emek_kitabcasi

Müddətli əmək müqaviləsinin uzadılması prosesi necə icra olunur?

Baxış sayı: 192

Əmək Məcəlləsinə əsasən, işçi ilə işəgötürən arasında əmək münasibətlərinin yaranması üçün əsas sənəd əmək müqaviləsidir. Əmək müqaviləsi müddətli və müddətsiz olaraq bağlanılır. Mövzunu sərbəst auditor Altay Cəfərov şərh edir.

Müddətli əmək müqaviləsinin bağlanması halları Əmək Məcəlləsinin 47-ci maddəsində nəzərdə tutulub.

Müddətli əmək müqaviləsinin ləğv olunması və uzadılmasında maraqlı və xüsusi hallar mövcuddur. Müddətli əmək müqaviləsi Əmək Məcəlləsinin 73-cü maddəsi ilə tənzimlənir. Bu maddənin 1-ci hissəsində göstərilib ki, müddətli əmək müqaviləsinə müqavilənin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etməzsə, həmin müqavilə əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Burada “….həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur” ifadəsinə diqqət yetilməsini istərdim.

Image result for sərbəst auditor Altay Cəfərov

Əmək müqaviləsi müddətli bağlanılanda qeyd etdiyim məsələ ilə bağlı olaraq işəgötürənlər və işçilər aşağıdakılara diqqət yetirməlidirlər:

  • əmək müqaviləsinin bağlanma tarixinə;
  • əmək müqaviləsində işçinin işə başlama tarixinə;
  • bağlanma və işə başlama tarixlərinin fərqliliyinə;
  • müqavilənin başa çatma tarixinə;
  • müqavilənin müddətində təqvim aylarının və ya təvqim günlərinin sayına.

Misal 1: Tutaq ki, “AA” MMC işçi ilə müddətli əmək müqaviləsi bağlayıb. Müqavilənin bağlanma və işə başlama tarixi 1 sentyabr 2019-cu il, başa çatma tarixi isə 31 dekabr 2019-cu ildir. Həmin müqavilə başa çatdıqdan sonra tərəflər müqaviləni ləğv etməyiblər, bu barədə əlavə bir razılaşma da olmayıb. Bu halda, 73-cü maddənin 1-ci bəndinə əsasən, müqavilə yenidən eyni müddətə uzadılmış sayılır. Beləliklə, müqavilə daha 4 tam təqvim ayı – 1 yanvar 2020-ci ildən 30 aprel 2020-ci ilə kimi uzadılacaq.

Misal 2: Tutaq ki, “AA” MMC işçi ilə müddətli əmək müqaviləsi bağlayıb. Müqavilənin bağlanma tarixi 15 avqust 2019-cu il və başa çatma tarixi 31 dekabr 2019-cu ildir. Amma Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bildiriş bazasına 01 sentyabr 2019-cu ildə daxil edilib və bildiriş bu tarixdə əldə edilib. Müqavilənin müddəti başa çatanda tərəflər onu ləğv etməyiblər, əlavə razılaşma da olmayıb. Bəs bu halda müqavilə hansı müddətə uzadılmış sayılır?

Belə olan halda, müqavilə yenə də daha 4 tam təqvim ayı qədər – 1 yanvar 2020-ci ildən 30 aprel 2020-ci kimi uzadılacaq. Əmək Məcəlləsinin 49-cu maddəsinə əsasən, əmək müqaviləsi ancaq bildirişin əldə olunmasından sonra qüvvəyə mindiyindən, həmçinin müqavilədə xüsusi bir müddət yazılmadığından həmin tarixdən bağlanılmış sayılır.

Misal 3: Tutaq ki, “AA” MMC və işçi arasında müddətli əmək müqaviləsi bağlanılıb. Müqavilənin bağlanma tarixi 1 sentyabr 2019-cu ildir. Əmək müqaviləsi bildirişi 1 sentyabr 2019-cu ildə əldə edilib, işə başlama tarixi isə 4 sentyabr 2019-cu il yazılıb. Müqavilənin başa çatma tarixi 31 dekabr 2019-cu ildir. Razılaşma başa çatdıqda tərəflər müqaviləni ləğv etməyiblər, əlavə razılaşma da olmayıb.

Belə olan halda, işçinin işə 4 sentyabr 2019-cu ildə başlamasına baxmayaraq, müqavilə daha 4 tam təqvim ayı qədər 1 yanvar 2020-ci ildən 30 aprel 2020-ci ilə kimi uzadılacaq. Qeyd olunduğu kimi, müqavilə bildirişin əldə olunduğu tarixdən qüvvəyə minir və 73.1.-ci maddədə də uzadılma halı müqavilədə əvvəl müəyyən olunmuş müddətə uzadılır. Yəni bu maddədə işçinin işə başlaması tarixi, şərtləri haqqında heç nə yazılmayıb. Odur ki, müqavilənin müddəti 1 yanvar 2020-ci ildən 30 aprel 2020-ci ilə kimi uzadılır.

Misal 4: Tutaq ki, “AA” MMC işçi ilə müddətli əmək müqaviləsi bağlayıb. Müqavilənin bağlanma tarixi 28 avqust 2019-cu ildir, bildiriş 28 avqust 2019-cu ildə əldə edilib. İşçinin işə başlama tarixi isə 1 sentyabr 2019-cu il, başa çatma tarixi isə 31 dekabr 2019-cu il göstərilib. Müqavilədə xüsusi bir şərt yazılıb ki, həmin müqavilə tam 4 təqvim ayı müddətində bağlanıb. Həmin əmək müqaviləsi başa çatanda tərəflər müqaviləni ləğv etməyıb, əlavə razılaşma da olmayıb.

Belə olan halda, bildirişin 28 avqust 2019-cu ildə əldə olunmasına baxmayaraq, müqavilə daha 4 tam təqvim ayı qədər, yəni 1 yanvar 2020-ci ildən 30 aprel 2020-ci kimi uzadılacaq. Qeyd olunduğu kimi, müqavilə bildirişin əldə olunuğu tarixdən qüvvəyə minir. Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsində də uzadılma halı müqavilədə əvvəl müyyən olunmuş müddət götürülür. Burada müqavilədə müəyyən olunmuş müddət 4 təqvim ayıdır.

Belə hallarda problemlərin yaşanmaması üçün müqavilə müddətinin qurtarmasına qısa bir müddət qalmış əmək müqaviləsinin uzadılması qərarına gəlmiş tərəflərin əlavə razılaşma protokolu imzalaması tövsiyə edilir. Bununla yanaşı, əmək müqaviləsi bildirişi bazasında da dəyişikliklərin edilməsi zəruridir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir