Mühafizə orderi ailədaxili münaqişələrin qarşısını ala biləcəkmi?

Baxış sayı: 1. 465

Bütün ailələrdə müəyyən dövrlərdə münaqişələr baş qaldırır. Ailədə zorakılıqla üzləşən şəxs bunu işlədiyi yerdə, oxuduğu məktəbdə göstərir. Ekspertlər Azərbaycan reallığında ailədaxili münaqişələrin əsasən çoxuşaqlı ailələrdə baş verdiyi qənaətindədirlər.

Bu ilin 3 ayı ərzində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nəzdində fəaliyyət göstərən Uşaq və Ailələrə Dəstək Mərkəzlərinə ailə münaqişələri ilə bağlı 21 müraciət daxil olub. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Regional mərkəzlərlə iş şöbəsinin müdiri Ceyran Rəhmətullayeva bildirib ki, ailə münaqişəsi ilə bağlı müraciətlərin sayında hər il artım müşahidə edilməsə də, bu problem var. Və ailə münaqişələri daha çox rayonlardakı böyük ailələrdə baş verir: “Bəzən böyük bir ailənin daxilində kiçik ailələr olur. Ailə münaqişələri də daha çox belə ailələrdə yaranır. İqtisadi məsələ də ailə münaqişələrinin yaranmasında önəmli rol oynayır. Əgər ailədə işləyənlərin sayı azdırsa, yaxud qadına işləməyə icazə verilmirsə, bu, artıq hardasa münaqişəyə yol açır. Digər tərəfdən, böyük ailələr bir-birindən asılı vəziyyətdə yaşayırlar. Bəzən valideynlər bu ailələrin sərbəst olmasına icazə vermirlər, onları öz təsirləri altında saxlayırlar. Belə ailələrdə də ailə münaqişələri daha çox olur. Kiçik münaqişələr isə sonradan böyüyərək məişət zorakılığı ilə nəticələnir”.

C.Rəhmətullayeva bildirib ki, münaqişələrdən qadınlar və uşaqlar daha çox zərər görürlər.

Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquq şöbəsinin müdiri Taliyə İbrahimova hesab edir ki, ailələrdə zorakılıq hallarının qarşısının alınması üçün zorakılıq qurbanı olan şəxslərə mühafizə orderlərinin verilməsi mexanizmindən istifadə etmək lazımdır. Yerli icra hakimiyyəti orqanları belə şəxslərə mühafizə orderləri verməlidirlər.

Onun sözlərinə görə, məişət zorakılığına qarşı mübarizə sahəsindəki boşluqlar özünü daha çox “Məişət zorakılığı haqqında” qanunda deyil, onun tətbiqində göstərir: “Bu gün qanunvericilik bazası, bu baza ilə əlaqədar mexanizmlər mövcud olsa da, yerlərdə biz onu hələ də tam işlək vəziyyətə gətirə bilmirik. Əsasən də problem mühafizə orderlərinin verilməsi ilə bağlıdır”.

İbrahimova bildirib ki, zorakılıq qurbanı olan şəxs müvafiq qurumlara faktla əlaqədar şikayət etdikdən sonra ailəyə qayıtdığı halda ona qarşı təkrar zorakılıq halının baş verməsi mümkündür: “Belə bir risk var. Bunun qarşısını almaq üçün isə mühafizə orderinin verilməsi mexanizmindən istifadə etmək lazımdır. Mühafizə orderləri 2 formada olur; qısamüddətli mühafizə orderləri 30 gün, uzunmüddətli mühafizə orderləri isə 3 ay müddətinə verilir. Əgər  zorakılıqla bağlı müraciət daxil olubsa, zorakılığı törədən şəxsə xəbərdarlıq edilməli və zorakılıq qurbanına qısamüddətli mühafizə orderi verilməlidir”.

Komitə rəsmisinin bildirdiyinə görə, zorakılıq halları çox olsa da, 2015-ci ildə ölkə üzrə 6 mühafizə orderi verilib. Bu göstərici çox aşağıdır. Ona görə də bu, çox ciddi fəsadlara, ölüm hallarına gətirib çıxarır. Bunun üçün də ilk növbədə profilaktik işlər gücləndirilməlidir.

Onun dediyinə görə, mühafizə orderində birbaşa göstərilir ki, zorakılığı törədən şəxs təkrar zorakılıq əməli törətməsin, zorakılıq qurbanına qarşı onu narahat edən hərəkətlər etməsin. Orada zorakılıq törədənin sonrakı məsuliyyəti də göstərilir.

T.İbrahimova qeyd edib ki, əgər qısamüddətli mühafizə orderi icra olunmazsa, onda artıq məhkəmə vasitəsilə uzunmüddətli mühafizə orderi verilməlidir (Trend).

Komitə rəsmisi deyib ki, qısamüddətli mühafizə orderlərini yerinə yetirmədiyinə görə zorakılıq törədən şəxslər inzibatı qaydada məsuliyyətə cəlb olunur, cərimə olunurlar. Amma uzunmüddətli mühafizə orderi icra olunmadıqda şəxs artıq məhkəmə qərarının icra edilməməsinə görə cinayət məsuliyyətinə cəlb olunmalıdır.

Sosioloq Əhməd Mansurov isə hesab edir ki, mühafizə orderi  ailə münaqişəsindən çıxış yolu deyil: “Sosial xidmət haqqında” qanunda nəzərdə tutulub ki, məişət zorakılığı qurbanlarına sosila xidmətlər göstərilməlidir. Yəni şəxsə mühafizə orderi verməklə iş bitmir. Şəxsin həyatı  təhlükəsizliyini təmin etmək lazımdır. Şəxsin həyatı təhlükəsi davam edirsə, onu hər hansı sığınacağa yerləşdirmək lazımdır”.

Sosioloq bildirir ki, mühafizə orederinin alınması o qədər də asan məsələ deyil. Çünki ailələr qanunvericiliklə məlumatlı deyil və onlar bu barədə müəyyən icra qurumlarınma müraciət edə bilmirlər. Buna görə də maarifləndirilməyə daha çox ehtiyac var.

Digər tərəfdən, şəxslər qanunvericiliklə məlumatlı olsalar da, hər hansı hadisə ilə bağlı polisə, dövlət qurumuna, icra orqanına müraciət etməyə çəkinir. “Çünki artıq bu zaman ailə münaqişəsi böyüyür və ailənin davam etməsi sual altında qalır. Buna görə də ailələrə qadın polislərin işləməsi daha məqsədəuyğundur”.

Ekspert hesab edir ki, sosial işçilər həm zorakılıq törədən, həm də zorakılığa məruz qalan şəxslə iş aparmalıdır. Sosial işçilərə hüquq verilməlidir ki, o zorakılığa məruz qalmış şəxsi mühafizə orderi almağa yönləndirə bilsin.

Müsahibimizə görə, ailə münaqişələri və məişət zorakılığının qarşısının alınması üçün sosial müdafiə sistemi yaradılmalıdır ki, bu məsələlərlə təkcə polis məşğul olmasın. Dediyinə görə, polisdən çəkinən, müraciət etməyə  qorxan insanlar həmin sosial işçilərə müraciət edib, nəticə görə bilərlər. “Mühafizə orderi həyat təhlükəsizliyinə zəmanət deyil. Tutaq ki, bir aylıq mühafizə orderi verildi. Ata bir aylıq getdi evdən. Bu şəxs bir aydan sonra yenə gələcək. Polis bütün gün şəxsin arxasınca düşməyəcək ki? Düşünürəm ki, zorakılıq törədən şəxslə də xüsusi iş aparılmalıdır. Şəxs zorakılığa meyillidirsə, bunu hər yerdə edəcək. Bu səbəbdən düşünüəm ki, mühafizə orderi yetərli deyil”.

İradə CƏLİL




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir