daye

Muzdlu tərbiyəçilər: gələcəyimiz kimin əlindədir? – ARAŞDIRMA

Baxış sayı: 1. 517

“Sutkalıq dayə işi var. Əmək haqqı yüksəkdir. Gecələr yuxusuz qalmağı bacaranlar müraciət etsin”.

Övladını sutka ərzində dayəyə etibar edən valideynlər bu cür elanlara son vaxtlar tez-tez rast gəlir. Elə işədüzəltmə bürolarının internetdə yerləşdirdiyi elanlardan da sutka ərzində çalışan dayə işinə tələbatın artdığı hiss olunur. Bir aya 650-700 manat arası maaş təklif olunan bu iş ilk andan cəlbedici olsa da, diqqətlə fikirləşdikdə bir insanın gecə-gündüz yatıb dincəlmədən uşağa baxmağa fiziki imkanının yol verib-vermədiyi sual doğurur.

Reallıq ondan ibarətdir ki, hazırda əmək bazarında sutkalıq dayə işləri daha çox tələbat olan işlər sırasındadır. İşədüzəltmə agentliyindən isə bildirdilər ki, əmək haqqı yüksək olduğundan, gecə-gündüz dayə kimi çalışmaq istəyənlərin sayı heç də az deyil.

Agentliyin adının çəkilməsini istəməyən əməkdaşı ilə söhbət zamanı öyrəndik ki, bu cür dayə işlərinə daha çox övladı yeni dünyaya gələn, uşağı 1-2 yaş arası olan valideynlər müraciət edir: “Bizim işədüzəltmə agentliyində bu cür vakansiyalar müraciət olunduğu gündən ən çoxu bir həftə ərzində tutulur. Maaş yüksək olduğundan uşağa gecə-gündüz baxmaq istəyənlərin sayı heç də az deyil”.

Dayənin istirahət məsələsinə gəlincə, həmsöhbətim deyir ki, bu cür işlərdə həftədə bir gün, yaxud iki həftədə bir gün işçiyə istirahət verilir. Eyni zamanda, dayə, uşaq gecə və gündüz saatlarında yatdıqda onun otağında dincələ bilər: “Uşaq yatan müddətdə dayə də yatıb yuxusunu ala bilər. Əslində bu iş çoxlarına sərf edir. Bütün günü evdə olurlar, yol haqqı ödəmirlər, üstəlik dayənin üç dəfə yeməyi də ev sahibi tərəfindən verilir. Qarşılığında 650-700, bəzən 800 manat maaş ödənilir”.

Göründüyü kimi, əvvəllər analar övladlarını gündüz saatlarında, iş vaxtında dayəyə etibar edirdilərsə, artıq dünyaya gətirdikləri uşağın qayğısını gecə saatlarında da çəkməyi dayəyə etibar edənlərin sayı az deyil. Bütün ölkələrdə olduğu kimi, Azərbaycanda da bəzi dayələrin uşaqlara qarşı zorakılıq törətmə faktları az olmadığından, körpə uşaqların gecə saatlarında da yad insana etibar edilməsi narahatlığa səbəb olmaya bilməz.

Hər adamı dayə tutmaq olarmı?

Ölkədə dayə xidməti yeni olduğundan bu sahədə ixtisaslı kadrların hazırlanması problem olaraq qalır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Xidmətinin rəis müavini Şahbaz Xələfov mövzu ilə bağlı Aile.lent.az-a danışarkən bildirib ki, bu gün dayə əmək bazarında daha çox tələbat olan peşə olsa da, ixtisaslı dayə tapmaq müşkül məsələdir: “Xarici ölkələrdə də dayəyə tələbat böyükdür. Amma Avropada valideynlər hər qadını övladları üçün dayə seçmirlər. Onlar dayə kimi işə götürdükləri qadının fiziki görünüşündən tutmuş əqli sağlamlığına qədər tam əmin olduqdan sonra onunla müqavilə bağlayırlar. Eyni zamanda, xaricdə dayələrə müəyyən kurs keçdikdən, əllərinə sertifikat aldıqdan sonra bu işlə məşğul olmağa icazə verilir. Həmin kurslarda dayələrə uşaqla davranış qaydaları, müəyyən biliklər aşılanır. Azərbaycanda da bu peşəyə tələbat artdığından bu cür kursların olması vacibdir”.

Ş. Xələfov təhlükəsizlik baxımından dayələrin müqavilə ilə işə götürülməsinin vacib olduğunu deyir. Onun sözlərinə görə, gecə-gündüz uşağını dayəyə etibar edənlər isə bu məsələyə xüsusi diqqətlə yanaşmalıdırlar.

Yuxusuz dayə uşağa necə baxa bilər?

Psixologiya və Konsultasiya Mərkəzinin rəhbəri, psixoloq Elnur Rüstəmov deyir ki, sutkalıq işlərdə növbəlilik sisteminin yaradılması heç də boşuna atılan addım deyil: “İnsan bir ay gecə-gündüz yatmasa, az yatarsa, bu, mütləq onun sinir sisteminə, sağlamlığına öz təsirini göstərir. Davamlı yuxusuz qalmaq, lazımi qədər yatmamaq insanların sinir sisteminə mənfi təsir göstərir. Dayə işi isə elə bir işdir ki, insanın əsəbləri mütləq sakit olmalıdır ki, uşaqla rəftarda kobudluğa yol verməsin. Gecə uşaq yatmırsa, narahatdırsa, təbii ki, dayə də yuxusuz qalmalıdır. Bu, uzun müddət davam etdikdə, yorğunluq və yuxusuzluq həmin insanın sinir sistemində pozulma, nevroz əlamətləri yarada bilər. Dayə aqressiv ola bilər və təcrübə göstərir ki, bu aqressiya uşaqla münasibətdə mütləq özünü büruzə verir. Ona görə də həmin dayə heç vaxt sakit halda uşağın tərbiyəsi ilə məşğul ola bilməz. Bu yorğunluq və yuxusuzluq mütləq uşaqla rəftarda özünü göstərir. Uşaqlar isə kifayət qədər həssas olurlar. Bəzi valideynlər 1 yaşı hələ olmayan uşaqları dayənin ixtiyarına verib onun tərbiyəsi ilə məşğul olmağa hələ vaxtın olduğunu düşünürlər. Halbuki məşhur pedaqoq Uşinski uşağın hələ ana bətnindən tərbiyə olunmalı olduğunu deyirdi”.

Depressiya təhlükəsi

Psixoloq deyir ki, ananın öz övladını nəvaziş və qayğısından tam olaraq uzaqlaşdırıb dayənin ixtiyarına verməsi doğru deyil: “Bəzi uşaqlar var ki, gecə yataqda yata bilmədikləri halda ana qucağında sakit uyuyurlar. Körpə uşaqlarda bu instinkt daha böyükdür. Onlar ananın qoxusunu belə, hiss edirlər. Uşağın ana qayğısı ilə əhatə olunması onun gələcək həyatında da öz təsirini göstərir. Valideyn nəzarətində böyüyən uşaqlarda özünəinam hissi güclü olur. Körpəlikdən dayə tərəfindən tərbiyə edilən uşaqlarda isə gələcəkdə müəyyən psixoloji problemlər ortaya çıxır. Belə uşaqlar aqressiv olur, yeniyetməlik dövründə depressiyaya belə düşə bilirlər. Ana nəvazişindən məhrum böyümələri onların aldığı bu travmanın gələcəkdə cəmiyyətə qaytarılması ilə nəticələnir. Onlar da ətrafa qarşı nəvazişlə davranmaqda çətinlik çəkir, özləri bu qayğını, ana nəvazişini görmədiklərindən müəyyən depressiya hallarına düşə bilirlər”.

Övladına baxıcı tutub, xaricə pul dalınca gedən analar 

E. Rüstəmov bəzi insanların dayə ilə baxıcını səhv saldığını söyləyir. Onun sözlərinə görə, elə insanlar var ki, gecələr kafe, restoran və sair bu tipli yerlərdə işlədiklərindən, yaxud ölkə xaricində çalışdığından uşaqlarını aylarla baxıcının yanına qoyub gedirlər: “Həmin uşaqlar tamamilə valideyn nəvazişindən məhrum böyüyür. Eyni zamanda, valideyn baxıcının uşaqla necə davranmasından xəbərsiz qalır. Analıq ən ülvi hiss olduğundan valideyn mümkün qədər çalışmalıdır ki, övladını öz himayəsindən, öz sevgisindən uzaqda böyütməsin. Gündüz saatlarında uşaqla birgə ola bilməsə də, evə gəldikdən sonra ona vaxt ayırsın, onu sevdiyini uşağa hiss etdirə bilsin. Bu cür uşaqlarda özünəinam hissi güclü olduğundan, onlar gələcək həyatlarında istədiklərini əldə etməyi bacarırlar”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir