iran

“Müjdə” və “Viktoriya” düyüləri, “Alima” pendiri, cehizlik, soba və xəstəxanalar…

Baxış sayı: 1. 620

2018-ci ildə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı əvvəlki illə müqayisədə 19,5% artaraq 4 908,1 min nəfər olub.  Bu sırada liderliyi İran edir. Ölkə vətəndaşlarının 33,6%-i İrana, 29,2%-i Gürcüstana, 18,9%-i isə Rusiyaya səfər edib.

Bu statistikada 12,3%-i Türkiyəyə, 1,4%-i Ukraynaya, 0,9%-i BƏƏ-yə, 3,7%-i isə digər ölkələrə səfər edib. Xəbəri Dövlət Sərhəd Xidməti yayıb.

Azərbaycanlıların İrana daha çox səfər etməsinin üç əsas səbəbi var: ticarət, səhiyyə və Məşhədi ziyarət etmək.

İlk növbədə alış-veriş edənlər üstünlük təşkil edir.

İranda qida və geyim məhsullarının ucuz olması azərbaycanlıların ora axın etməsinə səbəb olub. Xüsusən cənub zonasından İranın Astara bölgəsinə gedənlər çoxdur.  Vətəndaşlar yağ, düyü, xama, müxtəlif ərzaqlar alırlar. Ondan əlavə, cehiz alanlar da az deyil. İrandan xalça-palaz, çil-çıraq, ucuz geyim alanlar var.

“Bu dəqiqə ən çox İrandan xalça gətirilir. Məsələn, bizdə 400 manata olan xalça orada 100 manatdır. İkincisi, maşın təkəri çox alınır. İranda bir təkər 25 manatdır. ”Müjdə” və “Viktoriya” düyüləri çox gətirilir. Cənub zonasında xeyir-şər məclislərində bu düyülərdən çox istifadə edilir.

Bundan başqa, velosiped, İran qaz sobaları alınır. “Lənkəranda çoxu kombiləri söndürüb, İran sobaları yandırır” – deyə,  İrana tez-tez bazarlığa gedən lənkəranlı Malik bizimlə söhbətində bildirir.

Onun sözlərinə görə, yuyucu toz, İran qaymağı, “Alima” pendiri, suvenirlər gətirilir: “Qab-qacaq, ləyən hər şey orada ucuzdur deyə gətirirlər”.

Azərbaycanlıları İrana aparan ikinci mühüm səbəb isə səhiyyə ilə bağlıdır. Xəstəliyi olan insanlar qonşu dövlətə axışırlar.  İran həkimlərinə olan inam və diaqnozların düzgün qoyulması, dərmanların Azərbaycanla müqayisədə ucuz olması vətəndaşlarımızı İran xəstəxanalarına getməyə vadar edir. İranda lazım olan dərman preparatlarının 95 faizi ölkədə istehsal olunur.

Statistikaya görə, ölkə hər il azı 50 adda yeni dərmanı dünya bazarına çıxarır. Bir neçə dünya şirkətlərinin inhisarında olan bəzi dərman preparatlarının istehsalı da İran tibbinin uğurlarındandır.

SPİD-in qarşısını almaqda və müalicəsində istifadə olunan “İmod”, diabet xəstələrinin ayaq yaralarını müalicə etmək üçün hazırlanan “Angipars”, Hepatit C-nin müalicəsində istifadə olunan “İnterferon pegile” və digər dərmanların müəlliflik hüququ iranlı mütəxəssislərə məxsusdur.

Ä°lgili resim

İnsanlar müalicə üçün daha çox Təbriz, Ərdəbil və Urmiyaya gedir. İranın dövlət səhiyyə müəssisələrində müayinələr zamanında pulsuz olub, xarici vətəndaşlar üçünsə nəzərdə tutulmuş qiymət cədvəli olub.

Bu qiymətlər özəl klinikalardakından yüksək deyil. Azərbaycandan İrana təxminən bir milyona yaxın adam keçir. Onlardan nə qədərinin məhz müalicə məqsədilə getdiyi dəqiq açıqlanmasa da, reallıq öz sözünü deyir.

Ən nəhayət, İrana gedənlərin çox olmasının sonuncu səbəbi Məşhəd şəhərinə ziyarətdir. Azərbaycan şiələri İmam Rzanı ziyarətə gedirlər.

adil qeybulla ile ilgili görsel sonucu

Professor Adil Qeybulla bildirdi ki, Azərbaycandan İran xəstəxanalarına üz tutanlar həddən ziyadə çoxdur. Onun sözlərinə görə, tibbi turizm dünyanın hər yerində var:“Türkiyədən və Avropadan Amerikaya da gedənlər olur. Ancaq icbari tibbi sığorta olan ölkələrdə bu axın məhduddur. Təəssüf ki, bizdə icbari tibbi sığorta yoxdur.  İkincisi, İranda müalicə xərclərinin az olması insanları ora cəlb edir. Eyni zamanda peşəkarlıqdan və müalicənin nəticəsindən narazı qalanlar da var. Ona görə İrana gedən həddən ziyadə çoxdur. Bu da milli səhiyyənin güvənli olmamasıdır”.

A.Qeybullanın fikrincə, Azərbaycanda vəzifəlilər yerli səhiyyəyə etibar etmirlər: “Əgər onlar xaricdə müalicə olunurlarsa, sadə vətəndaşlar anlayır ki, məmurlar öz səhiyyəmizə güvənmirlər. Ondan bu səhiyyə kimin üçün yaradılıb? Digər tərəfdən, İranda inflyasiya olub, pul dəyərini çox itirib və hamı ora ucuz müalicə olunmağa gedir. Sizə deyim ki, İrandan qayıdıb vəziyyəti ağırlaşan, narazı gələnlər də az deyil. İnsanlar bəzən müalicədən razı olmurlar. Bu, heç də İran səhiyyəsini aşağılamaq kimi çıxmasın. Onların farmokoloji sənayesi var, Qərb standartlarına uyğundur. Bunu etiraf etmək lazımdır. Ona görə Avropada təhsil alan kadrlarımızın qayıdışı, müasir tibbi avadanlıqların olması görünür ki, yetərincə deyil, icbari tibbi sığorta olmalıdır”.

 

Emil SALAMOĞLU




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir