magaza

Müştərlərin “cibinə girən” marketlər…

Baxış sayı: 1. 369

Bəzən supermarketlərdə alacağımız məhsulun qiymətini piştaxtada aşağı görüb, kassada isə artıq olmasına şahidlik edirik. Çox vaxt supermarket rəhbərliyi bunu işçinin məsuliyyətsizliyi adlandırıb müştərini buna inandırmağa çalışır. Lakin demək olar ki, əksər supermarketlərdə bu hal təkrarlanır. Bunu bir növ “aldatma yolu ilə gəlir əldəetmə” də adlandırmaq olar.

 

Bəs, belə hallarla qarşılaşanlara iqtisadçıların məsləhəti nədir?

İqtisadçı Pərviz Heydərov bildirir ki, prezidentin sonuncu müşavirəsində də marketlərdə POS terminalların sayının azlığı məsələsinə toxunulub.

“Vergilər naziri özü də bu yaxınlarda verdiyi müsahibələrin birində qeyd edib ki, qeyri-nağd əməliyyatlarının ölkədə genişləndirilməsi sahəsində həyata keçirilən tədbirlər istənilən effekti vermir. Real olaraq həmin POS terminalların sayı rübdən rübə azalmaq üzrədir. Bunu ona görə qeyd edirəm ki, sizin də qeyd etdiyiniz məsələ ilə yanaşı  demək olar ki, ticarət şəbəkələrində qeyri-normal vəziyyət hökm sürür. Bununla yanaşı marketlərdə xidmətlər də olduqca zəifdir. Məsələn, vətəndaş kassada işçinin ya orda olmaması, ya işini ləng görməsi səbəbindən gözləməli olur, vətəndaşın vaxtından gedir”.

Pərviz Heydərov qiymətlərin piştaxtada aşağı olub kassada yüksək çıxmasının iqtisadi cinayət olduğunu bildirib.

“Mən bunu sahibkarın, həmin ticarət şəbəkəsinin vətəndaşa hörmətsizliyi hesab edirəm. Sahibkarın belə hallara yol verməsi “aldatma yolu ilə satmaq” adlanır. Bütün bunlardan belə nəticə çıxarmaq olar ki, bizdə ticarət şəbəkələrində xidmət səviyyəsinin olduqca aşağı səviyyədədir”.

 

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov da belə halların istehlakçıların aldadılması adlandırıb.

“Azərbaycanda müasir supermarketlər yarandığı ilk gündən yeni-yeni texnologiyalar tətbiq olunsa da (satışın avtomatlaşdırılması, qiymətlərin skaynerlə oxunması və s.), təəssüflər olsun ki, paralel şəkildə istehlakçıların aldadılması da artır. Qiymətlərin piştaxtada aşağı qoyulub, kassada yuxarı olması, bir qayda olaraq, aldadılmadı. Çox vaxt irad bildirən də, “işçinin yadından çıxıb” deyirlər. Əgər doğurdan da belədirsə, piştaxtada qiymət aşağı olsun, kassada yuxarı olsun. Niyə, məhz bunun tərsi olur?! Əgər istehlakçılar belə hallarla rastlaşırsa, mütləq İqtisadiyyat Nazirliyinin 195-2 telefon xəttinə məlumat versinlər. İstehlakçı piştaxtada qoyulan qiyməti ödəməlidir, bu istehlakçının haqqıdır”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir