fec144195768c809a5ea6cb54f2e3479

Nəbi Xəzrinin sevgi etirafları: “Yoldaşım bilmirdi” – MÜSAHİBƏ

Baxış sayı: 2. 744

Kaş sakitcə incə telə dönüb mən,

Hörüklərin arasında gizlənim…

Cavanlığında uzun hörüklər ağlını başından alırmış. Elə bil Allah da onun xatirinə hərlədib-fırladıb qarşısına hörüklü xanımları çıxarırdı… Nəbi Xəzrini deyirəm. Sevgidə nələri görüb, nələri yaşayıb? Bilmək istərsizmi?

– Sevgi deyəndə həmişə yadıma o qız düşür. İlk məhəbbətimiydi… Onda balacaydım, 14 yaşım ancaq olardı.

 

– Kimiydi o qız?

 

– Bir məktəbdə oxuyurduq. Xırdalanda. Divar qəzeti hazırlayırdıq, o qız da ordaydı. Birinci əllərini gördüm, ağappaq, qar kimi… Elə bil Veneranın kəsilmiş qollarıydı. Ürəyim uçundu. Sonra üzünə baxdım, gördüm gözəldi. O gündən düşdüm bəlaya. Nə gecəm vardı, nə gündüzüm. Bir ara görsənmədi, bəlkə də, xəstələnmişdi. Darıxırdım. İstəyirdim, tezliklə hər şeyi bilsin. Bir dostum vardı, dedi, mən sənə kömək eləyərəm. Şeir yazmışdım, verdim ona, qıza çatdırsın. Bərk-bərk tapşırdım ki, heç kəsin əlinə keçməsin. O da məni arxayın elədi. İki gün keçmişdi, bir də gördüm, iki buğuburma oğlan mənə yaxınlaşdı. İşarə elədilər ki, həyətə çıxım. Həyətə çıxan kimi yaxaladılar. Üstümə düşdülər ki, sən kimsən, hansı cürətlə bacımıza şeir göndərirsən? Sən demə, dostum şeiri aparıb verib qızın qardaşlarına. Biri cibindən bıçaq çıxardı. Qorxudan əsirdim. Dostum da kənardan mənə baxıb ləzzətlə gülürdü. Bu vaxt pioner dəstəsi marşla bizə yaxınlaşdı. Uşaqları görən kimi qızın qardaşları özlərini yığışdırdılar. Evə gəlib anama danışdım. Yazıq arvad başladı ağlamağa. Dedi, ay bala, arxasız uşaqsan, yapışanda bil ki, kimdən yapışırsan. Anam o qədər hədə-qorxu, KQB-nin əzab-əziyyətini görmüşdü ki. Dayımı, əmim oğlunu, dörd qardaşımı tutub aparmışdılar… Bir Axund vardı, bizə yaxın adamıydı, qızgilin də qohumuydu. Anam onu da götürüb getdi qızın adamlarının yanına. Dedi, oğlum uşaqdı, bilməyib, bağışlayın.

 

– Bununla da hər şey qurtardı?

 

– Həə, yavaş-yavaş o qızı yadımdan çıxartdım. Sevgimi doğulmamış öldürmüşdülər.

 

– Bəs o qız necə oldu?

 

– Bir çobana ərə getdi. Aradan 10-15 il keçdi. Leninqradda oxudum, Moskvada Ədəbiyyat İnstitutunu bitirdim. 1954-də  evləndim. Rəhmətlik ilə  bir yazıçının evində tanış olmuşduq, gözüm tutmuşdu onu.

 

– Bəs ürəyiniz?

 

– Elə ürəyim də. Gülarəylə mehriban ailə qurmuşduq…

 

– Deyirlər, şairin xanımı olmağı hər qadın bacarmaz…

 

– Bəs necə! Gündə bir söz danışırlar, şayiələr uydururlar. Bir ayağın da kı xaricdə…

 

– Bütün bunları sakitcə yola verirdi?

 

 

– Yola verməyinə verirdi, ana kimi də hər nazıma dözürdü. Amma yaman qısqancıydı. Elə bilirdi, dünyanın bütün qadınları mənə aşiqdi. Mən də o vaxtlar elə yerlərdə işləyirdim ki, istəsəm də, istəməsəm də adım hallanırdı. Yazıçılar İttifaqının katibi, televiziya üzrə müavin, mədəniyyət nazirinin müavini…

 

– Sizcə, sevgi azadlığı nədi?

 

– Sevginin azadlığına inanmıram!

 

– Niyə?

 

– Bu ancaq aldanışlara, açıq-saçıqlığa aparır. Sevgi taledi, insan öz taleyindən necə azad ola bilər?  Gəlin, sizə bir şey danışım, onda məni daha yaxşı başa düşərsiz.

 

– Danışın…

 

– Bir şair dostum varıydı. Onunla Suxumiyə, ordan da Yaltaya gedirdik. Gəminin restoranında yeyib-içirdik. Dostum durub bir xanımı rəqsə dəvət elədi, amma qadın oynamadı. Bu, mənə çox   yer elədi. Gördüm, dostum da pərt olub. Fikirləşdim ki, necə olur-olsun, onu oynadacam. Durdum ayağa, dedim, siz mütləq mənimlə rəqs eləməlisiz. Elə bil himə bəndiymiş, o saat razılaşdı. Dedi, mən özüm dostunuza rədd cavabı verdim ki, sizinlə oynayım. Stüaredessaydı. Ayrılanda telefonunu verdi. Moskvaya gələndə zəng elədim. Dəstəyi cavan bir qız götürmüşdü, bunu səsindən duyurdum. Dedim, mənə Nelli lazımdı. Cavab verdi ki, evdə deyil. Sonra başladı sorğu-suala: kimsən, nəçisən, Nelli nəyinizə lazımdı?

 

Nəysə, aradan xeyli keçəndən sonra bir də zəng vurdum. Yenə o götürdü, yenə Nelli evdə yoxuydu. Keçən dəfəki kimi başladı məni imtahana çəkməyə. Hətta gözlərimin rəngini də soruşdu. Sonra qayıtdı ki, sizi görmək istəyirəm. Dedi, əynimdə ağ kürk olacaq, əlimdə də qəzet. Mənim qaldığım mehmanxananın qabağında görüşməliydik.

 

Möhkəm qar yağırdi. O da ağappaq kürkdə, uzun da hörüklər… Elə romantik görünürdü ki! Elə bil qar dənələriylə göydən enmişdi. Uşağıydı, 15-16 yaşı olardı. Bir xeyli qarın altında söhbət eləyə-eləyə gəzişdik. Sonra onu evlərinə ötürdüm. Ayrılanda dedi ki, gözlə, sabah da gələcəm. Səhəri yenə görüşdük. Bununla da macəralarımız başladı.

 

– Sevdiniz onu?

 

– Onu sevməmək olmazdı. Amma o da məni hər şeyə, hamıya qısqanırdı. Küçəylə gedirdik, peşmanıydım, birinə baxam, başlayırdı dava-şavaya, sonra da küsürdü. Bir az keçən kimisə hər şeyi unudurdu… Bakıya qayıtmışdım, bir gün ondan teleqram aldım. Bir həftədən sonra ərə gedirdi. Toydan qabaq mənimlə görüşmək istəyirdi. Bilet alıb Moskvaya uçdum. Toya qədər bir yerdə olduq, ona xoşbəxtlik dilədim.

 

– Bəs sevdiyinizi öz əllərinizlə başqasına necə verdiz?

 

– Neyləyə bilərdim? O, ailə qurmaq istəyirdi, mən onu bundan məhrum eləyə bilməzdim.

 

– O vaxt evliydiniz?

 

– Həə. Üstümdə ailə, oğul-uşaq məsuliyyəti vardı.

 

– Sizcə, bu, sevgi azadlığıdı?

 

– Azadlıqdı, amma… Hər halda, mən evdə atanın başqa bir qadına, ananın da özgə kişiyə vurulmağını qəbul eləmirəm.

 

– Sonra nooldu?

 

– Düz 25 il görüşdük.

 

– Evdə xəbər tutmadılar?

 

– Yox.

 

– Belə ikili həyatdan bezmirdiniz?

 

– Onunla keçən anlarım çox şairanəydi. Bir dəfə o, mənə dedi ki, oğlunun gözlərinin şəkilini çəkib göndər, saxlayacam. Mən də göndərdim. Aradan bir müddət keçəndən sonra dedi, sənin gözlərinin də şəkilini böyütmüşəm, oğlununkuyla yanaşı divardan asmışam. Səbəbini soruşanda dedi ki, heç vaxt ərimin ağlına gəlməz ki, o sənin gözlərindi, o birisi isə oğlunun. Ürəyim istəyəndə doyunca baxıram.

 

– O da sevgisini ərindən gizlədirdi?

 

– Əri çox sonralar xəbər tutdu… Mənim mavi rəngdən xoşum gəlirdi. O da məktublarımı mavi rəngli lentlə bağlayıb saxlayırmış. Bir gün əri görüb, hamısını oxuyub. Sonra bircə kəlmə deyib: onun sənin həyatına təsiri çox olub.

 

– Bundan sonra da görüşürdünüz?

 

– Həə.

 

– Bəs indi?

 

– 10 ildir Moskvaya yolum düşmür, əfsus ki, ondan da xəbərim yoxdu.

 

– Heç məktublaşmırsınız da?

 

– Yox, əvvəlki evində yaşamır, təzə ünvanını da bilmirəm.

 

 “Rezonans” qəzeti, 7-10 noyabr 1998-ci il




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir