ağ köynəklə tamamladıqda şıq ofis stilinə nail olarsınız.

Bəbir naxışı: Fərqli rəngləri bir-birinə dəstləşdirməkdən də qorxmayın. Neytral rəngləri sevir, amma şıq görünmək istəyirsinizsə, bəbir təsvirli geyimlərin gücündən bəhrələnin. Bəbir naxışı xüsusilə çox iddialı olmayan iş geyimlərini qeyri-adi bir məharətlə tamamlayır. Məsələn, çanta və ayaqqabınız bu rəngdə ola bilər.

Ən yaxşı investisiya bir cüt qara və bej stilettodur: Dikdaban ayaqqabı iş qadınlarının, ofis işçilərinin əvəzolunmazıdır. Hər paltara uyğunlaşmasından başqa, ayaqda çox nəcib görünürlər. Dikdaban ayaqqabıların qadınların özünə olan inamını artırdığını bilməyən yoxdur. Paltarınıza güvənmədiyiniz günlərdə özünüzə olan inamı artırmaq üçün ondan yaxşı çıxış yolu tapa bilməzsiniz.

Klassik böyük çanta: Həyatın qarşınıza nə çıxaracağı məlum deyil. Bu baxımdan böyük çantalar xanımları gözlənilməz vəziyyətlərdən xilas edir, həm də bütün işgüzar ansambllarla uzlaşır. İş qadınları üçün əvəzolunmaz olan elementlərdən biri də klassik xətlərə malik universal çantadır. Hər paltarınızla harmoniya təşkil etməsi, eyni zamanda iş yerinizdə ciddiliyi qoruması üçün qara, qəhvəyi, ya da xaki rənginin çalarlarında çanta seçin. Bu rəngli çantalar hər geyiminizlə uyğun gəldiyi üçün əlavə vaxt itirməyəcəksiniz.

Zərif saat: Aksessuar istifadə etməyi sevməsəniz də, qolunuzun gözəlliyini aşkara çıxaran, tərzinizə görə qol saatı taxmağı unutmayın. Çünki saat işləyən qadınların tərzini əks etdirən ən vacib aksessuardır. Saatlar sayəsində həm daim vaxtdan xəbəriniz olacaq, həm də gözəlliyinizin əsas elementini müəyyən etmiş olacaqsınız.

Zərif bir boyunbağı: İş yerində taxa biləcəyiniz ən gözəl aksessuarlardan biri boyunbağılardır. Əgər rəhbərlik icazə verirsə və ya çalışacağınız qurum buna uyğundursa, böyük, rəngli daşlı boyunbağılar da taxmaq olar. Zərifliyə aparan yol isə körpücük sümüklərdən sallanan incə zəncirli boyunbağılardan keçir.

Üzük: Peşəkar ofis imicinin ciddiliyini qorumaq üçün özünüzü aksessurların hücumuna məruz qoymayın. Daha təmkinli davranaraq aksessuarların sayını minimuma endirin. Hətta sizin iş yerinizdə daha çox azadlıq verilibsə, yaradıcı mühitdə çalışırsınızsa, bu, sizə zinət əşyalarına olan sevginizi bir dəfəyə nümayiş etdirməyə icazə vermir.

Geyimi oxşayan incə zinət əşyaları taxmaq ofis stilində yolverilən haldır. Bu, bütün zərif zinət əyşaları üçün keçərlidir, amma üslubunuza uyğun üzüklə ağıllara həkk olunan ofis stili yaratmış olarsınız. Zərif təkqaş, ya da incə bir üzük sayəsində əllərinizin nazikliyi daha aydın görünəcək.

Şərf və yaylıqlar: Rəsmi stili bir az hərəkətə gətirmək və rövnəqləndirmək üçün naxışlı şallardan yardım alın. Beləliklə, həm ofisə uyğun bir kombin yarada, həm də diqqətçəkici bir stilə malik olarsınız.

Şıq plaş, palto: Qış aylarında həm sizi soyuqdan qoruyub bürüyəcək, həm də tərzinizi əks etdirəcək plaşa, yaxud paltoya ehtiyacınız var.

Makiyaj və saç düzümü necə olmalıdır?

İş xanımları yaxşı bilirlər ki, düzgün seçilmiş geyimi səliqəli saç düzümü və keyfiyyətli makiyaj tamamlamalıdır. Obrazda hər kiçik detalı nəzərə alanda insan özünü inamlı hiss edir. Bununla da başqalarında özünə əmin, uğurlu insan təəssüratı yaratmaq çətin olmur.

Qırmızı pomada: Bir qədər qırmızı pomadadan heç bir zərər gəlməz. Sadə paltarla bir qədər cəlbedici makiyaj etməyə sizin də haqqınız var. Qırmızı rəng cəlbedici və parlaq rəng kimi görünsə də, makiyajda sadəlikdən qaçmaq istədiyiniz zamanlarda ən yaxşı rəngdir. Bu səbəblə ofis stilində geyinən bütün xanımların əlinin altında bir ədəd qırmızı pomada olmalıdır. Rəngin gözəlliyinizin ön plana çıxarması üçün mat boyalar seçin.

Ağır makiyajdan çəkinmək, amma eyni zamanda da ofis zərifliyinə yaraşan makiyaj üçün BB kremindən istifadə edin. Bu kremi dairəvi hərəkətlərlə üzünüzə yayın. Yanaqlarınıza şaftalı və çəhrayı arası tonlarda ənlik sürtərək üzünüzə rəng qatın.

Ofis makiyajının daimiliyini artırmaq üçün ilk olaraq göz qapaqlarına parladıcı çəkin. Sonra qəhvəyi göz kölgəsini əyri uclu layner fırçası ilə üst və alt kirpik diblərinə sürtün. Bunun sayəsində ağır görünüş nümayiş etdirmədən baxışlarınızı vurğulaya bilərsiniz. Qəhvəyi bir tuşla göz makiyajını tamamlaya bilərsiniz.

Sonda evdən çıxmazdan əvvəl sizi unudulmaz edən ətrinizi vurun. Mən ətrafa təzə və təmiz qoxular yayan ətirlərin tərəfdarıyam, amma çox sıxmaq ətrafdakıların baş ağrısına səbəb ola bilər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir